Страницы

11.07.2014

Fərqanə poeziyasında Allaha, Tanrıya, İlahiyə müraciət

Elnur Rəsuloğlu (Əliyev)

Mənimki dözümdən gəlib/ Üz tutdum üzü Allaha... (“Susdum, qızıla dönmədim”)

Sözünü Tanrı adında başlayan, Tanrıdan söz alıb yazan, özünü Tanrının öz adamı sayan, yerdə Allahın köməkçisi olub dünyanın dərdini çəkən, Allaha yaxın şairlərimizdən biri, ”bir kəlmə acı sözdən inciyib ağlaya-ağlaya gedərkən ağ vərəqləri Tanrıya tapşıracağını” bildirən Fərqanədir (1964).
Səhərə çıxdığı üçün Allaha min şükür edən Fərqanənin kitablarını vərəqləyib müxtəlif səpkili, müxtəlif məzmunlu şeirlərini oxuduğum zaman məndə onun (Fərqanənin – E. R.) poeziyasında Allaha, Tanrıya, İlahiyə müraciət böyük maraq doğurdu və bu sətirlərin yazılmasına səbəb oldu.

Mən ilk dəfə bu müraciətə Fərqanənin ömür-gün yoldaşına ünvanlayıb yazdığı “Allah, İlqar amanatı” varsağısında rast gəldim. Dörd bənddən ibarət şeirin başlanğıcında rahat yatmağa çətinlik çəkən, sevinc gəlmədiyi üçün qəmi ata bilməyən, gecə-gündüz İlqar amanatından narahat olan, üzünü Allaha tutmuş sədaqətli bir həyat yoldaşı, gəlin və ananı gördüm. Kimlərdir İlqar amanatı? Hər dərdinə yanan İlqar bəyin valideynləri – ata ilə anası və balaları – Ülkərlə Ülfət. Onsuz (İlqar bəysiz – E. R.) gərəksizliyini, duyğusuz bir ürək olduğunu, illərin onun nə çəkdiyini bildiyini nəzərlərimizə çatdıran şair şeirin sonunda yazır:

                                                   Demə doğru-yalanı var,
                                                   Olmazı var, olanı var,
                                                  Gözü yolda qalanı var,
                                                  Allah, İlqar amanatı.
                                                  Allah, İlqar amanatı.

Fərqanənin digər 1997-ci ilin may ayında qələmə aldığı “Bax sən!” rədifli qoşmasında göz önündə yuxarıda təhlilə cəlb edilmiş birinci şeirdən fərqli olaraq, xalqının, millətinin dərdini çəkən bir qadın obrazı canlanır. Bu altıbəndlik qoşmasında dözümün belə dözə bilmədiyi xalqının, millətinin ağır dərdlərindən, ən ümdəsi isə  Dədə Ələsgərin (1821-1926) gorunun yağı tapdağında çatlamasından söhbət açan, “gün altda yanan gül kimi gəlinlər – xoruldayan yatmışlar”, “qanan - qanmaz”, “ac - tox”, “çadırda can verən – sarayda yaşayan harın” kimi maraqlı bədii təzadlar işlədən şair öz şeirini Ulu Yaradana – Allaha müraciətlə dediyi “Ay Allah, görəcək günlər varıymış, Fələyin qurduğu toruna bax sən!” misraları ilə başlaması heç də səbəbsiz deyildir.
““Qadınlar, sıxmayın kişiləri siz” şerində Fərqanə Azərbaycan türk qadınlarına xas olan insan və ailə qədrini bilən bir məsləhətçi kimi çıxış edir, ev sahibləri, ailə başçıları, gecə-gündüz ailə qayğısını çəkən, çörək qazanmaq üçün min bir qatlaşan kişilərin qədrini bilməyə çağırır, axı onlar

                                                “Səhərdən axşama evindən çıxıb
                                                 Düşürlər bir tikə çörək dalınca” –

                                                “İşləyir haqqını ala bilməyir
                                                 Başına haranın daşını salsın?” 

– deyir. Və yaxud:
                                                
                                                Hər evə gələndə siz bilirsiniz
                                                Qəlbində əlacsız yarası sızlar.
                                                Gözü kölgəlisə uşaq yanında
                                                Özünə dip-diri qəbir qazırlar.

 Fərqanə bunların hamısını toplayıb üzünü bir də qadınlara tutaraq:

                                               “Siz allah dəyməyin xətirlərinə,
                                                 Özləri çəkdiyi özünə bəsdi” 

– deyir. Şair bu dərdləri də dövrlə, zəmanə ilə bağlayır:

                                                “Bu da bir dövrandı, qismətdi” 

– deyir: sonra da “Allah, üzü dönsün bu zəmanənin” – deyə dönüşə qarğayır.
Bu ümumi fonda şairin konkret həyat müşahidələri, müraciətləri başlanır” (Yusif Seyidov. Sənət yollarında kövrək duyğular. Fərqanə Mehdiyeva. Deyirlər şirindi dünya. Bakı, “Adiloğlu”, 2002, səh.5-6) və “Allah, özün saxla bu sıxıntıdan!” müraciəti ilə yeri, göyü xəlq edəndən sıxıntı keçirən kişiləri bu sıxıntıdan saxlamasını rica edir.
“Ana  apar məni” adlı, “Gəzirmişəm” rədifli, dördbəndlik qoşmasında sözü dodağında qalıb ilişən, yanıb yapışmağını da bir iş sanan, bu vurhavurun, bu didişmənin nə olduğunu xəbər alan Fərqanənin “Ay Allah, dünyanı kar gəzirmişəm” müraciət xarakterli misrası şair tərəfindən yerində işlədilmiş və şeirə ayrıca məna tutumu gətirmişdir.
Öz yanıqlı ifası ilə sevgini sızladıb yarı ağladan, göydə durnalardan qatar saxladan, tilsimi sındırıb qoru dağladan gənc tarzən Humay Qədimovaya (1986) həsr etdiyi “Humay sinəsində tarı ağladır” şeirində bu qızı “sənətin açılan gülü”, “müğamın uzanan qolu” adlandıran Fərqanə sözün yaxşı mənasında “Allah, divanədi, dəlidi bu qız” deməklə bu gənc istedada olan hörmətini bildirir.
Fərqanə xalqına, millətinə bağlı şairdir. Aşağıda gətirəcəyim misal fikrimi təsdiq üçün əyani bir sübutdur. Hər birimizə məlumdur ki, hər hansı bir kəs ah çəkdiyi zaman xalq arasında ona “Nə yaman ah çəkirsən? Ahın dağlara!” – deyirlər. Aranda havası çatmayan, düşmənin nizamının, səfinin pozulub evinin yıxılmasını arzulayan şair bu həyat faktından məharətlə istifadə edərək beş bənddən ibarət və adıyla rədifi eyni olan “Dağlara” qoşmasını “Ay Allah, sən özün xeyirə döndər, Yaman ah çəkirəm, ahım dağlara...” misraları ilə bitirir.
Təəssüflə, gileylə dolu lirik “Yaraşdı bəxtimə qəşəng ayrılıq” şeirində “Allah, üzü qara ömür yaşadım” deyən Fərqanəni “Sənə məktub yazım...” əsərində yuxusu gözlərindən ərşə çəkilən, gecənin dizləri üstə oturub səhərə kimi məktub yazan görürük. Keçirdiyi hissin ötməsini istəməyən, səsinin sevgilisinin səsinə qarışmasını arzulayan, ilıq sətirlərdən hava udan, onu kimsədən soruşmağa haqqı olmadığını bildirməklə bərabər, bu yazdığı məktubla ondan birtəhər hal-əhval tutacağına ümid edən şair əlinə qırmızı qələm alıb könlündəkini sığındığı məktubun sol tərəfində balaca bir ürək şəkli də çəkir. Sevgilisi bu işarədən – məktubun sol tərəfindəki qırmızı qələmlə çəkilən ürək şəklindən anlamalıdır ki, bu ürək mələklərin gözündən tilsimi açdığı Fərqanənin sol tərəfdə yerləşən ürəyidir. Yazdığı zaman dərisini soyum-soyum soyulduğunu vurğulayan, məktubu yollamağa ehtiyat edən şair şeirin sonunda “Ay Allah, görəsən kimdən göndərim?” sorğusu ilə göylərdən cavab gözləyir.
Şair Qəşəm Nəcəfzadəyə (1959) ünvanlayıb yazdığı “Xatirə gecəmə gələcək dostlar…” adlı şeirini “Ay Allah, gündüzün günorta çağı, Xatirə gecəmə gələcək dostlar” misraları ilə bitirən, özündən sonra keçiriləcək xatirə gecəsini təsvir edən, “Şükür şeytana...” adlı, “Allah” rədifli, üç bənddən ibarət olan gəraylısında zəmanədən, mələksimalı, şeytanxislətli insanlardan şikayətlənən Fərqanə yazır:

                                                    Boyum da çatmır boylanım,
                                                    Bir gəlim yanına, Allah!
                                                   Vaxt elə qurban elə,
                                                   Məni öz canına, Allah!

                                                  Gün keçirdim əsə-əsə...
                                                 Bu günümdən keçdim nəsə...
                                                 İşdi bir gün dözəmməsəm,
                                                Mindir cin atına, Allah!

                                                   Hamı gedir bu axında
                                                   Hərəsi bir boy-buxunda.
                                                   Çox mələklərə baxanda
                                                   Şükür şeytanına, Allah...

“Allahıma” adlı şeirində “mənə çox şey – iki göz, iki qulaq vermisən” deyən, kor görüb, kar eşitdiyini bildirən şairin “Keç günahımdan, Allah!” misrası “Keç günahımdan, İlahi...” adlı, “Oynayıram” rədifli əsərinin axırıncı bəndindəki lirik ricət təsiri bağışlayan “Keç günahımdan, İlahi...” misrasına tam uyğun gəlir.
Sonradan “Kimə inanım, nəyə Səndən özgə kimidən?” sualı ilə Allaha müraciət edən, onun yaxasından tutsun deyə ətəyindən yapışmış, onun varlığına şükür edən, adam ola bilmədiyini diqqətə çatdıran, bu günahı özünkü sayan Fərqanə şeirini şairin hər zaman Ulu Yaradana sadiq qalmaq istədiyini təsdiqləyən “İtin olum, ay Allah...” misrası ilə tamamlayır.
“Sən alın yazırsan…” adlı, “Allah” rədifli, üçbəndlik qoşmanın əvvəlində

                                          “Tutub saman çöpü ətəyin altdan
                                            Keçirim günümü birtəhər, Allah…
                                           Bizim söz-sovumuz gecələr tutur,
                                          Yenə də açılır bu səhər, Allah...” 

– deyən, bir sevgi odunda qovrulub bişən, nə haqqı tapdayıb, nə yön dəyişən, canını Allaha qurban desə də, onun yolunda ümidi kəsilən Fərqanənin bu şeirinin sonuncu misrasını qocaman şairimiz Fikrət Sadıq (1930) məktub şəklində qələmə aldığı “Kitabı vərəqlərkən...” məqaləsində aşağıdakı kimi mənalandırıb yazır:
“Sən alın yazırsan, mən şeir” yazıram – dedin. Allah! “Şeir də alın yazısıdır, qızım! Bəxtdir. Taledir. Qaraçuxadır. Gözlə görülür, əllə tutulur. Amma, alın yazısı görünmür. Uzaqdan idarə olunur” (“Ədəbiyyat qəzeti”, 26 yanvar 2007-ci il, № 3 (3546), səh.5).
Fərqanə xanım öz narahatlığını şeirlərinin birində “Nə verdim, Tanrı, dünyaya?” misrası ilə ifadə edib. Məncə, şairin narahatlıq keçirməsinə heç bir əsas yoxdur. Çünki Fərqanə xanım öncə bir ana kimi dünyaya Azərbaycanın gələcəyi olan iki gözəl, ağıllı övlad bəxş edib. Sonra isə bir şair kimi xalq ruhuna bağlı çoxlu sayda şeirlər və bu şeirlərin toplandığı, oxuculara yaxşı məlum olan dörd kitab.
Sonda Fərqanə xanıma həyat və yaradıcılıq yollarında uğurlar arzu etməklə yanaşı, Tanrıdan onu nadan əlindən saxlamasını diləyirəm. Qalanına Allah kərimdir!..

Комментариев нет:

Отправить комментарий