Страницы

24.07.2014

Türkiyənin İsrailə qırıcı təyyarə yanacağı satışının sənədi üzə çıxdı


Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın Qəzzada davam etməkdə olan hərbi əməliyyatlara görə hər gün İsraili lənətlədiyi bir vaxtda bu ölkənin yəhudi dövlətinə qırıcı təyyarələr üçün yanacaq satdığının sənədi ortaya çıxıb.
Türkiyə mənbələrinə istinadən xəbər verilir ki, ölkənin Statistika Təşkilatının (TÜİK) rəsmi məlumatlarına əsasən İsrail bu ilin mart və aprel aylarında Türkiyədən 124 ton 562 litr həcmində qırıcı təyyarə yanacağı idxal edib.

Hesablamalara görə bu yanacaq İsrailin hərbi hava qüvvələrinin sərəncamında olan azı 25 F-16 qırıcısının havaya qalxması və Qəzza bombardmanında iştirak edib geri qayıtması üçün kifayət edir. Bundan əvvəl Türkiyənin İsrail qırıcılarına yanacaq satdığını “Aydınlık” qəzeti yazmışdı. Xəbərdə deyilirdi ki, yanacaq Türkiyənin Dörtyol və Mersin limanlarından Malta bayrağı altında üzən və Yunanıstanda qeydiyyatdan keçmiş “Angora lnvestmeut Trust İNC” şirkətinə aid olan “MARİNER A” tankeri ilə yola salınıb. Tanker 2014-cü il iyunun 3-dən iyulun 10-na, yəni Qəzzada hərbi əməliyyatların başlanmasına bir neçə gün qalmışa qədər Dörtyol-Hayfa (İsrail) - Mersin limanları arasında 7 səfər həyata keçirib.
Türkiyə hökumətinin İsraillə bağlı mövqeyinin səmimi olmadığını sübut edən bu faktın açıqlanmasından sonra enerji və təbii ehtiyatlar naziri Taner Yıldız məlumatı təkzib etməyə çalışıb. Nazir bildirib ki, Türkiyə hökuməti İsrailə hər hansı yanacaq satmayıb, ola bilsin bu yanacağı Türkiyə üzərindən tranzit olaraq göndəriblər, yaxud Türkiyədə fəaliyyət göstərən xarici şirkətlər, məsələn, BP göndərib. Nazir həmçinin BTC ilə nəql edilən Azərbaycan neftinin baş nazir Ərdoğan oğlu Bilal tərəfindən tankerlərlə İsrailə satıldığına dair xəbərləri də təkzib edib.
Virtualaz.org saytı gəmiçilik və yükdaşıma üzrə ixtisaslaşmış vesselfinder.com saytından dəqiqləşdirib ki, doğrudan da Malta bayrağı altında üzən, neft və kimya məhsullarının daşınması üçün nəzərdə tutulmuş “MARİNER-A” tankeri bu il iyunun 24-də İsrailin Hayfa limanından yola çıxıb və üç gün sonra, iyunun 27-də Türkiyənin Mersin limanına çatıb. Tanker limanda neft məhsulları ilə yükləndikdən sonra İsrailin Hayfa limanına geri qayıdıb. İyulun 7-də tanker yenidən Hayfa limanından yola çıxıb və iyulun 10-da Mersin limanına çatıb. İyulun 19-da isə tankerin Rusiyanın Novorosiysk limanına yan aldığı göstərilir. Tankerin İsrailə daşıdığı kerosinin mənşəyi barədə məlumat yoxdur. /azadxeber.net/

Комментариев нет:

Отправить комментарий