Страницы

08.12.2014

Qaraçuxur məscidinə sünni adı ilə gələn vəhhabilərin həqiqi siması

Sünni və şiələrlə birgə namaz üçün məscidə toplaşan vəhhabilər şiələri açıq aşkar rafizi adlandırırlar

AzadXeber.az-ın verdiyi məlumata görə, “Youtube” video portalında vəhhabi cərəyanının təbliği ilə məşğul olan Veysəl adlı azərbaycanlı sələfi “şeyx”inin ölkənin ənənəvi məzhəbinə qarşı həqarət və nifrət dolu çıxışı yayımlanıb. Çayxana şəraitində lentə alınan video kadrda Veysələ digər vəhhabilər “ələm yerləşdirilən və ya “Ya Rəsuləllah”  “Ya Əli”, “Ya Hüseyn“ tipli şüarların yazıldığı şiə məscidlərində namaz qılmağın düzgün olub-olmaması ilə bağlı sual ünvanlayırlar.  
Şiə kəlməsini öz ifadəsində rafizi (dindən çıxmış) ilə əvəz edən vəhhabi Veysəl, ələmin rəmzin in islam peyğəmbərinin, Əlinin, Fatimənin, Həsənin və Hüseyni təmsil etdiyini bildirərək bunun tamamilə batil bir şey olduğunu və ələm yerləşdirilən məscidlərdə namaz qılmağın doğru olmadığını söyləyir:
“Bu tamamilə batil rəmzdir. Əgər rafizilər (şiələr) sırf məscid tikərsə və ələmi şüar olaraq ora qoyarsa, həmin məsciddə namaz qılmaq düzgün deyil. Yox əgər məscidi sünnilər tikərsə və orada ibadət edənlərin çoxu və imamları sünnilər olarsa və güc sahibi olduqlarına görə rafizilər gətirib ələmi həmin məscidə yerləşdirərlərsə, onların qoyduqları ələm etibarını itirir. Orada qılınan namaz düzdür.”
Xatırladaq ki, hazırda Qaraçuxur məscidində sünnilərlə, şiələr birgə namaz qılırlar və məscidin axundu şiə məzhəbinə aid bir şəxsdir. Lakin sünni adı altında vəhhabilərin məscidə həddən artıq çox gəlməsi nəticəsində məscid əhli arasında bu cür düşüncələrə yol açıb.
Vəhhabi Veysəl çıxışının davamında bunları söyləyib:
“Rafizilər ələmi gətirib ora qoymaqla sünnilərin tikdiyi məsciddə mövcud olarlarsa və bizlər də ələmi büt hesab edib məscidə getməsək, ondan gərək Azərbaycandakı heç bir məscidə getməyək. Rafizilərin (şiələrin) də istəyi budur ki, biz sünnilərin məscidi olmasın. Əslində ələm məsələsi bir hiylədir. Qaraçuxur məscidini vaxtı ilə sünnilər tikib və sünnilərdən də imam təyin edilib. Lakin rafizilər (şiələr) məscidə müdaxilə edərək gətirib ora insanlar istəmədən ələm qoyublar. Biz isə həmin ələmi aradan götürmək gücünə malik deyilik. Əgər çıxarmaq gücünə malik olub çıxartmasaydıq, onda həmin məsciddə namaz qılmaq doğru olmazdı.”
“Yol üstündə namaz vaxtlarında zərurət üzündən rafizilərə məxsus məscidlərdə namaz qılmaq məcburiyyətində qalırıq. Belə olan halda bizim namazlarımız doğrudurmu? “, - sualını da cavablandıran vəhhabi Veysəlin sözləri vəhhabilərin özlərindən başqa digərlərinə necə düşmən münasibət sərgilədiyini açıq-aşkar nümayiş etdirir:
“Ümumi şüarsız məscidlərdə qılmağın problemi yoxdur. O, məscidlər ki, rafizilərin şüarları və rəmzləri üzərində tikilibsə, həmin yerlərdə namaz qılmaq olmaz. Biz qılmırıq belə yerlərdə. Yol üstündə bəzi məscidlər vardır ki, ələm və şəkillər yerləşdiriblər. Biz həmin məscidlərdə namaz qılmırıq. Bəzi məscidlər vardır ki, orada nə bir möhür, nə də ki, ələm olmazsa orada namaz qılmağın heç bir problemi yoxdur.”
Xatırladaq ki, Azərbaycan dini tolerantlığa görə müsəlman dövlətləri arasında yeganə ölkələrdən biridir ki, burada heç zaman məzhəblər arası qarşıdurma yaşanmayıb. Tarixən bütün məzhəblərdən və dinlərdən olan insanlar bir-biriləri ilə mehriban şəraitdə yaşayıblar. Xüsusilə sünni-şiə qarşıdurması heç zaman yaşanmayıb. Lakin 90-cı illərin əvvəllərindən etibarən vəhhabi cərəyanının sünni müsəlmanların içinə nüfuz etməsi nəticəsində, vəhhabi ideologiyası zəhərlənmiş bəzi sünnilər və vəhhabilər şiələri rafizi və müşrik bilirlər. Bunun isə ən bariz nümunəsi videodakı Veysəl adlı sələfi şeyxinin çıxışını göstərmək kifayətdir.
Onu da qeyd edək ki, ələm anlayışından bu günə qədər bəzi fırıldaqçılar və xurafatçılar öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Ələmin islamda xüsusi bir müqəddəsliyi olmasa da, tarixən müsəlmanlar bundan bir şüar və rəmz kimi istifadə ediblər. Eyni halda ələmin mənası bir neçə formada yozulur. Bura əziz İslam peyğəmbəri (s), İmam Əli(ə), Xanım Zəhra (s.ə), İmam Həsən və Hüseyn(ə) daxil olmaqla beş kimsənin adını daşıması, Aşura Günü İmam Hüseyn(ə)-ın qardaşı Həzrəti Əbəlfəzlil Abbasın kəsilmiş qollarının rəmzi kimi məna edilməsi daxildir.

azadxeber.az         Sahib Əliyev

Комментариев нет:

Отправить комментарий