Страницы

11.05.2014

ŞEYX MƏHƏMMƏD SADİQ LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Öz zamanında Qafqazda olan mərcəyi təqlidlərdən və fəqihlərdən olan Ayətullahül-üzma Hacı Şeyx Məhəmməd Sadiq Boradigahi Lənkərani Nəmini hicri qəməri tarixi ilə on üçüncü əsrin əvvəllərində Lənkərana tabe olan Boradigah kəndində anadan olmuşdur. İbtidai təhsilini öz məntəqəsinin alimlərindən öyrənir, sonra İranın Qəzvin şəhərinə köçür. O zamanlar Qəzvin şəhəri böyük elmi mərkəz idi. Bir müddət bu şəhərdə qalıb bəzi elmləri (əsasən fəlsəfə-kəlam) ali dərəcədə oranın alimlərindən öyrənir. 1833-cü ilə qədər Qəzvində olub. Bu şəhərdə dərslərini təkmilləşdirdikdən sonra İraqa köçərək Kərbəlada sakin olur.
Bu şəhərin böyük alimlərinin, o cümlədən Seyyid İbrahim Qəzvini (“Zəvabitül-üsul” kitabının müəllifi) və Seyyid Məhdi Təbatəbainin (“Riyaziül-məsail” kitabının müəllifinin oğlu) fiqh və üsul dərslərində iştirak edir. Yüksək zəka və səyləri nəticəsində ictihad məqamına çatır. O İraqda Şeyx Sadiq Türk ləqəbi ilə tanınır. “Qisəsül-üləma” kitabının müəllifinin yazdığına görə, Şeyx İraqda məhşur ustad və “Zəvabit” kitabının müəllifinin şagirdi olub.
 Kərbəladan sonra Nəcəfi-Əşrəf şəhərinə gəlir, orada da üsul və fiqh alimlərinin dərslərindən bəhrələnir. Təhsil aldığı müddətdə Kərbəlada ərəb ailəsindən olan bir qadınla evlənib ailə qurur. Nəhayət, təhsilini başa vurub yolunu gözləyən camaata islam dininin ruhoxşayan göstərişlərini öyrətmək, onları düz yola çağırmaq üçün öz vətəninə Qafqaza qayıdır. Onun gəlişindən xəbər tutan dindar və mömin adamlar onu böyük təntənə ilə qarşılayıb son dərəcədə hörmət edirlər. Mərhum Ağa Bozorg Tehrani bu barədə belə qeyd edir: “Mərhum Lənkərani uzun müddət ərzində elmi mərkəzlərdə dini təhsil alıb yüksək məqama çatdıqdan sonra Qafqaza qayıdır. Çox az bir müddətdə bu bölgədə çox nüfuz qazanır və şöhrət tapır, məntəqədə yeganə mərcəyi-təqlid kimi tanınır. Camaat şəri işlərində ona təqlid edirdilər. Mərhum Lənkərani bu məntəqədə İslam dininə çox böyük xidmətlər göstərərək dinin çoxlu unudulmuş hökmlərini təbliğ edib, ona yenidən gözəllik, təravət verir, bütün ömrünü müxtəlif kitablardan dərs verməyə və çoxlu şagird tərbiyə etməyə sərf edir, çoxlu fazil tələbə yetişdirir. Onun elm və bilikdə çoxlu məlumatı və yüksək məqamı vardı”.
 Mərhum Lənkəranidən çoxlu elmi əsərlər və əlyazmaları yadigar qalmışdır. Onların bəziləri aşağıdakılardan ibarətdir:
1.“İbtilaul-Övliya” (iki cilddə).
2.“İtmamül-höccət fi isbati-vücudil-qaimil-höccət”.
3 “İftixarüş-şiə fi əhkamiş-şəriət”.
4.“Əl-hairiyat”.
5.“Əddürəru vəl-qürər fil müntəxəbil min ə`malil ömr”.
6.“Əddürərül-faxirə fi ziyarətil-itrətit-tahirə”.
7.“Əl-mərasimuş-şəriyyə”.
 Nəhayət, Qafqaz xalqının sevimlisi, alim, fəqih 1868-ci ildə dünyasını dəyişir.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий