Страницы

16.03.2014

İCTİMAİ BİRLİK ZƏRURİYYƏTİ

ƏDALƏT ABDİNOV
Azərbaycan Kommunist Partiyasının üzvü

Qərbin antiinsani şər qüvvələri SSRİ-dəki satqın əlaltılarının köməyi ilə dünyanın ən xeyirxah, humanist dövlətini süquta uğratdıqdan sonra bu ölkədə çar Rusiyasında olduğu kimi  əzilən, istismar olunan, haqqı tapdalanan bir sinif əmələ gəldi. İndi bu sinif öz həyat tərzini yaxşılaşdırmaq üçün vaxtilə qanı və canı ilə əldə etdiyi və azad, rahat yaşadığı sosializmə qovuşmaqdan ötrü mübarizəyə qalxıb. Artıq  bu məzlum sinif ilə mövcud ictimai-iqtisadi sistem arasındakı münasibət dözülməz həddə çatıb.
Keçmiş SSRİ ərazisində suni yollarla kapitalizm cəmiyyəti bərqərar etdilər. Bu cəmiyyətdə xüsusi mülkiyyətə və fəhlələrin burjuaziya tərəfindən istismarına əsaslanan kapitalist istehsal münasibətləri hökm sürür. Siyasi quruluş da bu istehsal münasibətlərinə uyğunlaşdırılıb: dövlət hakimiyyəti  iqtisadiyyatda hakim mövqe tutan burjuaziyanın əlindədir.
Fəlsəfi, siyasi, estetik nəzəriyyələri və baxışları pul kisəsinə tabe olan burjua əxlaqının əsasını isə  alverçilik, biznes təşkil edir. Kapitalist istehsal münasibətlərinin hökm sürdüyü yerdə istehsalın əsas məqsədi varlanmaqdır, mənfəət dalınca qaçmaqdır. Fikirlərimizə  müxalif olanlar iddia edə bilərlər ki, kapitalizm cəmiyyətində fəhlə sinifinin və başqa mütərəqqi qüvvələrin mənafeyini ifadə edən qabaqcıl nəzəriyyələr və baxışlar movcuddur. Bəli, bu belədir, ancaq unutmaq lazım deyil ki, bunlar kapitalizm quruluşunun ziddiyətlərini əks etdirir.
Biz sosializmdə yaşamışıq və indi yazacaqlarımın hamısı  sınaqdan çıxmışdır. Başqa sözlə, bizim sosializmin qurulması və möhkəmləndirilməsi ilə bağlı zəngin təcrübəmiz var. Biz indiki mərhələdə həmin təcrübədən bacarıqla istifadə etməliyik. Yeni nəsl də bilməlidir ki, sosializmdə adamlar arasında ictimai mülkiyyət üzərində yeni tipli istehsal münasibətləri hökm sürür. Bu münasibətlər mənəvi və siyasi həyata , ideoloji münasibətlərə, ictimai şüura xalq mənafeyinin üstünlüyü  ilə təsir edəcəkdir. Və qurduğumuz dövlət ümumxalq dövləti olacaqdır. İnsanlar arasındakı münasibətlərdə kommunist əxlaqı prinsipləri  bərqərar olacaqdır. Həmişə olduğu kimi yenə də marksizm-leninizm ideologiyası yeni şəraitə uyğun  bütün xalqın mənafeyni ifadə edəcəkdir.   K.Marks yazmışdı ki, ideyalar kütlələrə yiyələndikdə maddi qüvvəyə çevrilir. İndiki zamanda marksizm-leninizm ideyalarının necə böyük qüvvə olduğunu kapitalistlər yaxşı bilirlər, çünki bu təlim keçmişdə olduğu kimi bu gün də  kapitalizm sistemini bünövrəsinə qədər laxlatmağa qadirdir. 
Bizim malik olduğumuz qabaqcıl sosializm ideyası ictimai inkişafa yönəlib, mürtəce burjua ideyası isə ictimai inkişafı ləngitməyə cəhd edir. Mürtəce sinif olan burjuaziya tarixi zərurətə qarşı çıxış edir, çünki tarixi zərurət onun xoş güzəranı və hakimiyyəti üçün təhlükə törədir. Nəzərə almaq lazımdır ki, tarixin qanunları avtomatik surətdə tətbiq olunmur, bunlar ictimai inkişafın vaxtı çatmış tələbatını az-çox aydın dərk edən adamların fəaliyyəti vasitəsi ilə həyata keçirilir. Belə adamların sayı isə gündən-günə artır və onlar cəmiyyətdə socialist şürunu daha da möhkəmləndirirlər. Və bu  da ictimai tərəqqiyə səbəb olur.
Azərbaycan Kommunist Partiyası beynəlxalq kommunist partiyaları ilə birlikdə ictimai inkişafın qanunlarını mükəmməl bilir. Bu gün partiya xalqın fəaliyyətini sosializmə doğru aparan tarixi zərurətə uyğun olaraq təşkilinə səy göstərir. Azərbaycan KP  sınaqdan çıxmış tarix qanunlarına uyğun olan haqq yolu ilə irəliləyir. Bu haqq yolunun mahiyyəti ondan ibarətdir ki, azadlıq zərurəti dərk etməkdən və ondan əməli surətdə istifadə edə bilməkdən ibarətdir. Bu prosesdə tarixi şəxsiyyətin rolunu da xüsusilə qeyd etmək istəyirəm. Çünki böyük şəxsiyyət ictimai tələbatı başqalarına nisbətən daha aydın dərk edir və bunları daha düzgün ifadə edir. Məhz buna görə bəşəriyyət ən böyük dahilər olan K.Marksa, F.Engelsə , V.İ.Leninə və İ.V.Stalinə dərin ehtiram bəsləyir. Onlar ictimai inkişaf qanunlarını kəşf edərək, yeni dünya qurmaq uğrunda mübarizə yollarını bizə göstərmişlər. Bu gün mütərəqqi ideyaları bizim misilsiz sərvətimiz olam marksizm – leninizm baniləri nəinki dərin mütəfəkkir idilər, həmçinin inqilabçı və fəhlə sinfinin rəhbərləri idilər. Marksizm – leninizm tarixin əsil yaradıcısı olan zəhmətkeş kütlələrin hüququnu qoruyur.                 
Nəzərə almaq lazımdır ki, sosializm cəmiyyəti qurmaq kimi böyük bir işə   prolertariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələri  qoşulmasa, bu əzəmətli vəzifəni həyata keçirmək olmaz. Qarşıdakı ictimai-iqtisadi  dönüş mərhələsində xalqın həlledici rolu danılmazdır. İstismarçıların mənafeyini müdafiə edən prezidentlər və nazirlər xalqın tələbləri ilə hesablaşmağa məcbur olacaqlar. Proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələrinin  mübarızəsi hakim sinifin iştahasını kəsəcəkdir.
Bu gün istismarçı kapitalistlərlə fəhlələr siyasi baxışlarına, hətta danışıq, geyim və davranış tərzlərinə görə bir-birindən fərqlənirlər. Münasibətlərdə  bu qeyri-normallıq kapitalistlərin daha çox haram mədaxili olmasından irəli gəlir. Bunun səbəbi də odur ki, bütün istehsal vasitələrini əlinə keçirtdiyi üçün kapitalistlər iqtisadiyyatda hegemonluq edir, fəhlələri istismar etmək və onların əməyinin bəhrəsini mənimsəmək imkanı qazanırlar. Sinifi fərqlərin əsas əlaməti istehsal vasitələrinə münasibətdə özünü göstərir. Nə qədər xüsusi mülkiyyət var, bir-birinə əks olan siniflər də olacaqdır. Hər biriniz şahidsiniz ki, Azərbaycanda, ümumiyətlə SSRİ-yə daxil olmuş digər respublikalarda istehsal vasitələrinin sahibi olan istismarçı sinif  böyük iqtisadi gücə malikdirlər. Onlar öz mənfur iradələrini cəmiyyətə sırımaq üçün bu gücdən istifadə edir, xüsusi mülkiyyəti və azlığın  çoxluğu istismar etməsini  qanuniləşdiriblər. Özünüz də görürsünüz ki, istismarçıların mənafeyi əleyhinə yönəldilən hər cür fəaliyyət qanuna zidd sayılır. Mövcud hüquq qanunları və normaları isə hakim sinifin iradəsini əks etdirir. Onların əlində polis, ordu, məhkəmə, həbsxanalar və s. kimi hakimiyyət orqanları var.   Bu orqanlar məzlum sinifləri əzmək üçün siyasi aparatdır, buna da bildiyiniz kimi dövlət deyilir.  Artıq hər kəs başa düşür ki, bu günkü antaqonist ictimai-iqtisadi formasiyada mövcud dövlət – istismarçıların istismar olunanlar üzərində sinifi hökmranlığı alətidir. Bu alətdən bərabər pay, sosial rifah ummaq sadəlövlükdür.
Əlində hakimiyyət olan istismarçı sinif , bu səlahiyyətindən istifadə edərək öz mənafeyi – varlanması naminə qeyri-qanuni əməllər törədir. Hakimiyyətdə olan Azərbaycan burjuaziyası təkcə 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsini  qeydiyyata salmayıb. İdxaldan yayınmalar nəticəsində dövlət büdcəsi bu illərdə 4.6 milyard dollar itirib, qazanan isə kapitalistlər olub. Və nəzarətsizlikdən istifadə edib gündən-günə daha da  həyasızlaşırlar. Əgər 2003-2009-cu illər arası burjua Azərbaycanında idxalda gizli dövriyyə 42.3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62.7 faiz olub. 
Qeyd etdiyim kimi, xüsusi mülkiyyət meydana gəldikdən sonra varlı sinif  iqqtisadiyyatda hökmran olmasından istifadə edərək, cəmiyyətdə siyasi hökmranlığı da əlinə alıb. Və M.S.Qorbaçov kimi şərəfsizlər, satqınlar SSRİ-ni dağıtdıqdan sonra hakimiyyət xalqdan ayrı düşdü, istismarçıların dövlət hakimiyyətinə çevrildi. Bunlar da utanmadan, həya etmədən “qamçı siyasətini qoğal siyasəti ilə” birləşdiriblər. Proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələrini   dövlətin idarə ounması işlərinə heç yaxın buraxmırlar. İstismar cəmiyyətində heç vaxt əsil xalq hakimiyyəti ola bilməz. Belə hal əzilən sinifin öz vəziyyətini yaxşılaşdırmaq uğrunda mübarizə apaması üçün əlverişli şərai yaradır.  Digər tərəfdən, sinifi mübarizə istismarçılar ilə istismar olunanlar arasındakı ictimai antaqonozmlərin labüd nəticəsidir.   Prolertariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələrin  ağır vəziyyəti və zalımların daim onları sıxışdırmaları bu sinifləri kəskin  mübarızəyə sövq edir. Nəzərə almaq lazımdır ki, istismarçılar istehsal vasitələri üzərində mülkiyyətdən könüllü əl çəkməyəcəklər. Yalnız sinifi mübarizə yolu ilə bu mülkiyyəti həmin harın azlığın əlindən almaq və istismarı ləğv etmək olar.
Məhsuladar qüvvələrlə istehsal münasibətləri arasında olan konflikt ictimai inqilabın iqtisadi bünövrəsidir. İctimai inqilabın marksizm – leninizm tərifi belədir: bir iqtisadi formasiyadan digərinə keçilməsi ilə nəticələnən ictimai qurluşun əsaslı surətdə dağılmasına ictimai inqilab deyilir. Bu mənada,  indi bizdə vəziyyət necədir?  Cəmiyyətimiz irticacı sinif  tərəfindən bütün klapanları bağlanmış  buxar qazanına oxşayır. Vaxt ötdükcə buxar qazanında təzyiq artır. Böhran nöqtəsi gəlib çatanda buxar qazanı partlayacaq: tərəqqi yolunda duran bütün maneələri aradan qaldıran ictimai inqilab baş verəcək. İctimai inqilabı havanı təmizləyən gur yağışa bənzədirlər, bu cür yağışdan sonra insan azad nəfəs alır. İnqilablar isə V.İ.Leninin təbirincə desək, məzlumlar və istismar edilənlər üçün bayramdır. K.Marks isə inqilabları tarixin lokomotivi adlandırırdı.                                         
Çağdaş  istismar olunan sinif ictimai həyat qanunlarını yaxşı bilir  və buna görə də ictimai həyatı yenidən qurmaq üçün nəzəri cəhətdən hazırdır. Azadlıq hərəkatının beyni proletariatın mənəvi silahı olan və böyük təsir qüvvəsinə malik  marksizm-leninizm, onun ürəyi isə fəhlə sinifidir.  Kapitalizmin iqtisadi qurluşunun hərtərəfli təhlili, kapitalist istismarının səbəbləri və mexanizmi aydın göstərir ki,  son antoqonist ictimai-iqtisadi formasiya olan kapitalizm məhvə məhkumdur.  Və xalqın arzuladığı sovet hakimiyyəti  ilə bağlı dahi V.İ.Leninin  fikirlərini xatırlatmaq yerinə düşür: “ Sovet hakimiyyəti nədir?  Hələ əksər ölkələrin başa düşmək istəmədiyi və ya başa düşə bilmədiyi bu yeni hakimiyyətin mahiyyəti nədən ibarətdir?  Onun getdikcə hər bir ölkəninin işçilərini özünə daha çox cəlb edən mahiyyəti bundan ibarətdir ki, əvvəllər dövləti bu və ya digər şəkildə varlılar və ya kapitalistlər idarə edirdilər, indi isə dövləti ilk dəfə olaraq məhz kapitalizmin əzdiyi siniflər, özü də kütləvi şəkildə, idarə edir. Torpaq xüsusi mülkiyyət olduğu müddətcə hətta ən demokratik, hətta ən azad respublikada belə kapitalın hökmranlığı qalır, dövləti həmişə doqquz-on kapitalistdən və ya varlıdan seçilmiş kiçik azlıq idarə edir.
Dövlət hakimiyyəti dünyada ilk dəfə bizim Rusiyada elə şəkildə qurulmuşdur ki, yalnız işçilər, yalnız zəhmətkeş kəndlilər, istismarçılar istisna olmaqla, kütləvi təşkilatları – Sovetləri təşkil edirlər, və bütün dövlət hakimiyyəti bu Sovetlərə verilir. Buna görə də, bütün ölkələrdəki burjua nümayəndələri Rusiyaya nə qədər böhtan atsalar da, dünyanın hər yerində “Sovet” sözü nəinki anlaşılan, işçilər, bütün zəhmətkeşlər üçün populyar, sevimli olub. Elə buna görə Sovet hakimiyyəti, kommunizm tərəfdarları müxtəlif ölkələrdə nə qədər təqib olunsalar da, Sovet hakimiyyəti qaçılmazdır, mütləqdir və yaxın gələcəkdə bütün dünyada qələbə çalacaq.
Biz yaxşı bilirik ki, Sovet hakimiyyətinin təşkilində hələ çox çatışmazlıqlarımız var. Sovet hakimiyyəti möcüzəvi talisman deyil. O keçmişin çatışmazlıqlarını...  qarətedici kapitalizmin mirasını  dərhal sağaltmır. Amma o sosializmə keçmək imkanı verir. O, zülm olunanlara ayağa qalxmaq və bütün dövlət idarəetməsini, bütün təsəsrrüfat idarəetməsini, bütün istehsal idarəetməsini getdikcə daha çox öz əllərinə almaq imkanı verir. Sovet hakimiyyəti zəhmətkeş kütlələrin tapdığı, sosializmə gedən yoldur və buna görə də doğru yoldur – buna görə də məğlubedilməzdir.”

Комментариев нет:

Отправить комментарий