Страницы

06.05.2014

KOMMUNİST PARTİYASI: QURUCULUQ ƏNƏNƏSİ

Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi

Azərbaycan Kommunist Partiyası sosializm cəmiyyəti qurmaq uğrunda mübarizə aparır. Marksizm -leninizm nəzəriyyəsi ilə silahlanmış partiya sosializm quruculuğu işinə elmi surətdə əsaslandırılmış, mütəşəkkil və planlı xarakter verir.
Partiyanın fəaliyyətində başlıca məsələ cəmiyyətin sosializmə doğru inkişaf perspektivlərini, özünün düzgün siyasi xəttini  həyata keçirmək üçün burjuaziya tərəfindən əzilən insan sinifinin qüvvəsini səfərbər etməkdən ibarətdir. Bu günkü həyatımız inandırıcı şəkildə sübut edir ki, Azərbaycan Kommunist Partiyası burjuaziya tərəfindən əzilən insan sinifinin siyasi rəhbəri rolunu şərəflə yerinə yetirir, onları yeganə düzgün yolla -  Lenin yolu ilə aparır.
Azərbaycan Kommunist Partiyası  socialist demokratiyasını bərqərar etmək, cəmiyyətin birliyini möhkəmlətmək, imperializmə və təcavüzə qarşı sülh, demokratiya və sosializm uğrunda ardıcıl mübarizə aparmaq üçün xalqa dürüst və aydın proqram vermişdir. Partiyanın proqramında Azərbaycan xalqının ən mühüm, ən ümdə mənafeyi ifadə olunmuşdur.
Əminliklə deyirəm ki, Kommunist Partiyasının cəmiyyətdə nüfüzü daim yüksəlir, bütün kommunistlərin, varlılar tərəfindən əzilən insan sinifinin nümayəndələrinin baxışları ilə hərəkətlərinin birliyi daha da möhkəmlənir. Siyasi fəaliyyətimiz nə qədər genişlənirsə, sosializm quruculuğu vəzifələri nə qədər əzəmətli və mürəkkəb olursa, cəmiyyətin istiqamətverici qüvvəsi olan Kommunist Partiyasının əhəmiyyəti bir o qədər artır, partiya öz təşkilatlarına, bütün kommunistlərə bir o qədər yüksək tələblər verir.
Partiyanın  müvəffəqiyyətlə işləməsini və ölkənin həyatında onun təsir dairəsinin genişlənməsini təmin edən çox mühüm şərtlərdən biri partiya həyatının Lenin tərəfindən işlənib hazırlanmış prinsiplərinə və normalarına bütün partiya təşkilatlarının, hər bir kommunistin daim əməl etməsidir.
Kommunist Partiyası haqqında Sov.İKP –nin təcrübəsində yoxlanmış və təsdiq edilmiş Lenin ideyaları, partiya quruculuğu haqqında Lenin prinsipləri bizim sərvətimizdir. Faktlar sübut edir ki, partiya kapitalistlər tərəfindən əzilən sinifin və ona dəstək verən xalqın digər təbəqəsinin avanqardı kimi öz rolunu ardıcıllıqla yerinə yetirdikdə, partiya həyatının Lenin normalarına dönmədən riayət edildikdə, partiya öz siyasi, təşkilati və ideya birliyini qoruduqda və yorulmadan möhkəmləndirdikdə kommunistlər qalib gəlirlər.
Partiya haqqında marksizm-leninizm təlimini və onun tərkib hissəsi olan partiya quruculuğunu bilmək partiya həyatının Lenin normalarının mahiyyət və əhəmiyyətini düzgün başa düşməyə kömək edir. Partiya quruculuğu  Kommunist Partiyasının inkişaf etməsi və onun rəhbər rolunun artması qanunauyğunluqlarından, partiyanın quruluş prinsiplərindən, təşkilat formaları və daxili həyat qaydalarından, onun insanlar arasında təşkilatçılıq işi və siyasi iş aparmaq, kommunistlərin dövlət və ictimai təşkilatlarına rəhbərlik etmək üsulları və metodlarından bəhs edən elmdir.
Azərbaycan Kommunist Partiyası quruculuğu Sov.İKP tarixi ilə qırılmaz surətdə bağlıdır, onun keçmiş və hazırkı təcrübəsinə,həmçinin beynəlxalq kommunist hərəkatının təcrübəsinə əsaslanır.
Partiya quruculuğunun başlıca vəzifələri bunlardır:
partiyanın Lenin təşkilat prinsiplərini və partiya həyatının Lenin normalarını öyrənmək, cəmiyyətin həyatında Kommunist Partiyasının təsir dairəsinin genişləndirilməsini təmin edən qanunauyğunluqları və amilləri öyrənmək;
partiya – təşkilat işi təcrübəsini, formalarını və metodlarını, iqtisadi-siyasi vəzifələrin həyata keçirilməsində partiya-təşkilat işinin rolunu öyrənmək; partiyanın ideloji iş təcrübəsini, kommunistlərin marksizm-leninizm təhsilinin təşkil edilməsi, insanlar arasında kütləvi-siyasi iş aparılması təcrübəsini, mədəni-maarif ocaqlarına, kütləvi informasiya vasitələrinə, ədəbiyyat və incəsənətə, təhsil ocaqlarına və elmə partiya  münasibətini öyrənmək;
iqtisadi quruculuğa, zəhmətkeşlərin dövlət və ictimai təşkilatlara partiya münasibəti prinsiplərini və metodlarını öyrənmək;
Digər  ictimai elmlər kimi, partiya quruculuğu da bütün hadisələri konkret tarixi şəraitlə əlaqəli şəkildə araşdırmaq və onları dəyişilmə, inkişaf halında görmək imkanı verən marksizm-leninizm dialektik metodu əsasında öyrənilməlidir. Proletar partiyasının meydana gəlməsinin tarixən zəruri olduğunu, proletariat diktaturası uğrunda, sosializm və kommunizm qurmaq uğrunda mübarizədə proletar partiyasının nə kimi rol oynadığını düzgün aydınlaşdırmaq, partiyanın daxili həyatı təşkilinin elmi əsaslarını və partiyanın obyektiv inkişaf qanunauyğunluqlarını aşkara çıxartmaq, partiyanın rəhbər fəaliyyətinin varisliyini və konkret şəraitə görə partiya işinin təşkilat formaları və metodlarında dəyişiklik edilməsi lüzumunu başa düşmək,  ancaq dialektik metoddan istifadə etdikdə mümkündür.
Hələ RK(b)P X qurultayı “Partiya quruculuğu məsələlərinə dair” öz qətnaməsində qeyd etmişdi ki, “inqilabi marrksizm partiyası inqilabi prosesinin bütün pillələrində partiya təşkilatı üçün tamamilə düzgün və yararlı bir forma, habelə onun üçün bu cür iş metodları axtarılmasını kökündən rədd edir. Əksinə, təşkilat forması və iş metodları bütünlüklə mövcud konkret tarixi şəraitin xüsusiyyətləri ilə və bu şəraitdən bilavasitə irəli gələn vəzifələrlə müəyyən edilir”. (“Sov.İKP qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları” 1 hissə, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1954, səh.570).
Partiya quruculuğu problemlərinə elmi münasibət yenilik axtarmağı, partiya işinin praktikasını hərtərəfli öyrənməyi, təhlil etməyi və ümumiləşdirməyi tələb edir. V.İ.Lenin yazmışdır: ”Bu qaydanın nə dərəcə münasib olduğunu qət etmək üçün təcrübənin nə göstərəcəyini gözləyək” (V.İ.Lenin. Əsərləri, 8-ci cild,səh.468).
Azərbaycan Kommunist Partiyasının Proqramında, onun 2-ci konfransında, partiyanın Mərkəzi Komitəsi plenumlarının qərarlarında irəli sürülmüş böyük sosialzm quruculuğu vəzifələri, habelə mürəkkəb beynəlxalq vəziyyət kommunistlər qarşısında yüksək tələblər qoyur. Yaxın vaxtlarda  Kommunist Partiyasının labüd qələbəsindən sonra partiyadaxili həyatına, təsərrüfat və mədəniyyət quruculuğuna, dövlət təşkilatlarına və ictimai təşkilatlara düzgün və müvəffəqiyyətlə rəhbərlik etmək üçün partiya kadrları geniş görüş dairəsinə malik olmalı, öz ideya-nəzəri səviyyəsini daim yüksəltməli, partiya rəhbərliyinin Lenin prinsiplərini və partiya həyatının Lenin normalarını yaxşı bilməli və tərbiyə etmək məharətinə mükəmməl yiyələnməlidirlər.
Partiya quruculuğu əsaslarını dərindən və yaradıcılıqla öyrənmək rəhbər kadrların, bütün kommunistlərin siyasi səviyyəsini yüksəldir, onları ideyaca daha mətinləşdirir, partiya təşkilatlarının iş üslubunu və metodlarını təkmilləşdirməyə, qarşıya çıxan vəzifələri daha müvəffəqiyyətlə yerinə yetirməyə kömək edir.
Partiya quruculuğu nəzəriyyəsini və praktikasını öyrənmək üçün əsas ədəbiyyat elmi kommunizmin baniləri K.Marksın və F.Engelsin, habelə onların işinin dahi davamçısı, partiyamızın banisi V.İ.Leninin əsərləridir. Marksizm-leninizm klassiklərinin əsərlərində Kommunist Partiyası haqqında ümdə, prinsipial müddəalar irəli sürülüb elmi cəhətdən əsaslandırılmışdır. Bu müddəalar öz aktualləğını indi də saxlayır və partiya fəallarının işinə istiqamət verir.
Azərbaycan Kommunist Partiyasının Proqram və Nizamnaməsi, partiya qurultaylarının, AKP plenumlarının materialları, partiya işinin müxtəlif məsələləri barəsində Mərkəzi Komitənin qərarları partiya quruculuğu problemlərini düzgün başa düşmək üçün çox böyük əhəmiyyətə malikdir.  Azərbaycan  Sosialist inqilabının 94-cü, Nəriman Nərimanovun anadan olmasının 144-cü və V.İ.Leninin anadan olmasının 144-cü   ildönümləri geniş qeyd edilmişdir. Bu ildönümlərinə həsr olunmuş sənədlərdə və materiallarda partiya haqqında təlim xeyli zənginləşdirilmiş, partiya quruculuğunun ümdə məsələləri haqqında dərin nəticələr çıxarılmışdır.
Azərbaycan Kommunist Partiyasının 2-ci konfransı partiya haqqında marksizm-leninizm təliminin inkişafında yeni, böyük bir addım olmuşdur. Mərkəzi Komitənin məruzəsində, konfransın qərarlarında müasir şəraitdə partiya quruculuğunun bütün ən mühüm və ən aktual problemləri dərindən və hərtərəfli işıqlandırılmışdır. Partiya quruculuğu sahəsində konfransın işləyib hazırladığı xətt cəmiyyətdə partiyanın təsir dairəsini genişləndirmək metodlarını təkmilləşdirmək, partiya həyatının Lenin normalarına ciddi riayət etmək, partiya sıralarını  daha sıx birləşdirmək, partiyanın xalq ilə əlaqələrini hər vasitə ilə möhkəmlətmək xəttidir. Bu xətti əməli işdə ardıcıl yeritmək bütün partiya təşkilatlarının, rəhbər partiya kadrlarının, hər bir kommunistin ən mühüm borcu və vəzifəsidir.

Комментариев нет:

Отправить комментарий