Страницы

30.06.2014

İlya Zemtsov. Oğurlanmış respublika -5

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

V hissə: Heydər Əliyev prinsiplərini necə dəyişdi?

Azərbaycanın yoxsul xalqına milyonerlər başçılıq edirdilər

Bu respublika Sovet korrupsiya sisteminin bir hissəsi idi

Müəllif Ilya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb. 

Mənim yazdığım bu sistem bir sexə, zavoda, respublikaya aid deyildi. SSRİ-də belə sistemə işləyən minlərlə sex, zavod və fabrik vardı. Məhsulun çeşidi, onu həyata keçirən, yaxud yiyəlik edən məmurların kiçikliyi və yaxud böyüklüyü dəyişə bilərdi, bir də yerləşdiyi şəhər, respublika.
Amma cinayətin strukturu dəyişmirdi, baha xammal daha ucuzu ilə əvəzlənirdi, yaxud gizli xammal alınırdı, bəzən bunların hər ikisi bir yerdə həyata keçirilirdi. Qeydsiz malların satış yolları da belə qurulmuşdu. Məsələn, İvanov toxuculuq kombinatında yaylıqlar və papaqlar toxunurdu. Adi bir qənaətlə hər il kombinatda kimlərsə milyonlar qazanırdı. 1971-ci ildə yaylıqlar standarta uyğun gəlmədi. Uzunluğu 18 sm qısa, çəkisi 31 qram azdı. İldə kombinatda bu yaylıqdan 800 min ədəd toxunurdu.
Riqadakı radio zavodunda, məşhur VEF-də diodların sayını bir ədəd azaltmaqla 82 qəpik qazanmaq mümkün olurdu. Hər il bu zavodda 182 min radio yığılırdı.
Kremlin bir addımlığında yerləşən saat zavodunda “Çayka” qadın və “Polyot” kişi saatlarında bir qiymətli daş əskik qoyulurdu. Burada hər il 750 min cüt saat buraxılırdı. 1970-ci ildə cinayətin üstü açıldı. Brejnevin bir deyimi ilə cinayət işi bağlandı: “O gün uzaq deyil, bütün dünya saatlarını bizim saatlara görə düzəldəcək!”.

Rüşvət dayanacaqları

Beləliklə, milyonlarla rubl yüzlərlə zirək, məharətli, ağıllı və fərasətli kommersantların əlində toplanırdı. Onlar kim idi? Sovet milisləri? Milyonçular, həm hə, həm də yox. Bu böyük pullar bu əllərdə də qalmırdı.
Korrupsiya nərdivanı necə təşkil edilmişdi? Azərbaycanda əməkhaqqı ilə yaxşı yaşamaq mümkün deyildi. Amma rəhbərlik yaxşı yaşayırdı. Bu da aydın idi: onlar yalnız əmək haqqı ilə dolanmırdılar. Və burda ortaya bölüşdürmək məsələsi çıxırdı. Böyük cinayət qazanını qaynadanların bölüşmə prinsipi də çox maraqlı idi. Necə bölüşməli, kimə verməli və nə qədər verməli? Bu sualı verənlər birinci, ikinci dəfə korfəhmlik edə bilərdilər. Zavodlarda, kolxozlarda, xəstəxanalarda maaşlar gecikə bilərdi, içi pul dolu zərflər, meyvə və ərzaq dolu səbətlər vaxtında çatdırılırdı. Fövqəladə hallar da olurdu: Rayon və şəhərlər üçün Bakıdan, Bakı üçün Kremldən gələnləri yola salmaq lazım gəlirdi. Ölkə rüşvət vermək üçün dayanacaqlara bölünmüşdü.

Birinci korrupsiya dayanacağı

Elə biz də birinci dayanacaqda ayaq saxlayaq: milis və prokurorluq. Rayon milis şöbəsi rəisinin aylıq əmək haqqı 200-250 rubl idi, prokuror ondan bir qədər az - 150-180 rubl alırdı. Onlara nə qədər vermək lazımdı ki, imtina etməsinlər. Birinciyə 2000 rubl, ikinciyə yarısı kifayətdi. Əmək haqqı ilə ayı aya calamaq mümkün deyildi. Milis rəisi də, prokuror da yuxarıdan asılı adamlardı, onlar şəhər, respublika rəislərini də görməliydilər, onların da payını vermək lazımdı. Axı Azərbaycanda hər bir vəzifənin satınalma qiyməti var. 1969-cu ildə milis rəisi getmək üçün 50 min rubl, prokuror təyin olunmaq üçün 30 min rubl vermək lazım gəlirdi. Rüşvət aşağılardan alınır, yuxarılara verilirdi. Sonra həm yuxarılara, həm də aşağılara aylıq haqq  qoyulurdu. Qanun nəzarətçiləri də rüşvət mənbələrini pis vəziyyətdə qoymurdular, ədavətli, kinli adamın anonim məlumatlarını fəndgirliklə gizlədir, zəhmli komissiya gəlməsi barədə əvvəlcədən xəbər verirdilər. Elə fikirləşməyin ki, bütünlükdə prokurorluq və milis birinci dayanacaqda ağzını açıb kiçiklərin əlidolu gəlişini gözləyənlərin əlindədir. Onlara da cinayətlərin açılması, profilaktikası ilə bağlı plan qoyulmuşdu. Bir də rüşvət versən də, bu vəzifə əbədi sayılmırdı. Yuxarıda əmin olan  kimi, yerinizdə daha çox ödəyə bilənlər var, sizi işdən çıxaracaqdılar. Qəfil yoxlamadan heç kim sığortalanmamışdı, buna görə də belə halların haqqı da sizin boynunuza düşürdü.

İkinci korrupsiya dayanacaqları

İkinci dayanacaqda “insanların şərəf və vicdanı” - Kommunist Partiyası əlini və cibini açıb sizi gözləyirdi. Rayon partiya komitələrinə birləşdirici qovşaqlar deyirdilər. Çünki burada “yuxarı”dan gələn siqnalların və “aşağı”dan edilən şikayətlərin qovuşduğu məkandı. Burda rüşvət birinci katibə, rayonun əlahiddə sahibinə ödənilirdi, kolxoz və sovxoz rəhbərləri kənd təsərrüfatı üzrə müavinin gözünü yolda qoymurdular.
Bu dayanacaqda rüşvətin məbləği artırdı. Məsələn, rayonların çoxunda birinci katib 30 min rubl, katib isə 20 min rubl alırdı. Hakimlərə 3-4 min, elə bu qədər də Xalq Nəzarəti Komitəsinin sədrinə verilirdi.

Növbəti korrupsiya mərhələsi

Növbəti dayanacaqda birinci və ikinci dayanacaqda yığılan rüşvətdən pay gözləyirdilər. Burda ranqa və vəzifəyə görə rüşvətin məbləği müəyyənləşirdi. Şəhər, vilayət, respublika səviyyəsində rüşvət veriləcək adamların sayı və qiyməti silsilə ilə artırdı. DİN-də bölmə və şöbə rəisləri, şəhər prokuroru, respublika və i.a. Ümumilikdə, 30-50 nəfərə qədər adama aylıq haqq ödəmək lazım gəlirdi... Ölkədə kabinetlər qəribə bir bazarı xatırladırdı. Kolxoz bazarından rüşvət bazarlarının bircə fərqi vardı. Qiyməti aşağı salmaq üçün boğazını ağrıtmağa imkan verilmirdi.
Heydər Əliyevlə birinci görüşümü xatırlayıram.
-Deyirsiniz ki, cəza kömək etmir, əksinə daha da qəddarlaşdırır. Düşmənçiliyi dərinləşdirir, daha da qəddar addımlar atmağa təhrik edir. Azadlığa çıxan adam qanundan yan keçir, həbsxanalarda ona qarşı edilən haqsızlığa görə hayıf çıxmağa çalışır. Bununla barışa bilirəm. Yaddan çıxarmayın: elm adamı kimi əxlaqdan dəm vura bilərsən. Bəs sadə adam nə etsin? Barışsınmı? Şikayət etsinmi? Kimə?
Əliyev hiss edirdi ki, onun inamla danışması təəssürat yaradır, daha açıq danışmağa başladı.
-Çoxdan Azərbaycandasan? Burada doğulmusan? Hallı (duxançik) adamı təsəvvür edirsən, bilirsən o kimdir? Tutaq ki, Lənkəranda, yaxud elə Bakıda... Yaxşı geyinmiş “cənablar”, kürəklərində bir neçə dəfə məhkumluq var,- çox ağıllı etik davranışla hakim, yaxud partiya işçisi ilə nahar edirlər. Yaxud çay stolu arxasında, - bizdə çay içməyi sevirlər, sövdələşib razılığa gəlirlər. Təəssüf ki bunlar xülya deyil, həqiqətdir. Bu hakimin, partiya işçisinin kimliyi məlumdur. Onlar indi həbs ediliblər. Respublika qəzetlərini oxuyursan? Sosioloq üçün çox faydalıdır? İndi bizim üçün ən mühümü materialları toplayıb təhlil etməkdir. Respublikada vəziyyət çox mürəkkəbdir, statistik məlumatlara inanmaq olmur. Partiya mənbələri köməksizdir. Bizə informasiya mərkəzi lazımdır. Birbaşa katibliyə tabe olacaq. Siz razı olsanız, Sov.İKP MK-da problem olmayacaq.
Çox düşündüm. Əliyev maraqlı adamdır, həm də nüfuzludur. Vaxt qazanmaq üçün dedim:
-Mən aliməm.
-Əladır. Bizə məhz sosioloq lazımdır. Sizin tədqiqatlarınızdan xəbərim var. Bilirsiniz, bizim üçün sosioloji yanaşma çox mühümdür. Alimin aparatdan deyil, kənardan olması, yeni baxışdır, mühüm amillərdən biridir. Bundan başqa, katiblərlə fikir mübadiləsi aparmaq imkanı qazanacaqsınız.
Düşünürəm. Moskvada akademiklər - Rumyantsev və Osipovla danışdıqlarımızı həyata keçirə bilərəm. Bir rayonda, şəhərdə sosioloji sorğu aparıb cəmiyyətin hara getdiyini müəyyənləşdirə bilərəm. Bunları nə qədər reallaşdıra biləcəyəm? Real həyata dönməm gərəkdir.
Razı oluram. Alınacaqmı? Əliyev razıdır. Büro iclaslarında katibləri və nazirləri diqqətlə dinləyirdi, sonra sakit və faktlarla, hərdən qeydlərinə gözucu baxmaqla deyirdi: “Müzakirə edilən məsələ ilə bağlı dedikləriniz real vəziyyəti əks etdirmir. Həqiqətsə belədir. Siz faktları saxtalaşdırırsınız”. 
Büronun qəbul etdiyi qərarda isə yazılırdı: “Büro Bəşirzadənin çıxışı ilə bağlı narahatlığını diqqətə çatdıraraq qeyd edir ki, o, çıxışında rəhbərlik etdiyi  nazirlikdə vəziyyəti obyektiv təhlil etmək, nöqsanları aradan qaldırmaq, çıxış yolları göstərmək əvəzinə özünü tərifləməklə, görülmüş işləri şişirtməklə məşğul olmuşdur” (5 aprel 1972-ci il, protokoldan).
Büro üzvlərinin özləri də məəttəl qalırdılar: Əliyev bu qədər hərtərəfli və düzgün məlumatları haradan alırdı? Yoxsa Təhlükəsizlik Komitəsindən alırdı, nazirlikdən kimsə gizli məlumat ötürürdümü? Çox keçmədi bu məsələ də aydınlaşdı. Bütün bunları informasiya bölməsi hazırlayırdı. Bundan sonra sosioloqlara düşmən gözü ilə baxdılar, çəkindilər.

İtirilmiş inam

Getdikcə Əliyevin də bizə inamı itdi. Görünür, alternativ informasiya mənbəyinə ehtiyac qalmırdı. Çünki MK şöbələrinin verdiyi informasiyalarla bizim informasiyalar əks-qütb təşkil edirdi. Əliyev də prinsipini dəyişmişdi: Hər şeyə şübhə ilə yanaşırdı, yəni təriflənəni söyürdü, söyüləni tərifləyirdi. Bu şəraitdə obyektiv informasiya toplamaq, təhlil etmək, nəticə çıxarmaq mümkün deyildi. Biz əsas məqsəddən tamam uzaqlaşdıq, təsnifat və çeşidləmə ilə məşğul olduq. Bölmə əməkdaşları daha çox birinci katibə məruzə və məqalə yazırdılar. İnformasiya toplamaq yenə KQB-nin inhisarına qaytarıldı.

(Ardı var)      azadliq.info       Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий