Страницы

02.03.2014

Qasımbala Səfərov - Şər-xata dost

İnsanın dostunun şər-xətə olması çox pis haldır. İslam dininin buyurduğu Allah və Allahın dostlarıyla dost olma məsələsi məlumdur. Əlbəttə, siz də təcrübə etməmiş deyilsiniz. Sınaqdan keçirib görməmisinizsə də ki, buyurub sınaqdan keçirə bilərsiniz. Allah və Allah dostlarından başqasından insana dost olmaz. Əlbəttə, o şəxsə olmaz ki, o, Allah dostudur. Ümumiyyətlə, insan oğlu elə xəlq olunmuşdur ki, hara gedirsə getsin, mütləqdir ki, özü üçün özünə uyğun dost tapasıdır. Məsələn, harada görmüsünüz ki, bandit polislə dostluq eləsin və yaxud da, mollanın dostu araq içən olsun (təbii ki, kiçik istisnaları saymasaq). (Mollanı araq içənlə yanaşı görmək onların dost olması mənasına gəlməməlidir, olsun ki, molla onu doğru yola gətirmək üçün bir müddət dəridən-qabıqan çıxır.)
Allah-Təala Quranda gözəl bir nöqtəyə işarə edir: "Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!" (Ənkəbut 41) Bu ayədə göstərilir ki, hər kim Allahdan başqasını özünə dost və hami seçsə, o kəsin məsəli özünə yuva qurmuş hörümçəyin məsəli kimidir. Həqiqətən də, bu misaldan daha gözəl misal çəkmək olmazdı. Nə üçün özünə ev quran hörümçək? Çünki hörümçəyin evindən daha süst və tez dağılan ikinci bir ev yoxdur. Ayədə də buyurulduğu kimi "...evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!" Üflədikdə belə, bu ev (tor) yerlə yeksan olur. Bura qədəri öz yerində. Amma, bu günümüzdə elə insanlar vardır ki, dost seçimində düzgün meyar bəlli edə bilmirlər. O məsələlərə baş vurmuruq ki, kimisi üçün dostluğun meyarı maşındır, kimisi üçün var-dövlət, yaxud dəbdəbə və gözəlliik. O kəslərdən danışırıq ki, dostluq əlaqələri qurduqları insanlar günah əhlidir. Təbii olaraq həmin insanlar da günahkardır. Çünki qeyd etdiyimiz kimi mömin bir şəxsi günahkarla gəzən görmərik. Vaxtiylə gəzmiş olsa belə, tövbə etdikdən sonra, günahlardan paklandıqdan sonra o dostdan qırılar. Bir dəfə, iki dəfə ona da təbliğ edər, faydasız olduğunu və xüsusən də təbliğin alınmadığını görüb vaz keçər. Çünki adətən günahkarı tövbə etmiş düz yola gətirə bilmədikdə, günahkar onu pis yola çəkməyi bacarır. Ona görə ki, yenicə tövbə etmiş şəxs həssas olur, onu asanlıqla və tezliklə pis yola qaytarmaq, keçmişin "şirinliklərini" ona xatırlatmaq olur. Tövbə etməyən insan isə ətrafındakı özü kimi günahkarlardan daim ziyan görür. Bəzi dostlar da vardır ki, təmiz insanlarla dostluq edib onları cəhənnəmə aparır. Bizdə məsəl də var, deyərik ki, cəhənnəmə gedən özünə dost axtarar. Həzrət Əlidən (ə) soruşdular: şər-xətə dost hansıdır? Həzrət (ə) buyurdu: Allahın günahını sənin üçün zinətləndirən. Yəni, o kes ki, Allahın günahını sənin üçün bəzəkli edir. Məsələn, deyir, gedək bara, orda qızlar var, onlarla əylənərik. Beş günlük dünyadır, araq içməsən, iynə vurmasan, kef edə bilməzsən. Qumar oynasaq çox pul qazanarıq və s. Belələrini Həzrət İmam (ə) şər-xətə dost adlandırır. Odur ki, vəzifəmiz belələrindən yan qaçmaqdır. Əgər, bacarsaq, onları doğru yola dəvət etmək də, əsas vəzifələrimizdən biridir. Allah-Təala bizləri şər-xətə insanlarla dost olanlardan qərar verməsin! Amin!

Комментариев нет:

Отправить комментарий