Страницы

04.07.2014

Rəis müavini oğlumun başına silah dayayıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə regional şöbəsinin rəis müavininə qarşı şok ittihamlar!

Nazim Məmmədov: «Bu şöbə açılandan Lənkəranda gənclərin çoxu narkotiklə məşğuldur»

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə regional şöbəsinin rəis müavini Aydın Əkbərov Lənkəran şəhər sakini Müstəqin Məmmədovu döyüb və onu güllələyəcəyi ilə hədələyib. Bunu jurnalist İdrak Abbasovla söhbətində M.Məmmədovun atası Nazim Məmmədov iddia edib. 
N.Məmmədovun sözlərinə görə, hadisə bu il yanvarın 9-da axşam saatlarında Lənkəran şəhərində baş verib: “Oğlum Müstəqim Məmmədov Lənkəran-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. Həmin gecə oğlum Bakıdan gətirdiyi sərnişinləri bir-bir yaşadıqları ünvanlara aparıb. Axırıncı sərnişini “Raypo” deyilən yerdə düşürüb. Sonra oğlumun telefonuna zəng gəlib və o da danışmağa başlayıb.
Bu zaman rəis müavini Aydın Əkbərov bir nəfərlə ona yaxınlaşaraq soruşub ki, sən kimsən? Oğlum da deyib ki, mən vətəndaşam, sərnişin gətirmişdim, yola salıram. Sonra Aydın soruşub ki, sən kimin oğlusan? Məni də Lənkəranda hamı Nazim əmi kimi tanıyır. Buna görə oğlum deyib ki, Nazim əminin oğluyam. Aydın da bir ağıza deyib ki, sənin də, Nazim əminin də ....”
Şikayətçinin sözlərinə görə rəis müavini oğlunu nalayiq ifadələrlə təhqir edəndən sonra onu sillələyib: “Oğlum da onu tanıyıb, deyib ki, Aydın müəllim, məni niyə vurursan, günahım nədir? Sonra Aydın onunla gələnin üstünə qışqırıb ki, onun yanına gəlsin. Amma həmin adam bizi tanıyıb deyə, yaxına gəlmək istəməyib. Aydın da tapançasını çıxararaq əvvəl həmin adamı güllələyəcəyi ilə hədələyib, sonra da oğlumun yaxasından yapışaraq tapançanı onun başına dirəyərək deyib ki, indi səni də vuraram. Oğlum görüb ki, bu sərxoşdur, ayaq üstə dura bilmir. Oğlum mənə zəng elədi ki, bu sərxoş vəziyyətdə mənə sataşır, nə edim, vurum bunu? Mən də dedim ki, işin olmasın, polisə şikayət edərik. Uşaq birtəhər Aydının əlindən çıxıb gecə saat 12-də evə gəldi. Mən də oturdum oğlumun maşınına, dedim, gedək ora, görək Aydın nə istəyir? Amma hadisə yerinə gedəndə nə qədər axtarsaq da, Aydını tapa bilmədik. Sonra gəldim Lənkəran polis şöbəsinə, polis işçisi ilə çıxıb Aydını axtardıq. Amma tapa bilmədik. Nəhayət, saat 1-ə qalmış DİN-in Qaynar xəttinə 3 dəfə zəng elədim. Xahiş elədim ki, bu adamı tapın və sərxoşluq vəziyyətini yoxlayın. Amma bizi səhər saat 7-də Lənkəran Polis Şöbəsinə çağırıb, izahatımızı aldılar”.
Şikayətçinin sözlərinə görə, şöbədə ona deyilib ki, polis polisin işinə baxa bilməz və şikayəti prokurorluğa göndərəcəyik. 2-3 gündən sonra isə prokurorluqdan ata və oğul Məmmədovları dəvət edib izahatlatını alıblar. Onlara deyilib ki, şikayəti «yuxarı» göndərəcəklər.
“Amma bizə heç bir məlumat gəlmədi. Mən də başladım ora-bura şikayət yazmağa. 10 gündən sonra isə Daxili İşlər Nazriliyindən Fəxrəddin adında bir təhqiqatçı gəldi. O da bizi təzədən dindirdi, izahatımızı aldı və dedi ki, mən bu məsələni nazirə məruzə edəcəyəm. 10 gün keçəndən sonra ona zəng edib şikayətimin nəticəsi ilə maraqlananda, dedi ki, şikayət nazirin stolunun üstündədir və o, hansı qərara gəlsə, bu barədə sizə xəbər veriləcək. Sonra bizə bir məktub gəldi ki, sikayətiniz əsassızdır. Mən də dedim ki, axı, iş heç araşdırılmadı, oğlumla Aydın üzləşdirilmədi. Belə çıxır ki, biz yalan deyirik. Bu səbəbdən də mən haqq-ədalətin bərqərar olunması üçün cənab Prezident İlham Əliyevə ərizə ilə müraciət etmişəm”. Şikayətçinin sözlərinə görə, onun şikayətini prezidentə çatdırmırlar.
N.Məmmədov A.Əkbərovun Bakıda havadarlarının olduğunu deyir: “9 yanvardan bu günə qədər Lənkəranda çoxlu sayda adam narkotik ittihamı ilə həbs edilib. Tutulanların çoxu Aydın üçün “mal” satan idi. Aydın özünü təmizə çıxarmaq və “plan” doldurmaq üçün öz adamlarını da tutur. Aydın indiyə kimi “malla” tutulanların heç birindən soruşmur ki, “malı” hardan gətirirsiniz, kimdən alırsınız? Axı bunlara “mal” verən də var. Buna görə də mən prezidentə ünvanladığım axırıncı məktubda xahiş eləmişəm ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə regional şöbəsinin adını dəyişib, «Optovoy Narkotik Ticarət Mərkəzi» qoysun. Onlara bu ad yaraşar. İkincisi, dövlət, bütün dünya narkotiklərlə mübarizə aparır. Lənkəranda isə bu narkotik alverçilərinin sayı artır. Cənubda Regional şöbə açılana qədər Lənkəranda bu həcmdə narkotiklə məşğul olan yox idi. İndi cavanların çoxu narkotiklə məşğuldur. Aydın burada 3 ev alıb, altında çox bahalı bir CİP var, özü də pis-pis işlərlə məşğuldur”. 
Şikayətçinin dediklərinə görə, cavabdeh olduğunu və iddiasını sübut etməyə hazırdır: “Gəlsinlər, yoxlasınlar - görərlər ki, Lənkəranda narkotik satışını təşkil edən elə Aydındır”.
Amma Baş Prokurorluq şikayətçinin dediklərini əsasız hesab edir. Prokurorluğun istintaqa nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Qabil Qasımovun adından şikayətçiyə fevralın 28-də ünvanlanmış 04/61712 saylı məktubda göstərilir ki, şikayət ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı rəis müavini Aydın Əkbərovun N.Məmmədovun oğlu Müstəqim Məmmədovu hədələməsi və digər qanunsuz hərəkətlərə yol verməsi xüsusatları öz təsdiqini tapmadığından CPM-nin 39.1.1 maddəsinə əsasən 21 yanvar 2014-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir”.

İdrak Abbasov              cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий