Страницы

31.07.2014

Bir gün Fazil Qəzənfəroğlu... (siyasi lətifə)

Çağ Öyrətimin Azərbaycandakı rəhbəri Ənvər Özər Fətullah Güləndən 100 min, hər ay isə 5 min dollar alıb sizə ötürürdü

Bir gün bir jurnalist talkuçkada Fazil Qəzənfəroğlu ilə rastlaşır. Həm ziyarət, həm ticarət fikriylə diktafonunu çıxarıb Fazil bəyə yaxınlaşır:
-Fazil bəy, Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsinə münasibətinizi bilmək istərdik.
Fazil Qəzənfəroğlu:
- Yaxşı olardı ki, bundan əvvəl Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsi mövzusu müzakirə olunardı. Əvvəlcə onu deyim ki, fiziki zəhərlənmə ilə bağlı isə heç bir ehtimalım və əlimdə hər hansı bir əsas və ya şübhələndirici məqam yoxdur. Ümumiyyətlə, bu məsələdə hamının dürüst davranmasına ehtiyac var. Amma Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsi məlum faktdır və bu prosesdə çoxsaylı insan iştirak edib. Mənəvi zəhərlənmə prosesində ən böyük rolu olan insanlardan biri də şübhəsiz Xanım Xəlilovadır.
Özü də o, təkcə Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsində rol almayıb, ümumiyyətlə sonradan öz fəaliyyətini genişləndirərək, bütün türk dünyasının zəhərlənməsində xüsusi rol oynayıb...
Bu vaxt təsadüfən yoldan ötən Xanım Xəlilova Fazil Qəzənfəroğlunun üstünə şığıyır ki:
-A Fətullanın ....sı, 2000-ci ildə bəy bağda olanda onu çürüdən sən deyildin?! Onda proporsional siyahıda kimin harada, neçənci yerdə olacağını müəyyənləşdirirdin, özünə yol açırdın. Mən bəyi gördüm, qorxdum. Onun ayaqları, üzü şişmişdi. Gəzə bilmirdi. Mən gördüm yox, bəyin vəziyyəti pisdir, prostat xərçəngi... Sidik bütün bədənə yayılıb, çıxa bilmir. A Fazil, onda səni söymədimmi ki, ayıb deyil, kişi ölür, sən öz karyeranın hayındasan?!
Birdən Elman Türkoğlunun ruhu bunların başı üzərini alır: 
-Mən hələ Elçibəyin cənazəsi Türkiyədən gətirilməzdən öncə, 2000-ci ilin avqustunda qəzetlərə müsahibə verərək bildirdim ki, Əbülfəz bəyi zəhərləyiblər. 
Xanım Xəlilova Elmanın ruhuna:
- Bəs o vaxt niyə hüquq-mühafizə orqanlarına müraciət etmədin?
Elmanın ruhu kəkələyə-kəkələyə:
- O dövrdə şərait elə idi ki, bunu heç kim araşdırmayacaqdı. Zəhəri xarici ölkədən - İrandan gətirmişdilər... A Xanım, nə üçün Fazilin yerini tutdun? Fazil Mustafanın Türkiyədə səlahiyyətli nümayəndə olması ilə bağlı sənədi Əbülfəz bəy özü imzalamışdı! Əli Kərimovun adamları belə sözlərimə görə "Facebook"da saxta profillərlə mənə hədə-qorxu gəlməyə çalışırdılar. 
Fazil bəy onun köməyinə gəlmiş ruha ruh verir:
-Ona görə mən AXCP-yə pul ayrılmasını istəmirəm. Çünki bu, xarici səfirliklərin AXCP-sidir, Elçibəyin miras qoyduğu AXCP deyil... Bir də İran zəhəri məsələsi... A kişilər... (Xanıma baxıb yenidən başlayır) Xanımlar və bəylər! Mən fitr bayramı namazı qıla bilmədim. Bayram namazı qılmaq üçün məscidə getdim. Bildirdilər ki, sabah qılınacaq. Biz, Fətulla bəyə bağlı insanlar təbii ki, referans olaraq Türkiyə təqvimini və qaydalarını götürürük...
Xanım:
-Ay uşaq, bəs deyirdin istər Əhli Sünnə olsun, istər Əhli-Şiə, kim çıxıb söyləyirsə ki, mən ağlımı özüm işlətmirəm, öz şeyximə, müctəhidimə həvalə etmişəm, həmin zatlar nəyi söyləsə, onu da təqlid edəcəyəm, bu artıq yalnız ağıldan imtina deyil, adamlıqdan imtinadır? Demirdin? İndi sən kor-koranə Fətulla yoluna düzələndə adamlıqdan çıxmırsan?!
Fazil bəy:
- Mən hər yerdən çıxıb hər yerə girərəm, bir İrandan başqa. Eşitmədin Elman nə dedi: Zəhəri xarici ölkədən - İrandan gətirmişdilər! Mənə qaranlıq qalan budur ki, Xanım Xəlilovaya zəhəri İrandan kim gətirib? Şeyxdən şübhələnirəm. Təkcə o İran malı işlədir.
Xanım Xəlilova:
- Kəs! Çağ Öyrətimin Azərbaycandakı rəhbəri Ənvər Özər Fətullah Güləndən 100 min, hər ay isə 5 min dollar alıb sizə ötürürdü. Sənəd var, sənəd. Hamı bilir ki, sən Fazil Gülənin hizimət hərəkatına işləyirsən. Sizi deputat seçdirən Gülən olmayıb yoxsa! Litseylər bağlanılb, yanırsan?!
Fazil bəy:
- Bu məktəbləri bu hakimiyyətin qurucusu olan Heydər Əliyev açdırıb. H.Əliyevin icazə verib açdığı məktəbi bağlamağın adı nədir?
Xanım:
-Mən bilirdim ki, sən Əliyevlərə iş verirsən. Yoxsa deputat olmazdın. Mustafanın mustafası çıxdı!
* * *
Şeyx müavinindən astaca soruşur:
-Salman, linç nədir? 
Salman:
-Şeyxim, linç ya linc? 
-Linç! Türk bəradərlər yazıblar ki, Azərbaycanda media Fazil Mustafaya qarşı linç kampaniyasına başlayıb.
Salman:
-Şeyxim, əslində elə o da linc kimi bir şeydir. Düyü, xəmir yaxşı bişməyib yapışanda bizdə ona linc deyirlər. Gülmə gülünc olana, bir aşı linc olana... Yəqin Fazil bəyi özləri üçün bişirmək istəyirlər, media da mane olur. Yəni qabağa getməyə qoymur.
Şeyx öz-özünə:
-Pahh atonnan! Diyirəm axı bu uşaq nə bərk yapışıb. Demək linc düşüb. Düz edirlər onu linç edirlər.

nur-az.com

Комментариев нет:

Отправить комментарий