Страницы

27.05.2014

SEVGİLİM ARTIQ ÖLMÜŞ, QALIB HARAYIM

Akif ABBASOV

“Aldanma sözlərə” romanından

Ay çaxan şimşəklər, vurun siz məni 
Sevgilim artıq ölmüş, qalıb harayım 
(mahnıdan) 

Saatın cingiltili səsi səhər tezdən Xuramanı yuxudan oyatdı. Bu gün işə çıxacaqdı. Arzunu da bağçaya aparmalı idi. Çaydanı qazın üstünə qoydu, soyuducudan yağ, pendir çıxartdı ki, bir az isinsin. Vanna otağına keçib yuyundu. Dodaqlarına pomada, gözlərinə sürmə çəkməklə arası yox idi. Murad da məsləhət görmürdü. Bəzi qadınlara Allah–taala gözəlliyi özü verib. Amma onlar da rənglənirlər. Əslində üz-gözlərinə çəkməsələr, bundan daha yaxşı görünərlər.

Xuraman azacıq ətirlənərdi. Ətirli sabunlarla yuyunardı, vəssalam. Onun bəzək–düzəyi bundan ibarət idi. Muradı itirəndən sonra ətir çəkməyi də yığışdırmışdı.
Çayı dəmləyib Arzunu oyatdı. Səhər yeməyini yeyib çıxdılar. Xuraman Əzizə ilə qarşılaşmaq  istəmirdi. Təzə nəsə eşidəcəyindən qorxurdu. 
Odur ki, dayə ilə rastlaşmasından istifadə edib. Arzunu ona təhvil verdi. Axşamüstü də Əzizəni görmədi, Arzudan da onun barəsində soruşmadı. Ertəsi gün qızını bağçadan götürəndə Arzu dedi ki, dünən də, bu gün də müəllimə gəlməmişdi. Növbəti gün özü Əzizəni soruşdu.
Arzu dedi: 
-Bizdə indi başqa müəllimədir.
Xuraman fikrə getdi: «Yəqin onunla görüşməmək üçün qrupunu dəyişib». - Bağçada, həyətdə oynayanda görmüsən Əzizə müəlliməni?
-Görməmişəm.
-Yəqin məzuniyyətə gedib. 
-Hara gedib? 
-Məzuniyyətə… 
-O haradır, ana ? 
Xuramanı gülmək tutdu:
-Qızım, məzuniyyət yer deyil. İldə hər adama bir ay istirahət verirlər. İşləyirik, dincəlməliyik də. Yoxsa il boyu işləsə adam əldən düşər.
-Bəs, anacan, hərdən bağçaya getmirik axı. Müəllimələr də gəlmir. Evdə qalır. 
-Düz deyirsən, balası, elə yer var altı gün işləyib bir gün istirahət edirlər. Elə yer də var ki, beş gün işləyib iki gün dincəlirlər. Hələ bayram günləri də iş olmur. Bunlar da var, ildə bir aylıq istirahət də. Hələ elələri var ki, onlara iki ay istirahət verirlər.
Arzu sevindi: 
-Anacan, mən Əzizə müəlliməni çox istəyirəm. O, yaxşı müəllimədir. Demək, evdə dincəlib yenə gələcək… Nə yaxşı oldu, mən də elə bilirdim, daha bizim qrupda işləməyəcək.
Xuraman qızının sevincinə şərik çıxaraq: 
-Əlbəttə, gələcək,- dedi.
Əzizə ilə rastlaşmamaq üçün qrup otağından aralıda dayanan Xuraman onun bağçada olmadığını yəqinləşdirib təzə tərbiyəçi ilə tanış olmaq qərarına gəldi. Özünü təqdim edib: 
-Arzunun anasıyam, - dedi.
Tərbiyəçi də öz növbəsində: 
-Çox şadam. Arzu yaxşı baladır. Məşğələlərdə yaxşı iştirak edir. Oyunlarda yoldaşlarından geri qalmır.
-Siz Əzizə müəlliməni əvəz edirsiniz?
-Yox, əmrimi təzə veriblər. Mən onun yerində işləyirəm.
-Onun yerində? Bəs o hansı qrupdadır? 
-Əzizə daha bağçada işləmir. Ərizə yazıb öz xahişi ilə işdən çıxıb.
-Çıxıb? Bəs hara gedib?
-Deyəsən rayona  – ata–anasının yanına … 
Xuraman bu dəfə bağçadan acı təəssüf hissilə qayıtdı. Əzizənin xətrini o da istəyirdi. Əri ilə olan münasibətlərinə  görə onu qətiyyən qınamırdı. O, gənc, təcrübəsiz qız idi. Xəyallarında  gələcək günlərin planlarını qurur, sabahın eşqi ilə, arzularının həyata keçməsini gözləyə–gözləyə yaşayırdı. Axırı da belə … Eşqi daşa dəyib çilikləndi. Arzuları, diləkləri puç oldu. Ümidləri  qönçə ikən söndü. Xuraman bircə şeyi başa düşmürdü: nə əcəb Muradın ölümündən xəbəri olmayıb.
O, qızının əlindən tutub getsə də düşüncələrə elə qapılmışdı ki, Arzunun varlığını, yanında  olduğunu belə unutmuşdu. Birdən Arzu dilləndi: 
-Ana, təzə tərbiyəçimiz nə dedi, Əzizə müəllimə nə vaxt qayıdacaq? Xuraman bir əvvəl istədi desin ki, o, bir daha bağçaya qayıtmayacaq. Lakin qızının ümidini qırmamaq üçün: 
-O bilmir,- dedi. Sonra öz–özünə fikirləşdi: «Arzuya sözün düzünü demədim. Belə yaxşıdır. Yavaş–yavaş onun yoxluğuna alışar. O zaman  həqiqəti söyləyəndə təsiri az olar»
Onlar artıq evə çatmışdılar. Xuraman çantasından açarı çıxarıb qapını açdı.
                                             * * *
Gör neçə nəğmənin bəstəsi qalıb
Bu ocaq sönübsə tüstüsü qalıb
Əlində, əlimin istisi qalıb.
Başqa birisini sevə bilməzsən.
(N.Kəsəmənli) 

Qara çərçivəli şəkli görən gün Əzizə özünü çölə necə atdığını hiss etmədi. Qəhər onu boğur, ürəyi həyəcanından, çəkdiyi iztirabdan az qalırdı sinəsindən çıxsın. O, ağır zərbə almışdı. Bir yandan əziz bir adamını itirmişdi, digər tərəfdən arzularının, həyatının mənası, tacı sandığı adamın evli və qız atası olmasını eşitməsi onu sarsıtmışdı. Əzizə həm yasa batmışdı – «O» daha həyatda yox idi, olmayacaqdı. Qız həm də aldandığını başa düşmüşdü. Birdən-birə iki zərbə. Gənc, təcrübəsiz qız olasan, belə zərbələrə necə tablaşasan?!
Göz yaşları sinəsinə tökülə-tökülə ah- vay edir, öz-özünə düşünürdü: «Axı insanlar niyə belədirlər? Nə üçün bir-birlərini aldadırlar? Niyə bir-birlərinə əzab, işgəncə verməkdən zövq alırlar?! Belə gözəl ailəsi, yaraşıqlı xanımı, topdağıtmaz evi, şəraiti, gül balası ola-ola lazım idimi Əzizəni də başdan eləsin? Aman Allah, məni eşqinə inandırmaq üçün özündən nələr, nələr uydururdu. Əllərimi əllərinin içərisinə alıb gözlərimə elə baxırdı ki, sözlərinin səmimiliyinə şək-şübhə qalmırdı. Əzizə bəzən görüş yerinə bir qədər gec gələr, uzaqdan ona göz qoyardı. Dəqiqələr ötdükcə, «O» bərk həyəcan keçirər, özünə yer tapmazdı. Bir neçə dəqiqənin ərzində bəlkə otuz - qırx dəfə saatına baxardı. «O» yaman da qısqanc idi. Bir dəfə  fontanlar meydanındakı skamyada əyləşmişdilər.  Gözəl yaz günlərinin biri idi. Təbiət öz donunu əyninə taxmışdı. Meydanda kimisi gəzişir, kimisi dayanıb söhbət edir, kimisi də oturacaqda əyləşib ətrafı gözdən keçirirdi. Bir az aralıda balaca uşaqlar maşın sürür, atılıb-düşür, qaçışırdılar. Bir qadın da özü ilə gətirdiyi bankanın ağzını açıb uşağını yedizdirirdi. Bayaqdan bu mənzərəyə göz qoyan Əzizə: 
-Dondurma istəyirəm, -  dedi. 
«O» səsində qayğı: 
-Hələ tez deyil? – deyə xəbər aldı.
Arada Əzizə boğazından şikayətlənirdi.  İçəridən boğazında qızartılar yaranır, bu da qızdırma verirdi. Əzizə özünə inamla: 
-Yox, narahat olma. Soyuq havalarda ağrıyır, - dedi.
«O», zarafatla:
-Almağına alaram, amma sonra məndə günah görmə ha! - deyə barmağını silkələyib ayağa qalxdı.
Dondurma satılan köşkün qarşısında növbə yarandığından «O», bir qədər gözləməli oldu. Az keçmiş hündür boylu, qaraşın bir gənc Əzizənin tək olduğunu güman edib oturacağa yaxınlaşdı, oğrun–oğrun ona baxmağa başladı. Sonra irəli yeriyib şit–şit irişərək:
-Gözəl qız, olar  yanında əyləşim ? – deyə soruşdu.
Əzizə cavab verməyib üzünü yana çevirdi. Onun dinmədiyini görən oğlan oturmaq istədi. Əzizə cəld əlini skamyanın oturacağına qoydu: 
-Zəhmət çəkmə, buranın yiyəsi var…
Oğlan geri dursa da aralanmadı. Gözlərini qıza zilləyib hərəkətsiz qaldı. Əlində iki dondurma geri qayıdan və bu mənzərəni görən «O», oğlana çatıb:
-Qaqaş deyəsən adam-insan görməmisən?! – deyə ona təpindi - Yolunla düz gedə bilmirsən? Nə gözlərini bərəldib durmusan?
Oğlan da qabağından yeyən deyilmiş. Odur ki, xoruzlandı: 
-Burada dayanmaq üçün səndən icazə almaq lazımdır? Bağışla, bilməmişəm, deyə onu ələ salaraq üzünü çevirdi və yerindən tərpənmədi. 
«O», bərk qəzəbləndi: 
-Mən elə bilirdim sən danışmaq bilmirsən. Demə, sənin dilin varmış. Dilin hərəkətə gəlməsin deyə, əvvəlcə ağzını yummaq lazımdır. Çünki… dilin başına bəladır, - deyib əlindəki dondurmaları onun ağzının üstündən vurdu və gözlədi. Qəfil zərbədən və qəribə hərəkətdən özünü itirmiş gənc özünə gəlib yumruğunu qaldırdı. Əzizə qorxu və həyəcan içərisində ayağa sıçradı. «O», oğlanın yumruğunu havada  zərərsizləşdirib qolunu əlinə keçirdi və burdu. Çığırtı eşidildi. Gənc aman diləyirdi. «O», gəncin qolunu buraxıb acıqla:
-İndi gedə bilərsən! – dedi.
Oğlan cəld uzaqlaşdı. Əzizə «O»na yaxınlaşıb qolundun tutdu, məzəmmətlə: 
-Mən belə demədim ki… 
«O» çılğınlıq etdiyinə görə sanki utandı və dinmədi. Lakin bu, bir anlığa baş verdi. Sonra özünə inamla:
-Yerini bilməyənə öz yerini göstərmək lazımdır …  Nə isə, Lənət şeytana. Gedək . Dondurmanı bulvarda yeyərik, - dedi. 
Xatirələr yada düşdükcə, Əzizə daha da kövrəlirdi, qəzəbli qüssə və təəssüf hissi («O»nun cavan canı torpağa gömülmüşdü) bir-birinə qarışmışdı. Qız kirayə qaldığı evə gedib ac–susuz çarpayısına uzandı. Yastığı qucaqlayıb hönkürdü. Ac olsa da yemək yadına düşmədi. Bir də yediyini yemişdi: iki zərbə, özü də biri digərindən ağır, iztirablı və unudulması mümkün olmayan. Xuraman da iki zərbə almışdı.
Əzizə ertəsi gün yuxudan həmişəkindən xeyli gec oyandı. Pis yatmışdı. Qarmaqarışıq yuxular gördüyündən tez-tez səksəkə içərisində gözlərini açmış, bir müddət yata bilməmişdi. Bu hal bir neçə dəfə təkrar olunmuşdu. Yuxuda gah görürdü ki, onun – Əzizənin cənazəsini qəbiristanlığa aparırlar.  «O», yanında da Xuramanla Arzu adamlara qarışıb ağlaya–ağlaya cənazənin ardınca gedir, Əzizəni son mənzilə yola salır. «O»nun göz yaşlarının tükənmək bilmədiyini  görən Əzizə istəyir desin: «Əzizim, sən ağlama, mən ölməmişəm!» . Amma nə qədər çalışırsa səsi çıxmır, «O» Əzizəni eşitmir, göz yaşlarını axıtmaqda davam edir. Xuraman üzünü «O»na tutub: «Bu mərhumə sənin nəyindir? Bizi də vida yerinə gətirmisən. Özün də ağlamaqdan usanmırsan?» «O» cavab verir: «İnsandır, yaxşı insan indi mərhumə. Bu, bəs deyil?» Əzizə istəyir «O»ndan soruşsun: yanındakı qadınla  uşaq kimdir? Niyə onlar barədə mənə  danışmamısan. Ancaq səsini eşidən  olmur. Qanadlı bir mələk ətrafında dolanır, qəh–qəhə çəkir: «sən danışa bilməzsən, sənin canını çoxdan almışam. Fikirləşən, öz–özünə söylənən  sənin ruhundur. Ruhun soruşur:  «Mənim cavan canımı niyə aldın? Mən kimə yamanlıq etmişdim, nə idi günahım, niyə anamı ağlar qoydun». 
-«Sən bir ailənin xoşbəxtliyinə şərik çıxmaq istəyirdin, balaca qızı atasız, o qadını ərsiz qoymaq istəyirdin?»
-«Mən «O»-nun evli olduğunu bilmirdim, bilmirdim». 
-Ancaq bilməliydin. Qadının hissiyyatı güclü olur. Xəbər tutanda iztirab çəkəcəkdin, özünü öldürmək istəyəcəkdin. Allah-taala intiharı xoşlamır. Özü verdiyi, canı özü alır. Bəndənin nə ixtiyarı var ki,  allah verən canı özü alsın. Ona görə də mənə buyurdu ki, səni iztirabdan, sarsıntıdan, yazılmamış qanunu pozmaqdan azad edim. Sən indi haqqın dərgahına pənah aparacaqsan. Bakirə öldüyün üçün xoşbəxtsən. Qanadlı mələk qəh-qəhə çəkərək qeyb oldu. Əzizə gördü ki,  qəbiristanlığa  yetişib. «O»ndan, Xuraman və Arzudan başqa hamı gedib. «O», əlinə bel alıb, onunçun qəbir qazır, yorulanda Xuraman, o da əldən düşəndə Arzu qəbri qazmaqda davam edir. Köməkləşib onu məzara qoyub üstünü torpaqlayırlar. Bayaqdan göz yaşlarını sel kimi axıdan «O» ağlamağını kəsir: «Daha, qurtardı. İndi sevinin. Xəta-bəladan azad olduq. Ailəmizin xoşbəxtliyini əlimizdən almaq istəyən Əzizə daha yoxdur. Onlar qəh-qəhə çəkərək, rəqs etməyə başlayanda, Əzizə bütün qüvvəsini  toplayıb əlləri, ayaqları ilə güc vurub yerin altından çıxır. «O», Xuraman və Arzu  rəqslərini saxlayır və sonsuz kədərlə ona baxırlar. Bu yerdə Əzizə qışqıraraq, yataqdan qalxdı. Səsə ev yiyəsi – Nabat xala həyətə çıxıb onun qapısını döyməyə başladı:
-Əzizə, qızım, nə olub? Aç qapını!
Əzizə durub qapını açdı.
-Ay bala, ay qızım, nədir, yuxu  görürdün? Qızın özündə-sözündə olmadığını, gözlərinin hədəqəsindən çıxdığını görüb: 
-Qorxmusan  deyəsən? – dedi və tez üzərrik yandırıb üç dəfə onun başının üstündən hərlədi.
Təklik belədir, ay qızım. Atan–anan uzaqda, sən də qız uşağı. Darıxırsan… İstəyənin varsa, get ərə. Qabaq deyərdilər, «qız qaldıqca, qızıla dönür». İndi, ay bala, tərsinədir, qız qaldıqca, dərdi–səri artır. Oğlanlarımız səpələniblər dünyanın ölkələrinə, çörək pulu qazanırlar, başqa millətin qızlarını alırlar. Özümüzünkülər də burada qalıb qarıyırlar… 
Əzizə bir təhər özünü ələ alıb:
-Nabat xala, siz narahat olmayın. Qarışıq yuxu görürdüm. Ondandır. Sizə əziyyət verdim gecənin bu vaxtı, gedin, siz allah, dincəlin. Keçdi, getdi…
Nabat xala getdi. Əzizə ürək sakitləşdirici dərman içib yerinə girdi. Bir müddət gözlərini tavana zillədi. Nəhayət, haçansa göz qapaqları yumuldu. Bu dəfə Arzu gəldi yuxusuna: «səndən incimişəm, müəllimə. Mən səni çox sevirdim. Evdə olanda darıxırdım səni görməkçin.  Amma sən mənim sevgimi  qiymətlən-dirə bilmədin. Atamı əlimdən almaq istədin. Mən daha sənin qrupuna gəlməyəcəyəm».
«Qızım, məni bağışla, bilməmişəm, bilməmişəm, bağışla məni… Təkcə sən məndən küsmə…» Arzu üzünü döndərib getmişdi.
Əzizə gözlərini açdı. Artıq saat 10-a işləyirdi… O, başa düşdü ki, bundan belə bağçada işləyə bilməyəcək, üstəlik Bakıda yaşaya bilməyəcək. «O»nun yadigarının, Arzunun gözlərinin içərisinə necə baxacaqdı. Burası məlumdur ki, düz baxa bilməyəcək, hər dəfə qəlb ağrıdıcı bir fikir ondan əl çəkməyəcəkdi: «Mən onun atasının sevgilisi olmuşam, atasının anasına olan sevgisini yarıya bölmüşəm. Bəlkə də evinə, ailəsinə, uşağına olan məhəbbətini soyutmuşam». 
İnstitutu bitirəndə rayona getmək istəyirdi. Anası da deyirdi ki: qız uşağısan, tək-tənha nə edəcəksən orada. Bəsdir bir qarın ac, bir qarın tox yaşadığın, kirayədə olduğun… Gəl, burada iş tapılar səninçin». Ancaq «O»na olan sevgisi Əzizəni Bakıda qalmağa məcbur etdi. Gec-tez buraya qayıtmalı idi. «O»nun fikri qətiydi. Tezliklə elçi göndərəcəkdi. Əzizə anasına bu sirri açdığından o da qohum-əqrəbaya danışmışdı. 
İndi anasına nə deyəcək? Hökmən deyil ki, «qara çərçivəli şəkil» əhvalatını danışsın. Deyər ki, «O» dünyasını dəyişib.  Vəziyyətdən çıxış yolu tapdığı üçün sakitləşdi. Bir stəkan çay içib, şəhərlərarası danışıq məntəqəsinə getdi. Anası ilə danışdı: «O» artıq həyatda yoxdur, daha Bakıda qalmaq istəmirəm, gəlirəm rayona! Anası baş vermiş hadisədən kədərləndi və bildirdi ki, qızının fikrini bəyənir.
Əzizə danışıq məntəqəsindən çıxıb bağçaya yollandı. Badam xanımla söhbət etdi: Badam xanım stolun arxasında əyləşib nəsə yazır və eyni zamanda Əzizəni dinləyirdi. Qızın sözlərini eşidib qələmi yerə qoydu. Qulaqlarına inanmırmış kimi təəccüblə ona baxdı: «Birdən-birə bu qıza nə oldu?» Sonra mehribancasına dedi: 
-Nə danışırsan, Əzizə?! Yoxsa bizdən incikliyin var? Səni bilmirəm, amma biz səndən yerdən göyə qədər razıyıq… 
Əzizənin dinmədiyini, tutulub durduğunu görüb sözünə davam etdi: 
-Bir çətinliyin yoxdur ki? Utanma de. Mən də sənin böyük bacın.
Bəlkə dolana bilmirsən? 
-Yox, yox …
-Bəs səbəb nədir?
Əzizə əsl həqiqəti deyə bilməzdi. Bunu  heç kimə açmayacaqdı, hətta anasına da. Özü ilə qəbirə aparacaqdı.
-Xəbərim var, kirayədə qalırsan… Mən sənin kimi işçini itirmək istəmirəm. Ağıllı qızsan, məsuliyyətlisən, yaxşı tərbiyəçisən. Oğlumun adına bir otaqlı mənzil almışıq. İnşallah, evlənəndə köçəcək. Amma o vaxta xeyli var. Məktəbdə oxuyur. İstəyirsən, köç, yaşa.  Sənə kömək olar. 
Badam xanımın qayğıkeşlik və xeyirxahlığı Əzizəni riqqətə gətirdi. Onun gözləri yaşardı: 
Çox sağ olun, Badam xanım. Bir allah bilir ki, mən sizin xətrinizi nə qədər istəyirəm. Kollektivimiz də  mehribandır. Heç kimdən narazılığım yoxdur. Məsələ

burasındadır ki, anam istəyir rayona qayıdım. Təkdir, köməyi yoxdur. Artıq yaşa dolub.
-Ananı da gətirərsən yanına…  Badam xanım çıxış yolu tapdığına  sanki sevindi. 
Əzizə razılaşmadı: 
-Çox ölçüb-biçmişəm getməyim məsləhətdir.
Badam xanım irəli yeriyib onu qucaqladı. Onun  da gözləri  yaşarmışdı. İndi daha yəqinliklə başa düşmüşdü ki, Əzizəyə bu neçə ildə çox bağlanıb, onun yoxluğunu da hiss edəcək. Çar-naçar: 
-Yaxşı, bacım. Fikrin qətidirsə, etirazım yoxdur. Əlbəttə, ananla bir yerdə olmağın məsləhətdir. Allah  heç kimsəni anadan ayrı salmasın … Xoşbəxt olasan, bacım…
Əzizə Nabat xala ilə görüşüb rayona yola düşdü.
                                                      * * *
“İnsan tək ata – anadan deyil, sevgidən də yetim qalır”

İnsan tək ata – anadan deyil,
Demə, sevgidən də yetim qalarmış
T.Nəzərli

Əzizə avtobusda fikirli və qanıqara oturmuşdu. Yanındakı yeri bir gənc tutdu. Qanı bir az da qaraldı. Çox istərdi ki, burada yaşlı kişi, yaxud qadın otursun.  Gənc zövqlə və səliqəli geyinmişdi. Zahiri görkəmi də pis deyildi. Nüfuzedici baxışları vardı.  Cavan oğlan yalnız əyləşəndə Əzizə ona ötəri nəzər saldı və dərhal da üzünü yana – pəncərəyə  sarı tutdu. Avtobus tərpəndi.
Oğlan əvvəlcə sakitcə oturub yola baxırdı. Sonra qəzet çıxarıb oxumağa başladı. Deyəsən, «Yeni müsavat» idi. 20-ci sahə deyilən  ərazidə tikinti işləri gedirdi. Qəribədir. Bir vaxtlar Bibi–Heybət məscidini söküb Bakının girəcəyindəki yolu genişləndirmiş, burada - yolun ortasında inqilabçı Xanlar Səfərəliyevə büst qoymuşdular. Zaman gəldi, ictimai  qurum yenidən dəyişdi. İndi də Xanların büstünü götürüb, yolu daraldırlar. Bibi–Heybət məscidinin təzədən  inşasına başlamışdılar. Yolun hər iki tərəfində «Nəzir qutusu» qoyulmuşdu. Şəhərə girən, şəhərdən çıxan maşınlar çox vaxt burada dayanırdı. Sərnişinlərdən kimin nəziri vardısa,  düşüb ağzına qıfıl vurulmuş qutulara  pul salırdı. Kimsə sürücüdən  xahiş edib avtobusu saxlatdırdı. Bir-iki nəfər düşüb nəzirlərini qutuya saldı. 
Görəsən yığılan nəzirlərdən nə qədəri xeyriyyə işinə sərf olunur? İndi dəb düşüb: hərə bir məscid tikdirir. Məktəblər isə batıb gedir. Görəsən, bu qədər məscidə ehtiyac varmı? Özü də hər  məscidin yanında  belə qutular  qoyurlar. Ac- yalavac, boynu bükük isə şəhərlə birdir. Addımbaşı  adamın qabağını kəsib sədəqə istəyirlər.  Qaraçılar da qır-saqqız  olub yapışır adamın yaxasından ki, gəl falına baxım. 
Yığılan nəzirlərin uçotu aparılırmı? Əzizə buna çox da inanmırdı. Onun insanlara inam hissi tükənməkdə idi. Adamları ki, belə görürdü, nəzirdən çırpışdırmamış olmazdılar. 
Oğlan Əzizənin fikrini oxuyurmuş kimi üzünü ona tutub: 
-Bu qutular bəzilərinin qazanc mənbəyinə çevrilib, - dedi. Əzizə dinmədi. Gənc əl çəkmək fikrində deyildi: 
-Mollalar, seyidlər yenə camaatın canına daraşıblar. Adamlar da elə bil yenidən avamlıq dövrünə qayıdıblar. Milis dilənçidən haqq alır, molla ölü yerində yas sahibi ilə pul üstə çənə-boğaz olur… 
Əzizə ona baxıb yenidən üzünü pəncərəyə sarı çevirdi. Cavab  verməyə, söhbətə qoşulmağa həm həvəsi yox idi, həm də halı. Öz hayında idi.
Gəncin gözü Əzizəni tutmuşdu. Əslində buna görə də canfəşanlıq edir, onu danışdırmaq üçün bəhanə gəzirdi. Arada  dönüb bu qaradinməz, qaşqabaqlı qıza baxırdı. Əzizə də bunu görüb daxilən əsəbiləşirdi. Bayaq ona görə də cavan oğlanın yanında əyləşdiyini  görüb təəssüflənmişdi. 
Əzizə şəhərdə işləyəndə hərdənbir kəndə – anasına baş çəkməyə gedirdi. Bu, səbəbsiz deyildi. Atası dünyasını dəyişmişdi. Onun yoxluğu ilə barışa bilmirdi. Valideynlərini həmişə bir yerdə görməyə adət etmişdi. Onlar Qərbi Azərbaycanda, dağ kəndində yaşayırdılar. Kənddən demək olar, kənara çıxmamışdılar. Şəhərdə olarkən Əzizəyə elə gəlirdi ki, atası sağdır, buradan anasını görə bilmədiyi kimi, atasına da əli çatmır. Bir növ öz-özünü inandırmağa çalışırdı ki, atası yaşayır. Yenə kürəyini iri qovaq ağacına söykəyərək, çubuğunu tüstülədir. 
Elə ki, kəndə gedirdi, olurdu yetim, qəlbisınıq. Gözü atasını axtarırdı – tapa bilmirdi, yolunu gözləyirdi – gəlib çıxmaq bilmirdi. Onda başa düşürdü ki, o, bir daha gəlməyəcək, onunla kəlmə kəsməyəcək. Öz əcəli ilə ölsəydi, bəlkə də Əzizəni bu qədər yandırıb-yaxmazdı. Kişi faciəli  şəkildə həlak olmuşdu. Öldürmüşdülər onu.  Əzizə onun meyitini görməmişdi, qəbiri də yox idi atasının. Amma ölmüşdü. Anası görmüşdü kişinin necə can verdiyini. Meyiti tapılmayan, qəbri olmayan adamın ölümünə necə inanaydı Əzizə?! Gözləyirdi ki atası bir gün evin qapısını açacaq, sakit addımlarla içəri ayaq basacaq və gülə-gülə: «Bu da mən!» deyəcək.
Ancaq o gəlmirdi. Anasının dediyinə görə, kişi gəlməyəcəkdi. «O» da yox idi. Əzizə «O»nun da öldüyünü görməmişdi, qəbrinin də harada olduğunu bilmirdi. «O»nu sağ bilib, yolunu gözləyirdi. «O»nun öldüyünü də başqasından – Xuramandan eşitmişdi. Onlar ölməmişdilər. Qeybə çəkilmişdilər. Qeybə çəkilənlərdən biri atası idi – Əzizəni dünyaya gətirən, ikincisi sevgilisi idi, gələcək ev-eşiyi, ömür-gün yoldaşı olacaq şəxs idi. Birincisi xoş xatirələr, nisgil qoyub getdi. İkincisi isə acı təəssüf, yalan, riya…
Birinciyə ömrü boyu borclu olacaqdı Əzizə. Həmişə minnətdarlıq hissilə xatırlayacaqdı. Ölməyə qoymayacaqdı. Yaşadacaqdı onu Əzizə. İkincisini isə öldürəcək, yaşamağa qoymayacaqdı. Hafizəsində, yaddaşında, qəlbində, xatirələrində öldürəcəkdi onu.
Üzünü avtobusun pəncərəsinə söykəmiş Əzizə şüşənin göz yaşlarından islandığını hiss etdi. O ağlayırdı. İkincinin yaddaşında, qəlbində öldürüb, dəfn edirdi, ağı deyirdi, şivən qoparırdı. «O», bir daha yada düşməyəcəkdi.
-Siz harada düşəcəksiniz?
Cavan oğlanın səsi idi. Hərə öz aləmindədir. Əzizə birisinə «həyat», birisinə «ölüm» hökmü verir, gənc isə macəra axtarırdı. Həqiqi ölümün, həqiqi dirimin nə olduğunu bu cavan oğlan hələ bilmirdi. Başına gəlməmişdi. Odur ki, hiss etmirdi. Əzizə kimi ağır zərbə alanlar bunu yaxşı  anlayırlar. Bu dəfə Əzizə bir təhər özünü toplayıb gəncə elə cavab verdi ki, o, qızdan birdəfəlik əl çəkdi: 
-Düşəndə görəcəksən… 
Kobudluğuna Əzizə özü də məəttəl qaldı. Lakin söz ağzından çıxmışdı, nəzakətsizlik etdiyini başa düşsə də, səhvini düzəltməyə cəhd göstərmədi. 
 Sürücü radionun düyməsini basmışdı. Estrada konserti gedirdi. Mirzə Babayevlə Brilyant Dadaşovanın konserti idi. Brilyantın səsi  bir anda avtobusu başına götürdü: 

Dərdimdən sən vallah öləcəksən,
Məndən başqa heç kimi sevməyəcəksən.
Aldanma gözlərə, aldanma sözlərə
Aldanma hər ötən gözəldə
Gülər üzlərə … 

Qəhər Əzizəni boğdu. O, inanmış və aldanmışdı.

Комментариев нет:

Отправить комментарий