Страницы

24.03.2014

SOSİALİZM UZAQDA DEYİL

ƏDALƏT  ABDİNOV,
Azərbaycan Kommunist Partiyasının üzvü
 
Sosializmdə istehsal münasibətlərinin xarakteri, onun iqtisadi quruluşu istehsal vasitələrinin cəmiyyətə məxsus olması ilə müəyyən olunur. İstehsal vasitələrindən məhrum edilmiş sinifin, həmçinin xüsusi mülkiyyətçilər sinifinin olmaması sosializmin ən böyük üstünlü idi. Bu quruluşda yaşayan insanlar yaxşı bilirlər: hər kəs bütün cəmiyyətin xeyri üçün, bütün cəmiyyət də hər kəsin xeyri üçün işləyirdi. Sosializmin bəxş etdiyi ictimai mülkiyyət insanın insan tərəfindən istismarına qəti qadağa qoyurdu. Dolanacaq vəsaiti əldə etməyin yeganə qanuni yolu  şəxsi əmək  olduğu üçün adamların bir qismi digər adamların əməyinin bəhrəsini mənimsiyə bilmirdi. İctimai mülkiyyət tüfeyli və müftəxor həyat sürməyi rədd edir, “işləməyən dişləməz” prinsipi üzrə çalışmaq vəzifəsini hamı üçün bərabər olan bir vəzifə kimi qarşıya qoyrdu.
Üstünlük ondan ibarət idi ki, əməyin bəhrəsi cəmiyyətin sərəncamına veriləndən sonra adamlar arasında bölüşdürülürdü. Əməyə görə mükafat ölçüsü bütövlükdə ictimai sərvətin səviyyəsindən asılı idi – cəmiyyət zəngin olduqca onun üzvləri də yaxşı yaşayırdı. Hamı sosialist istehsalının inkişafında maraqlı idi. Bu gün fəxrlə deyə bilirik ki, yaşadığımız sosializmin istehsal münasibətləri – istismardan azad olmuş işçilərin yoldaşlıq və qarşılıqlı yardım münasibətləri idi. Bütün cəmiyyət istehsal vasitələrinə sahiblik edirdi. Sosialist xalq təsərrüfatı həmin cəmiyyətin iradəsi əsasında inkişaf edirdi. İctimai mülkiyyət istehsal hərc-mərcliyinə, böhranlara və işsizliyə yol vermirdi.
İctimai mülkiyyətin ifadəsi ilk növbədə ondan ibarət idi ki, istehsal vasitələrinin və başqa maddi sərvətlərin əsas kütləsi sosialist dövlətinin sahibliyində idi. Xalqın tapşıriğı ilə və xalqın adından dövlət bütün mülkiyyətçi hüquülarından istifadə edirdi. Dövlətin varından bütün sovet adamları bilavasitə faydalanırdılar. Eyni zamanda, dövlət əmlakına bütün adamlar deyil, böyük dövlət vahidinin hissəcikləri –  idarə və müəssisələr sərəncam verirdi. Müəssisə və idarələrin rəhbərlərinə dövlət tərəfindən vəkalətlər verilir, onlar həmin vəkalətlərə  əsasən bu və ya digər maddi sərvətlərdən istifadə edir, kollektivlər isə rəhbərlərin fəaliyyətinə nəzarət etmək hüququna malik idi. Dövlət mülkiyyəti xalq təsərrüfatının inkişafını vahid plan üzrə təşkil etməyə imkan verir, adamları ümumxalq mənafeyini rəhbər tutmağa təşviq edir, onları hər bir işə dövlət nöqteyi – nəzərindən yanaşmağa alışdırırdı.
Yeri gəlmişkən qeyd etmək lazımdır, sosializmdə istehsal vasitələrinin və başqa maddi sərvətlərin bir hissəsi bütün xalqa yox, kəndlilərin əmək birlikləri olan kolxozlara məxsus idi. Dövlət mülkiyyəti istehsal vasitələrini bütün ölkə miqyasında ictimailəşdirirdi və bunları xalqın malı edirdi. Kolxoz mülkiyyəti isə istehsal vasitələrini ayrı-ayrı kənd təsərrüfatı müəssisəsi miqyasında ictimailəşdirir, bunları ayrı – ayrı insan qruplarının malı edirdi.  Eyni zamanda, əməkləri kolxoz mülkiyyəti ilə əlaqədar olan adamlar bütün xalq kimi dövlət mülkiyyətinə də şərik idilər. Bax, bu idi əsl demokratiya!
Burjua ideoloqları deyirlər ki, sosializmdə şəxsi mülkiyətə qadağa qoyulmuşdur. Əlbəttə, bu onların uydurmasıdır. Sosializmdə ictimai mülkiyyətlə yanaşı şəxsi mülkiyyət də var idi. Şəxsi mülkiyyət əhalinin halal zəhmət ilə əldə etdiyi gəlirlərdən və qənaət edib yığdəğı puldan, vətəndaşlara məxsus olan yaşayış evlərindən, ev təsərrüfatı avadanlığından və şəxsi istehlak şeylərindən ibarət idi.   Bundan əlavə, kolxozçuların  şəxsi yardımçı təsərrüfatları onların əlavə halal gəlir mənbəyinə çevrilmişdi.
Sosializmdə şəxsi mülkiyyət insanların şəxsi əməyinə əsaslanırdı, bu mülkiyyətdən indiki kimi istismara gətirib çıxaran varlanmaq üçün istifadə edilmirdi. Ən əsası şəxsi mülkiyyətdən zəhmətsiz gəlir əldə etmək üçün istifadə etmək imkanı iqtisadi cəhətdən məhdudlaşdırılmışdır. Sovet dövləti şəxsi mülkiyyətin artmasını və qədərini nizama salırdı. Bunun üçün sərf edilən əməyin kəmiyyətindən və keyfiyyətindən asılı olan əmək haqqı verilməsi sistemi tətbiq edilirdi, xalqın işlətdiyi malların qiymətini nizama salan siyasət yeridilirdi və ictimai istehlak fondlarının üstün inkişafı təmin edilirdi.
Bütün istehsal xalqın rifahını yüksəltmək vəzifəsinə tabe etdirilmişdir. Bu isə, sosializm  quruluşunun insanpərvərliyinə sübut olmaqla bərabər, eyni zamanda iqtisadi zərurət idi. Həmin azad, mütərəqqi qurluşda təklif tələbdən irəlidə gedirdi. Tələbatı daha mükəmməl surətdə ödəmək və cəmiyyətin bütün üzvlərini hərtərəfli inkişaf etdirmək məqsədi ilə texniki tərəqqi və kollektiv əmək əsasında istehsalın arası kəsilmədən genişləndirilməsi və təkmilləşdirilməsi – sosializmin əsas iqtisadi qanunu idi.
Bu günkü iyrənc kapitalizmdə bol məhsul yetişdirən, amma özü yarımac dolanan, gözəl saraylar, villalar tikən, amma özü kirayədə, daxmalarda, zirzəmilərdə yaşayan insanlar üçün əmək ən ağır yük hesab olunur. Sosializmdə isə əmək insanların rifah mənbəyinə, onların yaşayışında böyük fərəhə çevrilmişdi. Sovet ölkəsinin bütün sərvətlərinin tam ixtiyarlı sahibi olan vətəndaşlar başa düşürdülər ki, onlar bir ovuc tüfeylinin varlanması xatiri üçün deyil, öz cəmiyyətinin xeyri üçün işləyirlər.Əməyin icbari əməkdən azad əməyə çevrilməsi sosializmin ən böyük nailiyyəti idi. Hamı üçün əməyə  görə maddi nemətlər almaq - hüquq bərabərliyi təmin edilmişdi.
Burjua ideoloqları bədxahlıqla deyirdilər ki, istehsal inkişaf etdikcə sosialist ölkələrində işsizlik artacaqdır.  Bu fikir cəfəngiyyatdan başqa bir şey olmadı. Sosializmdə hamı işlə təmin edilirdi. 1930-cu ildə SSRİ-də axırıncı əmək birjasının qapısına qıfıl vuruldu. O zamandan ta  qərbin antiinsani şər qüvvələri və onların buradakı satqın əlaltılarının dəstəyi ilə SSRİ dağılana qədər gənc nəsil işsizlik nə olduğunu bilmədi. Baxın, indiki kapitalist Azərbaycanına – işsizlik tüğyan edir, fəlakət həddinə çatır.
Sosializmdə heç vaxt pul, hətta külli məbləğdə olsa  idi də, indiki kimi hökmranlıq vasitəsinə çevrilə bilməzdi. Bu cəmiyyətdə pul ilə zavod,  fabrik alıb fəhlələri istismar etmək, pul gücünə deputat mandatı və nazir vəzifəsi əldə etmək olmazdı. Kapitalizmdə belə antiəxlaqi biabrçılıqlar kütləvi hal alıb. Və nəticədə nə baş verir? Bir neçə gün bundan əvvəl qeyd etdiyimiz çirkin yolla dövlət postunu ələ keçirmiş Ukraynanın keçmiş energetika naziri Eduard Stavitskinin evindən hüquq-mühafizə orqanlarının əməkdaşları 42 kiloqlam qızıl və təxminən 5 milyon dollar aşkarlayıblar. Ukraynanın baş prokurorunun sözlərinə görə, axtarış zamanı məşhur brendlərin bahalı saatları və qiymətli metallardan zinət əşyaları tarılıb Bundan başqa, keçmiş nazirin evindən çoxsaylı daşınmaz əmlak, şirkətlərdə pay, torpaq hissələri sənədləri tapılıb. Eduard Stavitski ofşor şirkətlərinin qeydiyyat sənədlərini, bank kartlarını, ayrı-ayrı banklardakı hesabların sənədlərini də evində saxlayırmış. Kapitalist Azərbaycanında da belə iyrənc nümunələr kifayət qədərdir.
Sosializmdə isə insanı qiymətləndirmək üçün meyar yalnız onun şəxsi qabiliyyəti, cəmiyyətin xeyrinə sərf etdiyi əmək idi. Adamların öz əməyinin nəticələri ilə maddi cəhətdən maraqlandırılması prinsipi mövcud idi. Maddi maraq adamları qbiliyyətinə və gücünə görə işləməyə alışdırır, əməyə olan mənəvi stimulları, daha doğrusu ideya stimullarını artırmağa kömək edirdi.
Zorən yaşamağa məhkum edildiyimiz bu günkü kapitalizmə baxanda Cek Londonun və Bret Qartın hekayələrindən bizə tanış olan “qızıl naxoşluğu” epizodları yada düşür. Adamlıq simasını itirmiş asan qazanc axtaranların bir-birini aldatması, zorakılıq etməsi, öldürməsi və bir-biri ilə vəhşicəsinə amansız mübarizə aparması – kapitalizm dünyasında “sarı iblisin” insanlar üzərində amansız hökmranlığıdır.
Sovet adamları sosializm yarışı və onun ilk rüşeymləri olan kommunist iməciliklərini bu gün xoş duyğularla xatırlayırlar. Yeni azad yaradıcı əmək münasibətlərinin ifadəsi olan sosializm yarışı əmək adamlarının istehsalatı inkişaf etdirmək qayğısının təccəssümü idi. Mütərəqqi sosializm yarışı bu güngü vəhşi kapitalist rəqabətindən əsaslı surətdə fərqlənir. Birinin məğlub olub ölməsi, digərinin qalib gəlməsi və hökmranlıq etməsi kapitalist rəqabətinin iyrənc şüarıdır. Sosializm yarışı rəqabətin bu yırtıcı qanunlarını rədd edirdi – burada qaliblər olur, məğlublar olmurdu, çünki yarış hamıya xeyir verirdi.
Sosializmdə əmtəə istehsalı saxlanılırdı, ona görə ki, iki əsas mülkiyyətçi arasında: dövlət və kolxozlar arasında mübadilə müvəffəqiyyətlə həyata keçirilsin. Bu, həm də məhsuldar qüvvələrin inkişafı səviyyəsinə müsbət təsir göstərirdi. Eyni zamanda, mallar ictimai-zəruri əmək məsrəflərinə uyğun surətdə istehsal və mübadilə edilirdi. Diqqət yetirin, kapitalist təssərrüfatında qiymətlər bazarda kortəbii surətdə müəyyənləşir. Sosializm şəraitində isə qiymətlər planlı qaydada müəyyən edilirdi – kolxoz bazarının qiymətlərindən savayı. Çünki, kolxoz bazarındakı qiymətləri dövlət planlaşdırmır, burada qiymətlər tələb və təklifin təsiri altında müəyyənləşirdi.  Iqtisadiyyatın dəyər qanunundan isə cəmiyyətin xeyri üçün istifadə edilirdi.
Hər biriniz görürsünüz ki, kapitalizmdə pul kapitala çevrilir, proletariatı istismar etmək aləti və özgə əməyini mənimsəmək vasitəsidir. Sosializmdə isə pul kapitala çevrilə bilmirdi. Kapitalizm şəraitində pul kortəbii bazar qanunlarının alətidir. Sovet dövləti isə puldan mal istehsalı və bölgüsü üzərində, əmək ölçüsü və istehlak ölçüsü üzərində ümumi uçot və nəzarət vasitəsi kimi istifadə edirdi.
Sosializmin indiki kapitalizmdən ən mühüm üstünlüyü xalq təsərrüfatının inkiışafını planlaşdırmaq idi. Cəmiyyət kapitalizmə məxsus rəqabətin və istehsal hərc-mərcliyin dağıdıcı təsirindən həmişəlik xilas olmuşdu. Planlı sosialist təsərrüfatı, həm də ən qənaətcil təsərrüfat idi. Bununla yanaşı, təsərrüfat hesabı ilə işləyən dövlət müəssisələrində də çox ciddi nizam – intizam var idi.  Sosialist müəssisələrində məhsulun maya dəyəri daim nəzarətdə saxlanılırdı. Sosialist təkrar istehsalı yoldaşcasına əməkdaşlıq və qarşılıqlı yardım münasibətlərini təzələyirdi. Gördüyünüz kimi, kapitalist təkrar istehsal prosesi fəhlənin istismar edilməsi şəraitini meydana çıxarır və möhkəmləndirir, fəhləni daim öz işçi qüvvəsini satmağa məcbur edir və kapitalisti varlandırır. Təyinatına görə çox böyük hissəsi  xalqın rifah halının yksəldilməsinə səf edilən sovet dövlət büdcəsi kapitalist dövlət büdcəsindən kəskin fərqlənirdi.
Yaradıcı əməklə məşğul olmaq üçün hər bir sovet adamımın üzünə geniş yollar açılırdı. İşə girməkdən ötrü  hamı üçün ümumi bir qayda qoyulmuşdu. Sovet qanunları fəhlə və qulluqçuları işdən qanunsuz olaraq  çıxarılmaqdan möhkəm qoruyurdu. Həmkarlar ittifaqının yerli komitəsi indiki kimi burjuaziyanın yox, fəhlələr, mühəndis-texnik işçilər və qulluqçular adından hərəkət edirdi. Yerli komitə və müdiriyyət  hər il ikitərəfli saziş və ya kollektiv müqavilə bağlayırdılar.
Sosialist istehsalı, onun miqyası və ritmi əmək intizamına danışıqsız riayət olunmasını tələb edirdi. Əmək mübahisələrinə baxan komissiya təşkil edilmişdi ki, bu da işçilərlə müdiriyyət arasındakı mübahisələrə ilkin mərhələ kimi baxırdı. Əgər bu kommissiyanın qərarı işçini qane etmirdisə o, həmkarlar ittifaqının yerli komitəsinə müraciət edirdi. Bax, müəssisədaxili belə demokratik qaydalar mövcud idi.
Sosializmdə əməyin mühafizəsinə həm dövlət, həm də həmkarlar orqanları ciddi nəzarət edirdilər. Bədbəxt və peşə xəstəliklərinə bais ola biləcək səbəblər aradan qaldırılırdı. Zərərli istehsalatda işləyən fəhlələrin iş günü qısa olur və onlar əlavə məzuniyyət alıdılar. Texniki təhlükəsizlik qaydaları hər bir fəhləyə öyrədilirdi. Müəssisələrdə əmək müafizəsi komissiyaları təşkil edilir, ictimai müfəttişlər seçilirdi. Əmək qanunlarında, bütün zəhmətkeşlərə aid olan ümumi normalardan savayı, qadınların və gənclərin əməyini qorumaq üçün əlavə qaydalar və normalar müəyyən edilmişdir. Oğlanlar və qızlar 16 yaşına çatdıqdan sonra və yalnız xüsusilə müstəsna hallarda 15 yaşına çatdıqdan sonra işə qəbul edilirdilər. 16 yaşından 18 yaşına qədər yeniyetmələrin iş günü altı saat idi, bunun müqabilində onlar yaşlı fəhlə və qulluqçuların tam iş günü üçün aldıqları əmək haqqı alırdılar.  15 yaşından 16 yaşına qədər yeniyetmələrin iş günü dörd saat idi. Yeniyetmələr axşam işlərinə və işdən artıq saatlarda işləməyə cəlb edilmirdilər. 18 yaşına çatmamış fəhlə və qulluqçulara ildə bir təqvim ayı qədər, həm də bir qayda olaraq yay fəslində məzuniyyət verilirdi.
Cavanların işə düzəlməsi üçün hər bir müəssisədə istehsalat təlimi keçən orta məktəblərin məzunlarından ötrü müəyyən qədər boş yer saxlanılırdı. İşləməklə bərabər təhsil alan fəhlə və qulluqçulara bir sıra imtiyazlar verilirdi – onların iş günü və ya iş həftəsi qısa olur, onlara təhsil məzuniyyətləri və məktəbin olduğu məntəqədə imtahan sessiyasına getmək üçün yol pulu verilirdi.
Baxın, yaşadığımız kapitalist ölkəsində belə müsbət, humanist imtiyazlar mövcuddurmu? Əsla yox! Kapitalistləri insan yox, istismar yolu ilə onun iş qüvvəsindən əldə etdiyi qazanc maraqlandırır. Özünüz deyin, belə iyrənc qurluşla barışmaq olarmı?   Qətiyyən, yox!  Ona görə də biz öz azad, xoş, firavan qurluşumuza – sosializmə qayıtmalıyıq. Sosializm isə uzaqda deyil!

Комментариев нет:

Отправить комментарий