“Haradan gəldiyini bilməyənlər hara getdiklərini də bilmirlər, çünki, harada durduqlarından xəbərsizdirlər”. Erix Fayql
İstifadə olunmuş ədəbiyyat: Banarlı Nihad Sami, «Rəsimli türk ədəbiyyatı tarixi»; Toğan Zəki Validi, «Ümumi türk tarixinə giriş»; Cəfər oğlu Əhməd, «Türk dili tarixi»; Qəfs oğlu İbrahim, «Türk milli kültürü»; Doktor Cavad Heyət, «Türklərin tarix və mədəniyyətinə bir baxış»; Bartold V., «Orta Asiya türklərinin tarixi»; Avçıoğlu Doğan, «Türklərin tarixi» və b.
I hissə: Çinlilər 1845 kilometr uzunluqda sədd çəkirlər və canlarını qurtarırlar
Türk elləri dörd min ilə yaxın keçmişlərində Asiya, Avropa və Afrika qitələrinə yayılmış, oralarda millətlər və dövlətlər yaratmışlar. Türklər islam dinini qəbul edəndən sonra böyük islam dövlətləri qurmuş, dünyada islam dininin yayılmasında önəmli rol oynamışlar.
Türk ellərinin tarixləri onların köçlərilə əlaqədardır. Bu gün qəbul edilən əqidəyə görə, türklərin ana yurdu Orta Asiyada Altay-Ural dağları arasındakı çöllüklər olub buradan ətrafa yayılmışlar. Türklərin qədim ataları eramızdan əvvəl 1700-cü ildə Altay və Tyan-Şan dağları ətrafına hakim olmuşlar.
Türk köçlərinin baş verməsində quraqlıq, əhali artımı və otlaqların azlığı kimi iqtisadi-ictimai səbəblər də göstərilir. Bu köçlər və yerdəyişmələr hər zaman asan və rahat olmamışdır. Köçlər əsnasında rastlaşan zəhmət, əziyyət və bəzən də savaşlar türkləri sərtləşdirmiş, hər cür təhlükəyə sinə gərmək, hazır və amadə olmaq kimi vərdişlər aşılamışdır.
Türklər bir «bozqır» xalqı sayılır; bozqır dəşt, step, ya çöl deyildir, bozqırda su, yağış və otlaqlar da vardır. Türk elləri mühacirətləri əsnasında öz yaşayış şərtlərinə, bozqır iqlim və kültürünə qarşı olan yerlərdə, məsələn cəngəl və ya çox isti, rütubətli yerlərdə yerləşməmişlər.
«Türk» sözünün mənşəyi haqqında bir sıra mülahizələr vardır. Bunların içərisində «törəmək» (tor əkə) mənası düzdür. Azərbaycanın yerli tayfaları arasında «turukki» adlı tayfa da olmuşdur.
Türklər ağ irqin Turan qolundan olub əsasən braxikefal, üzügirdə və badam gözlü olmuşlar, halbuki monqollar dolixoksefaldırlar. Rus arxeoloqlarının Andronovo qəsəbəsinin ətrafında tapdıqları Andronovo insanı əsl əski türklərin antropoloji xüsusiyyətlərini özündə birləşdirir: braxikefal, tux rəngli saç, girdə və bir az bəyaz üz, orta boy- 167 sm və badam gözlü (İmişli sortu).
*****
HUNLAR. Hunlar haqqında çox araşdırmalar və mübahisələr etmiş bəzi müəlliflər onları monqol və ya monqol-türk qarışığı hesab etmişlər, lakin son zamanlardakı araşdırmalar onların türk olduğunu isbat etmişdir. C. Markvart, P. Pelliot, O. Frank, G. Nemet, Rene Qrusse, V. Eberhard, C. Klauzen və başqaları hunların dil, ürf və adətlərini nəzərə alaraq, onları türk saymışlar. Bu elin hakim qəbiləsi özlərinə cun, ya xun demişlər (qədim türk dilində hun- xalq və el mənasında işlənmişdir, necə ki, indi bizdə «el-gün» istilahı arasında işlədilir).
*****
Hunların yazılı tarixi e.ə. 315-ci ildən qabaq Çin ilə bağladıqları bir müqavilədən başlanır. Bu zamanlarda dövlət qurmuş və Çinlə qonşu olan hunlar tədricən qüvvətlənmiş, Çin dövləti onların qabağını almaq üçün məşhur Çin səddini tikdirmişdir (e.ə. 214-cü ildə). Böyük səddi tikməklə çinlilər canlarını böyük təhlükələrdən qurtarmışlar. Bu divarın ucalığı 15 metr, eni 9 metr, uzunluğu 1845 kilometrdir, Pekindən 75 kilometr məsafədədir, kosmosdan görünən yeganə tikilidir.
E.ə. 209-cu ildə Mete atası Tumen xanın yerinə keçdi və özünü tanhu- imperator elan etdi. Mete xan Çinin şimalını işğal edib, çinliləri vergi verməyə məcbur etdi və eyni zamanda çinli bir şahzadə ilə evləndi. Mete xan Baykal dəryaçasından İrtış nəhrinəcən bütün Güney Sibir bozqırlarını aldı və türk ellərinin hamısını öz bayrağı altına topladı.
Hun dövləti orduya dayanırdı; ordu onlu tərtiblə mərkəzə bağlı idi. Hun dövləti iqtisadiyyatının əsasını başda at olmaq üzrə heyvan bəsləmək təşkil edirdi. Millət, ya el- boy və qəbilələrin bir araya gəlməsindən təşəkkül tapmışdı. Hun dövlət təşkilatında bir dövlət məclisi, ya toy (bu gün işlədilən toy lüğətinin qədim mənası məclis idi) və sağ-sol olmaq üzrə iki cinah vardı ki, bir cinahın başında Bilge İlik deyilən bir şahzadə dururdu.
Mete xan e.ə. 174-cü idə öldü və oğlu Kiyuk (e.ə. 174-160) onun yernə tanhu oldu. O da atası kimi qüdrətli idi. Çinə hücum edib Çin paytaxtını aldı, sonra barışdı və Çin şahzadəsi ilə evləndi.
Kiyukdan sonra Gün Çin tanhu oldu. Onun zamanında dövlət zəiflədi. Çinlilər e.ə. 315-ci il bağlaşmasından sonra hun savaş taktikasını öyrənməyə və atlı savaş dəstələri tərtib etməyə başladılar. Onlar ipək yolunun əhəmiyyətini bəhanə edib, 140 min atlı ilə hunlara hücum etdilər və onları Ordosdan Orxon məntəqəsinə geri oturmağa məcbur etdilər (e.ə. 127-117). Bundan sonra zamanla hun imperatorluğunun zəngin və abad yerləri (Tanrı dağları, Cunqariya, Turfan, Yarkənd, Kuça) çinlilərin əlinə keçdi. Hun dövləti özünü sıxıntıdan qurtarmaq üçün Çin dövlətinin himayəsi altına girmək istədi. Bu zaman tanhu Ho xanın qardaşı Çi-çi bu qərara qarşı gəldi və Hun dövləti ikiyə bölündü: şimalda Çi-çinin müstəqil dövləti və cənubda Çinin himayəsi altında olan torpaqlar (e.ə. 55-54-cü illər).
Çi-çi e.ə. 51-ci ildə qərb və şimala hücum etdi, imperatorluğun Orta Asiya qismini və Türküstanı fəth etdi. Lakin e.ə. 36-cı ildə çinlilərin hücumunda ailəsi ilə birlikdə öldürüldü.
Eramızın 18-ci ilində hunlar tanhu Yu zamanında qiyam edib çinlilərlə savaşdılar, istiqlallarını ələ gətirib Mancuriyadan Kaşğara qədər yerlərə təzədən hakim oldular. Lakin Yu öləndən sonra (46-cı il) yenə daxili ixtilaflar başladı, eyni zamanda qıtlıq və aclıq da üz verdi və vəziyyət daha da xarablaşdı.
Şimal hunları 72-91-ci illərdə çinlilər və şərqdə Siyinpiylər tərəfindən məğlub oldular, bu məğlubiyyətdən sonra tədricən qərbə tərəf mühacirətə başladılar.
*****
Mülahizələrə görə, Avropa hunları Asiya hunlarının övladlarıdır. Bunlar 350-ci ildə qərbə tərəf mühacirət etmişlər. Əvvəlcə Alan (Xəzər dənizi və Aral gölü arası) məntəqəsini aldılar. Sonra 355-365-ci illərdə Xəzər dənizinin şimalından keçib, İtil (Volqa) çayı və oradan da Qara dənizin şimalına gəldilər. Burada şərqi qotları məğlub edib, qərbi qotları da geri oturmağa məcbur etdilər. Bu tarixdən sonra Avropada böyük köçlər başladı.
Qərb hunları 378-ci ildə Balamir sərkərdəliyində (başbuğ) və onlara tabe olan alanlar, qotlar, Tayfal jermanlərilə birlikdə Tuna (Dunay) çayını keçib Trakyaya qədər irəli getdilər. Hunların bir dəstəsi Trakyaya getdiyi halda, o biri dəstə və ya şərq cinahı Basiq və Qursiqin başçılığı ilə Qafqaz yolu ilə Anadoluya girib, şəhərlər bir-bir alandan sonra Suriyaya qədər irəli getdilər (395). Bu, türklərin tarixdə ilk dəfə Anadoluya gəlmələridir.
200-cü ildə Qərbi Hun sərkərdəsi, Balamirin oğlu və ya nəvəsi olan Ulduzxan Avropanı basqı altına alıb, Hun siyasətinin əsasını qoydu. Hun siyasəti bizansları basqı altında tutmaq və rumlarla dost qalmaq idi. Çünki rumlar hunların da düşmənləri olan jermenlər tərəfindən basqı və qarətlərə məruz qalmışdılar. Necə ki, Radages Ruma həmlə etdiyi zaman Rum ölkəsi Ulduzxan tərəfindən qurtarıldı və Radages yaxalanıb edam edildi (406). 410-cu ildə Ulduz xan öldü və onun yerinə Qaratun (Qaradon) imperator keçdi. Qaratun daha çox şərqdəki məsələlərlə məşğul oldu.
422-ci ildə Roa Hun imperatoru oldu. Roanın üç qardaşı vardı: Muncuq, Aybars və Oktar. Muncuq Atillanın atası idi və tez öldüyü üçün qardaşların hər biri bir cinahın eligi oldular.
Roa həmin ildə bizansların Hun ölkəsindəki təhrikatını bəhanə gətirib, Bizansa hücum çəkərək, onları vergi verməyə məcbur etdi. Roa 434-cü ildə öldü və onun yerinə Atilla imperator oldu. Atilla bu zaman 40 yaşında idi, məmləkət işlərində, savaşçılıqda təcrübəsi və qabiliyyəti yetərincəydi. İlk əvvəl ölkəni qardaşı Bleda ilə birlikdə idarə edirdilər. Yavaş-yavaş Atilla bütün işləri öz əlinə aldı. Əmiləri Aybars şərq cinahı və Oktar qərb cinahını idarə edirdilər. Bleda 445-ci ildə vəfat etdi və Atilla rəqibsiz imperator oldu.
434-cü ildə Atilla Bizans nümayəndəsilə Dunay çayının quzeyində Konstansada (indiki Rumıniya ərazisində şəhər) barış müqaviləsi bağladı. Bu müqaviləyə görə Bizansın ödədiyi vergi iki dəfə artdı və iki ölkə arasındakı ticarət hüdud şəhərlərilə məhdudlaşdı. Bizans dövləti hunlardan qaçanları və Bizansa sığınanları da qəbul etməyəcəkdi. Həmin illərdə Atillaya tabe olan ellər bunlardan ibarət idi: əvvəla, jermenlər, slavlar, alanlar, sarmatlar, finlər və uğurlar, sonra öz qövmü türklər (hunlar, beş-uğur, altı-uğur, on-uğur, şar-uğur, akatir- Azakın qərbində), sabarlar və Volqanın şərqində təqribən 45 müxtəlif qövm Atillanın əmrində yaşayırdılar.
Rum imperatorluğunda müxtəlif qövmlərin mühacirətləri və o əsnadakı basqın və yağmaları nəticəsində kəndli xalq arasında üsyanlar baş verdiyi üçün Rum dövləti hunlardan yardım istədi. Hunlar işə müdaxilə edib üsyanları yatırtdılar. O cümlədən burqundlar başlarında padşahları Gündikar olaraq Belçikaya hücum etdikləri zaman hunlarla qarşılaşdılar. Bu savaşda Oktar Hun ordusunun başında idi. Savaş nəticəsində Burqund padşahı 20 min əsgərlə öldü, bu savaş almanların milli əfsanəsi «Nibelungen» dastanına mövzu oldu.
İbrahim Sel (Ardı var)
Комментариев нет:
Отправить комментарий