Страницы

08.07.2014

Həmid Herisçi nəyi xanımının eynəyi ilə aşkarladı?

Həmid Herisçi

Həyat yoldaşım İlhamiyyə Rza AzTV-nin qapısını çırpıb 20 illik karyerasına son qoyanda, bilirsiniz, vəziyyət necə oldu? Heç nə, həmişəki kimi “gün batdı, gecə oldu...”
Rəhbərliyin buna cavabı özünü çox da ləngitmədi:
-Nahaq yerə biz dövlət xəzinəsindən 100 dollar verib ona eynək aldıq...
***
Lakin televiziyonçu karyeramızın təkcə elə mənfi, acı xatirələr toplusundan ibarət olduğu qənaətindəsinizsə, möhkəmcə yanılırsınız. Mavi ekran dünyasından yaddaşımıza ilişib qalan şirin, gülməli unudulmaz xatirələrimiz də az deyil bizim. İlhamə xanım əvvəl AzTV-ni, ardınca “Lider”i, “ABA”nı tərk etsə də, həmin peşəkar AzTV eynəyi həmişə gözlərinin bəzəyi idi. Yadımdadır, bir dəfə “SPACE” telekanalındakı bizim “Gecə kanalı” verilişində növbəti müzakirəyə şou-biznes nümayəndələrini, ekstrasensləri, alimləri dəvət etmişdik.
Qonaqlarımızı uzun qara masa arxasında üzbəüz, üzbəsurət otuzdurmuşduq. Layihəmizin rəhbəri Etibar Babayev həmişə deyərdi ki, bəs bu uzun qara masa, mərhum Türkiyə prezidenti Turqut Özalın ona şəxsi hədiyyəsidir. Bəs gərək həmişə bu masadan muğayat olaq.
Neon işıqlarının bu qara masa üzərindəki zəif əksi, verlişimizə xüsusi effekt verərdi həmişə. Qonaqlarımız zəif siluetləri də bəzən bu masanın qara dünyasında təkrarlanar, ekrana qəribə görüntü effektləri paylayardı. İki kamera tərəfindən lentə alınan qonaqlarımızı,- rejissorumuz Mirsadığın adətiydi – əvvəlcə tam göstərərdik ekranda. Sonra başlardıq bu görüntüləri xırda-xırda detallara parçalamağa. Barmaqların titrəməsinə, çiyinlərin əyilib düzəlməsinə, gözlərin parlamasına qarşı hər iki telekameralarımız, yadımdadır, çox diqqətliydi.
Senzura üzərindən adlamağın çəmini tapmışdıq. Rəssam Mirseymurun bir heykəli vardı- saxsıdan tökülmüş monolit məmur kostyumu. Balaca, cıqqılı bir baş, bu kostyumun boğazından qorxa-qarxa çıxaraq ətrafına boylanır... Məmurlar az danışanda, sualdan qaçanda, telekameramız başlardı bu heykəli xırdalayıb sərgiləməyə. Bir başqa saxsı heykəl, biri digərinin başı üzərindən yuxarı-boş vəzifə stulu səmtə dartınan məmur ordusunu əks edirdi. Qonağımız yalan danışmağa başlayarkən həmin vəzifə stulunu, tamaşaçılarımızın diqqətinə çatdırmağı unutmazdıq.
İlhamə xanımın həmin AzTV eynəyi, həmişə bu hiyləgər fəndlərdən sonra ekranlarda parıldayar, iti şüalarıyla yuxulu tamaşaçıları qəflətdən ayıldardı.
***
Qayıdaq yuxarıda təsvir etdiyim növbəti verilişimizə. Söhbətimizin ən şirin yerində, “mənəm-mənəm” deməkdən yorulmayan tamahkar bir ektrasesens qonağımız qəfil hamının diqqət mərkəzinə düşdü. Gözlərini məndən ayırmadan:
-Əgər ayı pəncəsinin soldan üçüncü barmağını kəsib boynunuzdan assanız, şər-xatadan həmişəlik qurtarar, ruzi-bərəkət qazanarsınız, eləmi Həmid bəy? -deyib, hamını, ilk növbədə elə məni təəccübləndirdi yaman. Əvvəlcə, azca karıxsam da, sonra birtəhər özümü ələ aldım:
-Əlbəttə, düz buyurursuz, haqlısız. Ayı pəncəsinin soldan üçüncü barmağını...
-Nə danışırsız! Bu xurafata qarşı qəti etirazımı bildirirəm! -qonaqlarımızdan bir başqasının bu dar məqamda sir-sifəti dəyişdi, çənəsi əsdi, nəfəsinin sabit ahəngi pozuldu. Maarifçilərin şəkillərini evinin əyri divarlarından asmış bu yazıq biçarənin əsəbdən gözləri hədəqəsindən çıxmışdı az qala. Hər iki telekameramız öz oxu ətrafında 180 dərəcə dönüş edərək gəlib tez bu maarifçinin solğun çöhrəsinə sancıldı.
İlhamə xanımın AzTV eynəyi, bir-iki dəfə ekranda bərq vurub, tamaşaçılara öz gizli xəbərdarlığını yolladı ki, bəs hazır olun, indicə canlı efirdə bir vur-çatlasın başlayacaq, gəl, görəsən.
Qulaqcıqlarımıza pərdəarxasından xəbərlər gəldi:
-Əladır... Mövzunu inkişaf etməyi bacaracaqsınızsa, verilişin musiqi dramatizmini bir pillə artıraq.
Efir rejissorumuzun narahatlığı başadüşünülən idi. İndi gərək qonağımızın buraxdığı quşdan lazımi dərəcədə faydalanmağı bacaraydıq. Mövzunu absurda qədər inkişaf elətdirib, axırda gözlənilməz həllini, cavabını verəydik bütün bu həngamənin.
Verilişimizin musiqi tərtibatı bu andan başlayaraq öz gərginliyini artırdı. Suallar arasındakı pauzanı, sükut fasiləsini axıradək uzadaraq qəfil fəndə əl atdım. Sualı başqa qonağımıza ötürdüm:
-Sizcə, belə deyil? Ayı barmağının şəfası barədə əlavə bir fikir söyləmək indi düşür sizin boynunuza.
-Bizim yəhudi qonşumuzda, xatırlayıram, belə bir vəhşi ayı barmağı vardı. Güzgünün üstündən asılı qalmışdı nə vaxtdı. İşləri yaxşı gedərdi həmişə. Bəli, “Mersedes” aldılar, yadımdadır, uşaqlarını İsrailə göndərdilər. Bəxtləri gözlənilmədən açıldı. Deyirəm, bu, o vəhşi barmağın təsiriydi bəlkə.
Növbəti ekspertimiz, şou-biznes çeşməsindən su içənlərdən idi. Mübahisəli, şit mövzuları sevirdi. Hə, mövzu deyəsən, ikinci həyat qazandı özünə. Müzakirələr qızışdı yaman. Sifətlər tərlədi.
Turqut Özalın qara masası üzərindəki kölgələr qalınlaşıb sıxlaşdı. Oturacaqlar, kreslolar başladı cırıldamağa.
-Həmid bəy, sizi savadlı ziyalılarımızdan bilərdim. Deyəsən, təxminlərimdə yanılmışam. Qulaqlarıma inana bilmirəm. Necə yəni “ayının barmağı şəfalıdır...” Qurtarın bu cəfəngiyyatı. -tanınmış bir arxeloq, başını bulayaraq dartınıb yerindən qalxmaq, müzakirəni tərk etmək istədi. Lakin döşəməni ilan-çayan kimi basmış elektrik naqillərinə ilişmək təhlükəsi onu anında ayıltdı. Arxeoloq, yaşına yaraşmayan bircə cəld hərəkətiylə bədənini divana söykədi. Gözlərini yumaraq sükuta daldı.
İştirakçıları sakitləşdirmək əvəzinə mövzunu bir az da qızışdırdım:
-Nə danışırsınız? Ayı barmağını götürüb asın boynunuza, görün, arzularınız bir-bir necə çin olur. Oğlunuz əsgərlikdən....
“Oxu atıb, yayını gizlətmək” fəndi canlı efirdə çox təsirlidir. Cümlənin əvvəlini sözlə deyib, ardını sükuta burax, yaxud sükut pauzasını bir müddət havada saxla. Həəə, gör necə öz tamaşaçı kütləni riqqətə gətirirsən. Bu sınanılmış fəndə növbəti müraciətim tamaşaçılarımızı lap təsirləndirdi. Canlı efirə telefon bağlantılarının sayı artdı:
-Bizdə də ayı pəncəsi var. Atam deyərdi ki, 80 yaşlı arvadı diriltdi bu barmaq... zənglərdən yadımda qalan qısa cümlələr təxminən belə bayağı məzmunluydu.
Zəng vuranlardan biri qara toyuq, qara xoruz mövzusunda əsl peşakardı sanki. Sən demə, cadu-pitidə, qara toyuq, az qala ən həlledici məqammış. Zəng edənlərdən digəri kino sənətindən nümunələr gətirdi. Dedi ki, “Kölgələr günorta itir” filmində baş qəhrəman Qırmızı Marya tayqada ayını öldürüncə ölkədə, daha doğrusu, filmdə inqilab baş verir, səfillər, ac-yalavaclar ağ günə çıxırlar.
Bu vaxt, bayaqdan gözlərini yumaraq kürəyini kresloya söykəmiş arxeoloq, cəld irəli, Turqut Özalın masası üzərinə əyildi:
-Həmid bəy, doğrudanmı siz buna inanırsınız?
Sifətimin bircə əzələsi yerindən tərpənmədi bu vaxt. Səsimin təsdiqləyici hökmü artdı:
-Bəli!
İlhamiyyə xanımın AzTV eynəyi yerində laxladı həmin an. Sürüşdü, -kənardan görürdüm, -  azca aşağı. İlhamiyyənin narahatlığı artıq pik nöqtəsinə çatmışdı. Eynəyinin şüşələri tərləyirdi. Oyunu bitirməyin tam vaxtıydı indi.
-Bəli. Bir də təkrarlayıram eşitməyənlər üçün. Ayının barmağı şəfalıdı. Bəli! Ancaq gərək...
İlhamiyyə fürsəti qaçırmadı. Sözlərimi təkrarlayıb əvvəlcə mənə baxdı. Sonra üzünü tutdu tamaşaçılara. Cümləmin ahəngini dəyişdi:
-Ancaq gərək...
Fikri tamamlamaq, mövzunu bağlamaq düşdü mənim üzərimə:
-Ancaq gərək ayını özün öldürəsən. Barmağını özün kəsəsən. Onda mütləq şəfa tapacaqsan.
Bu vaxt, ustalıq etdik. Baxışlarımızı bir nöqtədə birləşdirdik. Hamının güldüyü, ekstrasenslərin pərt olduğu məqamda, hər iki telekameramız sinxronluğunu artırdı. Qonaqlarımızı bir-bir yenidən qeydə alıb axır gəlib İlhamiyyə xanımın üzərində dayandı. Baxdım ki, hə, bu qızın gözlərindəki AzTV eynəyi həqiqətən həm parıltılı, həm də möcüzəlidi. Şəfa verən də bəlkə, heç də ayı barmağı yox....yoxxxxx....elə bax, bu AzTV eynəyidir...
***
Sonralar, “Gecə kanalı” verilişimiz qapandıqdan sonra biz bu AzTV eynəyini az qala lap unutduq. Çox sonralar, ötən il ANS ekranında “Gizli Azərbaycan” verilişini apararkən mən bilmirəm niyə, hansı səbəbə yenidən həmin eynəyi xatırladım. Taxçaları, siyirmələri bir-bir axtarıb axır evimizin bir küncündə həmin eynəyi aşkarladım. Şüşələrinin tozunu sildim, əyri uclarını düzəltdim. Növbəti sehirli ünvana -İsmayıllıdakı bir ziyarətgaha gedərkən bu eynəyi götürüb çantama atdım.
Ziyarətgahın qondarmalığı, süniliyi elə ilk baxışdan mənə aydın olsa da, ətrafımda tutarlı bir dəlil, isbat nöqtəsi tapa bilmirdim ki, bu “ocağ”ın yalançı axundunu yerində otuzdurum.
Birdən lap qəfildən həmin AZTV eynəyini xatırlayıb cəld əl atdım çiynimdən sallanan qara dəri çantama. Elə bil özüm də deyil, bir başqa izahsız qüvvə məni bu hərəkətlərimə vadar edirdi. Çantamda xeyli eşələnərək eynəyi tapdım axır. Gözümə taxıb ətrafıma zilləndim. İlk diqqətimi çəkən qarşımda bitən naməlum ağaclardı. Onlar topa halda “ocağ”ın hər dörd bucağını basmışdı.
-Adı nədi bu ağacın, deməzsiniz? -həyəcanım pillə-pillə artaraq yavaşca yuxarı qalxıb, boğazıma çatırdı.
-Adını soruşursan? -qondarma axund öz astagəlliyi ilə məni lap əsəbləşdirirdi.
-Bəli, -hövsələm tədricən lap daraldı.
-“Yalanqoz” deyərik biz bu ağaclara. Yalançı qoz ağaclarıdır. Eynən həqiqidi deyəsən. Ancaq qozaları olmur.
Qondarma axundun əl barmaqları, yalanqoz ağaclarının yarpaqları üzərində gəzdi. Düşündüm öz-özümə: “Nəyə işarə edir bu ağaclar? Ətrafdakı yalana? Saxtakarlığa? Demək, təbiətin öz cavabı var həmişə bizim yalanlara. Gərək ancaq bu cür yalanqoz ağaclarını görməyi bacarasan...”
Sonra, gözümdəki bu AzTV eynəyinin möcüzəli olduğunu anladım. Gülümsəyib, gözümdən çıxardım bu köhnə dostumuzu. Səliqəylə büküb çantama qaytardım.
***
Düşünürəm ki, bu eynəyi AzTV rəhbərliyi, ölkənin televizyonçu cameəsi artıq bizə halal etməlidir. Etməsələr, noolsun?!
100 dollar borcumuzu sahibinə qaytarmağa biz həmişə hazırıq.
Nardaranlı dostum Əbdürrəhman deyir ki,  anasının kiçik su vannasını gilavar həmişə dənizə aparıb itirər, xəzri aşkarlayıb yenidən geri, anasına qaytarardı.
Deyəsən, bizim nümunəmizdə əhvalat tam eynidir.

1937.az

Комментариев нет:

Отправить комментарий