Страницы

23.08.2014

Vəfa Mürsəlqızı – Kabus

Gözlərini açanda ətrafını sanki qatı duman bürümüşdü. Tədricən mənzərə durulub aydınlaşırdı və illər boyu yaşadığı otağın solğun, mavi güllü divar kağızı çəkilmiş divarları ona doğma evində olduğunu xatırladırdı. Gördüyü yuxunun təsirindən hələ də çıxa bilmirdi və nazik mələfənin altında bədəni tir-tir əsirdi. Xoflu-xoflu ətrafına baxdı və təlaş içində çığırdı :
-Mama, ay mama, mama hardasan?
İçəri otaqdan anasının nazik, yorğun səsi gəldi.
-Ay can, oyandın? Gəlirəm, bala, gəlirəm.
Cox çəkməmiş anası onun çarpayısına yaxınlaşdı. Zərif qırış basmış üzündə yorğun təbəssüm var idi. Həmişə anasının üzündəki qırışlara təccüb edirdi. Bu qırışlar elə bil nazik ucluqlu qələmlə yazılmış, narın yazılar idi. Qollarını açıb çoxdanın həsrətlisi kimi anasının boynuna sarmaşdı, qırışmış sifətindən öpdü. Səhər gördüyünə baxmayaraq sanki anasını coxdan idi ki, görmürdü. Yenə yuxusunu xatırladı.
-Mama, Allah iraq eləsin yuxuda görürəm ki, güya sən ölmüsən. İraq olsun, lap əməlli başlı basdırılmağını da gördüm ey. Ay ma elə dərin bir qüssə içində idim ki…
-Ömrümü uzatmısan da, qızım, yuxuda ölmək çox yaşamaqdır. Yuxudur da əhəmiyyət vermə.
İndicə fərqinə vardı ki, ev səssizdir, uşaqları gözə dəymirdi.
-Mama, İnci ilə Kənan hardadır?
- Rüstəmlə kəndə gediblər dünən.
-Niyə? Nə münasibəttdir bu? Axı mənsiz birdən ikiyə kəndə getməyiblər.
-Hə, sən axı müalicə götürürsən, həkim sənə sakitlik tövsiyyə edib. Rüstəm də apardı ki, bir- iki gün qalsınlar orda. Sənin müalicən bitsin gətirəcək.
Qurcalandı, nədənsə müalicə olunduğu yadına gəlmirdi. Yanındakı stola boylandı doğrudan da orda bir xeyli nüsxə və dərmanlar gözə dəyirdi. Yataqdan qalxdı, vanna otağına keçdi. Əl-üz yuyanın kənarında qan damlaları görüb təlaşlandı
-Bu qan hardandır?
-Səhər dırnaqlarımı kəsəndə qayçı ilə əlimi yaralamışam, Günel.
Əl üzünü yuyub otağa keçdi. Ürəyi sıxılırdı. Uşaqları üçün çox darıxırdı. Adəti üzrə balışın altına qoyduğu mobil telefonunu axtardı. Tapıb götürdü, amma ərinə zəng çatmırdı. Bir neçə dəfə cəhd etdi, ümumiyyətlə telefon çağırmırdı. Ev telefonuna əl atdı, o da susurdu.
-Mama niyə telefonlar işləmir?
-Yəqin nəsə problem var da. Ev telefonu da aylıq abunə haqqına görə kəsilib, bir azdan gedib ödəyərəm açarlar.
Ürəyi sıxıla-sıxıla otaqda var-gəl etdi. Eyvana çıxdı. İlıq yaz səhəri idi. Havadan qəribə, adamın içini sevinc və natahatlıqla dolduran qoxu gəlirdi. Həyətdəki ağacların çoxu çiçək açmışdı. Ona elə gəlirdi ki, coxdan, lap coxdandır ki, baharı görməyib və indi bu gözəl havanı sinə dolusu ciyərlərinə çəkmək, gözünə təpmək istəyirdi. Həm də kimləsə ünsiyyətdə olmaq ehtiyacı duyurdu. Mütləq kimləsə danışmaq, gülümsəmək, söz soruşmaq və bununla özünə nəsə anlatmaq. Kimsə yox idi ətrafda, yoldan ötənlər isə elə keçirdilər ki, sanki onu heç tanımırdılar və ya görmürdülər. Otağa qayıtdı. Ətrafa sanki indicə nəzər saldı. Evdə hər şeyin üstündə qalın toz təbəqəsi vardı. Hətda otağın künclərini hörümçək toru da basmışdı. Əlinə əski alıb tozları silməyə başladı.
-Mama, bu ev, eşik niyə bu gündədir? Elə bil bir ildir əl vuran yoxdur evlərə.
-Başım sənə qarışıb da nə vaxtdır. Bilmirsən bizim ev küləktutan səmtdədir, həyət baca da toz-torpaq içində olur. Bir balaca külək əsdimi o saat evlər səhraya dönür.
Tozları silmək bəhanə idi. Əslində üstünə d ivar kimi çökmüş ağırlığı atmaq, yüngülləşmək
istəyirdi. Başını qatmaq idi məqsədi sadəcə. Güzgülü kamoda yaxınlaşdı, siyirməni çəkdi . Köhnə sənədlərin və qəzet yığınının üstündə gözünə bir topa şəkil dəydi. Götürüb baxmağa başladı. Toy şəkilləri idi. Rüstəmlə onun toyunda çəkilmiş fotoşəkillər. O saat nəzərini ciddi bir nüans cəlb elədi. Bütün şəkillərdə onun sifəti avtoqələmlə qaralanmışdı. Var səsi ilə bağırdı.
- Aaaaa bu nədi belə? Bu şəkilləri kim bu hala qoyub? Rüstəm dünyanı dağıdacaq.
-Günel,bala, mən də əsəbləşdim vallah. O gün Sürəyya sənə dəyməyə gəlmişdi. Onun o vurğun vurmuş nəvəsi eləyib, iki daşın arasında necə macal tapıb bilmirəm.
Az qalırdı hönkürüb ağlasın. Bütün gücü ilə o günü, toy gününü təsəvvür etməyə çalışırdı. Həmin şəkillərdəki üzünü düşünürdü. Amma xatırlaya bilmirdi. Acığından gedib yatağa girdi, mələfəyə bürünüb üzünü divara çevirdi, gözünü yumdu. Yavaş-yavaş yuxuya getdi. Qəribə bir yuxu gördü. Güya yaşadıqları evi satırdılar. Evə baxmağa dəllal və onunla da bərabər bir qadınla bir kişi gəlmişdi. Qadın güllü, dar paltar geymişdi. Kişi keçəl idi. Öz aralarında evi təriflədilər, amma qadın hər tərəfin tozlu və kirli olmasından gileyləndi. Sonra qadın kamoda yanaşıb bayaq onun açdığı siyirməni açdı, ordan şəkilləri götürüb tənbəl-tənbəl baxmağa başladı. Təcüblu burası idi ki, yuxuda da onun gəlinlik şəkilləri qaralanmışdı. Qadın səbəbini soruşanda əri onun qulağına nəsə pıçıldadı. Yuxuda ona elə gəldi ki, çarpayıdan düşüb onlar, qadınla kişiyə yanaşır və qadının üzünün bolluca kirşan çəkilmiş, deşik- deşik dərisini lap yaxından görür. Amma pıçıltını eşidə bilmədi, diksinib ayıldı. Gördüyü yuxudan vahimələndi.
İki gün idi ki, özünə yer tapa bilmirdi. Rüstəmin telefonuna zəng çatmırdı. Ev telefon xətlərində isə deyəsən nəsə problem vardı. Anası deyirdi ki, o yatanda telefon qovşağına gedibmiş. Ürəyi elə pis sıxılırdı ki, dözə bilmirdi. Arada yaddaşından sanki nəsə sürüşürdü. Kimisə xatırlmağa çalışırdı, amma o kimsə heç çürə yadına düşmürdü. Bu çox əcaib bir duyğu idi. Təsəvvür edirsən ki, lap yaddaşının yaxın bir guşəsində cox vacib bir məlumat var, amma fikrini bir yerə yığmamış bu vacib sözmü, cümləmi, xatirəmi balıq kimi sürüşüb yaddaşından düşür və harasa beyninin dərin qatlarına çəkilir. Günortaya yaxın ərinə zəng vurmaq üçün növbəti cəhdindən sonra anasının təkidi ilə dərmanlarını içib yatağa uzandı. Onsuz da bu neçə gündə işi peşəsi yatmaq idi. Yuxuda onu gördü, adını xatıərlamadığı “ onu”. “O” ölmüşdu. Açıq ayın onun ölümünü, məzara qoyulmasını, özünün ağlayaraq dərd içərisində qovrulmasını görürdü. Bütün o dərin iztirabı sanki ikinci dəfə idi ki, yaşayırdı. Qışqırıb yuxudan oyandı. Anası başının üstündə dayanmışdı. Anasını qucaqladı, ağlaya-ağlaya soruşdu:
-Mama, o hanı? Qurban olum de, hanı o?O ölüb hə?
-Hə, ölüb, Günel, özünü ələ al.!
-Ölüb hə? Mən də ona görə yatağa düşmüşəm? Əsəblərim ona görə pozulub?
-Hə qızım.
Büzüşdü, çarpayının bir kənarına çəkildi. Amma çox otura bilmədi. Uşaqlarını istəyirdi. İçində nəsə qəribə bir qorxu, qaranlıq, həyəcan təlaş vardı. Sanki balalarını bir daha görməyəcəkdi. Qalxıb geyindi, əl çantasını götürdü.
-Mən kəndə gedirəm, uşqları götürüb gələcəm.
-Bu vaxt nəynən gedəcəksən, qızım, qalsın, sabah gedərsən.
-Yooox, gedirəm vəsalm.
Qapıya yaxınlaşıb sürgünü çəkdi. Qapı açılmadı. Dartdı, silkələdi, qapı heç cürə açılmaq bilmirdi. Vahiməyə düşdü amma birdən düşündü ki, yəqin anası qapını içəridən açarla bağlayıb.
-Mama, açarları hara qoymusan?
Anası daha onunla mübahisə etməyin yersiz olduğunu hiss edib əlinin işarəsi ilə kamodu göstərdi. Keçib kamodun siyirmələrini eşələdi, əlinə keçən əşyaları, kağız-kuğuzu stolun üstünə qalaqlamağa başladı. Su sayğacının müqaviləsi, qaz sayğacının müqaviləsi, bank kreditlərinin kağızları, növbəti dəfə əlinə keçən kağız parçası diqqətini cəlb etdi. Kağızı oxuduqca gözləri hədəqəsindən çıxırdı. Bu anasının ölüm haqda şəadətnaməsi idi. Qışqırdı , az qala ürəyi gedəcəkdi. Anası ölmüşdüsə bu evdə gəzən, iki gündən bəri onunla bu evdə yaşayan adam kim idi axı? Anasının ölüm kağızında onun dörd il öncə vəfat etdiyi yazılmışdı. Yalnız indi anasının dəfnini aydınca xatırlad və hətda məzarını da xəyalına gətirə bildi. Bu məzarın üstündə dəfələrlə oturub ağlamışdı. Dəhşət içində idi, nitqi tutulmuşdu, amma bu son deyilmiş. Bayaq o kağızı götürəndə yerə başqa bir kağız da düşmüşdü. Əsə -əsə aşağı əyildi, yerə düşmüş kağızı qaldırdı. Kağızı açanda olan qalan ağlını yerindən oynatdığını düşündü. Bu kağız onun özünün ölüm haqda şəadətnaməsi idi. On dörd dekabrda vəfat etdiyi yazılmışdı kağızda. Qeyri iradi divar təqviminə baxdı. Orda da son tarix on dörd dekabr idi. Anasının üstünə qaçdı, onun qolundan tutub saxsı gəlincik kimi silkələməyə başladı.
–Sən kimsən? Sən ölüsən? Bəs onda burda neynirsən? Hanı mənim uşaqlarım, mən ölmüşəm? Danış, səninləyəm! Mənim başıma nə iş gətirmisən? Bura haradır?
Suallar o qədər çox idi ki, beyni qapalı qaynayan buxar azanını xatırladırdı. Anası pərt peşiman dayanmışdı. Səbrlə onun sakitləşəcəyini gözləyirdi. Nəhayət özünü ələ aldı və gücsüz halda divana çökdü.
-Uşaqlarım sağdı?
-Hə, sağdılar. Sən on dörd dekbrda rəhmətə getmisən. Uşaqlar Rüstəmlə kənddə yaşayırlar.
-Mama mən nədən öldüm?
-Damarlarını doğramısan. Orda, əl üz yuyanın kənarındakı qan damlaları sənin o vaxtdan qalan qanındır. O gündən sonra bu evə heç kim gəlməyib. Bircə dünən dəllal gəlmişdi, alıcı gətirmişdi, güllü paltar geyinmiş bir qadın və dazbaş kişi. Deyəsən Rüstəm evi satışa cıxarıb. Al, oxu, son məktubundur.
Əlindəki kağızda bütün bu əhvalatın çözümü vardı. Kağızı diqqətlə oxumağa başladı.
“Rüstəm, sən bu məktubu oxuyanda mən həyatda olmayacam. Sənə qarşı haqsızlıq elədiyimi bilirəm. Sadəcə biz bu həyatda yad adamlar idik. İllərlə səni sevməyə çalışdım, özümü ailəmə, uşaqlarıma həsr etdim. Bəlkə də bunu həyatımda sevə biləcəyim kimsə olmadığı üçün edirmişəm və bəlkə də ona rast gəlməsəydim bu həyatı ömrümün sonuna qədər sürəcəkdim. Sonra o gəldi ömrümə, ən əziz, ən doğma, ən, ən, ən…… Bilirəm bunları oxumaq sənə çətindir. Lakin mən sadəcə xoşbəxt olmaq istədim. Mən uzun zaman özümlə mübarizə apardım, amma sevgimə, istəklərimə bəlkə də qadın zəifliyimə qalib gələ bilmədim. Bilirəm mənim səninlə boşanıb ona ərə getməyim səni məhv etdi, amma əlimdə deyildi. Mən onu cox sevirdim. Budur indi o yoxdur. Biz hər şeyə sinə gərdik, cəmiyyətin qınaqlarına, yaxınlarımızın bizdən üz çevirməsinə dözdük. Biri- birimizi itirmədik, amma ən sonda mən onu axmaq bir yol qəzasına uduzdum. Mən onsuz yaşaya bilməyəcəm. Rüstəm İncini və Kənanı sənə əmanət edirəm. Əlvida!”
Kağız ağacdan qopan payız yarpağı kimi havada ləngər vurub döşəməyə düşdü. O bütün gücünü və ümidini itirmiş bir halda susurdu. Anasına baxdı. Onun gözlərində dərin bir kədər, ağrı və şəfqət vardı. Anasını qucaqladı. Aylar boyu düşünmüşdü ki, anası onu o dünyada bağışlamayacaq. Dəfələrlə onun şəklindən üzr istəmişdi. İndi arxayın idi ki, anası onu bağışlamışdı. İçinə qəribə bir sevinc doldu, demək sevgisi yenə qalib gəldi. Onunla, cox sevdiyi onunla eyni dünyanın sakinləriydilər. Pəncərələri taybatay açdı. Otağa bol işıq süzüdü. Anası həzin bir səslə soruşdu:
-Hara gedirsən?
-Kəndə, uşaqlarımı görməyə.
Açıq pəncərədən göyə bir topa nur qalxdığını o gün həyədəki balaca oğlan anasına danışdı.

Комментариев нет:

Отправить комментарий