Страницы

06.02.2015

Daşı, torpağı, ağacı... “danışdıran” qadın

Təxminən 1 ay öncə, Bakıda, dəniz kənarındakı “Biznes mərkəzi”ndə “Qadına güc-güc” layihəsi çərçivəsində əyalət qadınlarının əl işlərindən ibarət sərgi təşkil olunmuşdu. Biz də elə həmin layihə çərçivəsində jurnalist kimi həmin tədbirə qatılmışdıq. Sərgidə Lənkərandan gəlmiş, olduqca nurani bir qadının əl işlərinin toplandığı stolun ətrafına xeyli adam toplaşmışdı. Əyalət qadının əl işləri bura toplaşanları açıq-aşkar təəccübləndirmişdi. Bu əsərlərdə nələr öz əksini tapmışdı? Biz bir qədər sonra bu barədə söhbət açacağıq. İndi isə Tamilla xanım Rəcəbova ilə sərgidə apardığım kiçik söhbəti, necə dəyərlər, yaradıcılıq yolunu, bu sənətə gedən yolda qarşılaşdıqlarını sizə təqdim edirik:
-Öncə xatırladım ki, Tamilla Rəcəbova Lənkəran rayonunda yaşayır, ömür yolunun 70-ci baharını qarşılamağa lap az qalıb. Uzun müddət Lənkərandakı 2 saylı tam orta məktəbdə coğrafiya müəllimi işləyib. Hazırda təqaüdçüdür. 2 övladı var. Övladları onun sənətini davam etdirmək istəməsə də, nəvələrindən biri bu sənətə çox meyil göstərir.

Tamilla xanım:
-Bu sənətə lap körpəlikdən bağlı olmuşam. Gördüyüm, baxdığım hər şey xəyalımda qəribə bir biçimdə mənzərələnir, formalaşır, daha maraqlı şəkil alardı. Anam dərzi idi. O, paltar tikəndə yanında əyləşər, əlimə keçən kağızlara qəribə naxışlar çəkər, həmin kağızları da hara gəldi atardım. Anamın tikdiyi paltarlara vurduğu naxışlara da həmişə heyranlıqla tamaşa edərdim. Bir gün anamdan soruşdum ki, sən bu naxışları nəyə, hara baxıb belə çəkirsən. Heç gözləmədiyim halda dedi ki, sənin çəkdiklərinə baxıb, sonra belə naxışlar qururam. Sən demə, anam mənim kağızlara qaraladığım naxışları toplayır, sonra da tikdiyi paltarlarda bu naxışları ilmələrə çevirirmiş. Bax beləcə, hələ məktəb yaşlarında rəssamlığa məndə böyük maraq oyanmışdı. Buna təkcə rəssamlıq da demək olmazdı. Əlimə nə keçirdisə, onu bir-birinə yaraşdırır, yarı rəsm, yarı dekorasiya elementləri ilə birləşdirib, nə isə yaradırdım.
O vaxt hələ orta məktəbin 9-cu sinfində oxuyurdum. Bakıya, xalamgilə getmişdik. Xalamın həyat yoldaşı da mərhum prezident Heydər Əliyevin qardaşı, ölkənin tanınmış rəssamı Hüseyn Əliyevlə dost idi. Biz günlərin bir günü xalamgildə onunla rastlaşdıq. Hüseyn müəllim əlinə keçən kağız parçasında bir anda xalamın həyat yoldaşının şəklini çəkdi və bu şəkil hamının xoşuna gəldi. Xalam dedi ki, bizim bacıqızı da, yəni mən, rəssamlığı bacarır, yaxşı şəkillər çəkə bilir. Hüseyn müəllim dedi, hələ mənim bir şəklimi çəksin, baxım. Lakin mən utandığımdan həmin otağa keçmədim. Dedi, eybi yox, qonşu otaqdan mənə baxıb şəklimi çəksin. Elə də etdim. Çəkdiyim rəsmi çox bəyəndi, götürüb yadigar kimi cibinə qoydu, daha sonra isə əllərini sinəsi üstünə çarpazlayıb dedi ki, çox gözəl, sən çəkdiyin rəsmlərin 5-10-nu bir qovluğa yığıb mənə ver. Söz verirəm ki, sənin rəssamlıq məktəbinə qəbul edilməyinə yardımçı olacağam. Lakin atam məni rəssam yox, müəllim görmək istəyirdi. Mən də onun arzusuna zidd gedə bilmədim. Axşamlar hamı yatandan sonra rəsmlər çəksəm də, sənədlərimi pedaqoji universitetə verib, müəllim oldum.
Tamilla xanımın utancaqlığı onun daha çox təbliğ olunmasına mane olurdu. Uşaqlıqdan bu sənətlə məşğul olsa da, ən yaxın rəfiqələri belə bəzən bilmirdi ki, Tamilla xanım daşlardan, şüşədən, xəzdən, taxta parçasından, qısası əlinə keçən hər tör-töküntüdən möcüzələr yarada bilir. Hətta onun 34 il müəllim işlədiyi məktəbin kollektivi də Tamilla xanımın yaradıcılığından xəbərsiz idi. Gözə girməkdən, hay-küylü təriflərdən heç xoşlanmayan Tamilla xanımın “sirləri” isə təxminən 10 il öncə, tam təsadüfən açılıb. Deməli, Lənkəran şəhərində, 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində onun yaradıcılıq sərgisi təşkil olunub. Tamilla xanım da yaxın qohumlarından birinin təkidi ilə həmin sərgiyə bir neçə əsər təqdim edir. Onun əsərləri olduqca böyük diqqət çəkib, yerli televiziya bir neçə dəfə onun yaradıcılığına müraciət edib, süjetlər hazırlayıb və dəfələrlə nümayiş etdirib. İlk dəfə olaraq müxtəlif fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb. Hətta işlədiyi məktəbdə təəccübləniblər ki, 34 il coğrafiya müəllimi kimi tanıdıqları insanda belə yaradıcılıq istedadı varmış.
Tamilla xanım bu vaxta qədər 50-dən artıq sənət nümunəsi yaradıb. Elə əsərləri var ki, üzərində saatlarla, günlərlə işləyib. Deyir ki, əvvəl rəsm kimi çəkirəm, sonra əlimə keçəndən - balıqqulağından, ətir qapaqlarından, taxta pinindən, müxtəlif şüşələrdən, xəz parçasından... ona detallar əlavə edirəm. Çoxları üçün heç nə olan bəzi tör-töküntülər, onun əlində qiymətli sənət nümunəsinə çevrilir. Bəzən yaxşı balıqqulağı tapmaqda çətinlik çəkir. Belə anlarda onun davamçısı olmağa ən şanslı namizəd olan nəvəsi yardım göstərir. Ən çox xoşladığı isə rəndə ilə cilaladığı rəsm əsərləridir. Deyir ki, evdə təmir gedirdi, ustanın rəndələdiyi taxtalardan yerə tökülən pinlər diqqətimi cəlb etdi. Bunları çəkdiyim rəsmlərə əlavə edəndə çox maraqlı mənzərə alındı. Hətta bəzən çəkdiyim insan rəsmlərində onların qaşlarını da həmin pinlərdən hazırlayıram.
Tamilla xanımın yaradıcılığından danışmaq da çətindir. Ən yaxşısı onun yaratdıqlarına diqqətlə, uzun-uzadı baxmaqdır ki, bu şəxsin sənət dünyasını dərindən duyub dərk edə biləsən. 
Tamilla xanımın yorulduğu anlar da olur. Deyir ki, arada hər şeyə son vermək qərarına gəldim. Yaş öz işini görürdü. Lakin sonra dayana bilmədim, yenə də nələrsə yaratmağa başladım. İndi də yaradıram, ən böyük sərgim isə elə evimizdədir. Yaratdıqlarıma baxdıqca ruhən çox dincəlir, bəziləri demişkən, bir az da cavanlaşıram.
İndi isə “söz”ü Tamilla xanımın yaratdığı əsərlərə veririk. Özünüz baxın, özünüz dəyərləndirin; ruhunuz durulsun, duyğularınız təzələnsin, xəyalən özgə aləmlərə səyahət edin. 
Yazının internet variantına əlavə etdiyimiz şəkillər insanı özgə aləmlərə aparır. Bir əyalət qadınının yaradığı lövhələrə heyrət etməmək mümkünsüzdür. Bu çəkillərdəki çiçəklər də, gül dəstələrində hətta güldanlar belə xüsusi sənətkarlıqla cilalanıb. Fırça ilə müxtəlif detalların vəhdətindən yaranmış bu əsərlə onlarla yuxusuz gecələrin, yaradıcı qadın fantaziyasının unudulmaz nümunələridir.

http://www.cenubxeberleri.com/index.php?sectionid=news&id=263


Комментариев нет:

Отправить комментарий