Страницы

13.07.2014

BÜTÜN ANALARA REKVİYEM

Aliq Nağıoğlu

-Salam, ana... Mən qayıtdım... Sənə nə olub?- dünyada ən doğma, ən yaxın olan adamı-ananı qucaqlayacaqsan... Sənin dərbədər olduğun o illərdə elə qocaldı, elə kiçik oldu ki, deyərdin dünyanın ən aciz, köməksiz adamıdır. Səni heç olmasa hərdən görmək ümidi ilə o, artıq öz ömrünü başa vurmaqdadır. Bu dünyada nələri görmədi ki!.. Kiçicik xəbər bəs edir ki, sənin sağlıq durumun, rahatlığın haqda kişi müdafiəçi sənətindən ona sızsın, çatsın. 
Harda olmağından asılı olmayaraq, o, həmişə sonsuz həyəcan içində olub. Sakitcə qonşuluqdakı məscidin həyətinə gəlib, əllərini onun müqəddəs divarlarına qoyub, sənin canına dualar oxuyub. Məsciddən çıxanda əllərini göyə açaraq, sağ əlini üzünə çəkə-çəkə dodaqlarının aramsız pıçıltıları hələ taxta qapısının kandarınadək kəsilməyib. 
Üzünü sənin sinənə qoyub, səssiz-səssiz hönkürəcək, büzüşmüş-qısılmış çiyinləri titrəyəcək, örpəyinin qırağı ilə axan göz yaşlarını siləcək, qızarmış gözlərini sənin qıyılmış gözlərinə dikib deyəcək: 

-Heç, heç-ç, oğlum... Bu, sevinc göz yaşlarıdır... Heç fikirləşmirdim belə tez gəlməyini... 
Ana ürəyinin xoşbəxtliyinin və istisinin həddi-hüdudu olmayacaq. O, qəfəsdən çıxantək çırpınacaq, tənhalığın bitməsindən isinəcək, uzun-uzadı gözləməkdən yorulmuş bütün əzası titrəyəcək, yanağının qırışlarındakı göz yaşları xəfifcəsinə alışıb-yanacaq.
-Sənin saçların büsbütün ağarıb ki!..-yüngülcə fəryad edəcək, sənin qısa saçlarını darayacaq, titrəyən barmaqlarını nəvazişlə sənin saqqal basmış yanaqlarına toxunduracaq. Çoxdandır axı sənin, indi amansız illərin kişi taleyinə vurduğu zərbəyə məruz qalan, xurmayi yumşaq saçlarına, incə uşaq yanaqlarına doğma ana əli toxunmamışdı: 
-Elə sən də mənim ağ saçlımsan, ana, -gülümsəyib ona cavab verəcəksən, codlaşmış əllərini körpəlikdən qoxusu tanış qısalmış hörüyünə, tamam qırış-qırış olmuş alnına çəkəcəksən, boğazındakı qəhəri udacaq, nəmli gözlərini gizlədəcək, dodaqlarını onun taqətdən düşmüş balaca əllərinə söykəyəcəksən. Bir anlığa otağa sakitlik çökəcək, kəfkirli divar saatının ahəngdar tıqqıltısı eşidiləcək. Çürümüş balaca pəncərələrə axşamqabağı qüruba gedən günəşin şəfəqi düşəcək, haradasa yerinə girməyə ləngimiş cücələr civildəşəcək, qaranquş-ana çiy kərpic otağındakı yuvasına qayıdacaq, küçədən keçən tozlu qoyun sürüsünün mələşməsi, çobanın üşkürəkdə yanıqlı oyun havası, arabadakı biçilmiş yoncanın ətri  varlığın bu lal saniyələrini dayandıracaq.
-Mənə bax haa! Axı sən yoldan gəlmisən, yorğunsan, özün də ac-susuz! Yaman xərifləmişəm, bala...- danışmaqdan yorulacaq, dəyirmi masanın üstünə ağ süfrə sərəcək, qab-qacaq çıxarıb cingiltiylə düzəcək, kiçik buxarının üstündən sənə tanış dadlı kəndli yeməyini çəkəcək. 
Yaxınlıqdakı məsciddən axşam azanının səsi yüksələcək. Yenə onun rəngsiz dodaqları aramsız tərpənəcək, əllərini yuxarı qaldırıb üzünə çəkəcək, stulunu yaxına çəkib, sənə baxacaq, baxacaq, tamaşa etməkdən doymayacaq...

Комментариев нет:

Отправить комментарий