Страницы

27.06.2014

Süni qidalar uşaqların psixologiyasını şikəst edir

“Süni qidalar uşaq psixologiyasına mənfi təsir edir. Körpə ana südündən məhrum edilirsə, həmin uşaqlarda cəmiyyətə qarşı qisasçılıq hissi formalaşır”. Bunu Modern.az-a açıqlamasında K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, dünyada insandan başqa ikinci bir canlı yoxdur ki, öz balasına yad qida versin.
“Uşaqlar doğulandan 6 ay müddətində yalnız və yalnız ana südü ilə qidalanmalıdırlar. Yalnız 6 ayından sonra əlavə qida verilə bilər. Həmin vaxta qədər uşaqlara süni qida verməkdən mümkün qədər çəkinmək lazımdır. Uzun illər gəldiyim qənaətə görə, deyə bilərəm ki, körpəni ana südündən məhrum etmək, yaşlı bir insanın azadlığını əlindən almaq kimi bir şeydir.
Ya yaşlı bir şəxsi məhbus etdin, ya da uşağı süddən kəsdin, düşünürəm ki, cəza birdir”. 
Psixoloq Elnur Rüstəmov da öz növbəsində həkimin dediklərini təsdiq etdi. 
“Nəzərə almaq lazımdır ki, uşaq bəlli bir yaşa qədər ana südü ilə qidalanmalıdır. Ana südü ilə qidalandığı təqdirdə, ana ilə uşaq arasında sıx bir təmas yaranır. Süd əmməklə uşaqda ağız vərdişləri yaranır. Bəzən süddən kəsmək uşaqlarda sevgi doyumsuzluğuna səbəb olur”.
E. Rüstəmovun sözlərinə görə, süd əmməyən uşaqlarda bir sıra psixoloji problemlər yarana bilir. “Ana südünün tərkibində olan maddələri süni şəkildə almaq mümkün olmur. S üni qidalar yoxlamalardan keçsə də, onların tərkibinin tam olaraq nədən ibarət olduğu bilinmir. “Bütün hallarda, süni qidalar zaman keçdikcə uşaqlarda psixoloji, hətta orqanik problemlərə də səbəb olur. Sadəcə alternativimiz yoxdur. Axı uşaq acından ölə bilər, buna görə, o nə iləsə qidalanmalıdır. Analar hələ hamiləlik dövründə bu barədə maariflənsə, problem qismən də olsa, öz həllini tapa bilər. İstənilən halda ana qabaqlayıcı tədbirlər görə bilər. Bütün hallarda ana südü daha faydalıdır”.
Qeyd edək ki, Milli Məclisin 2003-cü ildə qəbul etdiyi “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında“ Qanuna əsasən, ana südündən başqa digər bütün qidalar süni qida adlandırılıb.
Müşahidələr görə, son illər Azərbaycanda yeni ana olanların əksəriyyəti övladlarını daha çox süni qidalarla yedirtməyə üstünlük verirlər, nəinki təbii ana südü ilə...

Gülşən RAUFQIZI            modern.az

Комментариев нет:

Отправить комментарий