Страницы

13.12.2014

ƏBDÜSSƏLAM AXUNDZADƏ SƏLYANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Qafqaz məntəqəsində qüdrətli alim və fəqihlərdən biri olan Molla Əbdüssəlam Axundzadə Səlyani 1843-cü ildə Azərbaycanın Səlyan şəhərində ruhani ailəsində dünyaya göz açıb. O, bütün Qafqazın “Şeyxul İslam” məqamını öhdəsinə götürmüşdü. İlk təhsilini atasından mənimsəyir, az müddətdə fars və ərəb dillərində yazıb oxumağı öyrənir. Atasının böyük kitabxanası onun dərs oxuduğu mədrəsə idi. Cavan yaşlarında bu kitablardan geniş surətdə istifadə edərək, Quran elmlərini öyrənir, müxtəlif tarixi və islami-fəlsəfi mövzularla tanış olur. Hələ cavan yaşlarında ikən dini elmlərdə mütəxəssis bir şəxsiyyət kimi başqalarının diqqətini cəlb edir.

 1861-ci ildə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris etməyə başlayır. Yeddi illik tədris müddəti ərzində çoxlu gəncləri islam dininin əqidə üsulları və hökmləri ilə tanış edir. Bu müddət ərzində onun nüfuzu və etibarı o dərəcəyə çatır ki, 1878-ci ildə dərs vermək üçün Gürcüstanın Qori Seminariyasına dəvət olunur. O, bu dəvəti qəbul edərək mədrəsədə türk dili və şəriət elmlərini tədris etməyə başlayır, yüzlərlə tələbəni Quran, elmləri və şəriət hökmləri ilə tanış edir.
 Alimin başqa xidmətlərindən biri də bu olmuşdur ki, son dərəcə zəhmət və fədakarlıqla Azərbaycana islam elmləri və Əhli-beytin maarifi ilə kamil surətdə tanış olan cavanlar təqdim edir. O öz şagirdləri üçün “Miftahil-lisani farsi” adlı kitab yazıb elə əlyazması üzündən dərs verirdi (1891-ci ildə bu əlyazmanı kitab şəklində çap etdirmişdir). Fasiləsiz və yorulmadan çalışdığı üçün 1894-cü ildə ona “Qafqazın şeyxul-islamı” ləqəbi verilir. Azərbaycanda ilk dəfə bu məqama yetişən alim məhz Səlyanidir. Elə həmin ildə də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin müdiriyyətini öhdəsinə alır. Alimin düzgün rəhbərliyinin nəticəsində Qafqaz Müsəlmanları Ruhani İdarəsi bütün Rusiyada olan Ruhani idarələri arasında nüfuz qazanır.
 Şeyxül-İslam Əbdüssəlam Axundzadə Səlyani 1907-ci il noyabrın 18-də Tiflis şəhərində dünyasını dəyişmışdir. Alimin əsərlərindən aşağıdakıları qeyd etmək olar: 
1.“Miftahil lisani farsi”; 
2.“Sərfi müxtəsər”; 
3.“Xətti təlq və tətbiq”; 
4.“Moizə və nəsihətlər” (1903-cü ildə çap olunub); 
5.“Risalətül-əhkam” (1903-cü ildə çap olunub); 
6.“Ümdətül-əhkam”; 
7.“Kitab-müəllifi ətfal” (1897-ci ildə çap olunub);
8.“Müqəddəs peyğəmbərlərin tarixi”. Bu kitab Axundzadənin ən yaxşı elmi əsəridir ki, 1892-ci ildə yazılıb və 1893, 1901 və 1903-cü illərdə Bakıda təkrar çap olunub. Bu kitabın indi də Azərbaycanda İslam tarixi və elmi əsərlər arasında özünəməxsus yeri vardır.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий