Страницы

13.04.2014

Bir daha türk birliyi və türkçülük haqqında


Bir daha türk birliyi və türkçülük haqqında. Gəlin açıq danışaq. Bu ideya hal-hazırda yalnız Azərbaycan əhalisi arasında dərin kök salmışdır. Bir az da Tatarstanda və Krımda var. Vəssalam. Tarixə də baxsaq, görərik ki, türkçülük ideologiyasını məhz bu millətlərin nümayəndələri yaratmışlar: İsmayıl bəy Qasparılı (Krım), Əli bəy Hüseynzadə (Azərbaycan) və Yusuf Akçura (Tatarstan).
Türkiəyə də türkçülük ideologiyası bu tərəflərdən gəlmişdir: Ziya Göyalp Əli bəy Hüseynzadənin yetirməsi olmuşdur. İndi Türkiyədə türkçülük yerinə osmançılıq təbliğ olunur, bu isə tamamilə başqa şeydir və hətta türkçülüyə ziddir.
Müasir zamanda türkçülük ideologiyası yenə də yalnız Azərbaycanda, daha kiçik miqyasda Tatarstan və Krımda, və fərqli, özünəməxsus şəkildə Qazaxstanda vardır. Halbuki qazaxların çoxu yalnız qıpçaqları və monqoloid irqinə aid olanları türk sayırlar. Ümumiyyətlə götürdükdə isə Mərkəzi Asiya türk xalqlarının bir-birindən zəhləsi gedir. Özbəklər qırğızlarla qatı düşməndirlər. Türkmənlər ümumiyyətlə heç kimi saymırlar, Azərbaycana həqarətlə yanaşırlar, və Türkmənistanı dünyanın göbəyi hesab edirlər. Azərbaycan və məshəti türklərinə qarşı bütün Orta Asiyada güclü ədavət var. Milli ixtilaflar dəfələlə millətlərarası münaqişələrə, özbək-qırğız, özbək-türk qırğınlarına gətirib çıxarmışdır. Özbəklər məişətdə qırğızlara "it əti yeyənlər", qırğızlar da özbəklərə "sart" deyirlər.
Bu, bir tərəfdən başadüşüləndir, çünki qonşu xalqlar adətən bir biri ilə yola getmirlər. Azəbaycanın isə heç bir türk ölkəsi ilə quruda böyük sərhədi yoxdur: yalnız Naxçıvan bölgəsində Türkiyə ilə, Xəzərdə də Tükmənistanla həmsərhəddir. Sonuncu ilə neft yataqları ilə bağlı münaqişə mövcuddur. Qırğızıstan və Türkmənistanın keçmişdə Ermənistana qarşı reveransları da hamıya məlumdur. Bu yaxınlarda Serj Sarkisyan yenə də Aşqabada səfər etmiş və orada çox isti qəbul edilmişdir.
Bu ölkələrdə türkçülük ideologiyasının qıtlığı nə ilə bağlıdır? İş orasındadır ki, XIX əsrdə feodal təbiətli Mərkəzi Asiyada daha avropalaşmış Qafqaz, Volqaboyu və Krımla müqayisədə milli şüur və ondan doğan türkçülük formalaşa bilməmişdir. Dini şüuru əvəz edən milli şüur orada yalnız Sovet dönəmində, Stalin milli siyasəti çərçivəsində yaranmağa başladı və sırf regional (özbək, türkmən, qazax, qırğız) xarakteri daşıdı. Ona görə Mərkəzi Asiya millətçiliyində türkçülük elementi yoxdur, və çox güman ki bundan sonra da olmayacaq. İndi orada milli dövlət və milli elitaların ambisiyalarının toqquşması prosesi gedir. Özbəkistanda Əmir Teymur fenomeni bütün türk aləminə zidd qabardılır, Türkmənistanda isə Ermənistan millətçiliyinə bənzər bir millətçilik formalaşır: türk dünyası büsbütün inkar olunur, bütün türk xalqlarının mədəni və siyasi irsi isə ancaq və ancaq Türkmənistana aid edilir. Belə görsənir ki, türk birliyi, türk həmrəyliyi ideyaları gələcəkdə də yalnız Azərbaycan, Tatarstan, Krım və, ola bilsin, Türkiyə əhalisinin və ziyalılarının şüurunda yaşayacaq.

Farid Alekberli

Комментариев нет:

Отправить комментарий