Страницы

16.03.2014

"QANUN" NƏŞRİYYATINA CƏRİMƏ - MƏNƏVİYYATA ZƏRBƏ

Şirinxanım Kərimbəyli Şadiman

Kütləvi təbliğat vasitələrinin, qəzetin, kitabın, jurnalın küncə qısıldığı bir zamanda nəşr evlərinə edilən basqılar adama təəccüblü gəlmir. Ziyalı kəslərə yaxşı məlumdur ki, yazı adamının acınacaqlı taleyi ilə nəşriyyatlara başçılıq edənlərin çəkdikləri demək olar ki, üst-üstə düşür. Nəşriyyatlar, onlara üz tutan cibi boş, qəlbi dolu yazarların yazdıqlarının üzə çıxmasında yardımçı olan əvəzsiz ocaqlardır. Teleməkanlarda şou layihələrin baş alıb getdiyi bir vaxtda, insanların şəxsi münasibətlərinin efirə daşındığı, madiyyatın mənəviyyatı aşağılandığı, insanların kitabdan, mütaliədən, mətbuatdan uzaq düşdüyü bir zamanda mənəviyyata xidmət edən qurumlar cərmə olunmamalıdır.
Əksinə onlara yardım edilməlidir. Zənimizcə, nəşriyyatlar vergidən azad olunmalıdır, çünki nəşr evləri birbaşa kitab nəşri ilə bağlıdır, KİTAB isə millətin, cəmiyyətin, ölkənin işıqlı gələcəyi deməkdir. Dünyada mütaliə etməyən millətlər elmdən, savaddan, həyata baxışdan həmişə kasadlıq çəkmişlər, elmli, biligli millətlərin boyunduruğunda sürünmüşlər, işıqlı gələcəyimiz naminə nəşr işiylə məşğul olan kəslər qeyri biznes sahələrində öndə gedənlərlə bir tutulmamalıdır.
Naşirlər qələm əhlinin cəfasını çəkənlərdir. Özləri də bu cəfanın içində əzab və əziyyətə qatlaşanlardır.
“Qanun” nəşriyyatı nəşriyyatlar içində öz dəqiqliyi ilə xüsusi fərqlənən, qələm adamının ədəbi məhsuluna hörmət, sayğı göstərən, çap olunan dərginin, kitabın vaxtında müəllifə yetişməsinə vicdanla yanaşan dəyərli ədəbi orqandır. Bu ədəbi orqanı cərmə ilə əzib məhv etmək olmaz. Bu, “Qanun” nəşriyyatıyla əməkdaşlıq edən hər bir söz adamının ürəyinə zərbədir. 
Gəlin etiraf edək ki, ölkəmiz mənəviyyat sarıdan getdikcə kasadlaşmağa doğru gedir. İndi para qazanmaq üçün öz millətinin varlığından, dövlətçiliyindən keçənlərin sayı ölkəmizdə günbəgün artmaqdadır. Məktəblərin, üniversitetlərin, müxtəlif elim ocaqlarının çiçəkləndiyi bir məmləkətdə biz mənəviyyatsızlıq azarı ülə üzbəüz qalmışıq. Ali təhsillilərin bir çoxunun ali təhsil almamışlardan heç nəylə fərqi yoxdur. Nə təhsildə, nə dünya görüşdə, nə də həyata baxışda!
“Qanun” nəşriyyatının cərmə ilə varlığına qənim kəsilmiş kəslər bilməlidirlər ki, bu nəşr evi kortof, soğan satmaqla məşğul olmur, o vətən insanının layiqli yetişməsi üçün bugününə, gələcəyinə xidmət edir, tərcümə ədəbiyyatı ilə məşğul olur, digər xalqların dillərində yazılmış ədəbi məhsulları ana dilimizə tərcümə edir, ən nəhayət kitab yayımına köməkdarlıq edir. Bu nəşriyyat onunla əməkdaşlıq edən yazı adamının mənəvi qidasıdır, bizi mənəvi qidamızdan təcrid etməyin! Müstəqillik qazandığımız gündən bugünə qədər hələ də az-maz qalan kitab mağazlarında rus dilli bədii məhsullar çoxluq təşkil edir. “Qanun” nəşriyyatı isə bu müqəddəs missiyanı öz üzərinə götürüb, tərcümə işi ilə məşğul olur, cəhd edir ki, millətin balaları ana dilində xarici ədəbiyyatdan bəhrələnsinlər. Belə olan halda onlara dəstək olmaq əvəzinə, cərmələyirik ki, nəşriyyatı qapatmağa məcbur olsunlar. Söyləyin bir, ey qanun keşikçiləri, bu hansı məntiqə sığışar? Əksinə nəşriyyatlar sabahımızın xoşbəxtliyi naminə həm dövlətdən, həm də imkanlı şəxslərdən dəstək görməlidir. 
Ümidvarıq ki, ölkəmizin başçısı səviyyəsində bu məsələ “Qanun” nəşriyyatının işıqlı gələcəyi üçün xeyirə həll olunacaq. Bu həm də “Qanun” nəşriyyatıyla əməkdaşlıq edən yazar əhlinin arzusudur. Gəlin sizli-bizli bu arzuya qoşulaq. “Qanun” nəşriyyatının, həmçinin digər nəşr evlərinin sabahı naminə…

Комментариев нет:

Отправить комментарий