Страницы

29.03.2014

Nurçu agentura şəbəkəsinin üzvlərini tanıyın!

Bu adamlar az qalır desin ki, günəş də öz nurunu Fətullah Güləndən alır

Mən açıq oyunları sevən jurnalistəm. Son günlər Azərbaycan mediasında gündəmdən düşməyən “nurçuluq” mövzusunda kifayət qədər açıq gedişlər edildiyi üçün prosesi daha maraqla izləyirəm. Demək olar ki, bu polemikaların əksəriyyətini, ittiham olunanların da, ittiham edənlərin də düşüncələrini rəhbərlik etdiyim “Qafqazinfo” xəbər portalında işıqlandırmışam. 
Mənim bu məsələdə şəxsi mövqeyim olsa da, onu ictimailəşdirməmişəm, şəxsən bir cümlə də nurçuların xeyrinə və ya əleyhinə yazı yazmamışam. Lakin indi artıq oyunçuların əllərindəki gizli qalan kartlar açılmaqdadır və “son gedişlərin” müəlliflərini gördükcə sadəcə heyrətlənməyə bilmirsən. 

Uzatmadan Azərbaycanın iki böyük jurnalisti Rəşad Məcidlə Qulu Məhərrəmlinin yazdıqları və mənim də dərc etdiyim açıq-aşkar nurçuluğun və Fətullah Gülənin müdafiəsinə həsr olunan, nurçuluqda ittiham olunanların ünvanına tərif yağdırılan yazılardan gedir. 
Hər iki şəxs adlarının Dialoq Avrasiya jurnalının redaksiya heyətində olduğu açıqlandıqdan sonra yazmağa başladılar. Hərçənd ki, müzakirələr artıq bir aya yaxındır ki, gedir. İkinci tərəfdən onların hər ikisinin yazısında eyni tezislər və hədəflər açıq-aydın göstərir ki, bu yazılarla bağlı “planlaşdırma” Fazil Mustafanın təbirincə desək bir otaqda aparılıb. 
Gəlin, heç bir şərh vermədən həmin yazılardan tezsislərə nəzər salaq: 

Qulu Məhərrəmli yazır:  
“İndi “nurçu” deyib üstünə hücum çəkilən, orda-burda kölgəsi qılınclanan, ünvanına ağlasığmaz ittihamlar yağdırılan bu adamlarla zaman-zaman ünsiyyətim olub. Ağıllı, əxlaqlı, imanlı insanlardır, özlərini “hizmət hərəkatı” adlandırırlar. Dünyanın müxtəlif ölkələrində təhsil, biznes və dialoq təşkilatları qurur, çalışdıqları cəmiyyətlərlə qaynayıb qarışmağa çalışırlar. Azərbaycanda keyfiyyətli təhsil üçün zəhmətini əsirgəməyən bu dürüst insanlara rəğbətimi gizlətmirəm. Liderləri F.Güləndən neçə illər qabaq müsahibə də almışam”.

İndi Rəşad Məcidin yazısından bir parçaya baxın:
“Fətullah Güləni görməmişəm! Amma imkan yaransa, görüşərdim və suallar ünvanlayardım ona. Türkiyənin məşhur jurnalisti Məhmət Gündəmin «Fətullah Gülənlə 11 gün» kitabından bəzi şeylər öyrənmişəm, kitabın Azərbaycan nəşrinə ön söz yazmışam. Bu insanın gördüyü böyük işlərə, məktəblər açmaq üçün etdiyi fədakarlıqlara heyran qalmışam. Bir sözlə, həmkarlarımın nurçu adlandırdıqları insanlarda həqiqətən nur, işıq görmüşəm!

Daha bir nümunə Qulu Məhərrəmlidən:
“Təbii ki, Türkiyədə son illər açıq avtoritarizmə meyillənən T.Ərdoğanın vaxtilə dostluq etdiyi Gülən camaatına savaş açması üzücü hadisədir. Bundan istifadə edib Azərbaycandakı camaatı sıxışdırmaq, bizneslərinə əl uzatmaq, onları yalandan şişirdib bizim üçün təhlükəli güc kimi göstərmək ondan da üzücüdür. Əslində bu gün bizdə ən böyük təhlükə qəsdən cəmiyyətdə ictimai panika yaratmaq, Azərbaycanı Ərdoğanın F.Gülənə qarşı hücumlarının arxa cəbhəsinə çevirməyə cəhd etməkdir” .

Daha bir sitat Rəşad Məciddən:  
“Xarizmatik lider saydığım, natiqliyinə və siyasi gedişlərinə heyran olduğum, hətta xeyli müddət tərəfini tutduğum Tayyib bəy son bir ildir, səhv buraxa-buraxa gedir!  Mənim qənaətimə görə, əslində Gülən camaatı siyasi fəaliyyətlə deyil, ağılla düşünülmüş bizneslə məşğuldur. Təbii ki, təhsili də pulsuz vermirlər, amma bu biznesdə yüksək texnologiya, vicdan, əxlaq və insaf var. Onların fəaliyyəti məmurları və medianı tovlamaq üçün adını piar qoyub, aşkar şəkildə ələ alma kampaniyası aparan bəzi talançı biznes təşkilatlarından çox fərqlənir”.

Mən ilk cümlədə yazdığım kimi oyunu sevən jurnalist olsam da, bilmədiyim, bacarmadığım oyuna girmək mənlik deyil. Mübariz Qurbanlının sözü olmasın, əslində heç bilmirəm nurçuluq yaxşıdır, ya pis. Ancaq mənim bildiyim bir neçə bəsit sayıla biləcək məqam var. Lap deyək ki, Rəşad Məclidlə Qulu Məhərrəmli haqlıdır, nurçuluq çox əxlaqlıdır, çox pakizədir, təmiz biznesdir, nə bilim adamlara elm-təhsil verir. Qardaş, lap belədirsə də bir dini təriqətin ağzından nur yox e, qızıl tökülsə də mənim dövlətimə, ölkəmə lazım deyil. Axı bu “nur” olmasa, bizim səhərimiz açıqlamayacaq, günəş doğmayacaq? Bu adamlar az qalır desin ki, günəş də öz nurunu Fətullah Güləndən alır. Ay qardaş, təriqətsiz, məzhəbsiz, məzhəkəsiz yaşaya bilmirik? 
Qoy hər zaman hörmət etdiyim və Azərbaycanda sevdiyim insanlardan biri olan, ona “Hocam” yox “Rəşad əmi” kimi müraciət etdiyim Rəşad Məcid mənə səmimi olaraq desin  görək ki, o, bu müdrik yaşında, dünyanın az qala hər üzünü gördüyü bir mərhələdə Allahı, onun dini İslamı sona qədər dərk edə bilibmi? Məsələn, cənnətlə cəhənnəmin mövcudluğuna dair qəti qərara gələ bilibmi? Bu dəfə nurçuluğun tərəfini tutmasa, mən Rəşad əminin səmimiyyətinə inanıram, bilirəm ki, deyəcək ki, bu mövzuda hələ də ziddiyyətlər içində çırpınır. Şəxsən mən özüm 34 yaşında hələ bu düşüncələrin məngənəsindəyəm... Məncə, səmimi olan və Tanrıya qaraguruh kimi deyil, sidq ürəkdən bağlı olan insanların hamısı mənim kimidir.  
Bəs yaxşı, normal, yetkin adamın dini təfəkkürunün formalaşmasında, dini dərkində yetkinlik belə kömək olmursa, o zaman bu nurçu məktəblər hansı məntiqlə birinci sinif uşaqlarına cənnət-cəhənnəm moizələri oxuyurlar? Nəyə görə bu məktəbə ayağını qoyan şagird axşam evə gələndə dəstamaz alıb namaz qılır? Məktəbli də namaz qılar, a kişi?
O gün müharibə veteranı olan polisin redaksiyaya şikayətini işıqlandırdığmıza görə ünvanımıza “nakişilər” statusunu yazan Rəşad Məcid bəs Fətullah Güləni tərifələməyinin adını nə qoyur?.. 
Əgər Qulu Məhərrəmli ilə Rəşad Məcid doğrudan da təhsil davası, yaxşı məktəb davası aparırlarsa, o zaman Azərbaycanda ötən il Azad Fikir  Universiteti bağlananda, BDU-nun tələbələri aksiya keçirəndə səslərini niyə çıxartmadılar? Və ya son günlər metro keçidlərindəki köşklərin bağlanmasına, bir müddət əvvəl isə o köşklərdən qəzetlər yığışdırılanda, etirazlarını, heç olmasa bir statuslarını nədən görmədik? 
Əgər onlar təriqət aşiqi deyillərsə, bəs onda niyə Əbu Bəkr məscidi, bağlanada etiraz etmədilər? Vəhhabi deyillər ona görə? 
Dayazlarımız vəhhabiliyə, aydınlarımız nurçuluğa əsir düşüb... İndi biz hara getməliyik?
Əgər gücünüz dövlətin yanında olmağa çatmırsa, heç olmasa nurçuluğun əleyhinə yazanları Elnur Aslanovu, Fərhad Məmmədovu, Ceyhun Osmanlını və Rəbiyyət Aslanovanı hədəf almaqda ittiham etməklə şantaj etməyin… 

Elbrus Ərud           qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий