Страницы

11.11.2014

Dini Komitədəki vəhhabiləri deşifrə etmək

İstər indiki sədrin vaxtında, istərsə də əvvəlki vaxtlarda Dini Komitədə hər zaman vəhhabi barmağının mövcudluğu hiss olunurdu. Fikrimcə təkcə Elşad İsgəndərovun sədrliyi Dini Komitədəki radikal vəhhabilərə zərbə oldu. Bu da onu göstərir ki, digərlərinə nisbətdə Elşad İsgəndərov öz işini yaxşı bacarırdı və öz vəzifəsinin öhdəsindən məharətlə gəlirdi. Zahirdə görünən budur ki, Mübariz Qurbanlının da radikalizmə, İslam adı altında qeyri-ənənəvi cərəyanları Azərbaycanda yaymağa çalışanlara qarşı münasibəti mənfidir.  Amma... Amması budur ki, fikrimcə Mübariz Qurbanlıya pisi yaxşıdan ayıra biləcək mütəxəssis ilahiyyatçılar lazımdır. Təkcə ona görə yox ki, bu mütəxəssislərlə ictimaiyyəti maraqlandıran məsələlərdə məsləhət edilməlidir. Həm də ona görə ki, bu ilahiyyatçılar Dini Komitənin daxilində də “bitərəf məmur” , yaxud “sünni inanclı məmur” kimi fəaliyyət göstərən saqqalsız, kostyumlu, qalstuklu vəhhabiləri deşifrə etsinlər. Əslində  “intelligent” görünüşlü vəhhabilərə hər yerdə, hər statusda rastlaşmaq mümkündür. Belələri qarşımıza  Milli Məclisdə deputat kimi, televiziyada aparıcı kimi, yaxud verilişə dəvət olunan guya ilahiyyatçı ekspert kimi və sair formalarda çıxa bilərlər. Belə vəhhabiləri necə deşifrə etmək mümkündür? Ancaq danışıqlarından, fikirlərindən, düşüncə tərzlərindən. Düzdür “bədəbəd”də belələri, eləcə də tipik vəhhabi görünüşlü olanları sünni adı altında da gizlənirlər. Amma, onlar nə qədər gizlənsələr də hansısa qurumda mütəxəssis ilahiyyatçılar olduqdan sonra onların deşifrə edilməsi həddindən artıq asandır. Əlbəttə, hansısa quruma “mütəxəssis ilahiyyatçı”nı işə götürərkən də diqqət etmək lazımdır ki, elə həmin “mütəxəssis ilahiyyatçı”  özü vəhhabi olmasın.
Gəlin Dini Komitənin bir bəyanatına nəzər salaq. Bəyanatda deyilir : “Bu günlərdə bəzi mövhumatçılar, xurafatçılar, dini yas dini kimi qəbul edənlər, hətta öz şəriət kitablarından xəbərsiz olduqları halda Məhərrəmliyə və Aşura gününə yas günləri kimi baxıblar. Halbuki, Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) sevimli davamçıları, səhabələri, dostları, əhli beyti, ailəsi bu günləri oruc tutmaqla keçiriblər. Hətta bizim çox şiə qardaş və bacılarımız vardır ki, onlar da bu günləri oruclu keçirirlər. Bu barədə əhli sünnə və əhli şiə mənbələrində çoxlu xəbərlər gəlib”
Fikir verirsinizmi? Bəyanatda birbaşa bu xalqa  hücum edilib. Özü də açıq-aşkar həyasızlıqla! Deməli, həm Məhərrəmlik ayını, həm də Aşura gününü yas günləri kimi keçirən  sünnili, şiəli bu xalq mövhumatçıdır, xurafatçıdır, dini yas dini kimi qəbul edəndir.  Məlum olduğu kimi bu ayda nəinki şiələr , hətta peyğəmbər (s.a.s) balalalarını sevən, İmam Hüseynin (ə) , ailəsinin (ə) , əshabının (r.a) başına gətirilən müsibətlərə görə ağlayan sünnilər də yas tutur, toyları və s. əyləncə məclislərini təxirə salırlar. Lakin, bəyanatın sonrakı cümlələrində bu hücumun xüsusən şiə kəsimə ünvanlandığı açıq-aşkar görünür. Bəyanatda peyğəmbərin (s.a.s) balasına (ə) matən saxlayanların “öz şəriət kitablarından xəbərsiz” olduğu qeyd edilir. Kimdir o kimsələr ki, öz şəriət kitablarından xəbərsizdirlər?  Kimdir bu bəyanatın mətnini düşünüb yazan ki, özünü “öz kitablarından xəbərsiz” sayanlardan  ayrı tutur? Axı kimdir bu adam ki, onun “öz şəriət kitabları” ayrıdır, ancaq “mövhumatçılar”ın, “xurafatçılar”ın öz şəriət kitabları ayrı?
 “Qardaş” və “bacı” sözlərində nə qədər səmimidir, nə qədər yox bununla işim yoxdur. Zatən, əvvəlki cümlələrində nə qədər “səmimi” olduğu göz qabağındadır. Bir çox şiə qardaş və bacıların bu günləri oruclu keçirməsi kimin üçünsə dəlil ola bilməz. Böyük ehtimalla həmin qardaş və bacılarımızın qarşısına sizinlə eyni zehniyyətdə olan qardaş və bacılar çıxıb , özlərini ilahiyyatçı kimi, nə isə bilirmiş kimi aparıb onları aldadıb bu günlərdə oruc tutmağın lüzumlu olmasına inandırıblar.
Qaldı ki, sünni və şiə mənbələrində bu barədə çoxlu xəbərlərin gəlməsinə. Məsələ, xəbərin gəlməsində yox, xəbərin etibarlı olub-olmamasında və bununla xəbərə uyğun əməl edilib-edilməyəcəyindədir. Yoxsa bir çox qeyri-mötəbər xəbərlər həm sünni, həm də şiə mənbələrində gəlib.
Əslində peyğəmbərimizin (s.a.s), əhli-beytinin (ə) , səhabələrinin (r.a) Aşurada oruc tutub-tutmaması , tutubsa hansı məqsədlə tutması, sonradan bunu tərk edib etməməsi məsələsi müzakirə ediləsi məsələdir.  Bizim məqsədimiz bu mövzuda yazmaq deyil. Hər halda sünni ( eləcə də vəhhabi ) etiqadında olanlar öz alimlərinə etimad edib oruc tuturlarsa özləri bilərlər. Şiə etiqadında olanlar da öz alimlərinə etimad edib oruc tutmurlarsa onlar da özləri bilərlər. Bir tərəfin rəyini başqa tərəfə güclə yeritmək olmaz. Amma, burası yəqindir ki, heç bir sünniliyini bilən sünni heç vaxt İmam Hüseyn (ə) mərasimlərinə bu şəkildə dil uzatmaz.
Əgər bu bəyanatı Mübariz Qurbanlı veribsə və bilərəkdən veribsə o zaman xalqın milli-mənəvi dəyərlərini təhqir edən bir kimsənin  bu cür mötəbər bir qurumun başında olması yol verilməzdir. Ancaq bəyanatı başqası Dini Komitənin adından veribsə, yaxud Mübariz Qurbanlı bu bəyanatı Dini Komitədəki hansısa “ilahiyyatçı”nın, yaxud “ilahiyyatçılar”ın məsləhəti ilə veribsə, onları həqiqi ilahiyyatçı bilib , onlara etimad edib belə bir qərar veribsə təəssüfləndirici haldır. Hər bir halda Mübariz Qurbanlı diqqətli olmalıdır. Hər halda Dini Komitənin adından verilən bəyanat həm komitə sədrinin, həm də komitənin özünün nüfuzuna xələl gətirir. Ona görə də məsələlərə belə məsuliyyətsiz yanaşmaq olmaz. Odur ki, əgər Mübariz Qurbanlı həqiqətən də qeyri-ənənəvi , radikal cərəyanlara qarşı mübariz olmaq istəyirsə, gərək bu işə Dini Komitənin daxilindəki vəhhabi təfəkkürlü “ilahiyyatçı”ları deşifrə edib təmizləməkdən başlasın. İşində ona uğurlar arzulayıram! 
 
Nicat Səfərov                azadxeber.az

Комментариев нет:

Отправить комментарий