Страницы

15.12.2014

ŞEYX FAZİL LƏNKƏRANİ NƏCƏFİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Böyük din xadimi, mütəfəkkir, fəqih və təvazökar alim Ayətullah Hacı Şeyx Fazil Lənkərani Nəcəfi 1896-cı ildə Lənkəran şəhərində dünyaya gəlib. O, ibtidai islam elmlərini öz məntəqələrində olan alimlərdən öyrəndikdən sonra dini təhsilini artırmaq məqsədi ilə müqəddəs Məşhəd şəhərinə köçür, bu şəhərdəki mədrəsələrdə tədrislə məşğul olan məhşur Azərbaycan din xadimlərindən orta və ali səviyyədə dini elmləri öyrənir. 1920-ci ildə 25 yaşında Nəcəfi-Əşrəfə yola düşür.
Nəcəfin məhşur din xadimlərinin yüksək səviyyəli üsul və fiqh xarici dərslərində yaxından iştirak edir. Onun məhşur müəllimlərindən Ayətullah Şəriət İsfahani, Ayətullah Naini, Ayətullah İsmail Məhəllati, Ayətullah Şeyx Məhdi Mazandarani, Ayətullah Əbil-Həqq İsfahani və Ayətullah Ziyauddin Əraqi kimi din xadimlərinin adını qeyd etmək olar.
 Şeyx Fazil Lənkərani özünün yüksək zəkası və yorulmaz çalışmaları sayəsində ictihad məqamına çatır. 1944-cü ildə zəmanəsinin mərcəyi-təqlidi Ayətullah Seyyid Əbul-Həqq İsfahani camaata islam dininin hökmlərini öyrətmək və onlara düzgün yol göstərmək üçün Şeyx Fazil Lənkəranini Kazimeyn şəhərinə göndərir. O, Kazimeynə gəldikdən sonra məsciddə camaat namazı təşkil edir və xalqı İslam dininə tərəf yönəldir. Bundan əlavə, ondan dərs almaq istəyən çoxlu tələbəyə yüksək səviyyədə dərs deməyə başlayır və çoxlu alim yetişdirir. Hamı onu təvazökar, xoşəxlaqlı, xoşxasiyyət, şirindilli bir şəxsiyyət kimi tanıyırdı. Ömrünün axırlarında tədrisdən əl çəkib ibadətlə məşğul olur.
 1992-ci ildə dünyasını dəyişir və elə bu şəhərdə dəfn olunur. Alimin yadigar qalmış əsərlərindən aşağıdakıları qeyd etmək olar:
1.“Şərhi-mənzumə” (mərhum Səbzivarinindir) kitabına haşiyə;
2.“Şərhi-təcridul-üqəla” kitabına haşiyə;
3.“Üsul” haqqında risalə. 

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий