Страницы

22.02.2014

Yaxın Şərqdə gedən proseslər nə vəd edir?

Rövşən Məmmədli

Yaxın Şərqi dünyanın qəlbi adlandırsaq yanılmarıq. Burada cərəyan edən hadisələr, oynanılan oyunlar, qurulan və dağılan dövlətlər bir-birini nə qədər tez əvəz etsə də, aktuallığını və əhəmiyyətini heç zaman itirmir. "Ərəb baharı"ndan sonra Suriyada baş verən olaylar isə dünyanın diqqətini yenidən bu bölgəyə cəlb etdi.
İlk əvvəl ondan başlamalıyıq ki, dünya Yaxın Şərqdə başlayan "Ərəb baharı"nın Suriyada da olacağını güman edirdi. Bir-birinin ardınca devrilən ərəb rejimlərindən sonra növbə Suriyada olmalıydı. Lakin 2 ili ötən Suriya müharibəsində baş verən gedişatlar bunun tam əksini göstərdi. Əvvəlcə, vahid müxalif qüvvə kimi hərəkət edən üsyançı qruplar orduyla döyüşlərdə bir sıra uğurlara imza atdılar. Lakin ordunun toparlanması, xalqın dəstəyi və “Hizbullah”ın yardımı nəticəsində hökumət qüvvələri yenidən təşəbbüsü ələ aldı.
Yeni-yeni dəstələrin yaranmasıyla üsyançı qruplar arasında baş verən toqquşmalar isə ordunun uğur qazanmasında yardımçı oldu. “İŞİD”, “Əl-Nusra”, ASO, “Mücahidlər Ordusu” Suriyada döyüşən terrorçu qrupların ən böyükləridi. Bunlardan başqa, böyük qruplara bağlılığı olan və olmayan digər kiçik dəstələr var. Bu qrupların arasında isə daimi olaraq nüfuz dairəsi uğrunda mübarizə gedir. Doğrudur, "Əl-Qaidə" müxalif qüvvələrin vahid düşmənə - Əsədə qarşı birləşməsini istəsə də, bunun sadəcə bir istək olaraq qaldığını deyə bilərik. Çünki, Suriyadakı müxalif qüvvələri dəstəkləyən Səudiyyə Ərəbistanı, Qətər, ABŞ kimi dövlətlərin maraqları müəyyən məsələlərdə toqquşur və bu özünü dəstəklədikləri qruplaşmaların mövqeyində əks etdirir. Həmçinin, qrupların özlərinin maraqları da heç də həmişə eyni olmur. Məhz bütün bunlar ordunun ardıcıl olaraq uğur qazanmasına səbəb olan amillərdi. Eyni zamanda, Rusiya və İranın Suriya mövzusunda göstərdiyi qətiyyətli mövqe və geri addım atmaması da Suriya hökumətinin beynəlxalq arenada mövqeyini gücləndirdi.
Suriyadakı müharibənin davam etməsində maraqlı olan Səudiyyə Ərəbistanının mövqeyi isə dəyişməz olaraq qalır. Səudiyyədən fərqli olaraq, ABŞ-ın Suriya mövzusunda yumşalması, Rusiya ilə Suriya haqqında ortaq saziş imzalaması və son dövrlər İranla uzlaşma siyasəti izləməsi müttəfiqlər arasında soyuqluğa səbəb olub. Səudiyyənin BMT-nin Təhlükəsizlik Şurasına üzvlükdən imtina etməsi isə, Cenevrədə keçirilən müzakirələri sabotaj etməyə çalışması, müstəqil siyasət yürütməsi haqqında imic yaratmağa çalışmasından xəbər verir. Səudiyyə Ərəbistanının Livan ordusuna 3 milyard dollarlıq yardım etmək barədə qərar verməsi də bu imicin yaradılması üçündür. Səudiyyənin bunu İsrailə qarşı Livan ordusunu gücləndirmək üçün etdiyini iddia etməsinə baxmayaraq, İsrailin buna qarşı heç bir mənfi reaksiya verməməsi Ali-Səud rejiminin niyyətindən şübhələnməyə əsas verir. Halbuki, bu zamana qədər Fələstinə adi bir humanitar gəminin belə gəlməsinə mane olan İsrail, bu qərardan sonra dünyanı ayağa qaldırmalıydı. Mişel Süleymanın bu pullarla məhz Fransadan silah alınacağını söyləməsi isə şübhələri daha da artırır. Fransa tərəfi İranla aparılan birinci Cenevrə müzakirələrinin uğursuzluqla nəticələnməsinin əsas səbəbkarı bilinir. İsrailin baş naziri Benyamin Netanyahu isə İranla aparılan danışıqları “100 ilin xətası” adlandırmışdı. Görünən odur ki, Səudiyyə, İsrail və Fransanın Suriya məsələsində mövqeləri ortaqdır. Və hər üçü İranla Qərbin yaxınlaşmasının əleyhinədir. 
Səudiyyənin bu yardımlarının arxasında isə bir sıra planlar gizlənilib. Ali-Səud hökuməti bu vaxta kimi İsraillə döyüşlərdə uğur qazanan “Hizbullah”la Livan ordusunu qarşı-qarşı qoymaq, Livanda öz nüfuzunu artırmaq və Suriya məsələsində Livan hökumətini öz yanında görmək istəyir. ABŞ-dan gözlədiyi dəstəyi ala bilməyən Səudiyyə Ərəbistanı İsrail və Fransa ilə birgə Suriya və Livandakı vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir. İranın “Hizbullah” və Əsəd hökumətini dəstəkləməsinə Suriyadakı terrorçuları dəstəkləmək və Livanda fitnə atəşini alovlandırmaqla cavab verir. Noyabrın 19-u “Əl-Qaidə”yə bağlı olan "Abdullah Əzəm briqadası"nın Beyrutdakı İran səfirliyi qarşısında törətdiyi terror aktını da Səudiyyə Ərəbistanının İrana mesajı kimi də başa düşmək olar. Belə ki, bu qruplaşmanın Səudiyyə dövləti tərəfindən maliyyələşdirildiyi, terror aktını təşkil edən Məcid əl-Məcidin isə Səud rejiminin kəşfiyyat rəisi Bəndər bin-Sultanla çox yaxın əlaqələrinin olduğu deyilir.
Səudiyyə Ərəbistanının İranla sırf məzhəb fərqinə görə münasibətlərinin gərgin olduğunu söyləmək də düzgün deyil. Çünki Səudiyyə Ərəbsitanının bundan əvvəl bölgədəki digər ölkələr - Misir, Suriya, Yəmənlə də münasibətlərində gərginlik olmuşdu. Bu ölkələrin məzhəbi isə şiə deyil. Səudiyyənin İran düşmənçiliyinin əsasında, onun bölgədə özünə bir ortaq qəbul edə bilməməsidir. Səudiyyə Ərəbistanı bölgədəki bütün ölkələri özünə tabe etmək istəyir. Vəhhabi məzhəbindən də bu siyasətini həyata keçirmək üçün istifadə edir. 
Suriya böhranının əsas tərəflərindən biri olan Türkiyə hökumətinin də mövqeyi müharibənin əvvəlləri ilə müqayisədə dəyişib. Bunun bir səbəbi, "bir-iki ay ərzində Əsəd devrilər" tezisiylə planlar quran AKP hökumətinin Suriyada istədiyinə çatmaması olsa da, digər bir səbəbi Türkiyənin İranla münasibətləri korlamaq istəməməsidir. Ərdoğan bir neçə gün əvvəl İranda səfərdə olarkən, İranla əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdi. Doğrudur, Davosda Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və iranlı həmkarı Cavad Zərif arasında müyyən qarşıdurma yaşansa da, bu, səfərin ümumilkdə nəticəsinə heç bir mənfi təsir göstərmədi. Səfərin ABŞ maliyyə nazirliyinin rəsmisi David Kohenin Ankara ziyarətindən bir gün sonra baş tutması isə onun əhəmiyyətini daha da artırırdı. Ərdoğan hədəflərinin 2013-cu ildə 13.5 milyard dollara düşən ticarət həcmini, 2015-ci ildə 30 milyard dollara çatdırmaq olduğunu bildirməsiylə, bu səfərə böyük ümidlərlə gəldiyini göstərdi. Türkiyənin təbii qaz ehtiyacının 30%-ini İran vasitəsilə qarşılamasını nəzərə alsaq, İranla soyuq münasibətlərin nələrə səbəb olacağını başa düşmək heç də çətin olmaz.
Ərdoğan 2012-ci ildə İranda səfərdə olarkən, Ayətullah Xamenei ona "Siyasətinizi, strategiyanızı nəzərdən keçirin və geri qayıdın. Əsəd devrilməyəcək" demişdi. Ərdoğanın bu səfəri, əslində dini liderin sözlərinin boş olmadığını göstərdi. Həmçinin, İran səfərindən sonra İtaliyaya yola düşən prezident Abdullah Gülün Romada "Bu gün artıq əli güclü olan Şamdır. Cenevrəyə necə gəldi?" deməsi, Türkiyənin əvvəlki radikal mövqeyindən imtina edib, mövcud vəziyyət ilə barışdığının sübutu idi. Türkiyənin mövqeyinin yumşalmasında müharibənin əvvəllərində Suriyanı təhdid edən ABŞ-ın da yumşalmasının təsiri olub. Qərb dövlətlərinin bu məsələdə onu tək qoyduğunu görən Türkiyə təklənməmək üçün qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmaq siyasətinə başlayıb. Türkiyənin bölgədəki digər dövlətlər - İraq, Livan və Suriya ilə də münasibətləri yaxşılaşdırmaq üçün səy sərf edəcəyi gözlənilir. Eyni zamanda, Ərdoğanla görüşdən sonra Həsən Ruhaninin “tvitter”də “Suriyadakı vəziyyət dağıdıcıdır. Müharibəni dayandırmaq və vəhşicə ölümlərə son vermək üçün hamımız birləşməliyik” yazması, İranın da bu görüşdən məmnun olduğunu, Türkiyə ilə müttəfiqlik etməkdə maraqlı olduğundan xəbər verirdi. Bunu İranın gözündə düşmən olaraq yalnız Qərb blokunu görməsi, bu bloka qarşı mübarizə aparmaq üçün Türkiyə kimi müsəlman bir dövlətlə müttəfiqlik etməkdə maraqlı olması kimi də başa düşmək olar. Ümumilkdə isə, hadisələrin bu cür gedişi İranın mövqelərinin yaxın Şərq və Ərəbistan yarımadasında xeyli güclənməsinə səbəb olub.
Suriya böhranının artıq hərb yolu ilə deyil, ancaq sülh yolu ilə həll edilə biləcəyi mümkün olsa da, müharibə hələ bitməyib. Bundan ən çox ziyan çəkən dinc, müdafiəsiz insanlar oldu. Bu müharibə hər nə qədər beynəlxalq imperializmin istədiyi şəkildə bitmədisə də, müqavimət cəbhəsində olanların zəifləməsinə səbəb oldu. Hizbullahın Suriyada döyüşməsi və itkilər verməsi, onun İsrail ilə mübarizəsinə də təsir etdi. İsrail buna görə, Suriyadakı müharibənin və Livandakı gərginliyin davam etməsinin tərəfdarıdır. Müharibə uzandıqca, gərginlik artdıqca, Hizbullah, Livan və Suriya gücünü sərf edəcək, bu vaxt ərzində çoxlu maddi və insani itkilərə məruz qalacaq. İsrail isə öz siyasətini rahat şəkildə yürüdə biləcək. Təkcə onu qeyd etmək kifayətdir ki, Suriyanın müharibə ərzində dağılan infrastrukturu bərpa etməsi üçün illər lazım olacaq. On minlərlə insanın müharibədə həlak olmasıyla yanaşı, minlərlə insanın qaçqın düşməsi problemi də müharibədən sonra Suriyanı məşğul edəcək ilk məsələlərdəndir. Suriya böhranının nə ilə bitəcəyindən asılı olmayaraq, ən böyük ziyan müsəlmanlara dəydi. Bundan sonra diqqət müharibəyə yox, müharibədən sonra infrastrukturun bərpasına, yaralıların müalicəsinə və digər bu kimi işlərə yetirilməlidir.

azadxeber.net

Комментариев нет:

Отправить комментарий