Страницы

08.12.2014

REYTİNQİN QURBANLARI

Həmid Herisçi

 “REYTİNQ efirdə ancaq dava-şava, ailə qalmaqalları, şou, musiqi görmək istəyir. Biz ciddi verlişləri efirə buraxa bilmərik”- Mirşahinlə Seyfulla Mustafayev dərindən ah çəkirlər.
 “İlqar Mikayıloğlunun kişi səsini çıxmaq şərtiylə, bu gün efirdə erkək səsi eşidilmir. Hərdən Sabir müəllimin sovetsayağı ahəngi bizə gərək olur. Efirdə qender barəbərliyi pozulub, qadın aparıcılar çoxluqdadır, özü də onlar kişi davranışlarını sanki götürüb özəlləşdiriblər. “REYTİNQ” bunu tələb edir.
“REYTİNQ” deyir ki, bütün tanınmış kişiləri efirə çıxarıb onları mətbəxə gətirin, qoyun orda hamısı xörək bişirib, örtük bağlasınlar!”
 Bir sözlə, ANS telekanalında bir söz saqqız olub düşüb hamının dilinə- “REYTİNQ, REYTİNQ, REYTİNQ”…
 Bu ecazkar, tilsimli kəlməni biz təsadüfənmi deyirsiz böyük həriflərlə yazıb gözünüzə dürtürük, hə? Yox, burda təsadüfi heç nə yoxdur, ola da bilməz.
REYTİNQ əslində çox real bir qurumdur- Dövlət Teleradio şurası (rəhbəri Nuşirəvan Məhərrəmli) bu qurumla müqayisədə, vallah, billah, çox zəifdir-inanın, yerli telekanallarımız çox nadir hallarda onu ciddiyə alır. Prezident aparatı, Əli Həsənovun başçılıq etdiyi “İctimai-siyasi şöbə” barəsində də eyni sözləri təkrarlardım. Bu şöbə də, vallah, teleefirə bir o qədər müdaxilə etmir.
 Qulağınıza sırğa edin-bunu sizə mən deyirəm, “Space” telekompaniyasında 200-dək elmi-kütləvi verilişin baş aparıcısı, “Dahilərin divanı”nında 16 dəfə iştirak etmiş bir imza sahibi! Mən-Həmid Herisçi-şair, yazıçı, publisist, ANS-in ən intelektual “Yüzüncü baxış” proqramının müəllifi…Dört kitaba imza atmış bir ziyalı. Bəli, eşidin:
 “AZƏRBAYCAN TELEMƏKANINI BİRCƏ QARA QÜVVƏ İDARƏ EDİR- şərti olaraq “REYTİNQ” ADLANDIRDIĞIM BU ŞİRKƏT XƏYALİ BİR QÜVVƏ DEYİL, TAM REALDIR. XARİCİ ŞİRKƏTDİR. OKEANIN O TAYINDAN GƏLİB.
“AGB NIELSEN MEDIA RESEARCH OFFICIAL”-BEYNƏLXALQ ŞİRKƏTİNİN LİSENZİYASI ƏSASINDA ÖLKƏMİZDƏ QEYDİYYATA ALINMIŞ BU ŞİRKƏT “TV MR AZ” ADIYLA TANINIR.
***
 2010-cu ilin 1 fevralında mən ANS-dən gözləmədiyim bir təklif aldım- “Yoldaş Herisçi, sizə işimiz düşüb, bizim “Yüzüncü baxış” verilişimizin aparıcısı olmazmısınız?”
 Təklifi qəbul etdim. Köhnə sovet filmlərinin müzakirəsini keçirib, onları efirə buraxırdım. Veriliş çox xoşuma gəlirdi, elə tamaşaçılar da hər an mənə təşəkkür edir, ANS-in işçiləri yolumu kəsib daim məndən məsləhət alır, montaj ustaları Elionora, Sevil, Şəhriyar peşəkarlığıma qibtə ilə yanaşırdılar. Veriliş tezliklə bütün ölkəmizdə sevildi, elə ANS-in özündə də söhbətlər başladı: “Bu bizim ən yaxşı layihəmizdir, o hamıya örnək olmalıdır, zəhrimar REYTİNQ nəsə Həmid Herisçini sevmir, noolsun, biz bir təhər işi yoluna qoyarıq”. Adamın Allahı olar, Mirşhain Ağayev, Seyfulla Mustafayev həmişə bu sözləri deyirdilər…
Ancaq…
 Ancaq, REYTİNQ, daha doğrusu, beynəlxalq AGB NIELSEN MEDIA RESEARCH şirkəti, onun Bakı törəməsi “TV MR AZ” işbazları mənim “Yüzüncü baxış” proqramımı elə bəribaşdan əsla qəbul etmədilər: “Nə? Köhnə sovet filmləri? Biz Azərbaycan teleməkanına yeni telestandartlar gətiririk-cəld əvəz olunan kadrlar insan beyninə imkan verməməlidir ki, işə düşüb öz sahibini düşündürsün! Tükədici-istehlakçı isteriyası bizim ana şüarımızdır! Mikrofonlu gənclik bizim yetirmələrimizdir! Tamaşaçının yalnız şüraltısı maraqlandırır bizləri, şüur aləmi bizə gərək deyil! Nə? Həmid Herisçinin səyiylə Sovet kinostandartı efirə qayıdır? Buna imkan verməcəyik! Əsla! Getsin tullanmağının dalısıyca!”
PSİXOTRON MÜHARİBƏ. Ancaq, “REYTİNQ” üçün deyəsən daş qayaya rast gəldi bu dəfə- onların mənə müharibə elan etməsinə bir gün mən də cavab verdim, nə verdim… Çox sadə yolla bu şirkətin bir sıra sənədlərini əldə edib başladım gizli tədqiqata. “Yüzüncü baxış”la köhnə sovet kinolentlərini necə araşdırırdımsa, eləcə də o sənədləri “yüzüncü baxışla” gözdən keçirdim…Lakin, mən yazıçıyam, buna görə öz araşdırmalarıma azca dedektiv bir ovqat əlavə edərdim ki, oxucularım məqaləmin bu yerində daha da riqqətə gəlsinlər… Demək belə, dedektiv yazarların qələmə aldığı mənzərələr düşsün yadınıza- “Zülmətə qərq olmuş bir dəhliz. Əllərimə qara əlcək keçirib qapıların birini açıram. Əlimdəki fanarın işığı əvvəlcə sanki öz yolunu azır-içəridəki yazı masası üzərindən sürüşüb divara tuşlanır. Sonra otaqdakı gül-çiçəklər girir araya…Aha! Bax bu dəmir seyfdir məni həyəcanlandıran…Bir, iki, onun kodlarını açıram, içəridəki sənədləri bir an içində lentə alıb, bu kabineti astaca tərk edirəm. Süfrədəki tər çiçəkləri qoxulamaq yadımdan çıxmır…
 Həmin sənədlərin biriylə indi siz də tanış olun:
ŞİRKƏT HAQQINDA ARAYIŞ. AGB NIELSEN MEDIA RESEARCH şirkətinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərən “TV MR AZ” MMC-nin fəaliyyət növü televiziya kanallarının reytinqlərinin ölçülməsi və reklam monitorinqinin aparılmasından ibarətdir.
 Şirkətin apardığı işin texnologiyası beynəlxalq araşdırma standartlarına tam uyğundur, istifadə olunan müvafiq proqram avadanlığı sertifikatlaşdırılıb və illik əsasında verilən lisenziya əsasında istismar olunur. İşin quraşdırılmasında, təşkilində və texniki dəstəyində şirkətin yerli və xarici mütəxəssisləri ( bax bu dözülməzdir, ölkənin teleefirinə birbaşa xarici müdaxilədən danışır.-müəllif) iştirak edir.
 Şirkətin təşkil etdiyi TV paneldə 400 ailə ilə əməkdaşlıq aparılır, həmin ailələrdə xüsusi piplmetr adlanan cihaz quraşdırılıb və bu cihazın vasitəsiylə reytinq məlumatı toplanılır. Ailələr təsadüfü seçim vasitəsiylə (!.-müəllif) əvvəlcədən keçirilən tədqiqat əsasında sosial-demoqrafik amilləri nəzərə almaqla seçilmişdir.
 TV panel yalnız şəhər əhalisini əhatə edir və ölkənin 17 şəhərini, paytaxt Bakı da daxil olmaqla, əhatə edir.
Əlavədə şirkət haqqında təqdimat və hesabatların nüsxələri göstərilib.
Hörmətlə,
C. Ağamalıyev, icraçı direktor.
***
 Yaxşı, sual verək özümüzə: “Kimdir, nəçidir bu şirkət? Neyçün bu beynəlxalq şirkət Azərbaycan teleməkanını nəzarətdə saxlamalı, neyçün onu formalaşdırmalıdır?“
 Məsələ bununla bitmir də heç. Şirkətin monitorinqləri ölkəmizdəki ən iri şirkətlərə göndərilir, onlar da bununla razılaşır, öz reklamlarını guya populyar sayılan televerilişlərə göndərirlər. Şirkətin rəyi sanki məcburidir- teleşirkət rəhbərlərinin ağzı nədir ki, bu hesabatlar, tövsiyyələrdən kənara çıxsınlar.
İndi bildiz ki, ölkəmizdəki şou biznesi kim yönəldir, neyçün ən qatıq verilişlər həmişə özünə reklam qazanır?
 SƏNƏDDƏ GÖSTƏRİLƏN 400 AİLƏ İSƏ ƏSASƏN ŞADLIQ EVLƏRİNDƏ QARSON, XİDMƏTÇİ İŞLƏYƏNLƏRDƏN İBARƏTDİR!
 Gözümüz aydın olsun! Gör nə günə qaldıq! Bu ölkənin professor-ziyalıları, zabitləri, tələbələri deyil, qarsonlarıdır, bəli məhz qarsonlarıdır telemekanımızı təyin edən qüvvə…
 Bütün teleməkanımız sən demə onların incə zövqünə tabe imiş…
 Guya ki, sosial sorğu vasitəsiylə cəmiyyəti öyrənən bu tür, bu cür şirkətlərə Amerikada “pollster” (pollster) deyirlər. Sonradan bu sorğuların nəticələri “Gallup Poll”, “Yankelovich”, “Skelley and White” şirkətlərinin nəhəng bilgisayarına yerləşdirilir. Qısa araşdırmalardan sonra saxtalaşdırılmış nəticələr cəmiyyətə, ANS kimi onlarla digər mass-media mərkəzlərinə sırınır.
 Son nəticədə iqtisadi qanun məcəlləmizin “antimonopol” maddəsi kabudcasına pozulur-ölkəmizin reklam bazarı üzərinə, xarici bir şirkət öz tək pəncəsini basır.
 Məncə, hüquq-mühafizə idarələrimiz REYTİNQ ətrafında araşdırmalara başlarkən bu qanun pozuntusuna ayrıca diqqət ayırmalıdırlar.
REYTİNQ-in səlahiyyətlərini isə ondan alıb yeni açılmış “Televiziya Akademiyasına” ötürmək, məncə, ən düzgün iş olardı.
ŞOU-BİZNES TOTALİTARİZMİ. Ancaq mən sizə məsləhət verərdim ki, sadəlövhlüyə varmayasız- qarsonlar sözsüz ki, burda əsas rəyçi deyildir.
 Onların arxasında bir başqa qara qüvvə gizlənir- ölkəmizə, daha doğrusu, bütün postsovet məkanına qarşı TV-lər vasitəsiylə psixotron müharibə aparan xarici yad qüvvələr…
 Bəli, indiki dövrdə əsas müharibə sadə xalq kütləsinə qarşı televiziyalar vasitəsiylə aparılır- bu müharibədə top-tüfəng, mərmilərdən istifadə olunmur, bu psixotron müharibədir. Onun cəbbəxanasına şou biznes, əyləncə mafiyası, bayağı televerilişlər, gender bərabərliyinin pozulması və s. daxildir. Erotika, pornoqrafiya burda əsas silahlardan biri sayılır.
 Vaxtilə TV-lərimizin, kinosənətimizin işlətdiyi sovet standartları burda əsla qəbul olunmayaraq inkar edilir. Əvəzində ən idbar, tərbiyəsiz, səviyyəsiz insan xüsusiyyətləri ekranlara nəql olunur.
 Sadə insanları isə zombiləşdirmək, beyinlərini pozmağın ən sadə yolu isə bizim bax bu televiziya ekranıdır. Otur onun qarşısında bir yarım saat, vəssəlam, qanın getdi, bayağı şou biznes kabusu sənin bütün varlığını sıradan çıxarar ən azı.
Bu layihə 30-40-cı illərdə Britaniyanın Tavistok İnstitutunda yaradılıb. İlk olaraq 1945-61-ci illərdə işğala uğramış Almaniya, Yaponya əhalisinə qarşı işlədilib. Həmin layihəyə əsasən yerli əhali ancaq bütün günü loto-lotoreya radio-televiziya verilişlərinin iştirakçısı olmalı, caz rəqsləri ifa etməli, bayağı mahnı şlyaqerləri oxumalı, son nəticədə ideoloji yükünü qeyb edib heyvana çevrilməliymiş. Sovet imperiyası çökdükdən sonra bu layihə növbəti dəfə sandıqdan çıxarılıb postsovet insanına, o cümlədən sadə azərbaycanlıya qarşı işlədildi. Lakin, alman, yapon xalqları imperiya təfəkkürlərini itirsələr də, yenə də nəyisə saxlamağı bacardılar. Yenə də inkişaf etdilər. Bizim postsovet insanı isə bəlkə bu imtahandan salamat çıxmadı.
 İdeoloji baxımdan bu layihədə tanınmış konservativ Qərb filosofları Karl Popper, Leo Ştrausun fəlsəfi araşdırmaları yer alıb-bu müəlliflərə inansaq, ideologiya sadə kütlələrin deyil, siyasi-maliyə elitasına məxsusdur. Fəlsəfə açıq deyil, məxfi olmalı, hər yoldan ötən onu agah olmamalıdır. “Sənət sənət üçün”, “sənət elita üçün”dür, əşədi İbad demiş “vəssəlam, şod təmam”…Leninin dediyi “sənət xalq üçündür” müddəası həmin filosoflar tərəfindən kökündən rədd edilir.
 Bax indi biz bu fəlsəfəni Azərbaycan teleekranında müşahidə edirik-adına “müstəqil” deyən telekanallar artıq sənəti zibilliyə atıblar, onu xalqa vermək niyyətindən bilmərrə vaz keçiblər.
 Məndə olan məlumatlara görə Azərbaycan teleməkanında Qərb, Amerika imperializmi tərəfindən bir başqa, daha qorxulu bir layihə də sınaqdan çıxarılır- bu, Stenford Universitetinin hazırladığı “CHANGING IMAGES OF MAN”, yəni “insan psixikasını dəyişmək” layihəsidir ((“Contract Number URH (489)-2150 Policy Research Report Number 4/4/74, Prepared by SRI Center for the Study of Social Policy, Director Willis Harmon”). Stenford Universitetinin psixoloji araşdırmaları içinə bu sənəd “Kontrakt № URH (489)-2150” qrifiylə daxildir, müəllifi Uillis Harmon adını daşıyır.
 EH, həmin siyahını nə qədər desən uzatmaq da olar.
İstərdim ki, burda mövzuya artıq DÖVLƏT TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR QURUMLAR MÜDAXİLƏ ETSİN…
 Qanun məcəlləmizdə psixotron müharibə ilə bağlı bənd yoxdur, inşallah, bu dediyim mövzu ilə bağlı tədqiqat başlasa, inanıram, ora müvafiq bənd hökmən artırılacaq.
 REYTİNQ-in, topuna daim barıt qoyduğu şou-biznes aləminə gəlincə, bunu ayrıca qeyd etməliyəm- “Şou-biznes əyləncə deyil, siyasi təbliğat növüdür, bilin! O, yırtıcı kapitalizmi təbliğ edir, vəssəlam. Kommunistik təbliğat onunla müqayisədə cırtdan balasıdır, vallah. Bir-iki saatlıq sovet təbliğatı hara, gün boyu bitib-tükənməyən şou-biznes haray-həşiri hara? Evdə, TV ekranlarında, FM dalğalarında, şəhər nəqliyyatında, dayanacaqlarda, toylarda, məclislərdə bütün günü şou-biznes, yəni kapitalizm təbliğatı gedir… gedir… gedir…Günün tam 24 saatı boyu bitib-tükənmədən…

Комментариев нет:

Отправить комментарий