Страницы

03.08.2014

Əsgərə qiymət verilməyən ölkədə şəhidə hörmət olmaz

Qasımbala Səfərov

Hərçənd mövzu yeni deyil. Ön cəbhədə hərbi borcunu yerinə yetirən əsgərlərin xayin erməni gülləsinə tuş gəlməsini əvvəllər də zaman-zaman eşidirdik. Dəfələrlə Ermənistan Silahlı Qüvvələrinin əsgərləri atəşkəsi pozmuş, mövqelərimizi atəşə tutmuş və cavab atəşi ilə susdurulmuşdur. Ön cəbhədə xidmət edən əsgərlər bunun bir adi hal olduğunu gözəl bilir. 
Müdafiyə Nazirliyi isə çox zaman "itgi yoxdur" ibarəsi ilə yaddaşlarda qalır.
Amma sonuncu dəfə atəşkəsin pozulması nəticəsində əsgərlərimizdən 8-11 nəfərin şəhid edildiyi xəbəri yayıldı. Amma, bu dəfə Müdafiyə Nazirliyinin verdiyi məlumata görə, qarşı tərəfdən xeyli sayda itgi üz verib. 
Lakin, bu üzücü xəbərdən bir az sonra ən azından sosial şəbəkədə sevincli xəbərlər də yayılmağa başladı. Deyilənə görə, artıq həyəcan təbilləri çalınır və müharibə gözlənilir. Üstəlik, müəyyən şəkildə bu barədə Müdafiyə Nazirliyi də ümidverici danışır. Amma, camaat arasında bunun şayə olduğuna inananlar da az deyil.
Əlbəttə, insanlarımız MN-nin bir hadisə ilə digər hadisəni kölgədə qoymaq kimi bir mahərəti ilə tez-tez rastlaşıb. İnsanlar inanmamaqda haqlıdır. İstisna edilmir ki, üzgün xalqın diqqətini şəhid olmuş əsgər balalardan və Müdafiyə Nazirliyinin vətən əsgərinə laqeydliliyindən yayındırmaq üçün "müharibə" söhbəti ortaya atılmış olsun. Bir halda erməni tərəfi də, elə biz də çox gözəl bilirik ki, İsrail ABŞ üçün necədirsə, Ermənistan da Rusiya üçün o misaldadır. Deməli, Rusiyanın izni əsas şərtdir.
Bundan əlavə nəzərə alınmalıdır ki, uzun müddətli "atəşkəs"dən sonra ürəyin istəyən vaxt müharibəyə başlamaq mümkünsüzdür. Ordu, ordu hazırlığı, texnika, şəhidlik, vətənpərvərlik ruhiyyəsi ilə təmin edilməlidir.
Bəs görəsən bizdə bunlar varmı? Müharibə zamanı heç nə demirəm, əsgərimizi qida ilə təmin edə biləcəyikmi? Yoxsa əsgər səngərdə acından öləcək? Əsgərimizin inancına hörmətlə yanaşa biləcəyikmi? Ümumiyyətlə, biz hər şeydən əvvəl orduya birinci lazım olan şeyin mənəviyyət, şəhadət məktəbinin təbliğinin olduğunu bilirikmi?
Nəzərə alınmalıdır ki, hər şeydən əvvəl ordu bunlarla  təchiz edilməlidir, sonra müharibə haqqında düşünmək olar.
Baxmaq lazımdır ki, bu gün hərbi xidmətə canla-başla, "vətənə canım fəda!" deyib gedən neçə nəfər igidimiz var? Müdafiyə Nazirliyinin rüşvətxorluğu və vətən sevgisizliyi ucbatından bu gün yaşı hərbi xidmət üçün müvafiq olan neçə insanımız xidmətdən yayınır. Müdafiyə Nazirliyindən tələb etmək lazımdır ki, statistik göstəricini açıqlasın. 
Neçə ildir dillərdə əzbər olan "nazir, varlı oğlunu göndərmir əsgərliyə, mən niyə getməliyəm" cümlələri artıq başqa cür ifadə olunur. Bu günaz qalsın nazir deyir ki, orta səviyyəli dolanışığı olan vətəndaş borc-xərc edib övladını hərbi xidmətdən yayındırır, mənim balam onun balasından artıqdır ki, əskik deyil.
Əlbəttə, bir məsələ unudulmamalıdır. Bu mövzuda daha çox fikir bildirəndə, həmişəki kimi tənqid edilən hakimiyyət olur. Bəli, haqlı tənqiddir. Tələb olunur ki, niyə bayraqlar endirilmir, niyə matəm elan edilmir? Yadınızdadırsa, illər öncə Azərbaycan Dövlət Neft Akademiyasında terror edilmişdi. O zaman da,  xalq, terror qurbanı olmuş balaları üçün matəm tələb etdi. Rəsmi şəkildə ciddi bir şəkildə gözləntiyə cavab verilməmişdi. Niyə? Çünki tələbə və əsgər itgisi üçün etiraz etməzdən öncə, elmə və vətənə dəyər vermə mövzusunda tələblər edilməli idi. Xalq bu işdə müvəffəq olsa, elmə, vətənə, şəhadətə, torpağa qiymət verilsə bu torpaqlarda, itgi üz verdikdə elm əhlinin, şəhadətə çatmış əsgərin qədri bilinər. Təəssüf ki, boğaza qədər rüşvətə batmış Təhsil və Müdafiyə Nazirlikləri bu gedişlə heç zaman elmin, tələbənin, əsgərin, şəhadətin və vətənin qədrini bilməyəcək!

Комментариев нет:

Отправить комментарий