Страницы

22.06.2014

İSTEDADIN FACİƏSİ


Müəllim işlədiyim Ocaqlı kəndində Dədəkişi Solğun (Musayev) adlı bir şair var, eşqdən-məhəbbətdən qaralayıb başını girələyirdi. “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyev bu adamın qeyri-adi istedadını üzə çıxardı. Sən demə, Dədəkişi Solğunda satirik şeirlər daha təsirli alınırmış. “Oyan, mənim məzlum xalqım” deyən şairin hər misrası onun həyatını təhlükə altında qoyur:


Yetər artıq bu dözümlük, çax ey şimşək, əs ey külək,
Bir loxmalıq çörək üçün zibil eşir min ağbirçək.
Bu nə gündür? Nə ruzgardır?- Gözün çıxsın sənin, fələk,
Dəyişibmi de zamana, yun döşəkdə yatır eşşək?
Möcüzənə milyon şükür, gətirmirəm işinə şəkk,
Zülüm qalır yer üzündə qucaq-qucaq, ətək-ətək.
Zəncir, bıçaq, zindan ilə alınıbdır gur səsimiz,
Elə bir dərdə düşmüşük, gedir-gəlmir nəfəsimiz.

Dədəkişi oxucusundan soruşur: Tufan niyə qalxmadı? Bu qədər kəskin, ironik, sarkaik misralara Baba Pünhanda da rast gəlməmişəm: 

Ey badi-səba, əs yenə tufanları qaldır,
Yatmaqda olan millətə sən surunu çaldır.
Qorxuyla qoy əssin neçə dizlər, neçə baldır,
Yatmaqla azadlıq diləmək müftə xəyaldır.
Susma, nə olur, əs yekə bir vəlvələ saldır,
Hürriyyət varsa da yolu- cəngi-cidaldır,
Tufan niyə bəs qalxmadı sübhün işığında?
Çeynənmədə ömrüm yenə zülmün qaşığında.

Bu qəzəb, bu nifrət nə üçündür? Şair iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkəsində nədən narazıdır? Bilirsinizmi Dədəkişi Solğun hansı peşənin sahibidir? Müəllimdir? Yox! Məmurdur? Yox! İş adamıdır? Yox! Fəhlədir? Yox! Bəs kimdir? Diplomunu evində mirgə yeyən Dədəkişi Bakıda dəmir yolu vağzalında yük daşıyır! Bax, budur istedadın faciəsi! Şairin faciəsi şair xalqın faciəsidir.

Bilal Alarli

Комментариев нет:

Отправить комментарий