Страницы

28.07.2014

Dərdin nə?! Haran ağrıyır, Fazil?!

Kamal Yaşar

Fazilli ayların yekunu. Əslində, bu başlıqlı yazını təxminən aylar öncə, sizin camaatı “şərəfsiz” adlandırdığınız zaman yazmaq istəyirdim. Ancaq o zaman sizə kifayət qədər cavablar verildi. Mən də düşündüm, daşındım və qərar verdim ki, gözləyək sular bir az da durulsun və əgər deyən tapılmasa mən də sizə indiyədək deyilməyən bir iki şeyi deyim. Gün keçdikcə sizdən (Fazil Mustafadan) növbəti iradlar, tənqidlər filan gördükdən sonra düşündüm ki, elə bu gün yazını yekun olaraq yazıb bitirim və başlığa da əlavə kimi yarımbaşlıq olaraq “Fazilli ayların yekunu” sözlərini yerləşdirim. Çox hörmətli Fazil Mustafa, vəkillik etdiyiniz bu millətin bir nümayəndəsi kimi sizə bəzi deyəcəklərim var. Ona görə lütfən bir az da yaxın əyləşin. 
İlk olaraq gələk sizin aylar öncə nurçuları qınayanları şərəfsiz adlandırmanız məsələsinə və bu məsələyə fərqli bir baxışa. Əvvəla, şərəfpərvərlik münasibətilə sizi təbrik edirəm. Həmişəki kimi çox böyük yükün altına girmisiniz.
Məncə, hətta “Şərəfşünaslıq” deyə bir ayrıca elm sahəsi yaratmağın və onun nəzəri-praktiki konsepsiyasını da hazırlamağınızın tam zamanıdır. Çünki göründüyü qədəriylə, deyəsən, cəmiyyət artıq şərəfin meyarlarını itirib və bu yerdə siz mütləq, meydana girib öz “şərəf təklif paketi”nizi irəli sürməlisiniz. Məncə, paketdəki müddəalarınızın əsasları da demokratiyanın beşiyi olan Amerikadan və hətta orada türk oğlu türkün ümummilli nurani bir lideri kimi qəbul olunan bir adamdan qaynaqlanmalıdır. Ona gorə Amerika ki ora mübarək və demokratik bir məkandır. Ona görə türk oğlu türk ki, bu gün türklər dünyada ən pozitiv millət hesab olunur və bu baxımdan şərəf haqqında müddəaların əsasnaməsi pozitiv, dolayısıyla gülən bir adamdan qaynaqlanmalıdır ki, pozitiv “neoşərəf” olsun. Amerika və Gülən. Vəssalam, iş tamamdı. Düşünürəm ki, bu ideyam üçün mənə, mütləq, minnətdarlıq edəcəksiniz.
Ağam-ağam deyiblər, o dedikləri də İrandakı saqqallı kişidi. Bu söhbət heç səngiməmiş ardınca müsahibə verdiniz ki, bəs filankəslər bir mahnı oxuyublar, orda da ağam-ağam deyiblər, o dedikləri də İrandakı saqqallı kişidi filan, bu da dövlətçilik üçün təhlükədi. İndi gəlin mən sizə bəzi şeyləri deyim. Bax bizim bu dövlət baba ki var ha, o həmin ağam deyənləri də, o ağanı da, sizi də, sizin ağaları da hamısını tanıyır və şükr olsun ki necə deyərlər, bəd ayağı hər şey kontrol altındadı. Sizin o ağa təhlükəsini insanlara belə canfəşanlıqla anlatmanıza gəlincə, deyim ki onlar bu situasiyada ağa deməklə sizdən daha səmimidirlər (Onların ağa deməyi və. s tamam ayrıca bir mövzudur). Çünki ən azı onlar ağalarını bəyan etməklə özlərini, öz kimliklərini göstərir və açıq oynayırlar. Bəs siz nə edirsiniz? 
Siz deyirsiniz ki, mənim, sadəcə, fikirlərim nurçuların fikriylə üst-üstə düşür. İnanan daşa dönsün. Mənim də Robin Qudun mübarizəsi xoşuma gəlir, ancaq mən Bakıda heç kimə Robin Qud kimi ox atmağı öyrətmirəm, təbliğ və təklif etmirəm. Siz isə göz dəyməsin burda qabağınıza çıxanı “nur”landırmağa çalışırsınız. Sizinkilərin sözü olmasın, yapmayın lütfən! Bir az diri oynayın... Sizi televiziyalarda yayımlanan, millətin zövqünə, əxlaqına, baxışına, özünə, kimliyinə bu qədər zərbə vuran bayağılıq, monotonluq, ruhsuzluq, mənəviyyatsızlıq niyə narahat etmədi, ancaq iki gəncin heç televizor üzü görməyən, ancaq youtube.com kanalında yayımlanan toyda deyilmiş bir adi bir videosu narahat etdi? Olmaya dini toylar, ya meyxana filan həvəskarısınız, xəbərimiz yoxdu? Necə oldu ki televiziyada yayımlanan o boyda çatışmazlıqları görə bilməyən siz, dini toyda oxunan bir mahnını iki daşın arasında görə bildiniz və nə əcəb Nuru paşa ilə bağlı prezidentə məktub ünvanlayan siz, bir dəfə də televiziyalardakı bərbad durumla bağlı MTRŞ-ə quru bir məktub göndərmədiniz?! Həə, bax necə deyərlər burda Kərəmi ağlamaq tutur, ay Fazil müəllim…
Sizcə niyə məhz Şah İsmayıl? Siz o “mübarək” məktəblərə görə insanları təhqir etmişdiniz ki, orada Şah İsmayıl, anasının başını kəsən və onun kəllə sümüyündə şərab içən bir vəhşi kimi insanlara təqdim olunur. Əksinə, türklərin özlərinin Yavuz (vəhşi) ləqəbi verdikləri Sultan Səlim isə mübarək bir zat kimi təsvir olunur və onun müharibəyə başlamasının “labüdlük prinsipləri” əsaslandırılır. Təkcə bu faktor bütün millətin “öz”ünü parçalamaq, bütün milləti, ölkəni və onun dəyərlərini tapdalamaq deməkdir. Sizcə niyə məhz Şah İsmayıl? Sizcə, niyə məhz İsmayılın yaratdığı şiə əqidəsinə əsaslanan dövlətçilik prinsiplərinin təhqiri? Yenə bunun da üstünə gəlin hər Məhərrəmlik ayında tənqid etdiyiniz aşura mərasimlərini. Yenə şiəlik faktoru, yenə din faktoru. Bunlar sizə bir şey demir? Yuxarıda demişdim, yenə deyirəm, bir az diri oynayın lütfən…
“Nur”ani məktəbləriniz. Bu, uğrunda camaatı şərəfsiz elan etdiyiniz o məktəblərdir ki, artıq onun haqqında ən səthi biliklərə sahib olan orta statistik bir azərbaycanlının da dəqiq məlumatları var və onlar da bu məktəblərin nəyə xidmət etdiyini gözəl bilir. Bir də lütfən özünüzü məktəb təşəbbüskarı kimi göstərib Mirzə Cəlillə, Axundovla eyniləşdirməyə çalışmayın. Ən azından ona görə ki onlar məktəb açaq deyirdilər, dini məktəb yox. Sizin bu “nur”ani məktəbləriniz isə birbaşa dini bir lider tərəfindən idarə olunan və dini bir süzgəcdən keçən “məktəb”dir. Hələ üstəlik o “din” nə dindir, missiyası nədir, nədən məhz məktəblər vasitəsilə yayılmağa başlayır, bu da məsələnin digər tərəfidir. Məsələni o qədər çək-çevir etdiniz ki, məktəblərinizi də bağladılar, “nur”unuzu da söndürdülər. 
Gələk yenə sizin yuxularınızı ərşə çəkən Şah İsmayıl məsələsinə. Sizin tarix haqqında bilgilərinizə heç kimin şübhəsi yoxdu. Orta səviyyədən çox yüksəkdi. Çünki məqsəd var, sizi narahat edən o boyda İsmayıl var axı, araşdırmısınız, oxumusunuz. Ancaq bütün bu göstəricilərə əsasən, yüksək görünən sizin tarixi bilgiləriniz bir mütəxəssis qarşısında çox zəif və cılızdı. Bunun ən gözəl nümunəsini isə bu cəmiyyət ans telekanalında tarixçi Dilavər Əzimli ilə olan Şah İsmayıl mövzusundakı müzakirə, mübahisənizdən bildi. Demək ki burda da, sizin bu Şah İsmayıla olan düşmənçiliyinizdə də tarixi faktlar yox, yenə digər məsələlər dövrəyə girir…
Hətta axtarsanız, Antarktidaya işləyən də tapılar. Bəli, bu məmləkəti viran qoyan bax elə həmin ora-bura işləyən satılmışlar oldu. İrana da, Rusiyaya da, Türkiyəyə də, Amerikaya da, İsrailə də, Səudiyyəyə də, ağlınıza başqa hara gəlir ora da işləyənlər var bu ölkədə. Hətta axtarsanız, Antarktidaya işləyən də tapılar. Məlumdur ki, ölkədə fəaliyyət göstərən din xadimlərinin demək olar hamısı müxtəlif ölkələrdə təhsil alıb. Səbəb isə çox sadədir. Çünki bir zamanlar, hələ XIX – XX əsrlərdə Azərbaycanda çoxlu sayda din xadimi olub. Hətta yaxın zamanlarda QMİ-də bu haqda bir toplu da işıq üzü gördü. Topluda indiyə qədər Azərbaycanda yaşayan və fəaliyyət göstərən din alimləri haqqında geniş məlumat verilir. Yaşadıqları coğrafiyaya, topluma bələd olan bu alimlərin, bu şəxsiyyətlərin hesablamaları da düzgün və dəqiq idi. Hətta o qədər dəqiq ki, bölgədə hakim olan şiəlik və sünnilik mövzusunda belə hər şey davamlı olaraq kontrol altında olub. Bəs indi nə baş verir? Bu gün məlum səbəblərdən o cür alimlər olmadığına görə həmin boşluğu xaricdə dini təhsil alıb gəlmiş tələbələr doldurur. Birmənalı olaraq hamı bilir ki, xaricdə təhsil alan tələbə, həm də bəzi təlqinlər və hətta təlimlər də alır. Hər biri də öz ölkəsinə qayıdanda öz oxuduğu, əxz etdiyi bilgiləri yaymağa çalışır. Elə isə bəs etalon, meyar nədi? İnsanlar haqqı necə müəyyənləşdirsin? Haqq qalsın bir kənara, indi həmin o oxuyub gələnlər öz ideyalarını təbliğ də yox ey, biədəb də olmasın birbaşa soxuşdurmaq istəyir. Ancaq bu xalqa, bu məmləkətə İrançı, Turançı, Rusçu, Amerikaçı lazım deyil, bu məmləkətə islami dəyərlərə hörmət edən Azərbaycançı lazımdı. Bəli, Azərbaycançı. Hətta başqa yerdə təhsil alıb gəlmiş olsa belə.
Fazilli dəqiqələr və ya Fazildən incilər. Cənab Fazil Mustafa, vallah, din təhsili almasanız belə, ancaq o qədər belə mövzulara qatılırsınız ki, cəmiyyət sizi elə sanki bir din mütəxəssisi kimi tanıyır. Ya birdəfəlik müftiliyə iddia edin və bir əbadan, qəbadan geyinib mufti olun, dini qərarlar filan verin, radioda və ya televiziyada “Fazilli dəqiqələr” və yaxud “Fazildən incilər” adlı bir proqram açıb bu halına görə gecə-gündüz yaman narahat olduğunuz milləti “nur”a dəvət edin, bu millət də sizə elə dindar kimi yanaşsın, ya da lütfən öz işinizlə məşğul olun!
Əgər sizə problem və mövzu lazımdırsa, mən sizdən fərqli olaraq bütün günü bu xalqın arasında olan bir jurnalist kimi sizə problemlər göstərə bilərəm. Küçə süpürən azyaşlılar, metro çıxışlarında addımbaşı polisdən gizlənə-gizlənə vedrədə almasatanlar, pritonlar, burdan basa-basa Suriyada, İraqda “şəhid” olmağa göndərilənlər və göndərənlər və s... Papağınızı qabağınıza qoyub bir fikirləşin ki, niyə sizi görməli olduğunuz işlər yox, başqa işlər düşündürür, niyə?.. Heç olmasa, özünüzü pərdələməyə çalışmayın. Heç olmasa, siz də əlinizi vicdanınızın üzərinə qoyun və açıq oynayın. Onsuz da bu başıbəlalı qara camaat sizi tanımasa da, tanıyanlar tanıyır və niyyətinizin nə olduğunu da bilir.
Marsdan gələn Elşad Miri və onun müridləri. Qəribədir, deyilmi, sizinlə fikirləri üst-üstə düşən digər bir “mübarək” din xadimi də var- Elşad Miri. O da yatıb qalxıb şiəlik barədə ağzına gələni deyir. Burası da qəribədir, deyilmi, hər ikinizin də başınız yenə o mübarək məkana, ABŞ-a gedib çıxır. Sadəcə, o Səudiyyə, siz isə Türkiyə üzərindən. Necə deyərlər bütün yollar Romaya aparır. İkinizin də düşməniniz eynidi- şiəlik. O da Məhərrəmlik ayı gələn kimi əl-ayağa düşüb məqaləllər yazır, müsahibələr verir, siz də. Guya ki ikiniz də İmam Hüseyni yox, o zəncir, sinə vuranları tənqid edirsiniz. Ancaq vallah, billah, bir az da milli desək, dədəmin dədənin goru haqqı siz elə İmam Hüseynin özü ilə düşmənçilik edirsiniz.
Necə ki indi sosial şəbəkələrdəki vəhhabi (sələfi) səhifələri bu məmləkətin insanlarının “imamların şəkli” kimi qəbul etdikləri, beyinlərinə oturuşdurduqları (əslində doğru deyil) həmin şəkilləri paylaşıb ona lağ edir, olmazın təhqirlər yağdırır və məsxərərlər edirlər. Əsas da gətirilər ki, o vaxt şəkil ola bilməzdi, bu imamın şəkli deyil, biz imama pis demərik, bu şəkildəki kimdirsə onu söyürük. Ancaq təbii ki, bunlar gözə pərdə asmaqdı və bu insanların hamısı alt qatda, şüuraltında elə imamların özünü təhqir edirlər. Çünki yenə də səbəb var. Axı o imamlar onların düşmən saydıqları, qanını halal bildikləri şiə əqidəsində olan müsəlmanların çox hörmət etdiyi şəxsiyyətlərdir, ideallardır. Təbii ki şiə ilə düşmənçilik edən vəhhabi (sələfi) onun lideri, imamı ilə də düşmənçilik edəcək. 
Necə ki özünü Marsdan gələn dindar kimi aparan, sanki ətrafında baş verən bütün olaylardan xəbərsiz olan, guya bütün təriqətləri, məzhəbləri tənqid edərək etalon “modern müsəlman” imici qurmağa çalışan, ancaq əslində Səudiyyə yetirməsi olan və sələfi əqidəsinə qulluq edən Elşad Mirinin “mürid”ləri aparır. Bax sizin də, həmin Elşad Mirinin də düşmənçiliyi o zəncir, sinə vuranla yox, elə İmam Hüseynin özü ilədir! Sadəcə, pərdələnmək üçün zəncir və sinə vurmaq bəhanədi. 
Sizin özünüzü Sabirlə, Cəlillə müqayisə etdiyinizdən belə qənaətə gəldim ki, siz də ədəbiyyatsevərsiniz. Elə ona görə də onların yazdığı üslubda bir şeir-dialoq da mən yazdım. Personajlar bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və sizsiniz. Axı bu günlərdə də yenə camaat xoş əhvalda bayrama hazırlaşarkən, siz yenə ənənənizə sadiq olaraq İran mövzusunu ortaya atdınız (bu mövzuda da sizə kifayət qədər cavab verildiyi üçün artıq bircə kəlmə belə söyləməyi lazım bilmirəm), deputatı olduğunuz müstəqil ölkəni isə İranın mənəvi müstəmləkəsi adlandırdınız. Sizə elə gəlmirmi ki, bu sözlərlə müstəqil siyasət yürüdən müstəqil hakimiyyətə də, onun fəaliyyətinə də saymazlıq edirsiniz?! Bütün iradları qoyun bir kənara, heç olmasa, bunu ciddi-ciddi düşünün! Bütün bunlar da azmış kimi, dünya ictimaiyyətinin terrorçu, vəhşi olaraq tanıdığı İŞİD silahlı təkfirçi qruplaşmasını terrorist qruplaşma olaraq tanımamağı təklif etdiniz! Vallah, bu barədə artıq sizə bir kəlmə belə deyəcəyim bir şey yoxdu!
Fazilnamə. Yuxarıda qeyd etdiyim kimi, sizin və tənqid etdiyiniz bütün Qafqazın şeyxinin simvolik dialoqunu mübarək hüzuri-şərifinizə təqdim edirəm. Personajlarımın tarixi şəxsiyyətlər olmasına və yazdığım bu dialoqun həqiqətdə baş tutmamasına baxmayaraq, siz bunu bir ədəbiyyat kimi qəbul edin. Zatən sevəcəyinizə əminəm. Həm axı heç Kamal Abdulla da öz “Yarımçıq əlyazma”sında Şah İsmayıl haqqında istədiyi olmayan şeyləri uydurub yazsa da, ona gözün üstə qaşın var deyən olmamışdı. Axı bu postmodernism ədəbiyyatdı. Bu situasiyada mən də postmodernistəm. Özü də lap zırından. Üstəgəl, sizinkilərin o məşhur “Kurtlar vadisi” serialında da əvvəldə “bütün hadisələr və şəxsiyyətlər hayal ürünüdür” yazılır, ancaq filmdə dünən baş verən tarixi hadisəyə münasibət bildirilir, eləcə də bunu o qəbildə bir “hayal ürünü” hesab edin. Beləliklə, sizin həqiqətdə baş tutmayan, ancaq mənim təqdim etdiyim “hayal ürünü” olan ədəbiyyatda mümkün olan dialoqunuzu oxuyun.

Bütün Qafqazın Şeyxi:

Əzizinəm, sən Fazil,
“Nur”lu Fazil, “nur” Fazil.
Sənə bir şeylər olmuş,
Haran ağrıyır Fazil?

Fazil Mustafa:

Faziləm, yaralıyam,
Gülənli, Turanlıyam.
Mənə şəkk etmə qafil,
Mən bir “nur” adamıyam.

Bütün Qafqazın Şeyxi:

Fazilim, dönmə belə,
“Nur”lanıb sönmə belə.
Nur əzəldən var idi,
Təzə “nur” satma belə.

Fazil Mustafa:

Aaaa…

Bütün Qafqazın Şeyxi:

Dayan Fazil, sözümü kəsmə, sonadək dinlə və sus!

Fazil Mustafa:

Oldu qaqa…

Bütün Qafqazın Şeyxi:

Sən bir millət vəkili,
Alovlu nitqi, dili.
O zaman o dilini,
Ucuza satma belə.
***
Ölməmişəm mən hələ,
Zatım, kökənim şiə.
Allahşükür var hələ,
Döşünə döymə belə.
***
Al qazını, almayım,
Kəs səsini, kəsməyim.
Yığ özünü, yığmayım,
Özünə hörmət elə.
***
Bu məmləkət çox görmüş,
Sənin tək Fazilləri.
Ancaq qucaq açmamış,
İstərsən hicrət elə!
***
Mövzunmu yoxdu sənin?,
Dərdinmi yoxdu sənin?.
Gənclərimiz İraqda qırılır,
Vicdanın yoxmu sənin?!
***
Get Fazil, get işinə,
Düşmə çox enişinə.
Çox dərinə getməyim!
Lütfən dön öz işinə!...

(Fazil başını aşağı salır və birdən qəfil əllərini açaraq sanki nuru axtarmaq, əllərinə nurdan qüvvət toplamaq istəyir ki, şeyxə cavab versin. Ancaq nur görünmür… Hər kəs dağılışır).

Hörmətli Fazil müəllim! Bir daha rica edirəm, oxuduqlarınız sizi incitməsin. Ən azı mən sizə sizin insanlara dediyiniz sözü (şərəfsiz) deməmişəm. Sadəcə, cəmiyyətdə baş verən bütün hadisələri, xüsusilə də son zamanlar qızışan (qızışdırılan) dini mübahisə və qarşıdurmaları bir jurnalist olaraq yaxından izləyən və bütün bunların fonunda sizin baxış bucağınızı qiymətləndirən bir müəllif yazısı kimi düşünün bunu. Təbii ki içində şeir olduğuna görə bir də bir ədəbiyyat nümunəsi kimi. Millət vəkilinin işi-peşəsi millətinin işi ilə məşğul olmaqdı, sağa-sola lənət səpmək yox. Yox əgər həqiqətən, dini də haqlı olaraq millətin işlərindən biri sayırsınızsa, o zaman münasibətlərinizdə də tərəfsiz olun, nurçu mövqeyinizi işə qatmayın. Mənim də bir jurnalist, həm də vətəndaş olaraq sizə irad bildirməyə haqqım var. Mən də bu haqqımdan, sadəcə kiçicik söz haqqımdan istifadə etdim və bu dəfə ancaq bu kiçik detallarla kifayətləndim. Bir daha sizdən yazmağa səbəb tapmayacağıma ümid edərək sizə sağ ol deyirəm. Oxuduğunuz üçün sayqılar. İnandığınız köməyiniz olsun, nurunuz da bol olsun.

birlik.az

Комментариев нет:

Отправить комментарий