Страницы

15.03.2014

İmkanlara bir fürsət, fürsətlərə bir imkan


Qafar Şövqi

Qız var gedib hərraca qoyub özünü Dubayda.
Təsbeh çevirən qardaşı kordu, belə zordu.

Vicdan ləkəsin pak eləyən maye tapıblar.
Baxsan nə nöyütdü, nə xlordu, belə zordu.

Sən zülm elə ki, mən də edim zülmünü tənqid.
Meydan yaradaq, kim-kimi yordu, belə zordu.

Şorgöz adamın şor gözünə doğmadı şəhvət.
Dəhşət, özü şitdi, gözü şordu, belə zordu.

Zabit kişi on dörd uşağın sahibi olmuş.
Bir mərtəbəli evdə bir ordu, belə zordu.

Şövqi, bir işə zor deməsən zorla zor olmaz.
Qoy nöqtəni artıq, elə zordu, belə zordu?.

Tərpətmə

Yatsın çoxu qəflətdə, nadanları tərpətmə.
Yatmışlara layla de, yorğanları tərpətmə.

Hakimyəti sıxdınsa, meydanlara çıx, qışqır.
Azadlığı boğdunsa, meydanları tərpətmə.

Dünya özü zindandı, zindanda da zindanlar.
Zindanın içindən sən, zindanları tərpətmə.

Et cancana rəqsiylə, cananlara can qurban.
Canın hələ çıxmıbsa, cananları tərpətmə.

İmkanlara bir fürsət, fürsətlərə bir imkan.
Fürsətləri boş versən, imkanları tərpətmə.

Tarix elə tarixdir, dastan isə uydurma.
Tarixmizi bilməkçün, dastanları tərpətmə.

Əksəryəti geyləşdi, az qismini çıxmaqla,
"Oğlan"lara bir quş qoy, "oğlan"ları tərpətmə.

Ev yıxmalı böhtanlar, şeytan kimi insanlar.
Evmiz yıxılıb onsuz, böhtanları tərpətmə.

Şövqi, sənə nadanlar qarğış eləyir böylə.
Allah səni lal etsin, nöqsanları tərpətmə.

Комментариев нет:

Отправить комментарий