Страницы

28.06.2014

Elə ki, aləmə təşrif buyurur mahi-mübarək...

Qasımbala Səfərov

Elə ki, aləmə təşrif buyurur mahi-mübarək, bu lütflərlə dolu ay bizə bir rahi-mübarək, çağırır bizləri dərgahi-mübarək və gərəkdir ki, bu aydan götürək nuri-hidayət, eləyək zikri-ibadət, qazanaq haqqa ləyaqət, yaşayaq eşqü-məhəbbət, yerə nazil ola rəhmət, belə bir ayda Xuda səltənətindən, o Şahın mərhəmətindən, keçər əlbət qələtindən, təki et xalisi-tövbə.
Elə aydır bu mübarək Ramazan ki, sayılır yatmaq ibadət, nəfəs almaq dəxi, təsbihdi ki, etmiş Yaradan lütfi- inayət, bu tövr etdi isabət, bizə bəxş etdi şərafət, Ramazan mahi-kəramət, kərəmindən bir əlamət, bizə rəhmani ziyafət, bu əziz ayda ki, var qayda ki, yox fayda ki, şeytan qolu bağlı, yolu bağlı, sağı bağlı, solu bağlı, dəxi, zəncirləyib Allah onu əlbət, bu, bizə lütfüdür Allahın, o Allah ki, buyurmuş bu ay üçün;
Ramazan ümmət ayı, rəhmət ayı, qürbət ayı, nemət ayı, on bir ayın sultanıdır, Rəbbimizin ehsanıdır, ünvan onun ünvanıdır, dərman onun dərmanıdır, çarə qılan fərmanıdır, tövbə qılan körpə bəbəkdir, yeni göz açdı cahanə, nə lüzum şərhü-bəyanə, şükür olsun Yaradanə.
Ramazan ləfzini biz tərcümə etsək, görərik açması “yandırmaq” olub ki, bu səbəbdən də, gərək bəndə bu ayda edə hər bir günahın kül, əkə eşqin bağına gül, həmi idrak eləsin gərçi, “saum” yəni, “oruc” kəlməsinin anlamı da, bil ki, “çəkinmək”di lüğətdə, çəkinə bəndə gərəkdir onu napak edəcək hər hərəkətdən, qaçınar şər hərəkətdən, edər öz nəfsini islah!
Səd əfsus! Elə ki, mahi-mübarək olur, əhsən, budu bax, xəstə çoxaldı, cəm olub dəstə çoxaldı, üzə çıxdı nə qədər, dərdü-kədər, dərdli oğul, xəstə pədər, çoxdu deyən ki, əliləm mən, zəliləm mən, meyitəm mən və şiləm mən, ölürəm, xəstədiləm mən, axı, sağlam deyiləm mən, deyəcək: vay-vay aman, durdu ürək sanki bir an, susdu nəfəs, gör nə yaman, öldü bu səs, baxdı həkim, yazdı ilac, ovdu umac, tapdı əlac, qalsa bu ac, ac-yalavac olsa, həmən gözdə bəbək pırtdayacaq, şah damarı partdayacaq, beyni tamam çatdayacaq.
Yaxşı, dedin dərdli, məşəqqətli, əziyyətliyəm, əxz eylədik, andıq və inandıq, bu sözü doğru da, sandıq, daha, iş bitdimi, əsla, sənə vacibdi ki, hər tutmdığın günlər üçün 750 qram arpa, ya da, buğda verəsən yoxsula ehsan, edəsən bikəsə, imkansız olan bir kəsə infaq ki, bununla edəsən üzrünü bərpa, qılasan dinini ihya, bu ibadət ola hətta, uləmalar belə qılmaqdadı fətva, budur əlbəttə mükəlləflərə bir ali vəzifə.
Nə gözəldir, Ramazanda, gözümüz qaldı qazanda və məsaciddə azan da, oxuyur indi müəzzin nə həzin bir səsi var ki, eləyir hər kəsi huşyar, bu avazda bərəkət var, oruc əhli edir iftar, aman Allah, bu nə əsrar, bu nə rəftar, bu nə iqrar ki, bizə lütf eləyibsən belə bir ay ki, bu ayda açılır cənnəti-rizvan qapısı, lütf ilə ehsan qapısı, kaş ki, bunu dərk edə insan və qıla şükr ilə ehsan, ki, düşübdür ələ imkan, qazana cənnəti-rizvan, bizə rəhm eylə ey aləmlərə Sultan, Yaradan Xaliqi-Subhan, Yaradan Xaliqi-Subhan.

Bu olur lütfi-inayət!
Eləyək zikri-ibadət!
Qazanaq Həqqə ləyaqət!
Ələ düşməz belə fürsət!

Комментариев нет:

Отправить комментарий