Страницы

17.07.2014

O zaman ki itimiz aclıqdan ölməmişdi


Hardasa uzaqlarda duran
lopabığ kişi
azadlıq qışqırırdı,
içinə biraz ölüm,
həyat qarışdıraraq...
Hələ onda səmada ulduzlar gümüş idi,
hələ onda anamın saçları gümüşüydü,
hələ onda bizlərin qəlbləri geniş idi...


qışımız düşməmişdi
babam öz ordenlərin
çörəyə
dəyişməmişdi....
hələ onda aclıqdan itimiz ölməmişdi
azadlıq gəlməmişdi

nə qədər “kölə” idik,
sevməyi bacarırdıq
insanların üzünə gülməyi bacarırdıq
yaşamağı bacarır, ölməyi bacarırdıq

o zaman ki mən sevdim
mənim ilk məhəbbətim azadlığa tuş gəldi
o zaman ki azadlıq dilimizdən düşmədi
baharın ortasında elimizə qış gəldi

o zaman ki gəncliyim bazarda itib getdi
o zaman ki qonşumuz evini satıb getdi
o zaman ki atamız bizləri atıb getdi
çörək pulu adıyla
anladım ki,azadıq
anladım ki,azadlıq elə belə olurmuş

o zaman ki işlətdik “qaçqın”, köçkün” kəlməsin
o zaman ki yalvardıq: evə qonaq gəlməsin
üzü qara qalarıq....
o zaman ki fəxr etdik biz iran qaloşuyla
o zaman ki yaşadıq dilənçi maaşıyla
anladım ki, azadıq
anladım ki, azadlıq elə belə olurmuş

o zaman ki əlimiz pulumuzla kirləndi
o zaman ki qapımız açarla kilidləndi
o zaman ki fikrimiz şübhəylə itiləndi
o zaman ki ruhumuz, qəlbimiz zəncirləndi
anladım ki, azadıq.
anladım ki, azadlıq elə belə olurmuş....

o zaman ki könlümüz bir sevgidə dinmədi
o zaman ki tənimiz günəşlə isinmədi
o zaman ki “o zaman” bir də geri dönmədi
anladım ki, azadıq
anladım ki, azadlıq elə belə olurmuş...

Mirbağır Bünyatov

Комментариев нет:

Отправить комментарий