Страницы

27.03.2014

BU ADAM ÖZÜNÜ DÖYDÜRƏCƏK

Akif Abbasov

Aran yerin mal-heyvanı yaylağa çıxmışdı. Rayon mərkəzində nadir hallarda getdiyindən, vəzifə sahiblərinə işi düşmədiyindən yalnız sahə müvəkkilini tanıyırdı. Onun işi daha çox kapitan Şahsuvardan keçirdi. Şahsuvar arada buralara gəlir, quzudan, qoyundan, çəpişdən, yağdan, pendirdən, süddən, qaymaqdan götürüb aparır, yeyib-içəndə Qəzənfərin dədəsinə rəhmət oxuyurdu. Qəzənfər heç vaxt onu naümid etməmişdi, Şahsuvarın sayəsində də Qəzənfərə dəyib-dolaşan olmurdu. Qəzənfərçin  Şahsuvardan böyük adam yox idi. 
İsti yay günlərinin biri idi. Qəzənfər kürəyini iri qovaq ağacının gövdəsinə söykəyərək oturmuşdu. Sərin meh əsirdi. Qəzənfər özü üçün züm-zümə edirdi. Birdən maşın səsi eşitdi. Özünü toplayıb ayağa qalxınca qonaqlar maşından tökülüşdülər. Bir neçə nəfər idilər. Bir nəfərdən başqa qalanlarını tanımırdı. O bir nəfər hamıdan əzəmətli idi. Hündürboylu, enlikürək, çiyinlərində də par-par parıldayan paqonlar vardı. Bu, Şahsuvar idi. Amma nədənsə o birilərindən arxada gəlirdi. Qəzənfər öz-özünə düşündü: “Görünür, yorulub. Yazıq neyləsin?! Bütün günü ayaq döyür”.
Qəzənfər irəli yeridi. Qabaqdakıları yanlara itələyib özünü Şahsuvara çatdırdı:
-Qağa, xoş gəlmisən. Nə var, nə yox?!
Şahsuvar him-cim elədi, Qəzənfər heç nə anlamadı.
Qəzənfər soruşdu:
-Qağa, qadan alım, nə hazırlayım? 
Şahsuvar yenə him-cim elədi, Qəzənfər başa düşmədi.
Qonaqlardan biri, sən demə,  polis rəisi imiş. O, qalstukda və kostyumda olan kişini Qəzənfərə göstərərək:
-A kişi, bir gözünü aç, yaxşı-yaxşı bax gör kim gəlib.
Qəzənfər Şahsuvardan aralanmadan və Şahsuvarı nəzərdə tutaraq:
-Zəhmət çəkmə, sənsiz də bilirəm, kim gəlib. Birinci dəfə deyil ki, görürəm.
Şahsuvar Qəzənfərə sarı əyilərək:
-Qəzənfər, o bizim rəisdir.
Qəzənfərin gözündə Şahsuvardan böyük adam ola bilməzdi. Ona görə heç kimdən qorxusu yox  idi. Polis rəisi bu dəfə əli ilə Qəzənfərin qarnına vurdu:
-Sənə dedim, gözünü açıb yaxşı bax. Qarşındakı icra başçısı cənab Hökümliyevdir. 
Polis rəisinin hərəkəti Qəzənfərə xoş gəlmədi. İcra başçısının səlahiyyətinin nə olduğunu da bilmirdi. Hətta elə bilirdi ki, polis rəisi də Şahsuvarın işçilərindən biridir. Polis rəisinin yumruğu onun bədənin ağrıtmış, Qəzənfəri haldan çıxarmışdı. Odur ki, üzünü Şahsuvara tutub polis rəisinə işarə ilə:
-Bu kimdirsə bu saat özünü döydürəcək,- dedi.

Комментариев нет:

Отправить комментарий