Страницы

21.02.2015

KƏMALƏDDİN HEYDƏROV ƏKRƏM ƏYLİSLİYƏ GÖRƏ DANLANIB

Yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı və davranışlarına görə fövqəladə hallar naziri Kəmaləddin Heydərov hakimiyyətin üst qatında möhkəm danlanıb. Bu barədə bizi bilgiləndirən mənbənin dediyinə görə, Ə.Əylislinin deputatlıqdan sonra bütün maddi ehtiyaclarının ödənməsi K.Heydərova tapşırılıbmış. FHN şefi də bu tapşırığı artıqlaması ilə yerinə yetirirmiş: o, üstəlik, yazıçının oğlunu bir neçə il əvvəl Gömrük Komitəsində məsul vəzifəyə təyin etdirib.
Mənbənin sözlərinə görə, 1992-ci ildən - Müsavat Partiyası bərpa edildiyi gündən təşkilatın üzvü olan Əkrəm Əylisli məhz Heydərovlar ailəsinin təsiri ilə partiya sıralarından istefa verib. K.Heydərovun atası, Naxçıvan elitasının nüfuzlu fiqurlarından olan Fəttah Heydərov 1997-ci ildə Əkrəm Əylislini müxalifət partiyasını tərk etməsi üçün onunla danışıqlar aparıb. Danışıqlar müsbət sonluqla bitib və yazıçı Müsavat Partiyası sıralarından istefa verib və müvəqqəti olaraq doğma kəndinə köçüb.
O zaman yazıçı kəndə qayıdışını yaradıcılıqla məşğul olması ilə izah edirdi. Həmin dövrlər Ə.Əylisli “Əylisdən Əylisəcən” əsəri üzərində işləyirdi. Ancaq mənbə yazıçının qəfildən öz kəndinə qayıtmasının pərdəarxası məqamlarını da açıqlayıb: “Danışığın şərtlərinə görə, yazıçı sırf yaradıcılıq işlərinə görə partiyadan istefa verir, bir müddət kəndə çəkilir, əvəzində onun bütün xərcləri qarşılanır və növbəti parlament seçkisində deputat mandatı verilir. Üstəlik, övladları yaxşı işlə təmin edilir”. 
Mənbənin sözlərinə görə, anlaşmanın şərtlərindən biri də Ə.Əylislinin Rusiya KİV-dəki əlaqələrindən faydalanmaqla o vaxt ARDNŞ-in birinci vitse-prezidenti postunda çalışan İlham Əliyevin piarını aparmaq olub. Daha doğrusu, yazıçı İ.Əliyevin Azərbaycanın növbəti prezidenti kimi rus ictimai rəyinə təqdimatı layihəsinə cəlb edilir. Ə.Əylisli nəinki şəxsi əlaqələrini bu layihənin baş tutmasına yönəldir, hətta özü də layihənin iştirakçısına çevrilir. O, Rusiyanın məşhur “İzvestiya” qəzetinə verdiyi müsahiblərində Heydər Əliyevdən sonra prezidentliyə ən layiqli namizədin İlham Əliyev olduğunu təbliğ edir. Həmin layihənin təşkilatı və maliyyə dəstəkçisi isə o vaxt Dövlət Gömrük Komitəsinin sədri olan Kəmaləddin Heydərov olub.
Ə.Əylisli 2010-cu ildə parlament seçkisində iştirak etməsə də, K.Heydərov Əylisli ailəsinə himayədarlığını davam etdirir. Son hadisələrə qədər N.Əylislinin daha yüksək posta təyinatı və gömrük general-mayoru rütbəsi alması gözlənilirdi. K.Heydərovun bu jestləri onun bir tərəfdən ordubadlı olması ilə bağlıdır. K.Heydərovun ana tərəfi Ordubaddandır və onun çevrəsində Ordubad qruplaşmasının xüsusi çəkisi var. Bundan başqa, atası Fəttah Heydərov da bir müddət Ordubad rayon partiya komitəsinin birinci katibi işləyib - həm bu rayonla, həm də şəxsən Əkrəm Əylislinin özü ilə çox sıx münasibətləri olub. Bu amillərə görə, son hadisələrdə K.Heydərov hakimiyyətin danlağını alıb, o da günahını yüngülləşdirmək və “asi” Əkrəm Əylislini cəzalandırmaq üçün oğlunu vəzifədən çıxartdırıb. Onun atası, Milli Məclisin üzvü Fəttah Heydərova da iradlar bildirilib. Bir sözlə, Ə.Əylisliyə görə, Heydərovlar ailəsi xoşagəlməz situasiya ilə üzləşib. 
Mənbənin məlumatına görə, K.Heydərov öncə oğlu vasitəsilə yazıçıya təzyiq edərək romandan imtina etməsinə və hamıdan, xüsusilə də prezidentdən üzr istəməsinə nail olmağa cəhd edib. Ancaq bu cəhd uğursuz alınıb və N.Əylisli işdən çıxmaq haqqında ərizə yazmağa məcbur olub.

Əli İBRAHİMLİ                       musavat.com

Комментариев нет:

Отправить комментарий