Страницы

01.03.2014

Təzələnən köhnə millətlərarası müşavirlik

Ataxan Əbilov

Kamal müəllim Azərbaycanda rüşvət və korrupsiyaya bulaşmayan bəlkə də yeganə rektor idi

Dünən Kamal Abdulla ilə bağlı iki xəbər yayıdı. Daha doğrusu xəbər bir idi, amma iki başlı idi. Kamal müəllim rektor vəzifəsindən azad edilərək prezidentin müşaviri təyin edildi. Bu gedişin əsil səbəbləri naməlumdur. Biz ancaq mülahizələr söyləyə bilərik. Müşahidələrimə görə Kamal müəllim Azərbaycanda rüşvət və korrupsiyaya bulaşmayan bəlkə də yeganə rektor idi. O almırdı. Almırdısa, deməli nəyisə verməyi də mümkünsüz idi.
Belə halda o, ümumi oyun qaydalarından qıraqda qalırdı və reimin qurduğu rüşvət piramidasında yamaq kimi görünürdü, onun ümumi ahəngini pozurdu, istisna yaradırdı. Bunun isə acı nəticələri ola bilərdi. Ümumi oyun qaydalarından kənarda qalma tək simmetriyanı pozmur, həm də gəlirin gəlməli olduğu bir mənbəni "kor" edir. Bu da yaxşı presedent deyil, nümunə yaradır və ümumi sistemə real təhlükəyə çevrilə bilərdi. Məncə Kamal müəllimin vəzifədən uzaqlaşdırılmasının əsl səbəbi bu ola bilər. 
Bu gedişin Kamal müəllimin vəzifə nərdivanında eniş, yoxsa yüksəliş olduğunu demək də çətindir. Baxır kim hansı prizmadan baxır. 
Səhf etmirəmsə, Kamal müəllim iki onillik bundan əvvəl analoji vəzifədə olub. İndi sadəcə yeni vəzifənin adına kreativlik verilməyə cəhd edilib: Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri. Bu post bir müddət əvvəl Azərbaycanın keçmiş kommunist, indiki Əliyev rejiminin baş ideoloqu sayılan Ramiz Mehdiyevin təkidilə ləğv edilmişdi. Ramiz Mehdiyev düzüb-qoşmaq istədiyi ideoloqiyasında Azərbaycanda vahid millətin formalaşmasını hər vasitə ilə sübüt etmək istəyində bulunmuşdu. Belə olan halda həmin postun movcüdluğu onun ideoloği tezislərini şübhə altını almış olurdu. Belə postun yaradılmasının yenidən reallaşması Mehdiyev ideologiyasının iflası kimi də dəyərləndirmək olar. 
Qayıdaq əsas məsələyə. Hesab edirəm ki, rüşvət almayan, korrupsiyaya bulaşmayan insan üçün rektorluqdan belə bir posta təyinat alması vəzifə nərdivanında yüksəliş kimi qiymətləndirilməlidir. 
Bədnam Dağlıq Qarabaş münaqişəsi Azərbaycan insanını o qədər qorxudub ki, ölkədə millətlərarası problemdən danışmaq yumşaq desək dostcasına qarşılanmır. Halbuki bu sahəyə sivil münasibətin özü əslində Dağlıq Qarabağ məsələsinin ədalətli həllində ciddi faktorlardan biri ola bilər. 
Azərbaycan hələ 13 il bundan əvvəl Avropa Şurasına qoşulanda üzərinə götürdüyü 3 öhdəliyi indiyə kimi yerinə yetirməyib. Onların ikisi isə ölkədəki milli münasibətlərlə bağlıdır. Düzdür, təcrübə göstərdi ki, Avropa Şurası və Azərbaycan münasibətlərində ikincinin birinciyə təsiri, ona öz standartlarını ixrac etməsi daha çox diqqəti cəlb etdi, nəinki əksinə. Azərbaycan Avropa Şurasına üzv olan vaxtı biz çox böyük intuziasla bu prosesi alqışlayır, tezliklə Azərbaycana Avropa standartlarının gəlişini gözləyirdik. Təəssüf ki, ümidlərimiz özünü doğrultmadı. Avtoritar Əliyev rejimi Azərbaycan xalqının sərvətlərilə silahlanaraq Avropanın bir sıra dairələrinin ağlını əlindən aldı. Həmin dairələr Əliyevin qanundan kənar mənimsədiyi neft pulları qarşısında öz dəyərlərindən imtina etməli oldular. Amma hamısı yox, haqqın və ədalətin yanında dayanan mərkəzlər də var və bu mənada hər şey hələ bitməyib...
Kamal Abdullaya yeni köhnə vəzifəsində müvəffəqiyyətlər arzu edirəm. Ümid edirəm ki, O, öz fəaliyyətinə Regional və milli azlıqların dilləri haqqında Avropa Xartiyasını oxuyub və onu tətbiq etməyə təşəbbüs göstərməklə başlayacaq...

Комментариев нет:

Отправить комментарий