Страницы

19.09.2014

Naxçıvandan gələn sınanmış model

Kamil Vəli Nərimanoğlu

"Günahlılar günahsıza daş atar,/ Qaç yerindən, sənə dəyər ay Allah..." Hatəmə nənənin dilindən

Azərbaycan dünyanın ən qəribə məmləkətlərindən biridir. Bu məmləkətdə hər şey təbiətdə olduğu kimi dəyişkəndir, hər şey axır, hər şey dəyişir. Fəqət bu axan, dəyişən məmləkət heç bir şəkil ala bilmir ki, bilmir. Dünən balqabağa oxşayırdı, bu gün badımcana, sabah da Allah bilir, fisincana oxşayacaq. Bu xislət məmləkətin bütün zümrələrinə və zərrələrinə elə nüfuz edib ki, bu xaosun bir gün bitəcəyinə ümid-filan qalmayıb.
Məsələn, götürək əl-müxalifəti və əl müxalifətini. Ərəbcə “əl” müəyyənlik artiklidir. Ingiliscə də belədir. Əşya aləmi ya müəyyəndir, ya qeyri-müəyyəndir.
Azərbaycanda əl-müxalifət, yəni bəlli bir etirazçı, xilaf çıxan, qarşı olan insanlar, qruplar varmı? Var. Keçən 20 ilin olayları və insanları buna sübutdur. Onların içində şəhid olan var, həbs olunan var, mühacirətə məhkum olan var. Var ki, var. Xaricə çıxış üçün pasport verilməyən, böhtan yağdırılan, hər cür təhlükə və şantajla üz-üzə qoyulan, ayı üsulu ilə iqamətgahı partladılan müdafiəsiz hüquqi güvənliyi olmayan müxalifət var.
Müxalifət göz qabağındadır. Siyasi məhbusuyla, mübariz qadınlarıyla, mücadiləçi gəncləriylə diktaturaya, korrupsiyaya, üzdəniraqlığa qarşı mücadilə edən insanları göstər desən, say desən küçədəki hər bir insan onu sənə əzbərdən söyləyər. Əl-müxalifət mübahisəsizdir. Mübahisə etmək istəyən varsa, bu meydan, bu da şeytan.
Bir də var əl müxalifəti. Yəni əldə oynadılan əl ayısı kimi, əl iti kimi, əl uşağı kimi bir şey, bir zad. Bu əl müxalifəti əl-müxalifətə qışqırtmaq üçün quraşdırılmış bir layihədir. Pulunu ver, şəbəkəsini qur, pultu əlinə al başla idarə etməyə: söy söyəcək, döy döyəcək, öl öləcək, çirkab at çirkab atacaq, baş qat baş qatacaq. Onlara sona qədər etibar olmaz. Amma seçki zamanı gələndə, qara piar vaxtı yetişəndə bu adamlar və bu qurumlar işə salınar. Yəni onların mövsümü yetişər.
Bir də var əl-müxalifətlə əl müxalifəti arasında avara qalanlar. Bunları nə alan var, nə satan. Nə sözlərinə inanan var, nə dediklərinə diqqət edən. Danışırlar elə-belə özləri üçün. Tarixə böhtan atırlar, yarınırlar, istifadə olunmaq üçün (heç olmasa bircə dəfə) yanıb yaxılırlar. Onların dediyi budur ki, vallah mən də söyə bilirəm, qara yaxa bilirəm, hürmək qabiliyyətim də var, elməbənzər şeylər də yazıram, hətta lazım olsa istədiyi yerindən qapa bilirəm.
Əl müxalifəti də hökumət nomenklaturasıdır. Biri MTN-ə baxır, o biri Daxili Işlər Nazirliyinin nəzdindədir, başqa birisi Fövqəladə Hallar Nazirliyinin qəyyumluğundadır. Nəqliyyat Nazirliyinin öz dəstəsi var, Təhsil, mədəniyyət nazirliklərinin də öz. Hələ rektorları demirəm, yaradıcılıq ittifaqları ilə mənim işim yoxdur. Eşşəyi qoyub palanı döyəcləməyə nə hacət?  
Başda dirijor əlində çubuq bu orkestri idarə edir. Nə ilə? Əl ilə. Çubuq tutmuş əl qalxıb endikcə, əl müxalifəti də qalxıb, enir.
Ura! (Yaşasın Bakıdan gələn Sovet hökuməti və ya) Yaşasın Naxçıvandan gələn sınanmış model! 
Yeri gəlmişkən, adlarını çəkməyi özümə hörmətsizlik hesab etdiyim qarayaxmalara və qarayaxanlara tək bir sözüm var. Heç olmasa ömrünüzün namus və vicdanla yaşadığınız bircə günü varsa, ona baxın. Və ya ailənizdə, qohum-əqrəbada, qonşuda, bir sözlə, ətrafınızda namus və əqidə ilə yaşayan bircə nəfər varsa, ona baxıb xəcalət çəkin. Sizin hər yerdən çox açıq-aydın göründüyünüzə inanın. Bu azansız, inancsız ölkənin inam və Allah qorxusu və sevgisiylə yaşayan insanlarının fərqinin nə qədər olduğunu isbat etməyə ehtiyac yoxdur. Unutmayın ki, haqq üzülər, amma qırılmaz. Vallah iş o yerə gəlib çatıb ki, bu canım-gözüm Vətənimdə namuslu insan görəndə, istər qadın olsun, istər kişi, istər yaşlı olsun, istərsə cavan vicdanlı şəxsiyyət görəndə əlim üzümdə qalır. Və istər-istəməz fikirləşirəm: “Ilahi, bu adam bu ölkədə necə yaşayır?” 
Allahın ümidinə qalmışıq...

azadliq.info

Комментариев нет:

Отправить комментарий