Страницы

01.07.2014

Böyüklük, yoxsa cılızlıq?

Seymur Abbas

Həvəskar səviyyəli bir adam kimya mütəxəssisi ilə hansısa maddələrin reaksiyası barədə, tibb mütəxəssisi ilə hansısa xəstəliyin xassələri barədə, rəssamla təsviri incəsənət janrları barədə mübahisə edər və öz düşüncə darlığının təzahürü olaraq həmin sahələrdə səhv tutduğunu zənn edərkən, əslində elmi və məntiqi səviyyəsinin hansı həddə olduğunu göstərər.
Eləcə də qeyri-dindar bir adam ilahiyyatçı ilə din barədə mübahisə edər, öz düşüncə darlığının təzahürü olaraq ilahi qanunlarda səhv tutduğunu zənn edərkən, əslində elmi və məntiqi səviyyəsinin hansı həddə olduğunu göstərər.
Həmçinin bir dindar müxtəlif  elmlərin, peşə sahələrinin mütəxəssislərini bir kənara qoyaraq,  həmin sahələr barədə onlara etina etməyərək, gedib ilahiyyatçıya müraciət edər, ruhaninin hər şeyi bilən adam olduğunu zənn edər və onun səhv etmək ehtimalının mümkünsüzlüyü doqmasına qapılar və bu dindar da öz düşüncə darlığının təzahürü olaraq, əslində elmi və məntiqi səviyyəsinin hansı həddə olduğunu göstərər.
Yuxarıdakı müqaisələrərdən hasil olan nəticə etibarilə belə paradoksal hallarda əslində dinə tənə edənlə dindarın düşüncəsi fərqlənmir.
Hələ mən bunların öz içlərində çoxsaylı bölünmələri demirəm, ümumi təsnifatı bildirirəm. Yoxsa dindarların içində filan məzhəbdən olmaq, filan məscidin əhli olmaq, filan hacının tərəfdarı olmaq və b. ayırmaçılıqlar, digərlərinin içində isə solçusu, milliyətçisi, liberalı, komunisti və s. fərqli ideologiyadan olanların ədavətləri bitmək, tükənmək bilmir.
Hər ikisi qarşı tərəfdə ondan təfəkkür tərzi ilə elə də fərqlənməyənlər tərəfindən gülüş obyektidir, lağa qoyulur.
Hər ikisi də üçüncü yolu, alternativ baxışı rədd edir, yalnız ağ və qaranın olduğunu zənn edir.
Hər ikisi də bizim cəmiyyətdə mövcuddur(u keçib və təəssüf ki, tipik kütlə olaraq çoxluğu təşkil edir).
Və hər iksinin də vəziyyəti acınacaqlıdır.
Bəli, bu bizik, bizim vətəndaş. Nə qədər inkar etsək də, ört-basdır etməyə çalışsaq da xeyri yoxdur, özümüzü düzəltmədikcə xeyri yoxdur, başını quma salmış dəvəquşudan  fərq yoxdur.
Cılızlıq!
Nə qədər ki, bizdən fərqli düşünənlərə düşmən gözü ilə baxacağıq, bu belə də davam edəcək və getdikcə dərinləşəcək.
Amma sevgi, şəfqət və mərhəmətlə baxsaq mühəqqəq ki, uzlaşma olacaq.
Rəsulullah (s) buyurub: "Sevgi, şəfqət və mərhəmət insanlığın məhək daşıdır."
Ay dindar cənab, xanım, məgər peyğəmbərin dediyi insanlıq səninçün meyar  deyil? Axı sən müsəlmansan.
Ay dini inkar edən cənab,xanım, məgər insanlıq səninçün də meyar deyil? Axı sən insansan.
Böyüklük!
Hansı daha yaxşıdır, doğrudur, mütərəqqidir;  sevgi, yoxsa nifrət, şəfqət, yoxsa kin, mərhəmət, yoxsa zülm?
Yəni, böyüklük, yoxsa cılızlıq?
 
birlik.az

Комментариев нет:

Отправить комментарий