Страницы

01.04.2014

Eduard Limonov - DORİAN QREYİN PORTRETİ

Hamımız, açıq-aydınca, həyatımızın müəyyən dövründə olmaq istədiyimiz personajın rolunu oynayırıq.
Mən dəblə geyinən, incə-mincə Yelena ilə “Bonni və Klayd” filminin premyerasında tanış oldum.
Hardasa 1971-ci il idi. Mən yenicə Preobrajenskaya meydanındakı komisyon mağazasından özümə ağ rəngdə, nazik zolaqlı kostyum almışdım və onu “qanqster” kostyumu adlandırırdım.
Qırmızı köynək geyinmiş, qara qalstuk taxmışdım. Premyera ya “Sovet ekranı”, ya da “Kino sənəti” jurnalının binasında keçirilirdi.
Yelenanın başında yanları enli, üstündə gül olan şlyapa vardı. Biz Bonni və Klayddan da qəşəng idik. Həm də bu premyera bizim ilk münaqişəmizlə eyni zamana düşmüşdü, buna görə də görünüşümüzdə bir faciəvilik vardı.
O zamanlar Yelena başqasının arvadıydı və kinematoqrafiya cəmiyyətində onun heç kimin tanımadığı gənc şairlə yaşadığı eşqlə bağlı qaynar müzakirələr aparılırdı. Bu gənc şair isə məniydim.
Daha sonra bizim meyarlarımız dəyişdi, mən başımı götürüb Nyu-Yorka getdim, biz ayrıldıq.
Günlərim Mərkəzi Parkda oturub Çe Gevaranın “Kuba vətəndaş müharibəsi haqda xatirələr” kitabını oxuyaraq ingiliscəni öyrənməklə keçirdi.
Yelenanın isə ağbaş, axsaq, saqqallı milyoner sevgilisi vardı, o deyirdi ki, sevgilisi o dövrün erotika klassikası olan “O.-nun hekayəti” filminin obrazına bənzəyir.
İndi o zamandan otuz il keçmiş, mən özüm “O.-nun hekayəti”ndəki ser Stefana bənzəyirəm.
Əvəzində isə Yelena (bax bu, ədalətsizlikdir) əlli beş yaşlı, kaftar xalaya dönüb, onu lap bu yaxınlarda görmüşəm. Mən uzun saçlı, qaşqabaqlı və ehtiraslı oğlan olanda isə onun xoşuna gəlirdim, indi görün mən necə bir günə düşmüşəm. Bir yandan da düşünürəm, bəlkə o zamanlar onu doğrudan da çılğıncasına sevmişəm, qarşıma məqsəd qoymuşam ki, onun xoşuna gəlim? Heç kim bu suala hərtərəfli cavab verə bilməz. Gör nə günə düşmüşəm.
Belə ki, biz hamımız kimliyimizi dəyişə-dəyişə yaşayırıq. Düz doxsanıncı illərin əvvəllərində, fikrimi püskürmüş xalq vulkanlarının üzərində toplamışdım, qaynar nöqtələrdə yaşayır və onlar haqqında yazırdım.
Mən qısa saç saxlayır və kamuflyaj olunurdum. Mistik Altay dağlarının müdhiş gerçəkliyinin içinə düşüb, özümçün Çin filosoflarının saqqalından qoymuşdum, fürsət tapıb bu görkəmdə dağ zirvələrində meditasiya da edirdim.
XXI -əsrin ilk illərində xüsusi xidmət orqanları məni zirvələrdən endirib “Lefortovo” həbsxanasına salandan sonra da Çin filosofu görkəmimi saxladım.
Məni koloniyaya gətirəndə, rəhbərliklə dilləşməyə halım olmadığından, xarici görünüşümü özüm dəyişdirdim. Nəticədə bir neçə üfüqi qırışı olan, dartılmış kəllə dərisi və sifətində əsəbi həbsxana ifadələri ilə gəzən bir məhkuma çevrildim.
Həbsxananı tərk etdikdən sonra yenidən filosof olmağa qərara aldım. Vətəndaş pasportumdakı şəklimdə kəlləmdə və çənəmdə bir miqdar tük toplansa da, həbsdən yenicə çıxmış məhkumdan başqa heç kimə bənzəmirəm.
Adam baxanda demək istəyir: “Salam olsun sənə, məhkum Savenko”.
Pasportum isə hər dəfə məhkumluğumu xatırladaraq, son günümə qədər məni təmsil edəcək. Gərək vəkilim Serqey Belyakı dinləyərdim, o, pasport almazdan bir gün əvvəl yeni şəkil çəkdirməyi məsləhət görümüşdü.
İş orasındadır ki, həbsxanadan çıxandan sonra altı ay boyu pasport almağı gözlədim və bu vaxt ərzində əlbəttə xeyli dəyişmişdim. Amma mən onun sözünə baxmadım, hər dəfə “vətəndaş” pasportumu çıxardanda həbs düşərgəsini xatırlayacam, pasportumu əlinə alanlar isə dərhal düşünəcəklər: Ay səni... üzdən savadlı adama bənzəyir, eynəyi, saqqalı var, sən demə içəri düşüb çıxan cinayətkarlardandır.
Əslində əsərlərin qəhrəmanları ruhi kamilliyə yetişdikcə simaları da kamilləşir, əlbəttə əgər bu kamillik yerinə düşürsə.
Uğursuz və ağrılı kamilləşmənin ilk göstəricisi gənclik fotosunun insanın ən yaxşı fotosu kimi qalması ilə bilinir.
Bunun ardınca isə insan sönür, tutqunlaşır, dodaqları sallanır, eybəcərləşir. Bir yandan da, insanların çox azı yaşlandıqca nəcibləşir və bənizi açılır. Daha çoxu isə yaşlandıqca vəhşi, yaxud bədbəxt heyvanları xatırladır.
İnsanın siması ilə məşğuliyyəti arasında bir bağ olduğuna ürəkdən inanıram. Buna görə də rus prokurorları və hakimləri istisnasız hamısı özünəxas formada eybəcərləşib.
Elə sadə adamlar da. Küçədə və ictimai nəqliyyatda bir fikir verin: şüura xas mərəzlər – qarınqululuq, şəhvətpərəstlik, görməmişlik, alkoqolizm heç acımadan çoxunun simasına möhürünü vurub.
Hətta mənim xeyirxah atamın da qocalanda bütün cəhətləri üzünə vurmuşdu, son illərində onun kəlləsi büzüşmüş qoza bənzəyirdi. Deyirlər xarakter zəifliyi, həddsiz xeyirxahlıq da insanın üzündə iz qoyur.
Qərəz, bir şey deyim, yaxşısı budur əvvəl sevdiyiniz insanı həyatının sonunda görməyəsiniz. Xüsuslə də keçmişinizdə qalmış qadınlardan qaçın, zaman keçdikcə onlar daha destruktiv görünüş alırlar.

Çeviri: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий