Страницы

13.10.2014

“Vəhhabi” nə deməkdir?

Ad qoymaq, adlandırmaq çox mühümdür. İnsanlar kimi necə adlandırmağa fikir verməlidir. Məsələn, bir terrorbaşını necə “xəlifə” adlandırmaq olar? Müsəlman qanına susamış bir qrup terrorçunun bir araya toplaşıb qurduqları bir təşkilatı necə “İslam dövləti” adlandırmaq olar? Yaxud onların kəndləri, şəhərləri işğal etməklərini necə “fəth” adlandırmaq olar? Yaxud terrorçuları “mücahid” kimi təqdim etmək nə dərəcədə doğrudur?
Bu gün dünyada “vəhhabilik” kimi tanınan bir cərəyan vardır ki, ardıcıllarına “vəhhabi” deyilir. Şəxsən mən onların qeyri-vəhhabilər tərəfindən “sələfi” adlandırılmasının qətiyyən tərəfdarı deyiləm. Onlar özlərini “sələfi”, “sələfi-saleh”, “əhli-sünnə”, “əhli-sünnə vəl-camaat” adlandıra bilərlər. Bütün bunlar onların vəhhabi olduqları həqiqəti dəyişmir.
Bundan öncə “Vəhhabiləri deşifrə etməyin asan yolu” adlı yazımda onların əsas xüsusiyyətlərini yazmışdım. İndi isə tamamilə başqa məsələyə toxunmaq istəyirəm. Çox zaman vəhhabilər onlara “vəhhabi” deyildiyi zaman qayıdıb “vəhhab nə deməkdir ki? Allahın adıdır da...”, yaxud, “nə vəhhabi? Biz vəhhabi deyilik, vəhhabi yoxdur, biz sələfiyik, əhli-sünnə vəl-camaatıq” və s. bu kimi sözlər deyirlər.
Bəs görəsən həqiqətən də “vəhhabilik” adlı məzhəb yoxdurmu? Görəsən həqiqətənmi vəhhabi məzhəbli insanlar yoxdur və bu tamamilə “İslam düşmənlərinin” uydurmasıdır?  Bunun üçün gəlin əvvəlcə baxaq görək “vəhhab”nə deməkdir?
“Vəhhabi” sözü “vəhhab” adına “i” şəkilçisi artırılmaqla əmələ gəlib. Yəni, “Vəhhaba aid olan” mənasına gəlir. Kiminsə şirvanlı olduğunu bildirmək üçün “Şirvan” adına “i” şəkilçisi artırıb “Şirvani” düzəldilməsi kimi. “Vəhhab” sözü isə “vəhəbə” ( “yəhibu” ) felindən əmələ gəlib. “Vəhəbə”  feli  də – “vəhb etmək”, “vermək”, “birinə bir şeyi qarşılıqsız vermək”, “ehsan etmək” mənalarını verir. Ərəb dilindəki “hibə” (cəmi “hibət”) sözü də bu kökdən əmələ gəlir və “hibə” qarşılıqsız verilən, ehsan edilən şeyə, hədiyyəyə deyilir.
“Əl-Vəhhab” Allahın adlarından biridir. Allah çox ehsan edən, öz bəndələrinə çox bağışlayan olduğu üçün, haqq sahibi olmadıqları halda öz bəndələrinə çox ehsan edən, çeşid-çeşid nemətləri qarşılıqsız, hədiyyə olaraq verən olduğu üçün “əl-Vəhhab” olaraq  çağırılır.
Bəs görəsən “vəhhabilər”in bu adla bir əlaqəsi varmı? Əslində vəhhabilərə “vəhhabi” deyilməsinin Allahın adlarından biri -  “əl-Vəhhab”  ilə əlaqəsi yoxdur  və bu insanlar həmin ada nisbət verilmirlər. Vəhhabilər qarşılıqsız olaraq insanlara çox ehsan edən, hədiyyələr verən bir camaat kimi də tanınmadıqları üçün onların Allahın “əl-Vəhhab” ismiylə anılmalarını təsəvvür etmək belə mümkünsüzdür.
Bəs niyə “vəhhabi”? Vəhhabilər Muhəmməd bin Əbdilvəhhabın ardıcılları olduqları üçün “vəhhabi” adlandırılırlar (Təbii ki, onlar özlərinin Muhəmməd peyğəmbərin (s.a.s) ardıcılı olduqlarını iddia edirlər). Doğrudur, atasının adı Əbdülvəhhab (əl-Vəhhabın, yəni Allahın qulu) olsa da, kiməsə vəhhabi deyildiyi zaman nəzərdə tutulan budur ki, həmin insan Muhəmməd bin ƏbdilVəhhabın ardıcılıdır. Bu yazımda uzun-uzadı Muhəmməd bin Əbdilvəhhabdan danışmaq niyyətim yoxdur. Qısaca olaraq onu deyə bilərəm ki, Muhəmməd bin Əbdilvəhhab həmin bu vəhhabiliyin banisi hesab edilir. Əslində zahirən görünən budur ki, onun şüarı yeni məzhəb yaratmaq deyildi. Öz aləmində guya Allah yolunda, İslam üçün savaşırdı. Halbuki, “müşrik”, “kafir” adı altında müsəlmanların qanını axıdır, guya “şirk bataqlığına batmış” məntəqələri “müşriklər”dən təmizləməyə çalışırdı. Bu insan müsəlmanların qanını axıda-axıda Sudd ailəsini hakimiyyətə gətirdi. Bugünkü Səudiyyə krallarının babalarını. Elə o vaxtdan bu vaxta kral Səud övladlarından olur, baş müfti isə Muhəmməd bin Əbdilvəhhabın övladlarından. Sual oluna bilər ki, axı vəhhabiliyin banisi hesab etdiyiniz adamın adı Muhəmməddir, Vəhhab, yaxud ƏbdülVəhhab yox. Əbdülvəhhab onun atasının adı idi. Elə isə nə üçün onun ardıcılları “vəhhabi” adlandırılır?
Cavab belədir ki:
1. Əvvəla onları ilk dəfə “vəhhabi” adlandıran biz yox, sünni alimləri olmuşdur. Misal olaraq Əhməd bin Zeyni Dehlanı göstərmək olar. Əhməd bin Zeyni Dehlan Osmanlı dövlətinin son illərində Şeyxul-İslam, İmamul-Hərəmeyn (“Hərəmeynin imamı”. “əl-Hərəmeyn”, yəni “iki hərəm”, “iki müqəddəs məkan” deyilərkən nəzərdə tutulan Məkkədəki “əl-Məscidul-Hərəm” və Mədinədəki “əl-Məscidun-Nəbəvi” nəzərdə tutulur), Şafei məzhəbindən olanlarım müftisi və fəqihi idi. Muhəmməd bin Əbdilvəhhabın ölümündən  25 il sonra, 1816-cı ildə Məkkə şəhərində dünyaya gəlib. Bir çox kitabın müəllifidir. Kitabları arasında “Əd-durarus-səniyyə fir-raddi əlal-vəhhabiyyə” və “Fitnətul-vəhhabiyyə” adlı kitabları məşhurdur. Kitabların adından da göründüyü kimi alim bu məzhəbi “vəhhabiyyə  məzhəbi”, ardıcıllarını isə “vəhhabi” adlandırır.
2. Bir məzhəbin ardıcıllarının həmin məzhəbin banisinin özünün adı ilə yox, atasının yaxud, babasının adıyla yad edilməsi mümkündür. Misal üçün, Hənbəli məzhəbinin banisi hesab edilən şəxsin adı da “Hənbəl” deyildi. Adı Əhməd bin Muhəmməd bin Hənbəl idi. Yəni Hənbəl onun babasının adı idi. Lakin ardıcıllarını “hənbəli” adlandırmağa başladılar.
Son olaraq bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Deməli vəhhabilərə “vəhhabi” deyildiyi zaman çox vaxt “Əl-Vəhhab Allahın adıdır” deyirlər. Ola bilsin,  bununla özlərini Allaha məxsus olan, Allah üçün yaşayan mömin kimsələr hesab edirlər.
Əslində isə:
1. Muhəmməd bin Əbdilvəhhabın atasının adında “əl-Vəhhab”dan məqsəd Allahın adı olsa da, “vəhhabi”deyilərkən nəzərdə tutulan Muhəmməd bin Əbdilvəhhabın ardıcıllarıdır.
2. Əgər “vəhhabi” deyilərkən nəzərdə tutulan “Əl-Vəhhab olan Allahın xalis bəndələri” və yaxud bu kimi gözəl sifətlər nəzərdə tutulsaydı, onları azğınlıqda ittiham edən sünni alimləri heç vaxt onları belə çağırmazdılar.
3. “Əl-Vəhhab” adı müqəddəs addır. Ancaq bu o demək deyil ki, vəhhabilər doğru yol üzrə olan həqiqi möminlərdirlər. Məsələn, Lut əleyhissəlam Allahın peyğəmbəri idi. Amma onun qövmündəki kişilər öz həmcinsləri ilə cinsi münasibətdə olurdular. Bu gün də bu çirkin işlə məşğul olanlara “luti” deyilir. Başqa bir misal. İmam Əlinin tərəfdarları “ələvi” adlanır. Ancaq vəhhabilər ələvilərin kafir olduqlarını iddia edirlər. Deməli bir qövmün, tayfanın, toplumun hansısa müqəddəsə nisbət verilməsi, hələ onların doğru yolda olmalarını sübut eləmir. Sonda hamınıza vəhhabi fitnəsindən uzaq olmağı arzulayıram!

Nicat Səfərov
              
http://azadxeber.net/%E2%80%9CVehhabi%E2%80%9D-ne-demekdir---SOK-Arasdirma_h34867.html#.VDL7tBpUTUg.facebook

Комментариев нет:

Отправить комментарий