Страницы

23.05.2014

Yolumuz Rusiya yoludur

Qoşqar Əhmədov

Bəli, Azərbaycan Rusiyadan asılıdır. İstər qəbul edək, istərsə etməyək, istər xoşumuza gəlsin, istərsə gəlməsin, reallıq gün kimi aydındır. Birinci cümlənin izahından başlayım. Bəlkə nəsə yalan var başlıqda? Qardaş, sənin İrana, Türkiyəyə və ya Zimbabveyə simpatiyanın olması nəyisə həll etmir. Fakt faktlığında qalır. Məgər 3 milyon Rusiya vətəndaşı qazanc dalınca Azərbaycana gəlib? Onların təkcə yarısının bir anda ölkəyə qayıtmasını təsəvvür edə bilirsiniz? 
Hər bir addımı atmazdan qabaq özümüzə “Kreml nə deyər?" sualını verməliyik. Nəyə görə? Ona görə ki, Rusiya Qərb və ABŞ-ın demokratiya pərdəsi altında işğallarına qarşı dayanan, tək qütblü dünyanı qəbul etməyən və bu yolda qarşısına çıxan maneələri “uf” demədən əzən regional, bəlkə də dünyəvi gücdür.
Öz təhlükəsizliyini təmin etmək, NATO-nun genişlənməsinin qarşısını almaqdan ötrü “səni istəyirəm, ancaq özümü səndən daha çox istəyirəm” prinsipinə söykənir. Burada qeyri-təbii nə var? NATO 1948-ci ildə məhz SSRİ-yə qarşı yaradıldı, 90-cı illərdən etibarən SSRİ yoxdur, bəs NATO nə üçün genişlənir? Yadplanetlilərə qarşı? Sonra isə deyir ki, biz Rusiya ilə əməkdaşlığa hazırıq. Məqsəd nədir? Hanı burada məntiq? 
Anti-Rusiya meyilli hakimiyyətlərin ABŞ və Qərb vasitəsilə Gürcüstan və Ukraynada bərqərar olmasından sonra sadaladığım ölkələrin aqibətləri bəllidir. Maraqlıdır, Qərb və ABŞ özünü Rusiyanın buynuzuna sürtür, sərhədində yerləşən ölkələrdə çevrilişlər edir (bir qədər əvvəl Ukrayna, Maydan çevrilişinə 5 mlrd dollar xərclədiklərini Viktoriya Nuland özü təsdiq etdi), anti-Rusiya hökumətləri qurur, NATO-dan dəm vurur, bir sözlə, təxribat törədərək Rusiyanı aqressiv davranmağa vadar edir, sonra isə əlindəki KİV-lə “Rusiya işğalçıdır” deyə səs-küy salır. Axı səbəb olmadan nəticə olmaz?! Düşünmürsünüz bunu? 
Rusiyadan “haqq-ədalət mələyi" düzəltmək niyyətində deyiləm. Görünən odur ki, həm Qərb, həm də ABŞ postsovet məkanı ölkələrini məqsədli şəkildə “rus ayısının pəncəsinin altına salır”. İş müdafiəyə gələndə isə boş-boş bəyanatlardan başqa ortada heç nə olmur. Hər kəs bilir ki, Rusiyanın özündə də əhali ideal şəraitdə yaşamır, çatışmazlıqlar kifayət qədərdir. Ancaq tarixə nəzər salsaq, Rusiyanın bizim adət-ənənəmizə toxunmadığına şahid olarıq. O dövrlərdə nə din, nə təhsil, nə də mədəniyyət bugünkü vəziyyətdə idi. Müstəqil olmuşuq, ancaq adı var, dadı yox... 
Əslində bizə demokratiya sözünü sırıyıb, çapıb-talamaq istəyiblər və müəyyən qədər buna nail ola biliblər. Unutmuşuq adət-ənənələrimizi. Erməniləri bəyənmirik, amma erməni öz adət-ənənəsini əvvəlkindən də artıq qabardıb, “bəli, biz spesifik millətik” deyib, dünyaya sübut edir özünü. Biz isə hər əsrdə bir ölkənin təsirinə düşürük. Hər on ildə bir soyad sonluğu kəşf edirik. Bir gün “zadə”, bir gün “ov”, bir gün “li” oluruq. Vallah, sabah “çı, çu, lum, lom” kimi soyad sonluqları görsəniz, təəccüblənməyin. Hələ iki adlı, adla soyadın qarışdığı iki sözlü cümlələrə də rast gəlirik ki, adın hansı, soyadın hansı, ata adının hansı olduğu anlaşılmır (məsələn, Fazil Mustafa). 
Nəysə, haşiyəyə çox çıxdım. Əsas məqsədim başqadır. Yaxşı və ya pis, alnımıza Rusiya ilə qonşu olmaq yazılıb. Bu bəxtəvərçilikmi deyim, yoxsa bəlamı, qaçmaq qeyri-mümkündür. Rusiya dağılacaq, yoxsa dağıdacaq, hər nə olacaqsa, bu dəqiq deyil, dəqiq olan odur ki, yaxın 5-10 ildə Rusiya dağılan deyil. Yaxın 50-100 ildə nə olacaq, o da bilinmir. Təkcə bu məlumdur ki, şimal qonşumuz olan bu hiper dövlətin nazı ilə oynamalıyıq, inanın ki, itirməkdən daha çox qazanacağıq. 
Məhz 1 milyon qaşqını olan Qarabağın və ətraf rayonların “arxası” Kremlin içindədir. Nə Qərb, nə də ABŞ-ın “homoseksuallara azadlıq verin, biz də sizə Qarabağı verək” nağıllarına inanmayın. Biz bizə lazım olmayan müharibə, parçalanma, separatizm və bu tip problemləri istəmirik.

Комментариев нет:

Отправить комментарий