Страницы

16.06.2014

Unudulmaz atletlərimiz: Habil və Şamil İsmayılov qardaşları


Azərbaycan atletikasının veteranları Habil və Şamil İsmayılov qardaşları 1940-cı il yanvar ayının 1-də Cəlilabad rayonunda anadan olublar. Uşaqlıqdan idmana marağı olan əkiz qardaşlar bütün ömürlərini atletikaya həsr ediblər. Onlar ilk dəfə 8-ci sinifdə oxuyarkən 800-1500 m məsafələrə qaçışda uğur qazanıblar. Qardaşlar 1957-ci ildə respublika məktəblilərinin birinciliyində 800 m məsafə üzrə yarışda birinci yeri əldə ediblər.
Getdikcə daha yüksək nailiyyətlər qazanan Habil və Şamil 1958-ci ildə Gəncədə keçirilən Azərbaycan birinciliyində yenə də bütün rəqiblərini üstələyiblər. Maraqlıdır ki, bu qardaşlar iştirak etdikləri bütün yarışlarda, demək olar ki, eyni nəticəni göstəriblər. Gəncədə təşkil olunan birincilikdən sonra onları Bakıya - "Məhsul” idman cəmiyyətinin yığma komandasına dəvət ediblər. Habil və Şamil qardaşları karyeraları ərzində 10 ildən çox "Məhsul” İC-in tərkibində SSRİ birinciliklərində mübarizə aparıblar.
Həmin dövrdə Zaqafqaziya Respublikalarının Tbilisidə keçirilən birinciliyində İsmayılov qardaşları 1000 m məsafə üzrə yarışlarda rekord nəticə göstəriblər. 1960-cı ildə Moldaviyada təşkil olunan spartakiada yarışlarında çıxış edən Azərbaycan yığmasının tərkibində Habil və Şamil də yer alıblar. Cəlilabadlı qardaşlar bu mötəbər turnirin qalibi adını qazanıblar. 1961-ci ildə sonra Zaqafqaziya və Moldaviya birinciliyi Bakıda keçirilib. Təcrübəli atlet qardaşlar yenə də fəxri kürsünün birinci pilləsində yer alıblar. Həmin il Zaqatalada keçirilən kross yarışlarında (3 km) 8 dəq. 30 saniyə nəticə göstərən qardaşlar Azərbaycan rekordu qazanıblar. Elə həmin il Moskvada keçirilən Həmkarlar İttifaqının SSRİ birinciliyində Habil və Şamil İsmayılovlar bütün rəqiblərini üstələyiblər. 1962-ci ilin fevral ayında Leninqrad (indiki Sankt-Peterburq) şəhərində 600 m məsafədə, həmin ilin sentyabrında isə Moskvada 400, 800 və 1500 m məsafələrdə həmyerlilərimiz finişə birinci çatıblar. Qardaşlar daha bir rekorda Vilnüsdə (Estoniya) nail olublar. Onlar 400 m məsafəni 50 saniyəyə, 800 m məsafəni 1 dəq. 54 saniyəyə, 1500 m məsafəni isə 3 dəq. 55 saniyə ərzində qət ediblər.
1963-cü il bu qardaşların idman həyatında dərin iz buraxıb. Belə ki, Habil və Şamil qardaşları SSRİ xalqlarının 3-cü spartakiadasında respublikamızın idman şərəfini ləyaqətlə qoruyublar. Cəlilabadlı atletlər spartakiadanın proqramına daxil olan 400 m, 800 m və 1500 m məsafələrdə ən yüksək nəticəni göstəriblər. SSRİ miqyasında şöhrət qazanan əkizlər Riqa (1962), Odessa (1961-62), Xarkov (1962-63), Kişinyov (1963) və digər şəhərlərdə keçirilən yarışlarda birinci yeri heç kimə güzəştə getməyiblər. Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yoldaşlıq görüşləri 5 dəfə bu qardaşların qələbəsi ilə yekunlaşıb. İsmayılov qardaşları 1964-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsititunu (AzDBTİA) bitiriblər.
Hazırda 73 yaşlı veteran atletlər doğulduqları Cəlilabad rayonunda yaşayırlar. Hər ikisi Azərbaycan idmanının inkişafına, idmançılarımızın beynəlxalq arenalarda əldə etdikləri qələbələrə ürəkdən sevinirlər. /olimpnews.az/

Комментариев нет:

Отправить комментарий