Страницы

28.04.2014

İmadəddin Nəsimi - Nə əcəb

Ey könül, hər bivücuddan can umarsan, nə əcəb!
Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!

Bişəriətlər nə bilsin ənbiyanın şərtini,
Bitəriqətdən rəhi-ərkan umarsan, nə əcəb!

Bibəsərdən mə’niyi-şövqü kamali-mə’rifət,
Bixəbərdən söhbəti-irfan umarsan, nə əcəb!

Hər qayanın lə’li olmaz, hər dənizin gövhəri,
Hər sədəfdən lö’löi-mərcan umarsan, nə əcəb!

Çün əzazil əhsəni-təqvimə baş endirmədi,
Anda sirri-Kə’beyi-hənnan umarsan, nə əcəb!

Divi-naməhrəm ki, dutmaz ismi-ə’zəmdən xəbər,
Əhriməndən rəhməti-rəhman umarsan, nə əcəb!

Hiç imiş zöhdü vü zərqi, zahidin əfsanəsi,
Şol fəqihdən mə’niyi-Qur’an umarsan, nə əcəb!

Umma hər qəlbi zəğəldən aşiqin əsrarını,
Kafirin könlündə sən iman umarsan, nə əcəb!

Ey Nəsimi, bivəfadan ummagil rəsmi-vəfa,
Bivəfadan əhd ilə peyman umarsan, nə əcəb!

Комментариев нет:

Отправить комментарий