Страницы

16.03.2014

Asif Ata Ocağında İnsanilik Bayramı keçirilib

14 Bölək günü, Günəş ayı 36-cı ildə (14.3.2014) İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində İnsanilik Bayramı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. 
İnam Evinin həyətində Ocağın 6 ideyasını ifadə edən tonqal çatılıb. İştirakçılar tonqal başında Ruhani Başçı Safruhun bayram kutlamasını dinləyiblər: «Ürəyinizdə Günəş olsun! Gələnlərimizi İnsanilik Bayramı münasibətilə kutlayıram! İnsanilik Bayramı ucsuz-bucaqsız yolun başlanğıcıdır. Ola bilsin ki, çoxu yolun uzaqlığına görə dönər, gedər ki, ömrüm çatan qədər insanlıq edəcəyəm. Ancaq o uzaq yol gedilməlidir. İnam Ata başlayıb o uzaq yolu.
İnsanlıq Bayramı indiki zamanda dünyanın ümumi insani-mənəvi mövcudluğu fonunda keçirilməlidir, o cür dərk olunmalıdır. Bir balaca yer hadisəsi kimi dərk olunmamalıdır. Dünya niyə puç olur? Bəzəkli, maşınlı, geniş, başqa cür imkanlı, elektrikli, qazlı… O niyəni tutmaq yeridir İnam Atanın Mütləqə İnam Ocağı. Bunu bilməsək, çarəni axtara bilmərik. Məqsədlər məqsədi var – bütün insanlığı hərəkətə gətirən.
Dünyanın ümumi mənzərəsi fonunda Ocağın 4 Bayramı olmalıdır. İnsanlıq alçaqlığı götürmür. Alçaqlığı insanlığın canına yeridirsən, insanlıq ölür. Mütləqə İnam Ocağı olaraq 35 ilimizi ruhani iradə ilə yola saldıq. Bizim fikrimiz belədir: insanlar yavaş yaşamalıdırlar. Hədsiz yarışlar olmamalıdır. Yarışlar psixologiyaya təsir eləyir. Yavaş yaşam tərzi belə şeylərə qarşıdır. Sən dünyaya körpə gətirmisən, nə haqqın var atılıb-düşəsən, məsuliyyətdən qaçasan? Ayağı yer tutana, ağlı söz kəsənə, iradəsi oyanana qədər ona bağlısan, məhkumsan. Ruhani iradə onu deyir. 
Biz deyirik ki, hər bir xalq ruhaniyyatla, yəni insanlaşma ilə məşğul olmalıdır. Din vasitəsilə kürəsəlləşmək yox eləyir insanların, xalqların məsuliyyətini. Həsrət çəkməlisən. Mən Azərbaycanın bütöv obrazını kimdə yaşatmalıyam? Onun məbədi olmalıdır, məbudu olmalıdır, orada baş əyməli insanlar olmalıdır, xalq tələb etməlidir. Bici, bədzatı xalq başına qaldırmamalıdır. İstedadlı və bic! İstedada barmaq silkələmək lazımdır! Biz dərin dərd adamıyıq. Ancaq dərdin əlində yerə yıxılan, çabalayan adam deyilik. Hər bir xalq öz böyüyünü, müqəddəsini yaratmalıdır.
İnsanilik il içində birinci bayramımızdır. Bizim bayramımız işdir. Biz o dediyimiz cəbhədə işləyirik. İnsaniliyin pozulub getdiyi dünyada insanlıq bayram edilir! Fəxr etməliyik insan olmağımızla. Qoy insan dünyadan gedəndə desinlər ki, onun canında bala sevgisi var, göy sevgisi var, həyat yoldaşı sevgisi var, atasına-anasına sevgisi var. Sevdiklərinə səcdəlidir bu adam. Kimin səcdəsi yoxdursa, o, heyvandır. Yalnız heyvanın səcdəsi olmur». 
Sonra İnam Evinin tədbirlər Odasına keçilib. Mütləqə İnam Bayrağı qarşılandıqdan sonra Ata Harayları səsləndirilib. «Doğadakı Mütləqlə Gündüz qovuşması»nı Yolnur, «Ataya günorta üztutması»nı Sadiq deyiblər. 
Ocaq Yükümlüsü Bayrama açılış sözündə ulusumuzu, insanlığı belə bir gün münasibətilə kutlayb. O, İnam Atanın 1-ci Kutsal Bitiqi – «Mütləqə İnam»dan insanla bağlı fikirlərini çatdırıb. Sonra o, deyib: «Bayramımız kutlu olsun! Varlığımızla, zamandan üstünlüyümüzlə, vicdançılığımızla, fədakarlığımızla, təmənnasızlığımızla ulusumuzun və bəşərin insanlıq mahiyyətini təmsil eləyirik». 
Ocağın Ruhani Başçısı Safruh insanla bağlı qayğılarını bölüşüb. 
Yolu Nurlu Şəmkirdəki “Nur Yolu” Ocaq Ailəsinin Yüküsmlüsü Yolnur Atalı fərəhli bayram əhvalını ifadə edib. O, Ocaqdan öncəki və sonrakı ruhani əhvalını təhlil edib, illər boyu yetdiyi məqamları aydınladıb. Vurğulayıb ki, onun ali doğma ünvanı İnam Evidir: «Bunu sevə-sevə deyirəm, çünki bu halı yaşayıram».
O, Ruhani Başçı Safruhun, Ocaq Yükümlüsü İşıqlı Atalının, Yolruh Atalının, Uluruh Atalının və başqa evladların özünəməxsus özəlliklərindən fərəhlə söz açılb, bu keyfiyyətlərin insanlınq bayramına ən gözəl ruhani hədiyyə olduğunu bildirib. 
Ocaq dostu, şair Zaməddin Ziyadoğlu Ocağın İnsanlıq bayramında yaşadığı gözəl duyğuları dilə gətirib, Ocaq bayramının dünyada ən dəyərli, uca bayram olduğunu bildirib, şeirini oxuyub. 
Güntəkin Atalı: «İnsanlıq Bayramı münasibətilə hamını kutlayıram! İnam olmalıdır ki, insan olsun! İnam olmalıdır ki, idrak olsun! İnam olmalıdır ki, Mənəviyyat olsun! İnam olmalıdlır ki, İradə olsun! İnam olmasa, heç bir şey ola bilməz». 
İşıqlı Atalı İnamçımız Baba Əhmədlini 85 yaşı münasibətilə kutlayıb, onun varlığının Ocaq üçün əziz, uca olduğunu bildirib. 
B.Əhmədli çıxışında Ocağın insançı gedişlərinin önəmindən, gərəkliyindən danışıb, yeni yazısını təqdim edib.
İnamçı şair Nurayaz İnamsoyu 55 yaşı münasibətilə kutlayan İşıqlı Atalı onun Ocaq ruhlu poeziyasını yüksək dəyərləndirib, bu ulusal-insançı işin davam etdirilməsini arzulayıb. 
Nurayaz İnamsoy Ocağa yüksək sayığısını, sevgisini bildirib, yeni yazdığı şeirini oxuyub. 
Uluruh Atalı insanlıqla bağlı duyğularını bölüşüb, insana münasibətin cılızlaşması fəlakətindən danışıb, Safruha öygüsünü oxuyub. 
Sadiq Atalı İnam Atanın «Yol» kitabı üstə düşüncələrini bölüşüb, ruhani əhvalını ifadə edib. 
Yolruh Atalı insanlığın baş tutması üçün ağalıq-nökərliyin aradan qaldırılmasının qaçılmazlığını vurğulayıb. 
Özadlı Yaşar İnamsoy, İnamyurd Atalı Korkut, rəssam İslam ürək sözlərini yetiriblər. 
Tanınmış aydın Şahsuvar Haşımov Ocaq ideyalarının qaçılmazlığını bildirib.
Bayram boyunca tanınmış aşıq Tərmeyxanın və gənc aşıq Ülvinin ifasında saz havaları səslənib. 
Bayramın carları bunlar olub: «İnsanlıq Bayramı – Ruhumuzun gerçəyi! İnsanlıq üstə bayramlaşmaq gələnəyi – kutsal bayram bağışımız!» 
Ruhani Başçı Safruh bayram haqqında sonlayıcı söz deyib, insanlığa sevginin ardıcıl yaşadılmasının gərəkliyini bildirib. 
Uluruh Atalı «İnsanilik Bayramı üstə Mütləqlə Təmas»ı deyib. Atanın çağırışı səslənib: «İnsanlaşın, İnssanlaşdırın!» 
Evdlladlar bir səslə «İnsana and olsun, İnsanlığa xidmət edəcəyəm!» deyərək Bayrağı öpüblər. 
Bayramdan sonra süfrə açılıb, doğmalaşma söhbətləri olub. 
Bildirək ki, Asif Ata Ocağının il boyu keçirilən 4 bayramı var: İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik. /asifata.com/

Комментариев нет:

Отправить комментарий