Страницы

09.05.2014

9 MAY QƏLƏBƏ BAYRAMI TƏDBİRİ


Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsi Alman faşizmi üzərində Qələbənin 69-cu ildönümü münasibətilə mayın 9-da Bakıda - Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə təntənəli mərasim keçirmişdir. Xalqımız Kommunist Partiyasının rəhbərliyi ilə ikinci dünya müharibəsindəki tarixi Qələbəyə böyük töhfə vermişdir. Bu Qələbənin əldə olunmasında çox böyük payı olan Azərbaycan xalqı özünün 640 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı.
Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır. Sov.İKP MK-nın üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi T.B. Nurullayev müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə bayramı münasibətilə təbrik etdi. Kommunistlərin lideri Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur partizanın, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad etdi. Azərbaycan kommunistləri müharibə veteranları ilə xatirə şəkli çəkdirdi. Mərasimdə Azərbaycan KP MK-nın katibləri Ədalət Abdinov, Rəhim Həsənov, Mütərəqqi Sosialist Partiyasının sədri Rüstəm Şahsuvarov iştirak edirdilər.














Комментариев нет:

Отправить комментарий