Страницы

02.01.2015

Böyükxan BAĞIRLI - GÖYƏRÇİNLƏR

Günün batan çağıydı. Ətrafdakı adsız yüksəkliklərdən atılan güllələr adama göz açmağa aman vermirdi. Sankı, bu bağ-bağatlı, axar-baxarlı kəndin ürək parçalayan durumunu görməməkçün Allahın o azman, odlu-alovlu kürəsi də isti yurd-yuvalarından perikən “Çinar”lılar kımi başını götürüb yatağına doğru qaçırdı. Bəlkə də, o, bu qaçışıyla yerın-göyün mılyon-mılyon illərdən öncə bərqərar olan sabit nizamını pozduğuna görəydi ki, vaxt hiss olunmadan bu qədər sürətlə ötüb keçirdi. Artıq qürub yerınin qızartıları çəkılıb getmişdi. Hava qaraldıqca güllə yağışı altında geniş ərazili kənd klubunun həyətinə sığınan günahsız insanların olan-qalan səbri tıncıxıb   tükənirdi. Burada, əmlakı talan olmuş kolxozun sınıq-salxaq yük maşınlarının dövrəsındə ərəsətdi. Aman, Allah, beş-altı saat ərzındə xanimanları əllərindən getmış, taleylərinə qaçqınlıq düşmüş “Çinarlı”ların üz-gözünə baxmaq olmurdu. Can şirindır, qorxu, vahimə adamları nə günə qoymuşdu?! Dünənəcən can deyib can eşitdiyi qonşusuna aman vermədən tez özünü yük maşınının kuzasına atanın da, qocalararın, uşaqların, qız-gəlinlərın yerləşdirilməsinə can-dillə kömək edənin də kimliyi bəllənirdi bu qaçhaqaçda, bu ərəsətdə...

Düşmən bu qədim Bayat yurdunun mühasirə həlqəsini daraltdıqca, böyümüş gözləri hədəqəsindən çıxan əliyalın, köməksiz kənd camaatı kəfənlərini boyunlarına dolayıb ümidlərini yalnız göydəki o bir olan Allaha bağlamışdı. Elə bil ki, nəsə duymuş, nədənsə şübhələnmiş itlərin aramsız hürüşü, çovuyan güllələrin səsindən hövüllənmiş mal-qaranın böyürtüsü “Ay İrəhim, uyyyyy, ədə, gəl çıx, axırıncı maşın tərpənir...”, “Bədəl, ay Bədəl, hardasan, ay versənə...” deyə öz doğmalarını haray-həşirlə səsləyənlərin amanını qırmışdı. Buyannan da, topdağıtmaz mülklərindən quruca canlarını götürüb qaçan qadınların ərşə dirənən vay-şivən sədası. Belə bir nagahan durumda ağız deyənı qulaq necə eşitsın?! Odur ki, səbri tükənmış insanlar danışanda qışqırmalı olurdular kı, bu da elə onların özlərinə qalırdı.
Tərpənməyə hazırlaşan axırıncı “ZİL”in kuzasında adamlar ətətəydi. Bu qaçqın dəstəsini döyüş əməliyyatları keçirilən ərazidən çıxartmağa göndərilmiş sol qolu dirsəyinəcən sarıqlı olan ucaboy, sarışın zabitin “Artıq şeyləri atın yerə, qoy aşağıdakı vətəndaşlar da yerləşsin” deyə verdiyi əmrə məhəl qoyan olmadı. Elə bil ki, bu sözü dağa-daşa deyirdin. Yerindən tərpənən yoxuydu. Verilən əmr maşında öz şələ-şülələriylə daha çox yer basmarlayan qadınlara aiddi. Əllərinə gələn zəruri şeylərlə doldurduqları yekəpər bağlamaları əziz balaları kimi elə bərkdənbərk qucaqlamışdılar ki, onları yerəatdı nədi, heç gözlərindən kənara qoyana belə oxşamırdılar. Yerdəkilər isə yuxarıdakı “nizamlama”dan, mənasız çənə-boğazdan bır şey hasil olmayacağını görüb, bir göz qırpımında özlərini atdılar  maşının kuzasına. Aşağıda yaşı yetmişi keçmiş arıq, bəstəboy kişidən başqa heç kim yoxuydu. Dediyinə görə, o, qaçhaqaç vaxtı – gün əyiləndə örüş yerində olduğuyçün ailəsindən ayrı düşüb. Oğlanlarının İmişliyə getdiklərini deyirdi. Tərpənməyə hazırlaşan “ZİL”in də elə oraya gedəcəyini öyrəndiyinə görə bu maşının yanına gəlmişdi. Yayın bu cırhacırında geydiyi yun gödəkçə, deyəsən, onun soyuqla arası olmadığını göstərirdi. Bəlkə, bu, heç də belə deyildi. Amma, hər halda, yaxası yeyilib tiftiklənmiş, düymə yerləri alabəzək saplarla gözənmiş xurmayı gödəkçə kişinin əynindəydi və ağsaqqal bu qiyafədə özünü yaxşı hiss edirdi. Qocanın bir əlində aftafa vardı - bu, heç, məlum məsələ. Amma o biri əlindəki uzunbulla, bədheybət taxta yeşik işi bir az qəlizləşdirirdi. Hələ bu azmış kimi, yanında iri pəncəli köpək it də vardı.; dilini çıxarıb ləhləyir, nigaran baxışlarla ətrafı gözdən keçirir, sanki dövrəsində nələr baş verdiyini anlamağa çalışırdı.
- Ağsaqqal, qoltuğundakı o uzun, nataraz yeşiyi at yerə, özün də tez qalx yuxarı. – Yaralı zabit salamat əlini qocaya tərəf uzatdı ki, kişiyə kömək etsin. Qoca qoltuğundakı əcaib yeşiyi sanki kimsə əlindən alıb qaçmasın deyə bir az da sinəsinə tərəf sıxdı, qaşları düyünlənən, əlləri havada  qalan zabitə:                    
- Əmin sənə qurban, - dedi - bunu yerə ata bilmərəm.
- Niyə? Bəyəm canınnan artığdı? Nədir onun içindəki? – Zabit, yalan olmasın, elə qocanın boyu bərabərində olan taxta yeşiyi tərs-tərs süzüb dodaqlarını büzdü, üzünü hərbçi yoldaşına – sinəsindəki  sarğısını iri-iri qan ləkələri bürümüş qırğıgöz gizirə tərəf çevirib:
- Baxın, - dedi – bu da bizim ağsaqqalımız. Gəl indi  bu kişini  başa sal ki,  o, maşındakı camaatın taleyiylə oynayır. Düşmən bizim kürəyimizə minib, biz heç, deyək, biz cəhənnəm. Maşındakı bu qız-gəlinin, arvad-uşağın girov götürülməsi təhlükəsi var axı. 
Qocanın birdir, iki deyil deyə sözünün üstündə şiniyib durması yaralı zabiti hövsələdən çıxartdı. Dişi bağırsağını kəsə-kəsə:
- Sənə qurban olum, ay ata, - dedi - biz burda can daşıyırıq e, veş daşımırıq. Xahiş eləyirəm, orujdux ayınnan uzun olan  o karobkanı at yerə, əlini də ver bəri. 
Adamın beynini deşən səs-küy üzünnən zabitin nə dediyini anlamayan qoca:
- Başına dönüm, kamandir, - dedi - bu qaropkada qırx baş gövərçın  var, bir dənə də dönmə pişik. Allahın bu dilsiz quşlarını o məssəbsiz mundarrarçün necə qoyum gedim? Atıb getsəm, vallah, güllələyəcəklər, kəsib yeyəcəklər, ya da bu qaraquyruq Qarabağ gövərçinnərini öz adlarına çıxacağlar. Mən oların zatına-südünə bələdəm.
Maşındakı yaşlı qadınlardan kimsə özünü saxlaya bilməyib:
- Bəxtəvərin oğlu, - dedi - camaatın lay divar kimi əziz balaları şəhid olur, busa beş-altı zıllı göyərçinin dərdini çəkir.
Həmin qadının sözünə qüvvət verənlər əndazəni aşaraq məsələni bir az da tündləşdirdilər:
- Bəlkə də, - dedilər - başı qaçıb.
- Qurbanı olduğum o gözəl kişi zənbilini salleyib belə nayları götürmür də...
Adamın Allahı var, maşının kuzası həqiqətən ləbələbdi. Adam vardı - tək ayağı üstündəydi. Qocanın o boyda yeşiyini maşında hara qoysunlar ki, içindəki canlılar təpiklər altında əzilib xurd-xəşil olmasın? Dünya görmüş, yaş yetirmiş bir ağsaqqalın bu eldən dışğarı hərəkətinə həmyerliləri məəttəl qalmışdılar. Və odur ki, bu dəqiqələrdə hamının gözü milli ordunun qərargah tərəfindən göndərilmiş səlahiyyətli zabitindəydi, onun verəcəyi qərardaydı. Zabit isə güclə səbrini basıb tüklü çənəsini ovuşdurur, dediyindən dönməyən bu tərs qocanı taleyin ümidinə qoyub getməyin kişilikdən olmadığını düşünürdü. Müharibə qanunları ilə insanlıq qanunlarının üz-üzə gəldiyi belə bir məqamda yaralı zabit tez-tez ona saatını göstərib vaxtı xatırladan gödərək sürücünün nigaran, çaşqın baxışlarının müşayiətilə qocanın ağzını bir də  aralamaq istədi:
- Ay ata,  gəl bizi incitmə, - dedi və ani olaraq nəsə fikirləşib əlini cibinə atdı:
- Əmi, - dedi - nədir o quşdarın qiyməti?
- İş  maliyyətdə deyil, oğul. – Qoca aftafasını yerə qoyub, əlini sulanan gözlərinə çəkdi: - Bu gövərçinnər - dedi - sənin, mənim kimi Qarabağ sakinnəridi. İnsafdandımı onnarı atıb gedək? Özü də kimlərçün?! Hə, bax burası belə, orası da helədı kin, bu quşdar xan qızı Natəvanın gövərçinnərinin nəslinnəndi. Belə gövərçinnərdən, kamandir, bizim Qarabağdan başqa heç harda yoxdur. Bizim Qarabağ səmasına  ancaq bu nadir cinsdən olan gövərçinnər yaraşır; alaboğaz, qaraquyruq. Buların göydəki həngaməsini görəsən. Müsibətdi... – Qoca altdan yuxarı Milli ordunun zabitini qınayıcı bir tərzdə süzüb başını buladı. - Allah saxlamış, - dedi - sən də deyirsən bunnarın maliyyəti nədir? Vaxtilə Şuşanın böyüyü olmuş general Cəfərqulu xan Nəva Cavanşir bu sözü eşitsəydi, dəli olardi. O, gənc, dəli-dolu vaxtlarinda bu gövərçinnərin ulu babalarının vasitəsiylə Şuşa gözəllərinə oxartana aşiqanə məktublar göndərib kin. Sənə bir şey deyim, kamandir, Xudafərin körpüləri, Gohər Ağa məçidi, Qarabağ atları nədirsə, bax bu gövərçinnər də bizlərçün heylədi. Elə şeylər, elə dəyərlər var ki, oları tərəziyə qoymaq olmaz, oğul. 
Qocanın bayaq mərhəmət, şəfqət duyğuları ifadə edən gözlərində indi qəzəb, üsyan qığılcımları oynayırdı. Bir naqolay sözə, kal, göyala irada bənddi ki, od püskürsün. Zabit özü də qədim Cavanşir nəslindəndi. Onun köklü, köməcli xan soyu haqqında qocanın dedikləri qəlbini riqqətə gətirdi. Yaşarmış gözlərini ətrafındakılardan yayındıraraq, sinəsini maşının arxa bortuna söykədi.
- Kişi, əlini ver bəri, - dedi. Sürücüyə də işarə elədi ki,  onun yeşiyini, aftafasını ötürsün yuxarıya.
Bu arada hava telefonuyla hərbi qərargah rəisi zabitə əmr verdi: ”Savalan”, yubanırsan, qalx ayağa, tez ol!”.
Maşın yerindən tərpənəndə  artıq  “Çinarlı”nın aşağı məhəlləsini alov  bürümüşdü. Yanan evlərin zil qara tüstüsü burula-burula göyün ənginliklərinə doğru millənirdi. Qadınlar buna dözməyib təzədən vay-şivənlə üz-gözlərini yaman günə qoydular...
***
“ZİL”  hərbi qərargahın verdiyi marşrut üzrə hərəkət etdikcə doğma yerlər arxada qalırdı. İllər boyu dişlə, dırnaqla tikilən o imarətlər, bol məhsullu bağlar, bərəkətli çöllər, bitib tükənməyən acılı, şirinli xatirələrlə bağlı yollar... bu ayrılıq çağlarında sanki dilə gəlib, yurd-yuvalarnı göz yaşlarıyla tərk edənlərdən imdad diləyir, “Bir ayaq saxlayın, halallıq alın...” deyirdi. Maşının ardınca yortan boz köpək isə arada bir ayaq saxlayıb əməlli-başlı ağlayır, fəryad qoparırdı. O hələ ümidini üzməmişdi. Bir xeyli qaçıb əldən düşənədək qoca sahibini harayladi. Sanki bir daha  onu görməyəcəyi hissiylə başını uzun qolları arasına alıb zingildədi.
Bu, öz vəfalı dostunu  yaman gündə, dar ayaqda uf demədən atıb gedən bir etibarsıza qarşı acı etiraz idi.
Qoca başını dizinin üstünə qoyub xısın-xısın ağladı, gözünü boz köpəyin şöngüyüb qaldığı, maşın irəlilədikcə kiçilib nöqtəyə döndüyü səmtdən çəkərək, xəyalən bir xeyli ötən günlərə baş vurdu, qədir-qiymətini bilmədiyi bəxtəvər aylarının, illərinin bir də o sayaq ələ düşməyəcəyini, yad yerlərdə öz elində-ulusunda olduğu kimi gülü axmayacağını, can deyib can eşitməyəcəyini düşünüb kövrəldi, yaman kövrəldi. O, özünə gələndə artıq göy üzündə ulduzlar sayrışırdı, ətrafa qatı qaranlıq çökmüşdü. Bu qaranlıq təkcə bir neçə ay ərzində xarabazara çevrilmiş, viran olmuş yurdları öz iri qanadları altına alıb görünməz etməmişdi, o həm də od-ocağından ayrılan, bu dəqiqələrdə üzücü xəyallar, cavabsız suallar içində çırpınan, ürəyində bundan sonra nələrlə, zamanın daha hansı sürprizləri və zərbələriylə qarşılaşacaqlarını düşünən bu zavallı insanları qapısına təzəcə qədəm qoyduqları yeni, naməlum həyatla bağlı baş çatladan qara-qura fikirlərlə üz-üzə qoymuşdu... Yüz fikrin bir borcu ödəməyəcəyini  yaxşı bilən qoca cib fənərini yandırıb əvvəlcə pişiyin qəfəsini açdı, ona bir-iki tikə çörək atdı, sonra dən torbasından bir ovuc buğda götürüb yeşiyin içinə səpdi. Bir-birinə sığınan göyərçinlər, nədənsə, heç gözlərinin ucuyla da dənə baxmadılar. Səslərini içlərinə elə salmışdılar ki, deyirdin “Çinarlı”da 
“Ayyy, sizi, qorxaqlar, elə bilirsiz tanımıram sizi? Qorxursuz. Ona görə də dən götürmürsüz. Eybi yox,  bərk acıxanda  götürəcəksiz. Lap o yana keçəcəksiz, - deyə qoca özünə təskinlik verdi. - Bax, odu, - dedi - pişik payını yedi. - Göyərçinləri oxşayırmış kimi yeşiyə sığal çəkdi. - Yox, sizi qınamıram, - dedi -  pişiyə nə var, e, pişik elə pişikdi də. Amma sizin yerdə də, göydə də oxartana düşmanınız var kin. Neçə gündü güllə səsinnən qorxduğunuza görə dimdiyinizi belə çölə çıxarmırsız. Qorxmayın, getdiyiniz yerlərdə daha güllə, “Qrad”, filan olmayaqcaq. Amma biz oralarda çox qalmayacağıq. Qayıdacağıq öz yurd-yuvamıza.” 
Maşın asfalt yoldan çıxıb adamın canını alan kələkötür torpaq yola düşmüşdü. Hələ bir faraları da söndürülmüşdü. Nə baş verdiyini bilməyən adamlar təşviş içində bir-birlərini sorğu-suala tutmuşdular. Kimsə əyilib sürücü tərəfdən kabinanın qapısını döyəclədi, maşını saxlamağı tələb etdi. Milli ordunun zabiti dərhal onun başının üstünü alıb:
- Sakit olun, qardaş,- dedi- burda mən kamanda verirəm.
Axşamüstü bu maşında səs çəkib ağı deyən çilçopur, ləndəhör qadın dilini dinc qoya bilməyib:
- Gördük də - dedi - sizin kamanda verməyinizi. Əcəb bayındırdız bizi. Utanım yerüzə.
Sinəsindən yaralanmış və bu üzdən də xeyli qan itirərək zəifləmiş  gizir  çilçopur qadının bu ağır  ittihamına dözməyib dilləndi:
- Bura bax, ay ana, - dedi- üzünü də görə bilmirəm, taxsır bizdə deyil, ustul davası eliyən  böyüklərimizdədi. Televizorda  görmürsüz  oların  dava-dalaşın?!
Elə bu vaxt hardasa uzaqlarda qiyamət qopdu. Ətrafı top-tüfəng səsəi bürüdü. Çox keçmədi ki, həmin atəş nöqtələri  susduruldu. Bəs susan kim, susduran kimiydi? Artıq bu arada qocanı huş apardığından o, nələr baş verdiyindən xəbərsizdi. İndi şirin bir yuxudaydı; aynabəndli eyvaninda gülməxmər üzlü mütəkkəyə dirsəklənib “Ay ana, ay ana, mən gedirəm Zəngilana...”  deyən Zülfünün - bir vaxtlar vurğunu olduğu, patefon vallarını od qiymətinə aldığı və bir payız axşamı kənd klubunda konsert verdikdən sonra uzaq qohumu kimi evinə qonaq çağırdığı bu əvəzsiz xanəndənin radiodan gələn səsini huş-guşla dinləyir, şipşirin xəyallar içində üzür, qarşısında soyuyub buza dönən kəkotulu çayına gözünün ucuyla da baxmırdı... Baharın gözəl çağıydı. Bayırda bal arılarının vızıltısı aləmi başına götürmüşdü. Qocanın qulağı Zülfü kişinin səsindəydi, baxışları isə həyətdəki iri bedana tutun xışıldayan budaqlarında ilişib qalmışdı. Nə axtarırdı, nələr yadına düşmüşdü?! Bayaqdan gəlini iki dəfə gəlib çayını dəyişmişdi. Süfrədə çərəz, növbənöv mürəbbələr, şirniyyat, dövrəsində gəzib dolaşan şirin-şəkər nəvələr... Elə qarısı da yanındaydı. Gümüş milləri toxuduğu “Ərəş” çeşnili yun corabın əlvan naxışlarının üstündə gəzdirirdi. Onun bir gözü ərindəydi; tutqun, gərilmiş sifətində  qara buludlar oynaşırdı. Ürəyində nəsə bir pis xəbər vardı. Bu xəbəri dilinə gətirəcəyi halda on il öncə əbədi tərk etidiyi, indisə ruhən qonaq gəldiyi bu evdə gör nələr yaşanacaqdı, nələr baş verəcəkdi?! Sağ olmuş qoca isə hələ öz kefindəydi. Ustad xanəndənin xoş avazı kişini götürüb gör haralara aparmışdı... Atlını atdan salan ərgən çağları, xüsusən, Bakı zooparkında işləyədiyi vaxtlarda dərs dediyi uşaqlarla birlikdə təbiətin canlı möcüzələrini seyr etməyə gələn Mərifət müəlliməylə - sonralar ömür-gün yoldaşı olan, altımışında cığından cida düşən Malıbəyli qızıyla cavanlq sərgüzəştləri... bir-bir gəlib gözlərinin önündən keçdi. Belə şirin yuxudaykən birdən aşağıda, hardasa həmin o bedana tut ağacı tərəfdə bərk qışqırtı qopdu. Bu, cavan qadın səsiydi. Kim ola?! Qalxıb ətrafa  dovruxdu. Səksənib yuxudan ayılarkən səmada gözünə ulduz dəymədi.; hava qarışmışdi. Qışqıran isə uzaqda deyil, qulağının dibində -.maşındaymış. O, indi aldığı ağır yaranın ağrısından əzab çəkən xəstələr kimi zarıyır, canını qoymağa yer gəzirdi. Çevrəsindəki adamların əl-ayağa düşdüyünü hiss eləyən həmin o çilçopur, ləndəhör qadın məsələyə aydınlıq gətirib şəklənmiş qulaqları intizardan qurtardı: 
- Narahat olmayın, - dedi - Qafur kişinin gəlinidi, ağrısı tutub, azad olur.
Bu izahatdan sonra üzlərdə yaranan ifadələri görmək heç kimə müyəssər olmasa da, ancaq elə indicə dünyaya gələn çağanın səsini maşındakı toplum o dəqiqə eşitdi və araya pıçapıç düşdü. Qoca ilə yanaşı əyləşmiş bəstəboy, saqqallı oğlan dodağının altında nəsə üyüdüb tökdü, yorğanına birə düşmüş adamlar kimi yerində bərk qurcalandı. Qoca ehmalca əlini onun çiyninə qoyub ətrafdakılar eşitməsin deyə astadan: 
- Oğul, fikir vermə, - dedi - Allahtaalanın verdiyi vaxt-vədə var,  o gəlin istəməzdi kin...
Söz  qocanın ağzında qaldı. Saqqallı oğlan coşub kükrədi:
- İrəhməttiyin oğlu, - dedi - məni narahat eliyən nə gəlindi, nə də onun körpəsi. Mən kiməm ki, Allahın işinə qarışam? Axşamdan bəri mənim kələyimi kəsən sənin orus tabutuna  oxşayan bu  karobkandı, kişi. Sən Allah,  sən o qıldığın namaz, at onu  getsin. Mildə-Muğanda o göyərçinnərdən itüvətökdü, naxartana istəsən, lap quş ferması aça bilərsən.
Başında-beynində sabah sübhün gözü açılan kimi göyərçinlərini topsuz- tüfəngsiz asudə bir ərazidə yaxşıca yemləyəcəyiylə bağlı xoş duyğular gəzib dolaşdığı bir vaxtda, böyründəki saqqallı oğlanın elin urfu-adətinə rəğmən babası yaşında bir kişiyə o sayaq sözlərlə yol göstərib başına ağıl qoymaq istəməsi qocaya bərk toxunmuşdu. Gecənin qaranlığında həmin saqqallı oğlanın sir-sifətini  arayaraq, ondan  kənddə kimlərdən olduğunu soruşdu.
Oğlan:
- Bunun məsələyə nə dəxli var, - deyə bozardı, əlini yelləyib üzünü kənara çevirdi.
Qoca:
- Ay oğul, incimə, - dedi - sözdü də soruşdum.  Məsəl var - su girdi qaba, oldu içməli. Hindi burda biz Allahın qövlüylə yoldaşıq, bilmək istəyirəm, yoldaşım kimdi, kimlərdəndi.
Qocanın əl çəkmədiyini görən oğlan dilucu:
- Atam çoxdan ölüb, - dedi. - Anamsa durur... Çöpçü Tamamın oğlu kimi tanıyırlar məni.
Bu yerdə qoca başına ehmalca bir qapaz vurub öz-özünə gileyləndi: ”Bərəkalla, anasının oğlu! Beləsinnən nə gözləyəsən?! Külli Oarabağda uşaq atasına görə  tanınıb. Bu mələməz səgə nə  deyəsən?!...”
***
Maşın döyüş əməliyyatı zonasından xeyli uzaqlaşdığına görə artıq sürücü faraları yandırmışdı. Amma, nədənsə,  heç kim bunun fərqində deyildi. Bir-iki saat ərzində dərd-sərin, qara fikirlərin yorub əldən saldığı insanlar nəinki təhlükəsiz əraziyə girdiklərini sezməmiş, hətta dalbadal çaxan şimşəyin ardınca yağışın çisəldiyini belə hiss etməmişdilər. İiynə atsan yerə düşməz bu dar məkanda yağış yavaş-yavaş öz işini görməkdəydi. O getdikcə güclənir, onsuz da dünyaları tar-mar olmuş bu insanları təbdən çıxarır, olan-qalan səbrlərini də əllərindən alırdı. Yay günündə əyin-baş yuxa, ağ yağış - şıdırğı. Gəl duruş tut görüm necə tutursan. Bax elə bu məqamda çilçopur qadının kal, yuxulu-yorğun səsi havada haçalandı:
- Ay el, ay camaat, ay bizim “Çinarrı” əhli, kimdə qalın paltardan, ədyaldan zaddan varsa, müzayiqə eləməsin, körpə əldən gedir.
Heç kimdən səs çıxmadı. Ağ yağış altında əyin-başı selin-suyun altında olan bu camaat quru, qalın, sukeçirməz paltarı indi hardan tapıb gətirsin?! Düşmənə girov düşməməkçün elə hamı quruca canını götürüb qaçmışdı. Yayın ortasında belə sallama yağış yağacağını kim ağlına gətirə bilərdi və gətirsəydi belə, yorğan-çadır götürməyə vaxt hardaydı. 
Qoca bayaqdan kiriməyən çağanın, dünyaya gəlməyə əcəb vaxt tapan bu sağolmuşun çığırtısına dözməyib yun gödəkçəsini əynindən çıxartdı, çopur qadını səsləyib:
- Ay qız, Gülxas, - dedi - al bu qurtkanı, astarı xalis dəridi, su-zad keçirmir.
- Allah sənnən razı olsun, ay Talıb əmi. - Gülxas deyilən çilçopur qadin fövrən gödəkçəni Talıb kişidən alıb qundağın üstünə sərdi. Elə bil, çağa buna bəndmiş, toxtayıb ovundu, ta cıqqırını belə çıxarmadı.
Bu heynidə şimşək dəli bir nərəylə göy üzünü qılıncladı, hər tərəf çıraqban oldu. Gülxas arvad bu gurrah işıqda Talıb kişinin üz-gözündən süzülən yağış damcılarını, yaxası kardan düşmüş ağ yerli miləmil qolsuz köynəyinin altında titrəyən arıq vücudunu apaydın gördü. Özünü saxlaya bilməyib:
- Talıb əmi, dedi - sizə soyuq deyil ki?
Soyuq olmağına soyuqdu, özü də yekəsinnən. Göyün əndərdiyi bu sel-su hələ azmış kimi, təzəcə qanadlanan küləyin yağışı-yağmuru götürüb sürətlə adamın üz-gözünə çırpdığı belə bir havada yaşlı adamın halı necə olmalıdır? Amma indi neyləməli? Dəsmal götürüb ağlamayacaqdı ki. Bu üzdən də Gülxas arvada:
- Narahat olma, bala, - dedi - biz dözərik, biz heç, təki körpəyə bir şey olmasın. - Qoca -Talıb kişi sözünə ara verib gərnəşdi, sanki soyuğu-sazağı canından qovurmuş kimi əllərini bir xeyli açıb yumdu, bədənində qan yaxşı dövr etsin deyə sinəsini, boyun-boğazını ovxarladı. - Doğrudan a, Gülü, - dedi - Heş demirsən, uşaq oğlandı, ya qız?!
- Oğlandı, Talıb əmi, gözün aydın, indicə biz uşağa sənin adını qoyduq.
- Allah saxlasın! - deyə Talıb kişi yağışın islatdığı taxta qəfəsi dizinin üstünə qoyub əllərini yuxarı qaldırdı. Sonra cib fənərini yandırıb qəfəsin qıraqları xırda gülmıxla çitənmiş balaca meşin qapısını açdı. Gördü ki, yox, hələ qəfəsə nəm keçməyib. Quşların ayaqlarının altı qupquruydu. Onlar əvvəlki kimi, yenə də qəfəsin küncünə qısılmışdılar. Səpilən dən də ayaqlarının altında qalmışdı. Bircəciyini də götürməmişdilər.”Darıxmayın, - deyirdi qoca - az qalıb. İmişliyə çatırıq, səhərin açılmasına nə qalıb kin. Asudə yerə gedirsiz. Orda qırışığınız açılacaq. Hindi üzünə baxmadığınız dən-düşü  orda götürüb gözünüzə təpəcəksiz. Hə, bə nədi, bəyəm tanımırıq sizi?... Hindi də qoy dostum pişiyin qletkasına baxım, görüm nə var, nə yox. Bax budu, pişik payını boyata qoymayıb, hamısını yeyib, afərin, dostum pişik, sənin bir eybin vardı kin, o da itdən bərk qorxmağındı. Qorxmaq istəmirsənsə, gərək möhkəm yeyib güjdənəsən. Onda it sənə bata bilməz..”
İt deyəndə yadına köpəyi düşdü. Ağ, pırpız qaşları çatıldı, sulanmış, nurdan düşmüş göyümtül gözləri yol çəkdi. “Xasiyyətinə bələdəm, - dedi - o dözməyəcək, ulaya-ulaya bağrı çattıyacaq. İnanmirdı kin, onu atıb gedərəm. Elə bunu da ürəyinə salıb öləjək..”
Talıb kişinin gözləri gölləndi; irəli çıxmış almacıq sümüklərinin əzələsi titrədi. Yox, titrəyən təkcə yanaqlarının əzələsi deyildi. Sözünə baxmayan çənəsi, qoşa nağara çubuğunu xatırladan tüklü qolları, bütün canı, vücudu titrəyirdi. Canına yorğan rahatlığı verən yun gödəkçədən sonra kürəyinə çırpılan ağ yağış, buludlu, pəlməli gecənin payızı xatırladan soyuğu- sazağı artıq öz işini gördüyündən qocanın halı getdikcə xarablaşırdı. Elə buna görə də yağışın nə vaxt kəsdiyindən, yaralı zabitin maşını saxlatdırıb gizirlə birlikdə hərbi hissənin qərargahına getdiyindən, burdakı camaatla xudafizləşərkən onun nələr dediyindən Talıb kişinin xəbəri olmamışdı. Canını dişinə tutub bir balaca özünə gələndə gördü ki, Gülxas arvad başını qucağındakı gonbul bağlamanın üstünə qoyub xorna çəkir, yağışın gurrah çağında haray-həşir qoparan çağa da anasının ağuşunda kiriyib... 
Dağılan  buludların  arasından  boy verən ayın işığında zahı gəlinin çöhrəsi, alnına tökülən bir çəngə teli, boynundakı  iri qızıl zəncirli  “Səng-Sitarə”si... apaydın görünürdü. Şövq, ehtiras, həyat eşqi canındakı ağrı-acıyla mücadilə edən Talıb kişiyə gənclik illərində Topxana meşəsində gördüyü və yaddaşına əbədi həkk olduğu bir mənzərəni - yanıb kömürə dönmüş kiçik talada qapqara kötüklərin dibindın boy verən yamyaşıl zoğların təsvirini xatırlatdı. Hayıf ki, ürəyə təpər verən, belə bir üzücü gecənin ağrı-acısına meydan oxuyan bu mənzərənin təsirindən qəlbində baş qaldıran xoş duyğyların ömrü az oldu. Halı yaxşı deyildi. Elə bil ki, damarlarında qan donmuşdu. Getdikcə bədəni soyuyur, nəfəsi təngişirdi. Amma huşu-başı özündəydi. Mindikləri “ZİL” İmişlidəki qaçqıngaha çatanda da taxta qəfəsini götürüb maşından özü yerə düşmüşdü - day kiminsə köməyi-filanı olmamışdı. Hələ bir tənbəllik eləməyib, maşından düşən kimi göyərçinlərinə dən vermək istəmişdi. Bax, burayaqədərki durumu, görünüşü yoldaşlarının hamısının yadındaydı. Bundan sonra, yəni səhər açılanda hara getmişdi, necə getmişdi, nələr etmişdi - bunları bilən yoxuydu. Öz canlarının hayında olan, tanımadıqları ağır gün-güzəranlı bir mühitə qədəm qoyan bu zavallı insanların dərdləri bəyəm çöpçü Tamamın saqqallı oğlu demişkən, gününü görüb dövranını sürmüş quşbaz bir qocanı güdməkdi?!
Dünəndən bu çölün düzündə  məskunlaşan doğmaları onu qaçqıngahdan bir xeyli kənarda - yan-yörəsini kol-kos basmış şirin su arxının böyründə tapmışdılar. Üzündəki xoş, məmnun ifadə Talıb kişinin rahat can verdiyini göstərirdi; tor basmış göyümtül gözləri açıq, tərtəmiz səmanın ənginliklərinə dikilmişdi. Orada Talıb kişinin artıq heç kimdən və heç nədən çəkinib qorxmayan göyərçinləri aramsız qanad çalır, mayallaq aşır, min bir oyundan  çıxırdılar. Kefləri kökdü. Talıb kişinin bir az əvvəl səpdiyi dənin hamısını  götürmüşdülər...
Arxın göz yaşı kimi dumduru suyundakı əksiylə oynayan alaboyun pişiyin də qarnı toxdu. O, burada özünə yaxşı yoldaş tapdığına  görə  şellənir, quyruğunu bullaya-bullaya atılıb düşürdü...
Talıb kişinin doğmalarını riqqətə gətirən isə öz sahibindən ayrılmayan, sanki sahibini yuxydan ayıltmaq təmənnasıyla onun qolsuz yaş köynəyini aramsız dimdikləyən qaraquyruq anac göyərçinin canfəşanlığıydı...

Комментариев нет:

Отправить комментарий