Страницы

30.05.2014

Rizvan Şıxızadə - Bağışla

Bağışla qədrini bilmədim sənin,
İtirdim, səni və məhəbbətini.
İnsan itirəndən sonra anlayır,
Öz itirdiyinin mahiyyətini.

Sənsiz gecələrim nə uzun imiş,
Bircə gün rahatca uya bilmədim.
Qəlbimi sızladan göz yaşlarımla, 
Öz günahlarımı yuya bilmədim.

Bağışla qıymışam göz yaşlarına,
Mən sənə sevgi yox əzab vermişəm.
Sənin sevgi dolu baxışlarına,
Laqeydliyimlə cavab vermişəm.


Çox vaxt səhərəcən məni gözləyib,
Mənsiz yastığına baş qoymamısan.
Sənin göz yaşına bürünüb gecə,
Gözündə bir gilə yaş qoymamısan.

Sən mənə hamıdan mehriban idin,
Acı söz dilinə dəyməzdi sənin.
Səni eləsinə dəyişdim ki mən,
Heç qara telinə dəyməzdi sənin.

Məni düşünməyin artıq əbəsdir,
Mən ki sən düşünən aşiq deyiləm.
Qurbanın olaram ağlama bəsdir,
Mən sənin sevginə layiq deyiləm.

Daha bundan sonra mümkün deyil bu,
Bir eşqi ikiyə bölüşməyimiz.
Xoşbəxt olammadıq bu dünyada biz.
Qaldı o dünyaya görüşməyimiz.

Ordada qovuşa bilməyəcəyik,
Səni gül-çiçəkli cənnət gözləyir.
Sənin həyatını məhf etdiyimçün,
Məni cəhənnəmdə dəhşət gözləyir.

Ölsəm hamıdan çox sən üzülərsən,
Başına qara şal bağlayacaqsan.
Hamı çıxıb gedər sənsə hər axşam, 
Məzarım üstündə ağlayacaqsan.

Beləcə ömrünü yaşayacaqsan,
Günün qara olar, saçın ağ olar.
Təkcə insanları sevgi yaşatmır,
Bəzən nifrətlədə yaşamaq olar.

Комментариев нет:

Отправить комментарий