Страницы

29.01.2015

Memarlıq və el sənətləri nümunələrinin elmi əsaslarla tədqiqi

İradə RÖVŞƏN,
memarlıq üzrə fəlsəfə doktoruAzərbaycan Respublikası Memarlar İttifaqının üzvü

Dövlətin mühafizəsi altında olan memarlıq abidələrinin bərpasına, yenidən qurulmasına və mühafizəsinə ciddi diqqət yetirilir. Bu sahəyə ayrılan vəsait və qəbul edilən qanunvericilik aktları dövlət səviyyəsində olan memarlıq abidələriylə bağlı problemləri həll etməyə imkan verir. Şəki xan sarayı kompleksi, Şəkixanovların evi, karvansaralar, məscidlər, körpülər, hamamlar dövlət tərəfindən mühafizə olunsa da, memarlıq dəyərlərinə malik şəxsi yaşayış evləri belə qayğıdan və nəzarətdən kənarda qaldıqlarından, ev sahiblərinin isə bu evləri bərpa etmək üçün maliyyə imkanlarından məhrum olduqlarından təbii dağılma prosesiylə üz-üzə qalıb. 
Yüksək memarlıq dəyərlərinə malik olan evlərin təbii aşınma nəticəsində dağılması Azərbaycan xalqının tarixi-mədəni irsinin itirilməsi ilə yanaşı, həm də bu irs haqqında müasir nəslin təsəvvürünün xoşagəlməz istiqamətdə dəyişilməsinə gətirib çıxara bilər. Hazırda belə yaşayış evlərinin əksəriyyətinin şəxsi mülkiyyətə aid olması onların fiziki baxımdan qorunmasını çətinləşdirən başlıca amildir.
Odur ki, milli memarlıq üslubunda tikilmiş yaşayış evlərinin üzə çıxarılması, onların bir-bir siyahıya alınmaqla qeydiyyata götürülməsi, fikrimizcə başlıca məsələlərdən biridir. Belə olduqda, sozügedən tikililərdə təmir-bərpa işlərinin aparılması, həmin evlərdə milli üslubda muzeylərin, yaxud da mülkiyyət xarakterli kiçik mehmanxanaların təsis edilməsi asanlaşar və xarici qonaqların şəhərimizə marağı daha da artar. 
Şəki evlərinin interyerində xalq məişətinin ayrılmaz hissəsi olan dekorativ tətbiqi incəsənət ünsürlərinə daha geniş yer verilmişdir. Belə ki, tətbiqi incəsənətin, xüsusən xalq incəsənətinin sadəliyi yaşayış kompleksinin ansamblında özünəməxsus yer tutur. Təbii görünüşünü saxlayan belə ünsürlər interyerdə göz oxşayır və öz sadəliyi ilə diqqəti cəlb edir. 
Evin daxili məkanı onun xarici memarlıq ünsürləri ilə vəhdət təşkil etsə də, məişət tərzi ilə sıx əlaqəli olur və milli xüsusiyyətlərlə yanaşı həm də ev sahibinin yaşayış tərzini, zənginliyini özündə əks etdirir. Evin interyeri burada yaşayan ailə üçün maksimum rahatlıq yaradır və estetik keyfiyyətləri ilə milli tələblərə cavab verir. 
Şəkinin yaşayış evlərində kalliqrafiya və epiqrafika. XVIII–XIX əsr memarlığının əsas cizgilərindən biri yaşayış evlərinin interyerinin həyət divarlarına, həyətin və eyvanların xarici görünüşü isə küçə fasadlarına nisbətən daha zəngin tərtibata malik olur. İnteryerin bədii zənginliyi rəngarəng kaşı lövhələr, güzgülər, rəngli şüşəli şəbəkələr, buxarılar, həmçinin palazlar, müxtəlif servizlər, qab-qacaqlar və digər ev əşyaları hesabına tamamlanır. Lakin sözügedən dövrdə interyerdə daha geniş yayılmış tətbiqi sənət növü divar rəsmləri idi. XVIII–XIX əsrlərdə divar naxışları yalnız saray və dini tikililərin deyil, həmçinin yaşayış evlərinin memarlığında da istifadə olunurdu. 
Bu əsasən onunla bağlı idi ki, ölkədəki feodal dağınıqlığı şəraitində xüsusi istehsalın təşkilinə ehtiyacı olan bahalı kaşı materialın istifadəsi çətinliklə başa gəlirdi, daha doğrusu, hətta varlı sifarişçinin də cibinə uyğun deyildi. Tikililər üzərində olan yazılarda memarlarla yanaşı get-gedə bədii tərtibat ustaları–singir həkkaklarının, xəttatların, mozaika ustaları və başqalarının adlarının çəkilməsi də səciyyəvidir ki, bu da tərtibat məsələlərinə marağın artması, eyni zamanda, binaların bədii obrazının yaradılmasında onların rolunun yüksəlməsindən xəbər verir. Nəzərə almaq lazımdır ki, daha sadə və daha ucuz başa gələn divar yazısı – nəqşkarlıq əsasən nadir və əzəmətli saraylarda, dini tikililərdə tətbiq olunan bahalı kaşı dekorasiyalarla paralel olaraq istifadə olunurdu. Şəki yaşayış evlərinin fasadlarında çoxrənglilikdən nadir hallarda istifadə olunrdu. Bu da bəzən müxtəlif rəngli kiçik şüşələrlə bəzədilmiş şəbəkə pəncərələrdə özünü göstrir, varlıların evinin interyerində polixromiyada - divar naxışlarında istifadə olunurdu. 
İnteryerlərin tərtibatında istifadə olunan mühüm motivlərdən biri epiqrafikadır. Sənətin bu növü böyük əhəmiyyət kəsb etməsə də, İslama sitayiş edən əhali dinin ən ümdə müddəalarının həmişə insanın gözü qarşısında olmasının və onun nəsildən–nəslə ötürülməsinin vacibliyinə inanırdı. Buna görə də epiqrafika interyerdə həm də yalnız bir şəkildə deyil, müxtəlif variantlarda özünü göstərir. Evlərdə tavandan bir az aşağıda yerləşən rəflərin altında xətti-kəmərvari yazılara rast gəlinir. Belə yazıların bəziləri çoxsətirli fraqmentlər şəklində toplanıb şüşəli çərçivələrə salınır. Bu cür epiqrafik əsərlərə giriş qapılarının üzərindəki sərlövhələrdə, eyvanların divarlarında və s. yerlərdə də rast gəlmək mümkündür. Çərçivələrin içərisindəki yazıların xətləri düzülüşü və rəng seçimi baxımından bir-birindən fərqlənir və çox halda rəngli olur. Belə yazılardan çox vaxt interyerin və xüsusilə eyvanların tavanlarında da istifadə olunub. Ustalar tirlərin üzərində, açıq çatılarda, dirsəklər və onların bərkidilən yerlərində müxtəlif rəngli boyalardan istifadə edərək interyeri məharətlə bəzəyirdilər. 
Singir üzərində də oyma üsulu ilə yazılmış çoxsaylı epiqrafik nümunələrə rast gəlmək olar. Belə yazılar rəflərin yuxarısında medalyon şəklində, bəzən isə sadəcə taxça və camaxatanların tağa bənzər memarlıq ünsürləri üzərində işlənilirdi. 
Epiqrafik ünsürlərin işləndiyi yaşayış binalarının yerləşmə xüsusiyyətlərinin daha dəqiq tədqiqi bizə bu nəticəni çıxarmağa əsas verir ki, belə yaşayış evləri daha çox dini tikililər və məscidlərin qonşuluğunda yerləşən binalardır. Görünür, belə tikililər əsasən məscidlərdə çalışan və şəriət dərsləri deyən insanlara məxsus olub. Xəttatlıq Azərbaycanın digər bölgələrində olduğu kimi, Şəkidə də yüksək sənət növlərindən sayılırdı. Burada xəttatlıq daş, ağac və mis məmulatların üzərində oyma üsulu ilə yerinə yetirilən sənət növü kimi özünü göstərib. Bu günədək bir çox evlərdə dini ayələr, nəsihətlər, şeir bəndləri, ibrətamiz məzmunlu mətnlərin işləndiyi böyük pannolara rast gəlmək mümkündür. Bu pannolarda mənzərə, şəkil ilə yanaşı, sözlərin, hərflərin, hecaların və digər yazı ünsürlərinin işlənmə və yazılma tərzi diqqəti özünə cəlb edir. Belə yazı üslubundan nadir əl işlərində, hətta Şəki tikmələrində də istifadə olunub. 
Yaşayış evlərinin inşasında ağac da əhəmiyyətli yer tuturdu. Evin taxtapuşunun - damının tikintisindən başqa, ağacdan eyvanların quraşdırılmasında, onun bütün dekorativ ünsürlərində istifadə edirdilər. Eyni zamanda, sənətkarlar evin aparıcı - əsas ünsürlərindən hesab edilən pəncərə və qapı haşiyələrini, pərvaz tirlərini, arakəsmə tirlərini bəzəməyə çalışırdılar. Qeyd etmək lazımdır ki, mərtəbələrarası arakəsmələr və üst mərtəbələrin çatısı açıq qalırdı, tirlər isə müxtəlif rəngli bitki ornamentləri ilə bəzədilirdi. Pərvazların altından çıxan tirlərin ucları da oyma üsulu ilə işlənirdi. Yuxarı arakəsmələrdəki tirlərin oyma üsulu ilə işlənmiş naxışları daha zəngin olur, ornament baxımından seçilirdi. 
Şəkinin yaşayış evlərində kiçik memarlıq detalları və bəzək ünsürləri. İnsanların məişətində buxarılar istilik mənbəyi kimi sobalardan daha əvvəl istifadə olunmağa başlamışdır. Şəki evlərinin ən yaxşı nümunələri ilə tanış olarkən, ilk dəfə buxarı qarşısında dayanan insan düşünür ki, görəsən bu gözəl məişət qurğusu ocaq qalanmaq üçün taxça kimi, yoxsa evə dekorativ gözəllik vermək üçün yaradılıb? Xüsusilə, XIX əsrin sonu - XX əsrin əvvəllərində - 1917-20-ci illərdəki inqilabi hərəkata qədər Azərbaycanda qurulan buxarılar daha maraqlı nümunələrdir. Burada konkret buxarı nümunələrini şərh etməzdən əvvəl Şəkidə daha qədim buxarı nümunələrinin hazırlanması barədə məlumat vermək yerinə düşərdi. Bunun qısaca tarixçəsi belədir ki, ilk buxarılar çox sadə quruluşa malik olub, evin yuxarı başındakı divarlarda tüstü bacası ilə qurulub və onların aşağı hissəsində kömür yanacağından istifadə olunmaqla xörək bişirilib və istilik əldə olunub. 
Zaman ötdükcə buxarı taxçalar daha zəngin görünüşə malik qurulurdu. Buxarı taxçasının ölçüsü kiçilir, yuxarı hissə qabarıq yarımgünbəz şəklini alırdı. Daha iri evlərdə - mülklərdə otaqların ölçüsü böyüdükcə, buxarının yuxarı hissəsində yanlardan iri taxçalarla yanaşı kiçik əşyaların da saxlanılması üçün kiçik taxçalar da yerləşdirilirdi. Bu günədək saxlanılan nümunələr əsasında söyləmək olar ki, ilk vaxtlar bu taxçalar sadə, bəzəksiz və formasız olub. 
XIX əsrin ortaları, XX əsrin əvvəllərində buxarılar iri şəhər evlərində vacib ünsürlərdən biri hesab olunurdu. Bu da şəhərin daha bir bədii sənət növünün – singir və gəc üzərində oyma ilə bağlıdır. Adi evlərdə buxarıların yuxarısı yarımgünbəz şəkilli, aşağısı isə açıq sadə taxçalardan ibarət idi. 
Daha imkanlı şəxslərin evlərində əsas otağın adətən şalbanbaşı ilə döşənmiş ön divarının tən ortasında giriş qapısı ilə üzbəüz qurulmuş buxarılar xüsusi formada olur və kənarlarında kiçik məişət əşyalarının, bədii sənət işlərinin - dekorativ qablar, ağacdan oyma fiqurların qoyulması üçün kiçik taxçalarla əhatə olunurdu. O zaman Şəkidə həmçinin qonşu rayonlardan, şəhəri əhatə edən dağların ətəklərindən gətirilən gəc üzərində oyma sənəti də geniş yayılmışdı. Ağsaqqalların dediyinə görə, şəhərdə gəc üzərində oyma ustaları - həkkaklar da çox imiş. Təəssüf ki, onların ilk nümayəndələrinin adları bizə gəlib çatmamışdır. 
XIX əsrin II yarısı, XX əsrin əvvələrində şəhərdə gəc ustası – həkkak usta Abbas xüsusilə məşhur idi, bəzi evlərdə onun əl işlərindən nümunələr yaxşı vəziyyətdə bu günümüzədək qorunub saxlanmışdır. Usta Abbasın iş texnikasının əsas xüsysiyyəti səthlər üzərində bəzi yerlərdə pazşəkilli çıxıntılar olan (“M” hərfi şəklində olan kəsik) olan “П” şəkilli naxışlar-oymalar etməsi idi. 
Adı çəkilən ustanın üslubunda daha çox bitki naxışları üstünlük təşkil etsə də, bəzən oymalar arasında həndəsi naxışlar, eləcə də heyvan təsvirləri və yazılara da təsadüf edilir. Heyvan təsvirləri arasında başı spiralvari buruqların sonunda yerləşən, əsas buruqların birindən nisbətən zəif ikinci gövdənin də ayrıldığı fantastik əjdaha təsvirinə daha tez-tez rast gəlinir. Buxarı nümunələrindən biri də Məmməd “Min-başı”nın evindəki böyük zalda yerləşir. 
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şəki şəhərində şəhər tipli 2-3 mərtəbəli evlər tikilməyə başlanır. Şəhərə yeni üslublu yaşayış evlərinin layihələrini işləmək üçün memarlar gəlir. Yeni evlərin özünəməxsusluğu ənənəvi memarlıq üslubu ilə o vaxt üçün müasır olan memarlıq üslubunun qovuşmasında idi. Belə ki, kapitalizm dövründə varlanmış yerli imkanlı sifarişçilərin istəklərini yerinə yetirmək üçün gəlmə memarlar buxarıları quraşdırmaq üçün yerli mahir sənətkarları - gəc həkkaklarını dəvət edirdilər. Onlar isə öz növbələrində bu sahə üzrə ali təhsil görmüş memar və mühəndislərlə yarışaraq bu günə qədər də gözəlliyi ilə diqqəti çəkən ən yaxşı buxarı nümunələrini yaradırdılar. 
Şəki şəhərinin yaşayış evlərində interyerin formalaşmasında divar oyuqları -taxcalar böyük rol oynayırdı ki, taxçalarda da sandıqlar və mücrülər saxlanırdı. 
Sandıqlar taxtadan hazırlanıb, xarici səthi boyalarla rənglənmiş və uzərində parıldayan dəmirdən çarpazlaşdırılmış zolaqlarla rombşəkilli naxışlar işlənmiş qapaqlı bir qutudur. Müasir sandıqlara bədii gözəllik müxtəlif boyaların əlvan ahəngi üzərində qurulur. İndiyə kimi sandığın öz quruluşu demək olar ki, dəyişməyib. Sandıqlar bir-birindən ancaq ölçüsü və üzərindəki müxtəlif naxışlarla seçilirlər. 
Sandıqlarda qonaqlar üçün istifadə olunan yorğan, döşək, balışlar, bir sözlə, əsasən yataq dəsti saxlayır və onların üstünü xüsusi örtüklərlə örtürdülər ki, bu da evin interyer tərtibatındakı digər ünsürlərlə - buxarı, xalça, rəf və s. ilə bir vəhdət təşkil edirdi. Evdə bir neçə sandıq ola bilərdi. Adətən, onlar eyni ölçüdə hazırlanırdı, cünki taxçalar da bütün evlərdə demək olar ki, eyni idi. Daha bəzəkli və yüngül əşyalar rəflərə yerləşdirilirdi. Buraya bahalı qablar da qoyulurdu. 
Mebelin inkişaf formalarının mürəkkəbləşməsini taxt - böyüklər üçün olan yataq yerindən və beşik – uşaq beşiklərində müşahidə etmək olar. Yaşayış üçün mebelin daimi nümunəsi olan sadə çarpayı forması 4 ayaqlı, 3 divarcığı –tərəfi olan kiçik qutudan ibarətdir. Çıxıntı əmələ gətirən künc tirlər, üst hissədə olan söykənəcək asanca yuvarlanır. Zaman keçdikcə mebel formaları sadələşir, bəzək hissələri daha gözəl və ifadəli olur. Məişətdə istifadə olunmağa başlayan stol və stullar taxtların hündürlüyünə nisbətən daha hündür hazırlandılar. Ancaq daha sonralar taxtlar, əsasən də varlı evlərdə, tez-tez bərk divanlarla əvəz olunur, heç olmasa onların formasını təkrar edir. Zaman keçdikcə, mebelin bu formasıda demək olar ki, məişətdən tamamilə kənarlaşdı. Məişətdə daha dözümlü mebel – uşaq bələkləri tətbiq olundu, hansı ki, ən kobud və sadə, demək olar ki, bir balta ilə hazırlanmış nümunədənyan keçildi, müasir xarrat üsulu ilə hazırlanmış və şəhər fabrik mebelinin təsiri ilə təkmilləşmiş formaya üstünlük verildi. Hansı ki, sonuncular bu günümüzədək öz əhəmiyyətini milli məişətdə müəyyən qədər qoruyub saxlamışdılar. Beşiklərin bəzənmə üsulları onu təsdiq edir ki, mebelin bu növü xüsusi səliqə və sevgi ilə hazırlanırmış. 
Şəki yaşayış evlərinin interyerində güzgülər də əsas yer tutur. Şəkidə mebelin və digər məişət əşyalarının hazırlanmasının mürəkkəbləşməsi ilə əlaqəli güzgülərə də maraq artırdı. Evlərdə güzgülər xüsusi əhəmiyyət daşıyırdı. Onların köməyi ilə otaqlar daha işıqlı olurdu. Bizim dövrümüzdə də güzgülərin rolu və əhəmiyyəti heç azalmayıb. Kinoteatrların foye və dəhlizlərində, dükanlarda, məişət xidməti obyektlərində, bərbər salonlarında güzgülərin xüsusi yeri var. Azərbaycanda, eləcə də Şəkidə qədim zamanlarda olduğu kimi, indi də gəlinin cehizində güzgü xoşbəxtlik rəmzi kimi verilir. Odur ki, hazırda Şəkinin hər bir evində nəsillərdən ötürülən güzgülərə rast gəlmək olar. 
Şəki evlərinin interyer işləri ilə əlaqədar aparılan araşdırmalarda tərəfimizdən bir neçə qədim güzgülər öyrənilib. Onların arasında yerli ustalar tərəfindən hazırlanan güzgülərlə yanaşı, tacirlər tərəfindən xaricdən gətirilən güzgülər də var. Təəsüflə qeyd etmək lazımdır ki, güzgülərin üstündə heç bir yazı aşkar olunmayıb və bu da ustaların adını və güzgülərin hazırlanma tarixini dəqiqləşdirməkdə çətinlik yaradır. Eyni zamanda, digər məişət əşyalarından fərqli olaraq, güzgülərin daha dözümlü olduğunu müəəyyən etmişik. Güzgülərin çoxtəsvirli bəzənməsi ondan xəbər verir ki, mebelin bu növü xüsusi diqqət qayği və sevgi ilə hazırlanırdı. Bu günədək Azərbaycanda ağac emalına aid bədii incəsənətin müxtəlif tərəfləri tədqiq olunmamışdır,bu sahədə diqqətdən kənarda qalmışdır. Azərbaycan xalqının bədii yaradıcılığının göstərilən sahəsi lazımınca işıqlandırılmadığından müasir işlərdə xalqın irsindən və təcrübəsindən geniş istifadə olunması işi çətinləşir. Buna görə də, tətbiqi və monumental incəsənət sahəsində işləyən rəssam, usta və öyrəncilər üçün əlverişli dərs kitabı olaraq xüsusi albomun yaranması zərurəti əmələ gəmişdri. Şəki evlərinin interyerinin öyrənilməsi göstərir ki, burada ağacdan hazırlanmış əşyalara olan həvəs heç vaxt tükənməyib. 
Şəki evlərini bəzəyən ünsürlərdən biri də xalçadır. Yaxşı xalçanın əldə edilməsi böyük hadisə hesab olunduğundan, bu işə bir il hazırlaşardılar. Bu iş ailə üzvlərinin, qohumların, dostların iştirakı ilə həyata keçirilirdi. Xalçaları hər zaman yüksək qiymətləndirmişlər. Onlarla digər ölkələrdə alver olunur,hətta onlarıxarici ölkələrin səfirlərinə, diplomatik nümayəndələrinə hədiyyə edirdilər. Xalçalarla haqq (vergi) ödənilirdi. Bir çox xalqlar öz evlərini xalçalarla bəzəyirdi. Xalçalarla yalnız döşəmə və divarları deyil, hətta stol, skamya, sandıqların üstünü örtürdülər. 
İpəkçiliklə birbaşa bağlı olan nadir sənət sahələrindən biri də, naxış tikmə hesab olunur. Əsrlər boyu ev məşğuliyyəti olaraq, qadın fantaziyasının zəriflik və zənginliyini üzə çıxaran naxış tikmə zaman keçdikcə kişilərin də məşğuliyyətinə çevrilərək, xırda əmtəə istehsalını təşkil etmişdir. Sonralar bədii naxış tikmənin sürətlə inkişafı emalatxanalar arasında ixtisaslaşmaya imkan yaratmışdır. 
Ötən əsrin yazı mənbələrindən məlum olur ki, Şəkinin təkalduz ustaları öz orijinal əl işləri ilə nəinki Zaqafqaziya şəhərlərini, hətta Moskva, Sankt-Peterburq, Vladiqafkaz, Pyatiqorsk kimi şəhərləri də təmin edirdilər. Onların valehedici işləri turist və şəhərin qonaqları vasitəsilə Qərbi Avropaya qədər gedib çatmışdır. Azərbaycan tarixinin bütün dövrlərində, əsasən də orta əsrlərdə savadsız, dustaq şəraitində olan xalçaçı və naxışçı qadınların adi əmək alətləri vasitəsilə belə gözəl incəsənət əsərlərini yaratması tədqiqatçıları, alimləri və digər şəxsləri heyrətə salmışdır. Təkalduz şəkililərin ailə-məişət ənənələrində vacib rol oynayırdı. Xalça məmulatları ilə yanaşı, ev sahibləri həmişə təkalduzdan hazırlanan naxışlı tikmələri də qoruyub saxlamağa və onları nəsildən-nəsilə ötürməyə çalışmışdılar. Xüsusi üsulla hazırlanmış “təkalduz” tikmələr müxtəlif məqsədlər döşək-mütəkkə, böyük və balaca balışlar, çarpayıların üzərində olan örtüklər, stol süfrələri üçün istifadə olunurdu. Qadınlar ev başmaqları ilə yanaşı, həmçinin araqçın, kişilər üçün gecə papaqları, tənbəki üçün torbaları da təkalduz naxışları ilə bəzəyirdilər. Təkalduzla işlənmiş böyük balışlara söykənərək xalça üzərində oturmağı sevənlər günümüzdə də az deyil 
Şəki şəhərində bu günə qədər dəfn mərasimləri ilə əlaqədar adət-ənənələr də saxlanılır. Belə mərasimlərdə interyer adi günlərdən fərqli olaraq xüsusi hazırlanır. Əsas da o yerlərə ki, qadınları başsağlığı vermək üçün qəbul edirlər, daha səliqəli yanaşırlar. Qaydaya görə qadınları arxaları divara doğru yerləşdirir, həmçinin döşəməyə böyük, yunla doldurulmuş düzbucaq formasında “puşta” döşəyirlər. Bununla bərabər, döşəməyə salınan balışlara yuyulub ütülənmiş yastıq üzləri keçirilir, kürəyə qoyulan balışlar isə mütləq gözəl yastıqüzləri ilə olmalıdır. Hazırda yastıq üzlərində əsasən bəzəkli və ipək parçalara rast gəlinir, lakin əvvəllər Şəkidə belə yastıq üzlərinin üst hissələrini təkalduz işləmələrlə bəzəyirdilər. Puştaya tikilən naxışlar əlvan rəngli: boz, tünd qəhvəyi, yaşıl, bənövşəyi və s. rənglənmiş məxmər və yun parçaların üzərində yerinə yetirilirdi. Onların üzünü açıq rəngli ipək saplardan tikirdilər. 
Naxış tikmələrin yaranması üçün şəhərdə emalatxanalar var idi və orada əsasən kişilər işləyirdi. Qadınlar sifariş götürür, yaxud evdə işlərini yerinə yetirirdilər. Bu naxış tikmələr (əl işləri) əsasən dairəvi gərmələr üzərində hazırlanır, hansı ki, saplar sol əllə o biri üzdən parçaya yaxud ələ verilir, bununla da əl işinin üslubu ilmə xarakteri daşıyırdı. Əl işlərinin əsas təyinatı bəzəkli süfrələrin, oturmaq üçün böyük balışlara və divarın, tavanın naxış və ya şəkillə bəzənmiş səthinə keçirilən üzlərin hazırlanması idi. 
Köhnə sakinlərin verdiyi məlumatlar, eləcə də digər müxtəlif mənbələrdən olan materiallardan məlum olub ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Şəki şəhərində ən tanınmış ustalar Ələsgər və Cabbar olub. Daha sonralar onların ənənələrini usta Abuzər Lətifov və Rza Tağızadə davam etdirmişlər. Hər ikisi Azərbaycan Rəssamlar İttifaqının üzvü olub və dəfələrlə müxtəlif respublika səviyyəli sərgilərdə çıxış etmişlər. Onların işlərinin nümunələri Bakı şəhərində R.Mustafayev adına Azərbaycan Təsviri İncəsənət Muzeyinin fondlarında qorunur. Usta Rza Tağızadənin bu sahədə daha böyük xidmətləri var, belə ki, o, ömrünün sonunadək Şəki Pionerlər evində qızlara təkalduz sənətinin sirrlərini öyrədən dərnəyə rəhbərlik etmişdir. Ondan sonra atasının müəllimlik sənətini - qızı Möhtərəm xanım layiqincə yaşatmışdır. Bu sahəyə meyl göstərənlər düşünürlər ki, evin qızları tikmə dərnəklərinə getsin və “təkalduz” sənətinin texnikasını mənimsəsinlər, çünki, şəhərin əhalisi xalq incəsənəti və xırda sənət sahələrinə böyük maraq göstərirlər. Lakin şəhərdə peşəkar qadın sənətkarları indi də azdır. Bu da onunla izah olunur ki, tikmə dərnəklərinə gələn qızlar yuxarı siniflərdə və ali məktəblərdə oxuduqları dövrdə əl işləri ilə məşgul olmağı tərgidirdilər. Bununla belə, “təkalduz” ənənələrinin evlərin yataq dəstlərinin, paltarların bəzədilməsində istifadəsi hələ də saxlanılmaqdadır. 
Şəki evlərinin interyerində habelə xovsuz (tüksüz) xalçalar da geniş istifadə olunurdu. Palaz, kilim, şəddə, verni, sumax kimi ornament motivlərinin işlənməsi baxımından müxtəlif olaraq onların hər birinin evdə öz yeri var idi. Alimlərin fikrincə, keçədən olan bəzəkli xalçaların hazırlanması bir çox xalqlarda köçəri həyat tərzi keçirən və maldarlığın insanların əsas məşğuliyyətinə çevrildiyi vaxt təşəkkül tapmışdır. Olduqca möhkəm, isti və yumşaq olan bu xalçalar geniş şəkildə köçərilərin məişət həyatında istifadə olunurdu. 
Torpağın üzərinə salınmış və alaçıqların divarlarında asılan keçə xalçalar şaxta və yağış, nəmişlik və bürküdən qoruyurdu. Daha sonra bir çox köçəri xalqlar oturaq həyat tərzi keçirməyə başlayanda, xalçalarla döşəmələri örtür, hörmə yaxud daş divarlara pərdə çəkirdilər. Xalçaların üzərində yatır, daha qalın və gözəl işlənmişlərdən isə ədyal kimi istifadə edirdilər. Bu gün keçədən hazırlanmış xalçalar öz tərtibatına görə yüksək qiymətləndirilir. 
Şəkidə rəngli və parlaq kompozisiyaların (həllərin) böyük harmoniyasını təşkil edən yun xalçalar xüsusilə fərqlənirdi. Yerli sənət sahələri haqqında maraqlı mülahizələri olan xalçaçılar R.Əfəndizadə və A. Nəbiyev bildirirlər ki, xalçalar yalnız Şəkinin özündə yox, bir çox kəndlərində də toxunurdu. Belə şəraitdə xalçalar tərtibatına, ornamentinə, hissələrin düzülüşü, rəng və digər əlamətlərinə görə müxtəlif çeşidli olurdu. Qeyd etmək lazımdır ki, Şəkidə Qarabağ, Qazax, Bakı, Təbriz və digər bölgələrə aid olan xalçaların rəngini, ornamentini və s. tərtibatını təkrarlayan xalça növləri də toxunurdu. Bu hal Azərbaycanın digər xalça toxuma mərkəzlərindən, eləcə də digər müsəlman ölkələrindən xalçaların Şəkiyə gətirilməsi ilə izah olunurdu. 
Ailələr vardı ki, burada türk, İran xalçaları, alman divar xalçaları (qobelen), Çin, Yaponiya və digər ölkələrdən olan toxunma işləri nəsildən –nəsilə ötürülürdü. Şübhəsiz bütün bu əşyalar yerli əhalinin diqqət mərkəzində idi və onların estetik duyğularına təsir edirdi. Bu günədək bir çox qadınların yadındadır ki, onların anaları və nənələri xalça bəzək ünsürlərinə baxmağı və toxumağı öyrədirdilər. 
Məişətdə işlənən bu əşyalar sözügedən zamanda yaşayışın əsas hissəsini təşkil edirdi. Bu, “ev” anlayışı ilə bağli olan həyat tərzinin ayrılmaz hissəsidir və şəxsi tələbatları üçün bunları düzəltmək insan əməyi olmadan mümkün deyil. Ev avadanlıqları və məişət əşyaları insan tərəfindən mənimsənilir, ətraf mühitə tamamlanır, ona görünüş verilir və bu əsaslarla yaşayış tərzinin memarlıq üslubu çərçivəsinə daxil olur. 
Ənənəvi məişət əşyaları sırasında, hər şeydən öncə suyun çıxarılması, daşınması və saxlanılması üçün olan boruları yada düşür. Qədimdə suyu quyular və bulaqlardan çıxarırdılar. Bu vəzifə əsasən qızlara və cavan evli qadınlara aid idi. Səhər tezdən onlar çiyinlərində güyüm evdən çıxırdılar. Belə güyümlər son dərəcə ağır idi, misdən idi. Mis qab bir sıra müsbət keyfiyyətlərə malikdir və buna görə də bu məişət əşyaları sırasında üstünlük təşkil edirdi. Mis qabda su, yemək, həmçinin ev quşları üçün də buğda, dən saxlayırdılar. Suyun davamlı ehtiyatının saxlanması üçün tutumlu gil güyümlərdən istifadə olunurdu. 
Gil –qədimdən geniş yayılmış, insan tərəfindən mənimsənilmiş təbii xammaldır. Bu xammalın yüksək ahəngdarlığı bu materialdan məişətdə vacib olan çoxsaylı əşyaların əsas etibarı ilə də qab-qacaq, təzə bəzək və bütün mümkün olan məişət şeyləri hazırlamağa imkan verirdi. 
Sandıqçılıq sənətinin inkişafı ilə bağlı məcməyi (sini) bəzəyən rəssamların da işi artmışdır. Köhnə sakinlərin verdiyi məlumatlara görə, XVIII-XIX əsrlərdə Şəki və Şəki ətrafı ərazilərdə sənətkarlıq özünün mühüm çiçəklənmə dövrünü yaşayırdı. Məcməyilərdə yalnız gözəl gül və yarpaqlardan ibarət kompozisiya deyil, həmçinin səhnə sujetləri də təsvir olunurdu. Belə məcməyilər şəhərdə və kənd yerlərində hələ də qorunub saxlanılmaqdadır. Portretlər (şəkillər) üçün adətən rəhbər şəxslərin, din xadimlərinin, əsasən də tanınmış şair və yazıçıların təsvirlərindən istifadə olunurdu. Qeyd etmək lazımdır ki, bu cür məcməyilər həm də evin daxili görünüşü, interyerin tərtbatında böyük rol oynayırdı. İsti aylarda evin qızdırılmasına ehtiyac olmayan vaxtlarda oyuqları böyük, müxtəlif naxışlı dairəvi məcməyilərlə örtülürdü. 
Şəkinin yaşayış evlərində aparılan tədqiqatlar və əldə etdiyimiz məlumatlar onu göstərir ki, Azərbaycan xalqının tarixi-mədəni irsi Şəkinin yaşayış evlərində yaşamaqdadır. Bu gün bu mirasın tədqiqata və bərpaya ehtiyacı var.

rem.sheki.org

Комментариев нет:

Отправить комментарий