Страницы

04.07.2014

Oliqarxlarımızın İraqdakı biznesi təhlükə altındadır

Bəylər Əyyubovun patronajlığı altında olan iş adamları İraq Kürdüstanının hotel və kazino biznesinə, eləcə də tikinti sektoruna böyük paralar yatırıblar

Azərbaycanın kürdəsilli oliqarxları təlaş içindədir. Onların İraq Kürdüstanına yatırdıqları sərmayə təhlükə qarşısındadır. Bu sərmayələrə regionda kütləvi terror aktları həyata keçirən İraq Şam İslam Dövləti (İŞİD) böyük təhlükə yaradıb. Bu barədə mötəbər mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, kürdəsilli oliqarxlar, əsasən də prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun patronajlığı altında olan iş adamları İraq Kürdüstanının hotel və kazino biznesinə, eləcə də tikinti sektoruna böyük paralar yatırıblar: “Sərmayələrin əksəriyyəti muxtariyyətin mərkəzi sayılan Ərbilə yatırılıb.
Hətta oradakı tikintilərdə çalışmağa da Azərbaycandan böyük bir heyət aparılıb. İndi yaranmış vəziyyətlə əlaqədar həmin sərmayələr təhlükə altındadır. Sərmayələrin həcmi 100 milyon dollar civarında qiymətləndirilir”.
Mənbə deyib ki, hazırda Ərbildə sabitlik olsa da, İŞİD-in hədəfindən yayınacağına da təminat yoxdur. Çünki bölgədə şiələr də var. Təxmini hesablamalara görə, muxtariyyət əhalisinin 40 faizini şiələr təşkil edir. Ona görə bölgə terrorçu təşkilatın hədəflərinə daxildir. Əgər İraq hökuməti İŞİD-i zərərsizləşdirə bilməsə, onda azərbaycanlı oliqarxların sərmayə qoyduğu sektorlar darmadağın ola bilər. Hazırda həmin ərazidə digər iri layihələr də dayandırılıb və oliqarxların nümayəndələri ora ezam edilib.
Məlumat üçün deyək ki, İraq Kürdüstanı ölkənin şimalında yerləşir. Muxtariyyətə 3 vilayət – Süleymaniyyə, Ərbil və Dohuk vilayətləri daxildir. Ərazisi 38 min kvadrat kilometr olan muxtariyyətin inzibati mərkəzi Ərbil şəhəridir. Maraqlıdır ki, 1997-ci ildə aparılmış rəsmi siyahıyaalmaya əsasən bölgədə 2,8 milyon nəfər əhali yaşayıb. Cəmi 6 ildən sonra 2003-cü ildə isə bu göstərici təxminən 2 dəfə artıb – 4,6 milyon nəfər. O da maraqlıdır ki, 1997-ci ildə burada şiələr dominantlıq təşkil edib. Ancaq cəmi 6 il sonra nisbət sünni məzhəbinin xeyrinə dəyişib. Təbii ki, bu yalnız sünni məzhəbindən olanların buraya kütləvi şəkildə köçürülməsi hesabına baş verə bilərdi. Görünür, şiələrin burada azlıqda olmasında maraqlı qüvvələr var. Və bu qüvvələrin marağı azlıqda olan şiələri fiziki cəhətdən məhv etməyi qarşısına məqsəd qoyan İŞİD-in marağı ilə uzlaşır. Bu baxımdan da muxtariyyət ərazisinə İŞİD təhlükəsi mövcuddur və bu da azərbaycanlı oliqarxları təşvişə salıb.
Azərbaycandan 48 milyard dollarlıq vəsaitin çıxarılması faktı son 1 ildə dünya və ölkə mediasının gündəmindən düşmür. Ölkə oliqarxlarının qeyri-rəsmi vasitələrlə ölkədən çıxardıqları vəsaitin yatırıldığı ölkələr sırasında öffşor zonalarla yanaşı, ərəb ölkələri də var.
Liviya inqilabı zamanı Azərbaycan iqtidarında təmsil olunan məmur-oliqarxların külli miqdarda sərmayələri batmışdı. Bizim oliqarxların Liviyaya marağı və bu ölkədə biznes qurmaları 2009-cu ildən başlamışdı. Məhz həmin ildə Liviya hökuməti yaxın 10 il üçün ölkədə bütöv yaşayış məntəqələrinin salınmasından tutmuş aeroportlar, məktəblər, xəstəxanalar, hotellər və s. daxil olmaqla, həyati əhəmiyyətli obyektlərin tikintisinə 83 milyard dollara yaxın vəsait xərclənəcəyini elan etmişdi. Bu göstərilən müddət ərzində ölkədə 450 min yeni bina inşa etmək nəzərdə tutulurdu. Habelə kanalizasiya, su kəmərlərinin çəkilişi və digər irimiqyaslı infrastruktur layihələrinə milyardlar xərclənməsi planlaşdırılırdı. Bu tikinti bumu istər ərəb ölkələrindən, istərsə də Rusiya və bəzi Avropa ölkələrindən tikinti şirkətlərinin Liviyaya axınına səbəb olmuşdu. Liviyadakı tikinti bumundan faydalanmaq istəyənlər arasında azərbaycanlı oliqarxlar da yer alırdı. Ancaq Liviya inqilabı bu pulları batırdı.
Azərbaycan oliqarxlarının Suriyadakı biznesi də uğursuzluğa düçar olub. Əsasən ticarət sahəsində olan bu fəaliyyət Suriyadan Azərbaycana, eləcə də Rusiya və MDB-nin başqa ölkələrinə ticarət məhsullarının daşınması və satışını əhatə edib. Eyni zamanda bizə çatan bilgilərə görə, Hələbdə və Suriyanın bir neçə başqa şəhərlərində azərbaycanlı oliqarxların sahib olduğu digər istehsal müəssisələri mövcud olub. Hazırda Hələb şəhəri demək olar ki, xarabalığa çevrilib. Şəhərdəki sənaye müəssisələri dağıdılmış vəziyyətdədir. Azərbaycanlı oliqarxların sərmayələri batıb, bütün obyektləri isə əllərindən çıxıb. İndi oliqarxlarımız eyni aqibətlə İraqda üzləşiblər. /musavat.com/

Комментариев нет:

Отправить комментарий