Страницы

08.08.2014

Akif ABBASOV - PENCƏK

Arvadı institutda oxuyan oğlunun pencəyini Mirağa müəlli¬min qoltuğuna verib göndərdi kimyəvi təmizləmə sexinə. Özü də dönə-dönə tapşırdı ki, çek alsın.
Təqaüdə çıxmağın da öz dərd-səri varmış. Adam uşaq kimi xırda-para qulluqlara getməli olur:
-Ay kişi, nərd oynamaqdan başın ayılmır, dur, dovğanı bula, bir qışıq su gətirim.
-Düşbərə bükürəm, gəl kömək elə.
Biz sözlə, evdə olursan arvada rəfiqə.
…-Bu nədir, sexdə heç ins-cins yoxdur ki. Mirağa müəllim fikrindən keçdi ki, yəqin nahara-zada çıxmış olarlar. Növbəti qapılardan birini açanda, əvvəla Mirağa müəllimin burnuna kartof qızartmasının iyi dəydi, ikincisi, gözü bu ləzzətli yeməyi hazırlayan iki qızı aldı. Biri elə olardı oğlu yaşda, uzun arıq, çil-çil qızdı. O birisi isə… Onu əməlli-başlı gözdən keçirməyə macal tapa bilmədi. Tez tez ayağa qalxıb:
-Mirağa dayı, xoş gördük. Sizdən nə əcəb?
Görüş qız üçün gözlənilməz olduğundan pörtdü, qeyri-ixtiyari əlini irəli uzatdı. Mirağa müəllim də döyükmüş halda:

-Sağ ol, qızım…- uzanmış zərif barmaqları ehmalca sıxdı. – A bala, naharın vaxtı keçir. Əyləşin, yeməyinizi yeyin, mən gözlərəm.
-Heç elə şey olar? Hələ vaxtımıza var, yeyərik.
-Nə təhərsən? Atan nə təhərdir? – cavab gözləmədən. – Heç… - əlində tutduğu bağlıya işarə edərək, - çirklənmişdi, dedim, gətirib təmizlətdirim.
-Özünüzündür?
-Yox, institutda oxuyan uşağındır. Allah saxlamış Bakıda təmizlətdirməyib, buraya gətirib.
Yavaş-yavaş açılışmağa başlayan qız:
-Nə eybi var, Bakı, ya bura?!
Onun iş yoldaşı da söhbətə qoşularaq:
-Orada bir kostyumun təmizlənməsi üç-dörd həftə çəkir. Adam, növbə çoxdur, - dedi, sonra bağlamanı alıb açdı. Göy rəngə çalan, üzərində bir-birindən aralı zəif paralel xətləri olan pencəyi götürüb:
-Yaxşı, əmi, təmizləyərik, - dedi.
Mirağa müəllim təqaüdə çıxandan «müəllim» əvəzinə «əmi», «dayı», nəvələri isə «baba» deyə ona müraciət edirdilər. Artıq qulağı buna alışmışdı.
-Qızım, nə vaxt gəlim?
-Gəlmək niyə? Özüm gətirib verərəm. Evinizi tanıyıram.
Mirağa müəllimlə qonşuluqda Həsən adlı bir diş həkimi yaşayırdı. Onun müştərilərindən bəziləri doktor Həsən bilib bir neçə dəfə Mirağa müəllimə yaxınlaşmış, hal-əhval tutmuşdular. Odur fikirləşdi ki, birdən qız da onu həkimə oxşadar, aparar pencəyi, verər onlara.
-Yox, yox, zəhmət çəkmə. Vaxtını de, özüm gəlim.
Qız Mirağa müəllimin çox təkid etdiyini görüb səslədi:
-A…z… Turunc, dərman dalınca Bakıya gediblər?
Cavab gəldi ki, gediblər. Bunu öyrəndikdən sonra qız gəlmə vaxtını müəyyən etdi:
-Sabah yox, birisi gün. Lap arxayın gedin.
-Qızım, necə yəni «lap arxayın gedin»?! Bəs çekdən-zaddan vermirsən?
Qızın çöhrəsinə xoş bir təbəssüm çökdü:
-Sizə nə çek?..
Arvadının sözləri yenidən Mirağa müəllimin qulaqlarında səsləndi: «A kişi, bax, çek al ha, pal-paltar it-bata düşər».
Mirağa müəllim ikinci dəfə çek adı tutmağa utanıb, əlini cibinə saldı:
-Yaxşı, pencəyin zəhmət haqqı nə qədər olacaq?
-Ayıb işdir, əmi, bir pencəkdir də…
Mirağa müəllim qalmışdı mat-məəttəl: «Bu nə oyundur başıma gəlir?! Yaxşı, madam ki belədir, onda götürəndə pulunu ödəyərəm» - deyə fikirləşib sexi tərk etdi. Yol boyu öz-özündən soruşurdu: «Görəsən, o qız kimlərdəndir? Heç tanış gəlmir. Kiminləsə məni dəyişik salır. Balam, bəlkə sex camaata pulsuz xidmət edir?» Düşdüyü xam xəyala gülməyi gəldi: «Hə, orada işləyənlərin hərəsinin mənim kimi bir tanışı olsa, sex planı hər ay iki yüz faiz ödəyər. Ey dili-qafil, qız çaşıb uşaqlardan birinin gözaltısı olar, bilmərəm. Bayaq heç soruşmadım: «Kimin qızısan, atan kimdir, anan kim…»
Mirağa müəllim elə canfəşanlığın üstündən qızı sorğu-suala tutmağa utanmış, özünü elə göstərmişdi ki, guya o da qızı tanıdı.
Güldəstə arvad həyətdə paltar yuyurdu. Nəvəsi də onun yanında vurnuxur, hərdən əlindəki çubuğu ləyənə çırpır, nənəsini acıqlandırırdı.
-Bəniz, konfet istəyirsən?
Qız babasının üstünə yüyürdü. Arvad:
-Kişi, nə oldu, aparıb verdin?
Mirağa müəllim pəncərənin qarşısındakı dolabçaya söykənə¬rək:
-Arvad, heç xəbərin yoxdur başıma nə gəldi?
Əhvalatı olduğu kimi danışdı.
-Bir saat laqqırtı vurmusan, quruca adını da soruşa bilmirdin?! Şakərindir, adamı yarıtmamaq.
Arvad keçdi danlağa. Bayaqdan Mirağa müəllimin canına üşütmə salan bu idi…
…Qız dediyi vaxtda kimyəvi təmizləmə sexinə getdi. Demə, qız Mirağa müəllimi çoxdan gözləyirmiş. Hərəkətlərindən, üzünün ifadəsindən bunu hiss elədi.
-Hə, Mirağa müəllim, gəldiniz?
-Gəldim.
O, təmizlənmiş, düymələri bərkidilmiş pencəyi səliqə ilə bükdü. Mirağa müəllim nə qədər and-aman elədisə qız pul almadı. Bunu görən Mirağa müəllim fikirləşdi ki, heç olmasa, bu xeyirxah qızın adını soruşsun. Qız dedi:
-Şərqiyyədir adım.
-Qızım, kimlərdənsən?
Qız təəccüb içərisində:
-Qonşunuz Atabala kişinin qızıyam da…- dedi.
Aldığı cavab Mirağa müəllimi hədsiz heyrətə saldı: «Gör ha, qonşu uşağını da tanımamışam. Halbuki evlərimizə bircə uçuq hasar bir-birindən ayırır. Ah, sənə nə deyim, qocalıq?! Yaman tez qocaldım».
Hekayətin ardını səbirsizliklə gözləyən arvadın qəh-qəhəsi elə indidən Mirağa müəllimin qulaqlarını deşdi.
-Bağışla, qızım, tanımamışam. Maşallah, elə tez böyüyür¬sünüz…

prof.akif @mail.ru

Комментариев нет:

Отправить комментарий