Страницы

13.12.2014

Sovet Hüseynov poeziyasında satira

Elnur Rəsuloğlu (Əliyev)

Ağrı-acılı dünyada inamla yaşayıb yazıb-yaradanlardan biri də mərhum Sovet Hüseynov (1939-2009) idi. Sovet müəllimin istər nəsrlə, istərsə də nəzmlə yazılmış müxtəlif janrlı əsərlərində “müəllifin vətənə, xalqa, təmiz sevgiyə, təbiətə məhəbbətinin, haqqa, ədalətə, sabaha inamının, namərdliyə,vəfasızlığa, xəyanətə qarşı barışmazlığı”nın şahidinə çevrilirik.
“Bizim sinif” kitabçasındakı bütün şeirlərini sevimli şagirdlərinə həsr etmiş şairin yaradıcılığını ümumən nəzərdən keçirsək, görərik ki, onun (Sovet Hüseynovun – E. R.) yaradıcılığının əsas hissəsini təşkil edən poetik nümunələr içərisində satirik şeirlər diqqəti daha çox cəlb edir.
Satira yaradıcılığına “Necə dost olum?” (1979) şeiri ilə başlayan Sovet Hüseynovun 1980-ci ildə qələmə aldığı “Mən ölüm!” şeiri həm forma, həm də ideya baxımından “inqilabi-satirik şeirimizin banisi və bayraqdarı” (Məmməd Məmmədov) M.Ə.Sabirin (1862-1911) “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, № 34) “Tükəzban cici” imzası ilə çap olunmuş, şairin “atanın da, ananın da avam və savadsız olduğu müsəlman ailələrində uşaq tərbiyəsinin rüsvayçı vəziyyətinə… acı gülüşlə...” (Əziz Mir Əhmədov) güldüyü və belə gülüşün xüsusilə qüvvətli olduğu, “Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!” misrası ilə başlanan “Uşaqdır” satirası ilə yaxınlıq təşkil edir.

M.Ə.Sabir həcmcə böyük olan “Uşaqdır” satirasının mövzusunu XX əsrin əvvəllərindən alıb o dövrün reallıqlarını əks etdirsə də, Sovet müəllim “Mən ölüm!” şeirinin mövzusunu 20-ci əsrin dördüncü rübündən götürmüşdür.
Mövzu fərqindən başqa, bu şeirlər arasında məzmun fərqi də özünü göstərir. Məzmun fərqi daha çox bu şeirlərdəki oğlan uşaqlarını qarşılaşdırdıqda üzə çıxır.
Sabir satirasındakı indicə-indicə ancaq on bir yaşına yetən “körpə”, “sözü ləzzətli”, “şirin dilli”, “qabil” oğlan uşağından fərqli olaraq, Sovet Hüseynovun şeirindəki on dörd yaşına yenicə girmiş oğlan uşağı papirosun, tünd arağın dadını yaxşı bilir.
 Hər misrası yeddi hecadan ibarət olan, “Gözəl qız” rədifli “Müasir Don Juanın monoloqu” satirasının adı çox şeydən xəbər verir. Müəllifin qeyd etdiyi kimi qoy “söz sahibləri öz paylarını götürsünlər”.

                                                    Aşiqini dinlə gəl,
                                                    Canım, gözüm, gözəl qız.
                                                    Sənin şirin dilinə
                                                    Qurban özüm, gözəl qız.

                                                    Üç arvad boşasam da,
                                                    Gəzirəm təzə sevda.
                                                    İndi yetiş imdada
                                                    Budur sözüm, gözəl qız.

                                                    Sənə bircə sözüm var:
                                                    Çox da oğlum, qızım var.
                                                    Qəlb eşqinlə çırpınar,
                                                    Körpə quzum, gözəl qız.

                                                    Arvadın arxasından,
                                                    Dünən dəymişəm, inan.
                                                    İndi mən “Subay oğlan” 
                                                    Necə dözüm, gözəl qız.

Sovet müəllim “Gözlük qüruru” şeirində “sağlam gözə də gərəkliyini, çoxları taxmasa da, taxanların gözündə dünyaya pəncərə olduğunu” bildirib qürurlanan gözlüyün timsalında bərk xəstələnib “dayanma arvad, Türkəçarə Tükəzi çağır gəlsin bu saat” - söyləyən, öz ixtisasına yiyələnməyən “həkimləri” tənqid atəşinə tutur.
“Əsrimin ən böyük qara yarası, Taunu, xərçəngi, vərəmi rüşvət” - deyən şair Namiq Hacıheydərlinin (1975) səsinə səs verən, rüşvətə və rüşvətxorluğa qarşı barışmaz olan Sovet Hüseynov “Təmiz işçi” satirasında yazır:

                                                     Rüşvət almadığından,
                                                    Taxtdan saldılar onu.
                                                    “Səhlənkar” olduğundan,
                                                     Həbsə aldılar onu.

                                                     Bir il yatdı – qayıdıb,
                                                     Müdir keçdi… ayıldı.
                                                     Hamıdan ala-ala,
                                                     Təmiz işçi sayıldı.

İlk dəfə satira yaradıcılığında yaltaqlıq mövzusuna beş bənddən ibarət, rədifi adı ilə eyni olan “Neyləyim” qoşmasıyla müraciət edən şair birbəndlik “Kişi” şeirində bu cür dırnaqarası kişilərin – yaltaqların əsl simasını açıb göstərir:

                                                    “Kişi” evə gələntək,
                                                    Hay-həşir qoparardı.
                                                    İşdə müdiri görcək,
                                                    O, ikiqat olardı.

Azərbaycanın xalq şairi, rəhmətlik Bəxtiyar Vahabzadəyə (1925-2009) nəzirə olaraq qələmə aldığı adı ilə rədifi eyniyyət təşkil edən “Oldu” (1988) gəraylısında Sovet Hüseynov müfəttişə çox yalvarıb əvəzində “olmaz!” cavabı alan, yaman əngəl işə düşüb gözünün yaşını axıdan, ürəyində qəm yurd salıb kədər həmdəmi olan, “Mən ağladım, güldü aləm, Dedi: “Günah səndən oldu”” - söyləyən, uzun zaman gəlirindən, daş-başından ayrı düşüb cibi boşalan, canı sıxılıb bədəni dərdə düşən, işlərində buraxdıqları nöqsanlara görə vəzifədən kənarlaşdırılan vəzifə sahiblərinin, “Uzunqulaq” şeirində isə “uzunqulaq” müdirlərin və onların ətrafına toplaşıb yüksək vəzifələr tutan “uzunqulaq” kadrların iflasını – sonunu təsvir etmələ yanaşı, “möhürün, stolun vəfasız olduğunu” bildirib təzə vəzifə başına keçənlərə “çox tələsən tez yıxılar, qaçma qabağa, ay bala” xəbərdarlığını edir.
1993-cü ildə - ölkəmizin ağır vaxtlarında Sovet müəllim qələmini yerə qoymayıb “Qeyrət – nəyimə lazım” satirasını yazdı. Bu şeiri oxuyarkən gözlərimizin önünə M.Ə.Sabirin “Molla Nəsrəddin” jurnalında (28 aprel 1906, № 4) imzasız çap olunmuş “Millət necə tarac olur olsun, nə işim var?!” satirası gəlir…
“Darıxma…” (Mart 1993-cü il) satirasının son bəndindəki

                                                    “… Gün gələr dəyişər zaman, darıxma
                                                    Çoxdur ilk bahara güman, darıxma,
                                                    Oğullar hünərlə girər meydana,
                                                    Verilməz çoxuna aman, darıxma” 

– sətirləri vasitəsilə o vaxtkı iqtidar tərəfindən bal yerinə zəhər yedirdilən xalqına, millətinə təskinlik verən, gec-tez bu ölkənin həqiqi sahiblərinin gələcəyinə və qurtulacağına inanan şairin ağlına gəlməzdi ki, onun bütün gümanları heç üç ay keçməmiş özünü doğruldacaq.
2009-cu ilin ilk günlərində dünyasını dəyişən Sovet Hüseynov indinin özündə də “respublikada sabitliyi pozmağa can atan şan-şöhrət, vəzifə hərislərinə” ünvanladığı məzəmmətlə dolu “dərs olmadımı?” sualını verməkdən çəkinməmişdir.
Ruhu qarşısında baş əyib Allahdan rəhmət dilədiyim doğma və əziz müəllimimin satira yaradıcılığı haqqında olan bu kiçik yazımı elə rəhmətlik Sovet müəllimin öz sözləri ilə bitirmək istəyirəm.
“… Ömrümün ən qiymətli illərini sabahın qurucularına həsr etməklə özümü xoşbəxt hesab edirəm. Qoy uşaqlarımız həyatda sağlam və xoşbəxt yaşasın, vətənin, elin, doğma torpağın qədrini bilsinlər, böyüklərə hörmət etməyi özlərinə borc bilsinlər” (Sovet Hüseynov. Bizim sinif. Bakı, “Araz” nəşriyyatı, 2006, səh.2).

Комментариев нет:

Отправить комментарий